Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz davam edir. Layihə çərçivəsində növbəti mövzümuz Avro-2024 kimi turnirlərin təşkilinin uşaqların maariflənməsində, futbola cəlb olunmasında və futbolun təbliğatında roludur.
Bu mövzuda mütəxəssislərin fikirlərini öyrəndik.
Futbol mütəxəssisi Bəxtiyar Musayev əvvəlcə Avro-2024-ün gedişatından danışıb: “Gözləntim daha da yüksək idi. Bəzi favorit milli komandalar gözlənilən səviyyədə oyun nümayiş etdirmədilər. Amma bəzi oyunlar çox maraqlı keçdi. Məsələn, yarımfinalda Fransa və İspaniya qarşılaşması. Ümumilikdə turnirdən daha artığı gözlənilirdi”.
O, bu cür çempionatların təşkil olunmasının futbolun təbliğatına böyük təsiri olduğunu qeyd edib: “Mən bunu hər dəfə müşahidə etmişəm. Turnirlər Amerika qitəsində keçiriləndən sonra orada futbolun inkişafı daha da sürətləndi. Afrikada da həmçinin. Məsələn, əvvəllər, Kamerun millisi daimi oynayırdı, normal idi hər şey. Amma 2 dəfə dünya çempionatının seçmə mərhələsindən keçə bilməyəndən sonra onlarda eniş hiss olundu. Yəni, kimlər turnirdə iştirak edir və ya ev sahibliyi edir, onlarda inkişaf nəzərəçarpacaq dərəcədə olur. Ümumiyyətlə, düşünürəm ki, ev sahibliyi də təbliğat üçün böyük bir stimuldur”.
Həmsöhbətimiz, turnirdə gənc oyunçuların çox olmasının uşaq və yeniyetmələrə motivasiya verə biləcəyini bildirib: “Gənclər oynayanda onlara yaxın olan yaş qrupları daha motivasiyalı olurlar. Fikirləşirlər ki, 12 yaşları varsa, 4-5 ildən sonra onlar da belə futbolçu ola bilərlər. Bu düşüncə ilə uşaq futbolla daha həvəsli məşğul ola və ya futbolçudursa, daha çox çalışa bilərlər. Belə şeylər olur. Amma yenə də ümumi götürsək, bu, çox böyük bir təsir deyil. Düşünmürəm ki, hansısa gənc futbolçu üçün böyük bir təbliğat olsun. İstənilən halda yaxın yaş həddi olduğuna görə bəzi uşaqlarda bu cür düşüncə əmələ gəlir”.
Cari Avropa çempionatı qonşu ölkə Gürcüstan millisinin tarixində ilk idi. Buna baxmayaraq, Gürcüstan millisi turnirdə 1/8 finala adlamağı bacardı. Qardaş ölkə Türkiyənin millisi isə 1/4 finaladək irəlilədi və burada Niderlanda uduzaraq mübarizəni dayandırdı. B. Musayev sözügedən komandaların uğurlu çıxışlarının ölkəmizdəki gənc futbolçulara təsirindən də söz açıb: “Həm qonşu Gürcüstanın, həm də qardaş Türkiyənin milli komandalarının uğurları bizim gənclərə təsiri ola bilər. Kafelərdə, böyük ekranlı yerlərdə futbola baxan azarkeşlər olur. İstər-istəməz qıraqdan keçən azyaşlılar onlara baxır, bu coşqunu, izdihamı görür və onda həvəs yaranır. Düşünürəm ki, bunlar nümunə kimi göstərilməlidir. Məşqçilər də hər bir şeyə diqqət etməlidirlər. Dediklərimiz məşqçilər üçün kifayət qədər mövzüdur ki, yetirmələrinə bu barədə fikirlərini çatdırsınlar. Bunlar təbliğat kimi, nümunə kimi istifadə olunmalıdır”.
Digər həmsöhbətimiz, futbol mütəxəssisi Yunis Hüseynov Avro-2024-ün maraqlı keçdiyini deyib: “Avro-2024-də, həqiqətən də, oyunlar maraqlı keçdi. Biz həftədə bir dəfə futbol oynayırıq və həmin günlər futbolçularla yığışıb, öz fikirlərimizi bildiririk. Hələ Avro-2024 başlamamışdan əvvəl biz turnir haqqında fikirlərimizi bir dəftərə yazmışdıq. Mənim fikrim isə İspaniya və İngiltərə millilərinin finala çıxması idi. Turnirin qalibi kimi isə İspaniyanı demişəm. Hələ ki, dediklərim özünü doğrudur. Amma bunlara baxmayaraq, Almaniya millisi də özünü yaxşı tərəfdən göstərmişdi. Onlar finala layiq çıxış edirdilər. Düşünürəm, indiki finalçılar da layiqli olaraq ordadırlar. Düzdür, İngiltərə Slovakiya ilə oyunda sonuncu dəqiqədə şansını qazandı və həmin mərhələdə qalib gəldi. O qol epizodunu reallışdıra bilməsəydilər, bəlkə də, finalda deyildilər. Amma futbolda bəxt amili də gözəl şeydir. İngilərə qrup və 1/8 final mərhələlərində o qədər də yaxşı təsir bağışlamamışdı, amma getdikcə özünü yaxşı tərəfdən göstərdi. Yarımfinalda Niderlandla matçda da üstün tərəf İngiltərə oldu və layiqli qələbə qazandı. Hər iki finalçıya uğurlar arzu edirəm. İnanıram ki, final oyunu möhtəşəm olacaq. Bunlar hazırda azarkeşlik etdiyim komandalar olmasalar da, İspaniya millisinin oyunu xoşuma gəlir”.
O, bu kimi turnirlərin gənclər üçün faydalı olduğunu qeyd edib: “Hal-hazırda tətildir, uşaqlar məktəbə də getmirlər. Belə vaxtlarda Avro-2024 kimi turnirlərin keçirilməsi maraqlı olur. Həm qrup, həm pley-off mərhələsində şəhərdə maşın sürmək rahat idi, çünki o vaxtı hamı oturub oyunları gözləyirdi. Bu da 4 ildən bir olduğuna görə hamı həsrətlə gözləyir. Düşünürəm, bu məqam gənclər üçün çox faydalı olacaq və ümumiyyətlə, azərbaycanlı uşaqlara motivasiya verəcək”.
Mütəxəssis Gürcüstan və Türkiyə millilərinin bu turnirdəki çıxışlarından da danışıb: “Gürcüstan və Türkiyə milliləri özlərini yaxşı tərəfdən göstərdilər. Əlbəttə ki, mən Türkiyə komandasına azarkeşlik edirdim və istəyərdim ki, finala çıxsınlar. Düşünürəm ki, buna layiq idilər. Niderland millisinə qarşı oyunda türklər qələbə qazanmalı idilər. Həddindən artıq qol imkanları da oldu. O imkanları istifadə etsəydilər, düşünürəm, final oyununda Türkiyəni görə bilərdik. Əfsuslar olsun ki, bayaq dediyim kimi, bəxt amili də futbolda var və türklər o imkanlardan istifadə edə bilmədilər. Buna baxmayaraq, həm Türkiyə, həm Gürcüstan milli komandaları layiqli mübarizə apardılar. Bu ölkələrdə futbola böyük diqqət yetirirlər. Ümumiyyətlə, Türkiyədə belə bir deyim var idi ki, uşaq anadan olanda ya popçu olmalıdır, ya da topçu. Ona görə Türkiyədə futbola maraq çoxdur. Bilmirəm, Gürcüstanda futbola maraq nə qədərdir, amma inanıram ki, orada da diqqət çox olar. Çünki SSRİ dönəmində, biz oynayan vaxtlarda Gürcüstanda yaxşı futbolçular yetişmişdi. Ona görə də Gürcüstan millisinin futbolçularının böyük faizi legioner həyatı yaşayır və yaxşı komandalarda oynayırlar. Arzu edirəm ki, bizim də gənclərimiz yaxşı futbolçu stimuluna gəlsinlər və ölkəmizi xarici ölkələrdə təmsil etsinlər. Futbolçularımız legioner həyatı yaşasa, yaxşı olar. O demək deyil ki, gedib yarım il xaricdə oynayıb gəlsinlər. Biz həmişə onların xaricə gedib, möhkəmlənməsini istəyirik. Hər bir futbolçuya uğurlar arzu edirəm”.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
Messi qərarını verdi
Ronaldinyo Bakıya gəldi - Video
Qarabağ qeydləri
Tanınmış futbolçu basketbola başladı
Ten Haq "Roma"nı çalışdıra bilər
"Borussiya" Bellinqemin qardaşını transfer etmək istəyir
"Qalatasaray"dan ayrılıb bu kluba keçdi
Kadıoğlu heyətdən çıxarıldı
Montella Türkiyə millisindən ayrılırmı?
Ronaldo mükafatlandırıldı
İngiltərə millisində 8 itki
“Səbail" yeni baş məşqçisini rəsmən elan etdi
"Real"ın təklifinə rədd cavabı verdi
Millimizin Qəbələ məşqi - Şəkillərdə
Mbappe Hakimi ilə istirahət etdi
FİFA prezidentinin İlham Əliyevlə görüşündən - Şəkillər
BMT “Qarabağ”ın təşəbbüsünə dəstək verdi
İlham Əliyev Canni İnfantino ilə görüşdü
“Azərbaycan millisinə qarşı fərqli oynamalıyıq”
“Qarabağ”ın prezidentindən “Lion”la oyunla bağlı açıqlama