Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz davam edir. Layihə çərçivəsində növbəti həmsöhbətimiz “Qarabağ” futbol akademiyasının meneceri Nail Kərimovdur.
O, əvvəlcə bu mövsüm ərzində görülən işlər barədə danışıb: “Onu qeyd edim ki, mövsüm artıq çatmaq üzrədir. Bəzi yaş qruplarında çempionatlar başa çatıb, bəzilərində isə pley-off mərhələsi başlayıb. Nisbətən 16 yaşlıların çempionatı uzanır, iyulun ortalarına qədər gedəcək. Bəzi yaş qruplarında proses başa çatıb və onlara isitrahət verilib. Növbəti illərin komandalarını qurmaq üçün işlərə başlamışıq. Təbii ki, gedən oyunçular var, amma onların yerinə gələnlər də var. Uşaq futbolu elədir ki, daim sirkulyasiya etməlidir. Bir neçəsi gedib, yerinə digərləri gəlməlidir".
Mütəxəssis qarşıdakı planlardan danışıb: "Biz işi ən yaxşı şəkildə idarə edib, keyfiyyəti qaldırmaq istəyirik. Hamı bilir ki, ən vacib məsələ seleksiyadır. Seleksiya yaxşı olarsa, o işin davamı haqqında da danışmaq olar. İkinci məsələ məşqçi və texniki heyyətdir. Onları mümkün qədər gücləndirməyə çalışırıq. Hazırda bir neçə mütəxəssislə danışıqlar gedir. Onlarla danışıqlar başa çatdıqdan, münasibətlər rəsmiləşəndən sonra məlumat verə bilərik. Əsas məsələləri artıq həll etmişik. Həmin şəxslərlə müzakirə edib rəsmiləşdirmək qalıb. Bunları etdikdən sonra növbəti il üçün məşqçi heyətimizin necə olacağını açıqlayacağıq. Bu da ən vacib məsələlərdən biridir. Birinci futbolçu yox, məşqçinin seçiminin yaxşı olmasından əmin olmalıyıq”.
N. Kərimov mövsüm ərzində əldə edilən nəticələr və uğurlardan da söz açıb: “Bu mövsüm bir neçə məqamla yadda qaldı. Onların içində nəticələr də var. Məsələn, U-14 komandamızın beynəlxalq turnirdə qalib olmasını qeyd edə bilərik. Hazırda davam edən çempionatlarda mükafatlandırılanların sıralarına düşmək şanslarımızın yüksək olmasını da qeyd etmək olar. 14 və 15 yaşlılarımız öz yaş qruplarında yarımfinal oyunlarına çıxacaqlar. Bu o deməkdir ki, ilk "4-lük"də olacaqlar. 16 yaşlılarımız pley-offa vəsiqə qazanıblar, orda oynayacaqlar. 13 yaşlılarımız isə finalda “Neftçi”ni məğlub etdi və qalib oldu. Nəticələrin olması təbii ki, yaxşı haldır. Komanda və futbolçular adətən nəticəyə köklənməlidirlər. Amma rəhbər və məşqçi heyəti işin keyfiyyətinə, prinsiplərinə riayət etməlidir. Biz də onların hamısına diqqətlə yanaşırıq və bununla da oyun keyfiyyəti artır. Həm futbolçular fərdi şəkildə inkişaf edirlər, həm komandamız uğur qazanır. Ciddi irəliləyiş əldə etmişik. Bu məqamlar təqdirə layiq, müsbət məqamlardır".
N.Kərimov akademiyadakı çətinliklər haqqında bunları deyib: "Nisbi çətinlikləri yuxarı yaş qruplarında, yəni əvəzedici, U-19, U-17 komandalarında yaşayırıq. Həmin yaş qruplarında biraz keyfiyyət baxımından axsaqlıq var idi. Əsas narazılığımız budur. Gələn mövsümə planlar qurduqda əsas uğurlarımızı bu sahəyə yönəltmək istəyirik ki, qeyd etdiyim komandalar daha yaxşı oyun oynasın, daha keyfiyyətli oyunçular çıxarsın və əsas komandaya namizəd olan futbolçuları qısa müddətdə inkişaf etdirib təqdim edək. Bu mövsüm üçün qeyd etmək istədiyim məqamlardan biri də odur ki, Sərhədçi Olimpiya İdman Mərkəzinin meydanını istifadə edirik. Orada ot örtüyü dəyişdirildi. Süni örtük olsa da, yenidir. Ən keyfiyyətli örtüklərdən biridir. Bu da futbolçuların zədələrdən qorunması üçün vacib rol oynayır”.
O, “Gələcəkdə infrastruktur ilə bağlı planlar və dəyişikliklər nəzərdə tutulubmu?” sualını da cavablandırıb: “Ciddi işlər görülür. Amma başlanğıc mərhələsində olduğuna görə bu haqda danışmağın tez olduğunu düşünürəm. Klub rəhbərliyi bu məsələyə qarşı çox həssasdır. İstəyirik ki, akademiya ən qısa zamanda yaxşı şəraitə malik olsun. Bu məqam bizə bu il çətinliklər yaratdı. Sərhədçi Olimpiya İdman Mərkəzi bir müddət təmirdə olduğuna görə fərqli yerlərdə məşq etməli olduq. Bizim 14 yaş və yuxarı qruplarımız Sərhədçi Olimpiya İdman Mərkəzində məşq edir. 13 və aşağı yaş qruplar isə Tofiq Bəhramov adına Respublika Stadionda məskunlaşıb. Bu da bizim üçün idarəçilik baxımından çətinlik yaradır. Bəzən fiziki cəhətdən mümkün olmur ki, bütün komandanın məşqlərində iştirak edəsən, prosesi tam nəzarət altında saxlayasan. Komandalarımızı vahid mərkəzdə birləşdirə bilsək, bizim üçün çox yaxşı olacaq. Bu yöndə işlər artıq sürətlənib”.
N. Kərimov xarici klublarla aparılan əməkdaşlıqlar və təşkil olunan səfərlərdən də söz açıb: “Bu mövsüm “Qarabağ”ın komandaları arasında 9 beynəlxalq səfər olub. 8-i artıq reallaşıb, sonuncuya hazırlaşırıq. 16 yaşlılardan ibarət olan komandamız Estoniyada turnirdə iştirak edəcək. Ənənəvi “Tallin Cup” beynəlxalq turnirində. 9 səfər çox ciddi saydır. Növbəti mövsüm üçün bu sayı daha da artırmağa çalışırıq ki, bütün yaş qruplarımız səfərlərə çıxsınlar, beynəlxalq turnirlərdə iştirak etsinlər. Bu, futbolçuların inkişafı üçün ən vacib məqamlardan biridir. Digər məsələ ondan ibarətdir ki, getdiyimiz hər turnirlərdə müxtəlif ölkələrdən gələn klubların heyəti ilə görüşlər keçiririk. Onların təcrübələri ilə tanış oluruq. Bu da bizə əlavə üstünlük yaradır. Məsələn, bu yaxınlarda Qətərə səfərimiz oldu, “Aspire” akademiyasının bazasında məskunlaşdıq, komandaları ilə yoldaşlıq oyunları oynadıq, işləri ilə yaxından tanış olduq. Məşqçi heyətimiz fikir mübadiləsi apardı. “Aspire” akademiyası istər infrastruktur, istərsə də təşkilat baxımından dünyanın ən inkişaf etmiş akademiyalarından biridir. Onların fəlsəfəsi ilə tanış olduq. Ora İspaniyadan gələn mütəxəssislər rəhbərlik edir. Həqiqətəndə onların fikirləri çox maraqlı idi. Bundan sonra da “Aspire” akademiyası ilə əməkdaşlıq yaxşı şəkildə davam edəcək. Onu da qeyd edim ki, bizim klubun rəhbərliyində təmsil olunan Asif Əsgərov Avropa Klublar Birliyinin İcraiyyə Komitəsinin üzvüdür. Mən də həmin təşkilatda akademiyalar üzrə işçi qrupunun üzvüyəm. Bu məqamlar bizə əlavə dəstəkdir ki, EKA-nın təşkil etdiyi turnirlərdə iştirak edək və maksimum məşqçi və işçi heyətinin inkişafına dəstək olaq. EKA-nın uşaq futbolu ilə əlaqədər çox yaxşı layihələri var. Hazırda 2024-2027 illərin ümumi strategiyası üzərində iş gedir. Orda da əsas məqamlardan biri məşqçi və işçi heyətinin inkişafıdır. İndiyə qədər bir neçə layihə olub, bundan sonra da olacaq. Bu tədbirlərdən də maksimum yararlanacağıq”.
O, akademiyada bütün məşqlərin uşaqların orta məktəb proqramına uyğun olaraq təşkil edildiyini vurğulayıb: “Hazırda bizim yataqxanamız yoxdur. Uşaqlar öz evlərində yaşayırlar. Biz onlarla əsasən məşqlərdə, oyunlarda və oyunların analizlərində rastlaşırıq. Digər vaxtlarda birlikdə olmaq elə də alınmır, çünki uşaqların orta məktəb təhsili var. Biz də məşq proqramlarımızı ona uyğun edirik ki, uşaqlar dərsdən sonra məşqlərdə iştirak edə bilsinlər. Həmçinin onu da qeyd edim ki, daha əvvəl danışdığım vahid baza reallaşarsa, o halda bütün məqamlara daha ciddi yanaşıb fundamental işlər görə bilərik. Amma hazırda yalan danışmaq istəmirəm ki, bu sahədə işlər görülür”.
Cavad Musayev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi
PSJ güclü qar altında məşq etdi - Video
"Milan"da 5 illik müqavilə
San-Marino üçün daha bir tarixi imkan
"Kəpəz"in futbolçusu əməliyyat olundu
Haaland buzlu suya girdi - Şəkillər
Fağır bir komandaya 20 qol vurmağın ayıbı...
Endrik üçün Premyer Liqadan təklif
Xuan Mata MLS klubunun ortaq sahibi oldu