"Qarabağ"ın əsas komandasına düşmək üçün namizədlərimiz var"

"Qarabağ"ın əsas komandasına düşmək üçün namizədlərimiz var"
MEDİA 9 May 2025 / 13:14 1883
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Hər kəsə məlum olduğu kimi, Azərbaycan futbolunun köklü problemlərinin əsası uşaq futbolu və akademiyalardır. Futbolumuzdakı bu boşluğu doldurmağa çalışan klublardan biri isə "Qarabağ"dır. Ağdam təmsilçisinin akademiyası son zamanlar öz fəaliyyəti ilə diqqət çəkir. Aprel ayında klubun aşağı yaş qruplarından ibarət komandaları beynəlxalq yarışlara qatılıblar ki, bu da onlara böyük təcrübə qazandırıb.

"Qarabağ"ın U-14 komandası Niderlandda təşkil olunan SV EPE turnirində qüvvəsini sınayıb, 9-cu pilləni tutub. U-15 kollektivi isə Türkiyənin Antalya şəhərindəki "Junior World Cup" yarışında mübarizə aparıb və 24 komanda arasında 11-ci olub.

Belə turnirlərdə iştirak Azərbaycan futboluna hansı faydaları verir? Beynəlxalq səfərlər uşaqlara nə qazandırır? Bu kimi suallarımızı "Qarabağ"ın futbol akademiyasının meneceri Nail Kərimov cavablandırıb.

Nail Kərimov

O, əvvəlcə U-14 komandasının qatıldığı SV EPE turniri haqda geniş danışıb: "Bu yaxınlarda U-14 və U-15 komandalarımız turnirlərdə iştirak etdilər. U-14 Niderlandda SV EPE turnirində mübarizə apardı. Orada 2 gün ərzində 7 oyun keçirdik. 3 qələbəmiz, 1 heç-heçəmiz və 3 məbubiyyətimiz oldu. Kifayət qədər yaxşı kollektivlərə qarşı oynadıq. Öz ölkəmizdəkindən daha yaxşı səviyyədə matçlar keçirdik. Təbii ki, turnirə yollanmaqda bir neçə məqsədimiz var idi. Bunlardan birincisi uşaqların beynəlxalq təcrübə qazanmasıdır. İkincisi onlara hələ çox çalışmaq lazım olduğunu göstərməkdir. Ola bilər ki, ölkə səviyyəsində ən yaxşılardandırlar. Amma beynəlxalq turnirlərdəki fərqi özləri də görməlidirlər, başa düşməlidirlər ki, daha yaxşı yerlərə çatmaq üçün çox çalışmaq lazımdır. Bu, biz böyüklər, bütün akademiya heyəti üçün də yaxşı təcrübədir. Böyük komandalarda nəyisə görürük, tətbiq edirik. Belə amillər çox faydalı olur. Həmçinin futbolçuları müşahidə edərək görürük ki, kimlər daha yuxarı səviyyədə oynamağa qadirdirlər. Gələcəkdə onların üzərində dayanmaq olar. Üstəlik, belə turnirlərdə saysız-hesabsız skautlar, seleksiyaçılar olur. Onlar qeydiyyatlar aparırlar. Məsələn, Niderlanddakı bu turnirdə bizim futbolçularımızdan birini bəyəndilər, qeyd etdilər. Düzdür, hələ 13-14 yaşlı uşaqların ölkədən çıxması üçün tezdir. Qanunlar da buna icazə vermir. Amma vaxtı gələndə onlar izləmədə qalacaqlar və üzlərinə şans qapıları açılacaq. Futbolçunun hələ özü bunu bilmir. Onu yayındırmaq fikrimiz də yoxdur. Buna görə həmin klubun adını çəkə bilmirəm".

Klub rəsmisi ölkə xaricindəki yarışlara qatılmağın futbolçulara təkcə meydanda yox, həm də həyatda üstünlüklər qazandırdığını bildirib: "Beynəlxalq turnirlərdə iştirak uşaqlara həm meydanda, həm də meydandan kənarda təcrübə qazandırır. Meydandan kənar deyəndə bunu nəzərdə tuturam ki, ilk dəfə təyyarəyə minən, ölkə xaricinə çıxan futbolçular var. Onlar oteldə qalırlar, özləri öz qayğılarını çəkirlər. Uçuşun, səyahətin, yaşamağın qaydalarını öyrənirlər. Belə hallarla ilk dəfə 17-18 yaşda qarşılaşanda onlar üçün çətin olur. Lakin bu təcrübələri aşağı yaşlarda yaşayanda gələcəkdə daha rahat hiss edirlər, getdikləri yerdə sərbəst olurlar. Niderlanddakı turnir daha fərqli, maraqlı idi. Orada məqsəd təkcə oyunlar, qələbələr deyildi. Ən xırda detallara belə diqqət edilirdi. Məsələn, paltardəyişmə otaqlarının təmiz saxlanılmasına, ehtiyat oyunçular skamiyasının matçdan sonra futbolçular tərəfindən təmizlənməsinə, yemək yeyilərkən futbolçuların gigiyena qaydalarına əməl etmələrinə. Buna görə xüsusi feyr-pley mükafatı da ayırmışdılar. Yəni, tərbiyəvi elementlərin üzərində də çox dayanırdılar. Bu məsələlər futbolçular üçün üstünlük yaradır. Mən əvvəlki təcrübələrimdə də çox eşitmişəm ki, beynəlxalq turnirlərdə iştirak edən futbolçular milli komandaya dəvət alanda meydançadan kənarda öz davranışları ilə seçilirlər. Biz də istəyirik ki, "Qarabağ"ın futbolçuları getdikləri hər yerdə seçilsinlər. Meydanla bağlı məsələlər isə budur ki, Azərbaycanda özünü çox sürətli hesab edən futbolçu beynəlxalq yarışda görür ki, yox, belə deyil, ondan daha sürətliləri var. Oradakı oyunlarda bir çox detalı gördük. Bizim futbolçular həftədə 1 dəfə çempionat oyununda iştirak edirlər. Amma orada 2 gündə 7 matça çıxdılar. Belçika, Niderland, Danimarka, İngiltərə komandaları var idi. Bizim uşaqlar üçün belə təcrübələr kifayət qədər böyükdür. Rəqiblərlə söhbətimiz zamanı aydın oldu ki, onların hər biri mövsüm ərzində 6-7 belə turnirə qatılırlar. Düzdür, həmin ölkələrin coğrafiyası da buna imkan verir. Həm vaxt, həm də maddi baxımdan daha rahat səyahət edirlər. Bəziləri avtobusla gəlmişdilər, bəziləri qısa uçuşlarla. Biz bu imkanlardan məhrumuq. Uşaqlar o tempi görə bilmirlər. Amma qatıldığımız turnirlə anladılar ki, daha dözümlü, möhkəm olmaq şərtdir".

N.Kərimov "Qarabağ" U-15 komandasının "Junior World Cup" turnirindəki iştirakından da söz açıb: "Burada 24 komanda mübarizə aparırdı. Yarısı yerli, orta səviyyəli klublar idi. Digər yarısı isə çox ciddi rəqiblər idi. Məsələn, "Fulhem", "Rayo Valyekano"ya qarşı matçlarımız oldu ki, kifayət qədər çətin alındı. Turniri 11-ci sırada başa vurduq. Amma bu yerlərə köklənmək fikrimiz yoxdur. Çünki biz yüksək pillələri tutmaq istəsəydik, orta və ya aşağı səviyyəli yarışlarda iştirak edərdik, kuboklarla qayıdardıq. Bizim istəyimiz özümüzdən bir baş yuxarı olan rəqiblərlə oyunlar keçirmək idi. Qarşıda da beynəlxalq səfər planlaşdırırıq". 

"Qarabağ"ın da gələcəkdə beynəlxalq turnir təşkil etmək istədiyini diqqətə çatdıran Nail Kərimov bu cür yarışların vacib olmasını vurğulayıb: "Rəqib komandalar da öz ölkələrinin çempionatlarında bizim kimi həftədə 1 oyun keçirirlər. Amma beynəlxalq turnirlərə çox qatılırlar, çoxlu yoldaşlıq görüşləri olur. Bu boşluqları bağlayırlar. Biz də tez-tez belə addımlar atmaq istəyərik. Sadəcə hazırda infrastruktur baxımından da çox axsayırıq. O məsələləri yavaş-yavaş yoluna qoyduqdan sonra yaxşı bir beynəlxalq turnir təşkil etmək istəyirik".

N.Kərimov "Qarabağ"ın akademiyasında kifayət qədər istedadlı futblçuların olduğunu vurğulayıb: "Ən vacibi odur ki, "Qarabağ"ın akademiyasında kifayət qədər istedadlı futbolçular var. Elə bir neçə gün əvvəl 15 yaşlı Amin Rzayev A komandamızda debüt etdi. Amindən başqa da bir neçə namizədimiz var. Onları hazırlayırıq. Yəni, əsas məsələ istedadlı futblçu və yaxşı məşqçidir. Onlar olmasa, turnirə də getsən, yaxşı meydança da yaratsan, yataqxanan da olsa, mənası yoxdur. Biz də bilirik ki, istedadlı futbolçularımız var. Klub rəhbərliyi ilə hesabatlarımızda da qeyd edirik ki, beynəlxalq səfərlər futbolçuların inkişafında vacib rol oynayır. Klub rəhbərliyi də mümkün olduğu qədər vəsait ayırır. Onu da bildirim ki, getdiyimiz turnirlərin hər birində "Qarabağ"ın üzərinə düşən bilet və viza xərcləridir. Digər yaşayış və qidalanma xərcləri təşkilatçılar tərəfindən qarşılanır".

Həmsöhbətimiz Amin Rzayevin əsas komandada debüt etməyinin digər futbolçuları da həvəsləndirdiyini deyib: "Akademiyanın futbolçuları görürlər ki, əsas komandaya düşmək şansları var. Bunun üçün çalışmaq, yaxşı futbolçu olmaq, zəhmət çəkmək lazımdır. Kim layiq olsa, onun haqqı veriləcək. "Qarabağ"da hansısa bir gənc futbolçunun əsas komandaya düşməsi, oynaması nə qədər çətindir, bunu yəqin ki, kənardan baxanlar daha yaxşı bilirlər. Namizədlərimiz var. Bizim akademiya olaraq üzərimizə düşən iş onları öz imkanlarımız çərçivəsində hazır etmək və A komandasına təqdim etməkdir. Bundan sonra hansı debüt edər, hansı möhkəmlənər, artıq futbolçunun özündən və məşqçilər heyətinin fikirlərindən asılıdır. Akademiyada Amin Rzayevdən daha istedadlı uşaq var, ya yoxdur - bu, müqayisəli məsələdir. Hər bir məşqçinin fikri fərqli ola bilər, mövqeyi rol oynaya bilər. Bizim müxtəlif formada futbolçularımız var. Həm mövqe baxımdan, həm də keyfiyyət. Onlardan hansı özünü yaxşı göstərəcəksə, qapı üzünə açıq olacaq. Bunu Aminin debütü ilə görmüş olduq". 

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub


 

Daha çox


Son xəbərlər