"Uşaqlar idmanla məşğul olsalar, pis vərdişlərdən uzaq qalarlar"

"Uşaqlar idmanla məşğul olsalar, pis vərdişlərdən uzaq qalarlar"
MEDİA 9 İyun 2024 / 23:00 993
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Uşaqlar, yeniyetmələr və gənclər arasında idmanın təbliği ilə bağlı layihəmiz davam edir. Layihə çərçivəsində növbəti həmsöhbətimiz Yasamal rayonu, Mikayıl Müşfiq adına 18 nömrəli tam orta məktəbin fiziki tərbiyə müəllimi İlqar Əbdülovdur. 

İ.Əbdülov əvvəlcə orta mətbələrdə fiziki tərbiyyə müəllimlərinin daim özlərini inkişaf etdirdiklərini söyləyib: "Orta məktəblərdə fiziki tərbiyə fənninin keyfiyyətini yaxşı qiymətləndirirəm. Mən özüm təlimçi işləmişəm, sonra Elm və Təhsil Nazirliyinin TOPS layihəsində iştirak etmişəm. Kurikulum təlimlərində müəllimlərə inklüziv dərslərlə bağlı məlumatlar, xüsusi icmallarla inteqrasiv dərslərin keçirilməyi, dərslərin riyaziyyatla inteqrasiya olunması, fiziki tərbiyə ədəbiyyatı və digər fənlərlə qarşılıqlı əlaqədə dərslər aparmaq öyrədilirdi. Hazırda Təhsil və İdman Nazirliyində bu yöndə çox işlər görülür. Ümumilikdə dərslər yaxşı gedir". 

O, fiziki tərbiyə dərslərinin təşkilindən, müəllimlərin qarşısına qoyulan hədəflərdən danışıb: "Fiziki tərbiyə müəllimləri haqda da onu deyə bilərəm ki, onlar hazırda yaxşı səviyyədədirlər. Demək olar ki, müəllimlərin 80-90 faiz çox yaxşı dərslər keçir, hər şey qaydasındadır. Eyni zamanda kurikulum sisteminin ən önəmli tərəfi ondadır ki, fiziki tərbiyənin məqsədi var. Əvvəllər daha çox idman növlərinə güc verilirdi, ancaq fiziki tərbiyə fənni elə bir fənndir ki, burada idmançı yox, şəxsiyyət yetişdiririk. Hər tərəfli harmonik inkişaf etmiş, sağlam və yüksək əmək məhsuldarlığına  və vətənin müdafiəsinə hazır olan fəal, müasir cəmiyyət qurucularını yetişdirməkdən ibarətdir. Bu bizim əsas məqsədimizdir. İdman növlərindən bir vasitə kimi istifadə edərək belə bir şəxsiyyətlərin gələcəkdə respublikamıza bəxş olunmasına yönəldirik. Eyni zamanda da fiziki tərbiyə fənni yeganə fəndir ki, 3 vəzifə daşıyır. Bunlar təlim, tərbiyə və sağlamlıqdır. Digər fənnlər təlim və tərbiyə vəzifələrini daşıyır, amma fiziki tərbiyənin ən önəmli tərəflərindən biri odur ki, sağlamlıq deyilən vəzifəsi var. Ona görə fiziki tərbiyə müəllimləri bu yöndə  çox yaxşı işlər görürlər. Bunu başqa məktəblərdə də görürəm, öz məktəbimizdə də". 

İ.Əbdülov məktəblərin infrastrukturunun yaxşı vəziyyətdə olduğunu bildirib: "İdman zalları və meydançaların hazırki vəziyyəti yaxşıdır. Bizim məktəbimizin gözəl zalı var. Hər bir şərait yaradıb. Digər məktəblərdə də - istər 190 nömrəli məktəbdə və ya Yasamal və Səbail rayonlarında olduğum məktəblərdə də şərait qənaətbəxşdir. Həqiqətən də dərs keçmək üçün Elm və Təhsil Nazirliyi tərəfindən hər bir şərait yaradılıb". 

Müəllim uşaqların fiziki tərbiyyə fənninə marağının yüksək olduğunu deyib: "Uşaqların fiziki tərbiyəyə nəinki bu gün, həmişə marağı olub. Uşaqlar dərsi səbirsiziliklə gözləyirlər. Hər zaman bu dərsə canla-başla gəlirlər, iştirak edirlər. Bizdə fiziki tərbiyə fənninin tədrisi zamanı uşaqlar 3 yerə bölünürlər: əsas, hazırlayıcı və xüsusi. Çalışırıq ki, xüsusi qrupda olan şagirdlər bilməsinlər ki, onlar xüsusidir. Eyni zamanda onları da dərslərə cəlb edirik. Olar da digər şagirdlər kimi hazırlayıcı qrupa yönəlirlər, oradan da əsas qrupa. Hamı bir yerdə iştirak edir. Əvvəllər oğlanlar ayrı kişi müəllimdə idi, qızlar ayrı qadın müəllimdə. İndi isə oğlan, qız siyahıda bir müəllimdə olurlar. Bunun da böyük bir effekti ondadır ki, qızlar da oğlanlar kimi eyni cür estafetlərdə iştirak edirlər. Balaca siniflərdə qızlarla oğlanların yarışda bir iştirak etməklərini görmək olar. O da bir motivasiya rolu oynayır. Oğlan məğlub olmaq istəmir, qız da sübut etmək istəyir ki, o da bu sinifdə liderliyi öz üzərinə götürə bilər. Bu da gələcəyin analarının liderlik keyfiyyətlərini inkişaf etdirir. Biz də onlara başa salırıq ki, siz heç də oğlanlardan zəif deyilsiniz, onlarla bərabərsiniz. Ona görə hər iki qrup eyni zamanda yarışır və dərslər əla keçir". 

Həmsöhbətimiz şagirdlərin iştirak etdiyi yarışlardan və həyata keçirilən layihələrdən də söz açıb: "Uşaqlar məktəbdaxili yarışlarda iştirak edirlər. Məktəbin öz daxilində 3x3, 5x5 basketbol, futbol, kəndirdartma və s. yarışlar olur. Bəzi məktəblərdə məktəblərdə stolüstü tennis yarışları da keçirmək olur. Bizim məktəbimizdə badminton yarışları da təşkil edilir. Rayon üzrə yarışlar da keçirilir. Yasamal və digər rayonlar öz rayonlarında yarışlar təşkil edirlər, daha sonra isə Bakı şəhər birinciliyində final mərhələsini oynayırıq. Elm və Təhsil Nazirliyi və Gənclər və İdman Nazirliyi tərəfindən respublika yarışları təşkil olunur. Milli Olimpiya komitəsi tərəfindən təşkil olunan OSEP (Olimpiya mədəniyyəti və təhsil proqramı) layihəsi var. Orada hər bir məktəb hansısa məktəbi təmsil edir və o ölkənin mədəniyyətini dərindən öyrənir. Bunun da uşaqların gələcəkdə ümumi inkişafı üçün üçün çox böyük faydası olur. Həm də məktəblər bir-birləri ilə çox gözəl münasibətdə olurlar. Məktəblərdə futbol layihəsi kimi daha bir layihə var. O layihə Elm və Təhsil Nazirliyi ilə AFFA-nın birgə layihəsidir. Bu layihə də çox gözəldir. AFFA FİFA-dan, UEFA-dan ayrıca inventarlar verir, bu isə uşaqlar üçün dəstək və motivasiyadır. Uşaqlara forma hədiyyə ediləndə nə qədər sevinirdilər, bir Allah bilir. Kimsə deyəcək ki, bir forma ilə nə olacaq, amma uşaq o forma ilə yada salacaq ki, yarışda iştirak edib, qalib gəlib. Təhsil və İdman Nazirliyinin Basketbol Federasiyası ilə də birgə məktəblərdə basketbol dərsinin keçirilməsi ilə bağlı layihəsi də var. Fiziki tərbiyə fənni 2 saat keçirilməlidirsə, onun biri fiziki tərbiyə, digərin yarısı fiziki tərbiyə, yarısı basketbola uyğun və ya basketbol elementləri ilə keçirilir. Ya da bir dərs ümumi olaraq basketbol kimi, o biri dərs isə fiziki tərbiyə kimi keçirilir. Bu layihə 5, 6, 7-ci sinifləri əhatə edir. Bunların hamısı çox gözəldir. Hazırda çox işlər görülür. Şükürlər olsun ki, inkişaf göz qabağındadır". 

İ.Əbdülov uşaqların maraq göstərdiyi idman növlərinin adlarını çəkib: "Uşaqların çox hissəsi oyun növlərinə daha çox maraq göstərir. ancaq hazırda məktəbimizdə də Bakı çempionatlarında və respublika yarışlarında nəticə verən cüdoçu qızlar var. Biz də baxırıq, hansı uşaq hansı idman növünə uyğundursa, o idman növünə yönəldirik. Müəllimlərin peşə fəaliyyəti olaraq bir neçə keyfiyyətləri var, onlardan biri konstruktivlikdir. Konstruktiv olaraq uşaqlarla bağlı düzgün tədqiqat aparıb, o idman növünə yönəltmək lazımdır. Valideyn ilə danışırıq ki, sizin uşaq bu idman növündə inkişaf edə bilər. Bir mütəxəssis kimi deyirik ki, burada daha yaxşı ola bilər. Neçə dəfə olub ki,  biz belə söhbətlər aparmışıq, sonra valideyn özü gəlib bizə minnətdarlığını bildirib. Bir uşaq var idi, deyirdilər futbola getməlidir. Amma görünürdü ki, bu uşaq döyüşmək istəyir. Deyirdik ki, güləşə və ya boksa yazdırın, insanın bədən quruluşu da buna uyğundur. Dəfələrlə olub ki, valideynlər məsləhətə qulaq asıblar və yaxşı nəticə əldə ediblər".

O, valideynlərin bəzən qızlarının idmanla məşğul olmağına etiraz etməyinə də toxunub: "Hardasa, 10-15 il bundan qabaq belə problem var idi. Yarışa qız uşağı aparanda problem yaşanırdı. İndi şükür ki, bu problem 90-95 faiz bu problem həll olunub. Valideynlər özləri təşəbbüs göstərirlər ki, qızlarınə yarışlara aparaq. Məsələn, bizdə futbol layihəsində oyunda 4 oğlan varsa, mütləq 1 qız da olmalıdır. Kəndirdartmada 6 oğlan olursa, 4 qız olmalıdır. Tam heyət olmasa, yarışlar baş tutmaz. Basketbolda da qızlar var. Hazırda qızları idmana yazdıran valideynlərin sayı çoxdur. Əvvəllər belə şeylərlə problem yaşanırdı, ancaq indi bu yöndə respublika səviyyəsində təbliğat çox aparılıb. 3x3 basketbol milli komandamız da yer tutdu, o da bir təbliğatdır. Yanımızda “2012” cüdo klubu var, qızlar orda cüdo ilə məşğul olurlar, çox yaxşı nəticələr də əldə edirlər". 

İ.Əbdülov bildirib ki, uşaqlar gələcəkdə uğurlu idmançı olmaq istəyirlərsə, fiziki tərbiyyə dərslərinə daim iştirak etməlidirlər: "Gələcəkdə idman nailiyyətlərin olmasında fiziki tərbiyə fənninin çox böyük əhəmiyyəti var. Mən inanıram ki, nəticə verən idmançılarımız məktəblərdə fiziki tərbiyə fənnini bir dəfə belə buraxmayıblar, daim iştirak ediblər. Müəllimlər onlara düzgün istiqamət veriblər ki, Rafael Ağayev, Fərid Mansurov, Elnur Məmmədli kimi şəxslər yetişiblər. Mən inanıram ki, onlar məktəbdə fiziki tərbiyə fənnini seviblər. Çünki fiziki tərbiyə fənninin Olimpiya çempionlarının yetişməyində böyük rolu var". 

Həmsöhbətimiz sonda uşaqların pis vərdişlərdən uzaq qalması üçün onları idmana cəlb etməyin lazım gəldiyini deyib: "Asudə vaxtını səmərəli şəkildə keçirməyəndə pis vərdişlər insanı yaxalayır. Pis vərdişlərdən uzaq olmaq üçün əvvəlcə evdə uşaqara düzgün tərbiyə verilməlidir, valideyn nəzarəti olmalıdır. Biz müəllimlərin üzərinə düşən isə dərslər zamanı və ya dərsdən kənar vaxtda uşaqlarla düzgün söhbətlər aparmaqdır. Pis vərdişlərin sonda nəyə gətirib çıxardacağı barədə onlara məlumat verməliyik. Ümumiyyətlə, respublikada bununla bağlı çox işlər aparılır. Hazırda marafon yarışları. gənclərin cəlb olunması üçün digər yarışlar keçirilir, meydançalar tikilir. Adi bir parkda meydançanın tikilməsi nə qədər uşaqların ora gəlib futbol oynamasına gətirib çıxarır. Nə qədər belə meydançalarımız, zallarımız çox olsa, uşaqlar gedib orada vaxtlarını sərf edə bilsələr, o qədər də pis vərdişlərdən uzaq olarlar. Bundan əlavə, uşaqlar idman zallarına yazılsalar yaxşı olar. Düzdür, hamı idmançı olmur, ancaq düzgün həyat tərzi sürmək üçün idman seksiyalarına yazılmaq faydalı olar. Valideynlərə də tövsiyəm odur ki, uşaqları boş buraxmasınlar, asudə vaxtları çox olmasın. Yatmaqları, durmaqları, yeməkləri rejimlə olsun və bunlar hamısı valideynlərin, müəllimlərin nəzarəti altında olsun".

Cavad Musayev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Son xəbərlər