"Bunu reallaşdırsaq, Azərbaycan idmanda daha böyük uğurlar qazanacaq"

"Bunu reallaşdırsaq, Azərbaycan idmanda daha böyük uğurlar qazanacaq"
MEDİA 4 Fevral 2024 / 17:18 1360
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi

Azərbaycan məktəblərində fiziki tərbiyə fənninin tədrisi ilə bağlı budəfəki həmsöhbətimiz 166 nömrəli məktəb-liseyin bu sahə üzrə müəllimi Ülvi Qurbanov oldu.

İdmanın insanların həyatındakı rolundan danışan müəllim əvvəlcə məktəblərdə fiziki tərbiyənin tədris prosesi haqda məlumat verdi: “Ümumiyyətlə, hər bir insanın həyatında fiziki inkişaf böyük rol oynayır. Bunun üçün də hər bir ölkədə, hər bir məktəbdə fiziki tərbiyə fənni tədris edilir. Uşaqların qamətlərinin düz olması, fiziki inkişafın qorunması, sağlamlığın artırılması üçün fiziki tərbiyə fənni hər zaman tədris olunmalıdır. Birinci sinifdən on birinci sinifə kimi uşaqların fiziki inkişafını artırmaq üçün proqrama uyğun dərslər, mövzular tədris edilir.

İdman müəllimləri vahid təsdiq olunmuş tədris planı üzrə dərsləri aparırlar. Orada qeyd olunmuş standartlar üzrə şagirdlərin fiziki inkişafına nail olmalıdırlar. Bunun üçün hər müəllimin peşəkarlıq səviyyəsi vardır. Hər müəllim öz peşəkarlıq səviyyəsinə uyğun dərslərə bir balaca qatqı qataraq uşaqların keçdiyin mövzuları hansısa bir oyunlarla maraqlı etməyə çalışmalıdır”.

Ülvi Qurbanov qeyd edib ki, fiziki tərbiyənin tədrisinə əyləncə də qatmaq lazımdır: “Mən tövsiyə edərdim ki, bütün Azərbaycan müəllimləri öz dərslərini o formada keçsinlər ki, uşaqlar fiziki tərbiyə dərsində yorulmasınlar. Bütün fiziki hazırlıqlarda onlar üçün oyunlar təşkil edilməldir. Uşaqlar dərsləri oyun formasında, parkurlar, estafetlər formasında yerinə yetirməlidilər ki, həmin o mövzudan yorulmasınlar. Əgər müəllim öz peşəkarlıq səviyyəsi ilə qarşıya qoyduğu mövzunu şən oyunlar formasında keçirməyi bacarsa və uşaqların da həmin oyunlardan xoşları gəlsə, bu zaman həm müəllimin, həm şagirdin istəklərinin orta cəhətləri formalaşacaq. Uşaq istəyir ki, dərsdə yorulmasın, dərsi maraqlı keçsin, oyun formasında olsun. Müəllim də istəyir ki, qoyulmuş standart üzrə dərsi tədris etsin.

Bu, müəllim peşəkarlıq səviyyəsindən də asılı olur. Bəzi məktəblərdə ola bilər ki, idman zalı olmasın. Bəzi məktəblərdə ola bilər ki, idman zalı olsun, amma ölçü uyğun olmasın. Bəzi məktəbdə də ola bilər ki, hər şeyi yaxşı olsun, amma resursları olmasın. Burda artıq müəllimin peşəkarlıq səviyyəsi tələb olunur ki, mövzunu reallaşdırmağı bacarsın. Fərqi yoxdur meydançalar, resuslar var ya yox. Artıq müəllimlər üçün treninqlər, bir çox məşğələlər keçirilir. Mən inanıram ki, Azərbaycan müəllimlərində böyük inkişaf gedir. İnanmıram ki, idman zallarının yaxşı vəziyyətdə olmaması hansısa bir formada tədrisi davam etdirə bilməməklərinə gətirsin”.

Ü.Qurbanov orta məktəblərdə, uşaqlar və yeniyetmələr arasında fiziki tərbiyəyə olan marağın səviyyəsindən də danışıb: “Həmişə məktəbdə ən çox sevdiyim dərs idman dərsi olub. Səbirsizliklə gözləyirdim ki, həftənin o günü gəlsin, idman dərsinə qatılım. Şagirdlərin ən aktiv və emosional olduğu dərs idman dərsidir. Orada bütün streslərini atırlar, maraqlı oyunlar oynayırlar. Ona görə də ən çox xoşlarına gələn dərs idman dərsi olur. Ən çox sevdiyi müəllimlər də idman müəllimləri olur. Hal-hazırda da eyni vəziyyət davam edir. Şagirdlər yenə də idman dərsini sevirlər. Maraqla idman dərsinə gəlirlər. Misal kimi deyə bilərəm ki, soyuq, qarlı havada belə, uşaqlar həvəslə gəlib, paltarlarını dəyişib dərsdə iştirak edirlər. Əfsuslar olsun ki, yuxarı siniflərə qalxdıqca idman dərsinə maraq azalır. Amma maraq azalsa belə, biz o şəraiti yaratmırıq ki, idman dərsindən imtina etsinlər. Onları da qarşıya qoyulan tələblərin hamısından praktikadan keçiririk. Bütün verilmiş mövzuları onlara tədris edirik”.

Ü.Qurbanov bildirib ki, məktəbdə uşaqların fiziki inkişaflarından, hərəkətlərindən onların hansı idmana meyilli olmalarını bilirlər: “Biz o zaman anlayırıq ki, onlar hansı idman üzrə daha çox öz inkişafını artıra bilər. Biz onlara öz dəstəyimizi veririk. Məndən çox şagirdim soruşur, ya da özüm yönləndirməyə çalışıram. Güləşə, karateyə, boksa və ya digər hansısa bir idman növünə uyğundursa, ora da yönləndirirəm. Arzu edərdim ki, bunu digər idman müəllimləri də reallaşdırsınlar. Çünki bizim məktəblərimizdə oxuyan o qədər şagirdlər var ki, onlara düzgün istiqamət verilsə, bizim fəxrlərimiz, dünya, Avropa və ya Olimpiya çempionu ola bilərlər. Üç rəngli bayrağımızı beynəlxalq arenada hər zaman dalğalandıra bilərlər”.

Ü.Qurbanov ölkədə yeniyetmələr və məktəblilər arasında idmanın səviyyəsini artırmaq üçün görülməli olan işlərdən də danışıb: “Ölkədə yeniyetmələr və məktəblilər arasında idmanı inkişaf etdirmək üçün birinci növbədə bütün məşqçilərə düzgün qayğı göstərilməlidir. Misal üçün, bir çox müəllimlər tanıyıram ki, onlar pul müqabilində məşqlər keçirlər. O müəllimlər də zalı icarəyə götürürlər. Məcburiyyətdən zalın icarə pulunu ödəməlidir, eyni zamanda məşq keçib, pul qazanıb evinə çörək pulu aparmalıdır. Çox gözəl olardı ki, həmin o məşqçiləri hansısa idman cəmiyyətlərinin tərkibi etsinlər və onlar dövlətdən maaş alsınlar. Onlar da uşaqlara pul müqabilində deyil, havayı məşq keçsinlər. Belə bir hallar mövcud olarsa, təsəvvür edə bilmərik ki, bizim ölkədə idmana maraq nə qədər çoxalar və nə qədər çox idmançılarımız olar. Bəzi ölkələrdə belə praktikalar var ki, orta məktəbin özündə güləş, cüdo kimi dərslər tədris olunur. Düzdür, Azərbaycanda da internat məktəblərində tədris olunur. Orada uşaqlar hansı idmanla istəyirlərsə, onunla da məşğul olurlar. Amma bu bütün məktəblərdə edilsə, daha gözəl olar. Ən azı hansısa rayonun qəsəbəsinin bir məktəbində sırf idman ixtisasları, Olimpiya idman növləti üzrə dərs keçən müəllimlər olmalıdır. Valideynlər də özləri baxıb görəndə ki, uşaqlarınının hansısa idman növünə istiqaməti var, artıq onları həmin məktəbə yerləşdirsinlər. Uşağı orada həm oxusun, həm idman dərsi keçsin. Uşaq birinci sinifdən artıq məşğul olacaq, onun üçün də xüsusi proqram tutulacaq. Uşaq birinci sinifdən on birinci sinifə gəlib çıxanda çox güclənək və böyük nailiyyətlər göstərəcək. Biz bunu reallaşdıra bilsək, Azərbaycan idmanda çox böyük uğurlar qazanacaq.

Misal üçün hansısa bir güləş müəllimi orta məktəbdə fəaliyyət göstərsə, baxıb görəcək ki, hansısa uşaq güləşə yararlıdır və onu cəlb edəcək. Sona qədər həmin uşağın üzərində işləyəcək. Bizim məktəblərdə nə qədər xüsusi istedadlı uşaqlar var. Amma onlar idmandan yararlana bilmirlər. Çünki zalların çoxu pulludur, şagirdlər də orada iştirak edə bilmirlər. Demirəm ki, bütün məktəblərdə güləş müəllimi olsun. Heç olmasa, hər qəsəbədə, hər yaxın ərazidə bir məktəbdə həmin müəllimlərdən olsun ki, valideynlər uşaqları o məktəblərə yerləşdirsinlər. Bu, inanıram ki, ölkəmizin idmanında böyük rol göstərər. Çünki imkanı olmayan şagirdlər məktəbdə idmandan yararlana bilərlər və dövlət onlara dəstək olar”.

Cavad Musayev

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Son xəbərlər