Medianın İnkişafı Agentliyinin layihəsi
Dekabrın 21-də Xankəndidə tarixi oyun keçirildi. Bu, işğaldan azad edilən bölgələrdə son 30 ildə keçirilən ilk futbol oyunu idi. Matçın “Qarabağ” və ordu klubu MOİK arasında olması isə maraqlı bir təsadüf idi.
Bəs bu cür oyunlar gələcəkdə Qarabağ bölgəsində idmanın canlanmasına nə dərəcədə kömək edə bilər? Bu barədə tarixi matçı stadiondan canlı izləyən millət vəkili, yazıçı Aqil Abbas və tanınmış telejurnalist Vüsalə Məmmədovanın fikirlərini öyrəndik.
Aqil Abbas deyir ki, bu, futbol oyunu deyil, bayram idi: "Azərbaycan xalqının bayramı. Cənab Prezident də çıxışında onu qeyd etdi. Adətən bizim stadionlarda 44-cü dəqiqədə “Şəhidlər ölməz, Vətən bölünməz” şüarını səsləndirirlər, ancaq bu səfər bütün oyun boyu bu davam etdi. Bütün camaat Qarabağa aid mahnılar oxuyurdu. İndiyədək belə bir sevinc görməmişdik. Allah bu sevinci bizə yaşadan şəhidlərimizə rəhmət eləsin, qazilərə cansağlığı versin. Bu sevinci bizə yaşadan Ali Baş Komandana - İlham Əliyevə uzun ömür, can sağlığı və uğurlar arzulayıram. O, bizə bu sevinci yaşatdı.
Aqil Abbas
Futbolçularımız ilk dəfə işğaldan azad olunmuş torpaqlarda futbol oynadılar. Çox qəribə bir təsadüf idi ki, ordu klubu ilə “Qarabağ” oynadı. Qarabağı, Azərbaycanı dünyada tanıdan “Qarabağ” komandası və Qarabağı azad edən ordunun komandası. Maraqlı bir oyun keçdi. Stadionda 6 mindən çox azarkeş var idi. Füzulidən, Ağdamdan da azarkeşlər var idi. Bakıdan da çoxlu azarkeş getmişdi, hara baxsan onlar idi. Mən birinci dəfə Ağdama gedəndə sevincdən ağlamışdım və oynamışdım. Bu dəfə də oynamaq istəyirdim, sadəcə rəqs havası yox idi. Hərdən televizorda Xankəndinə baxanda elə bilirdim ki, ermənilər şəhərə əl gəzdiriblər. Getdim gördüm ki, şəhər elə həminki şəhərdir. Ağdamdan bir az daş aparıb orda beş-altı ev tikiblər. Elə böyük bir abadlıq işi görməyiblər. Amma biz oranı gözəlləşdirəcəyik. Qısa bir müddətdə Xankəndi stadionunda təmir-bərpa işləri görüldü. 15 minlik stadion bir ay ərzində bərpa edildi”.
Aqil Abbas Xankəndi stadionunda illər əvvəl olduğunu da vurğulayıb: “O stadionda mən 1986-cı ildə olmuşam. Ağdamın “Şəfəq” komandası ilə Xankəndini təmsil edən “Qarabağ” oynayırdı. Ağdamdan, Xankəndidən o qədər azərbaycanlı azarkeşlər var idi ki, erməni azarkeşlər qorxudan stadiona gəlmədilər. O oyunda da biz qalib gəlmişdik”.
Aqil Abbas qeyd edib ki, oyunun Xankəndidə keçirilməsi bölgənin idman inkişafında böyük addımdır: “Ağdamda, Füzulidə həmişə futbol olub. Hesab etmək olar ki, “Qarabağ” – MOİK oyununu Qarabağda keçirməklə o bölgənin idmanının inkişafına böyük bir təməl qoyuldu. Torpaqlarımıza qayıtdıqca Füzulinin də komandası olacaq, Ağdamın komandası da var. Cənab Prezident dediyi kimi, Ağdamda “İmarət” stadionu tikiləcək. Xankəndinin də öz komandası olacaq. “Qarabağ” Ağdamın “İmarət” stadionunda oynayandan sonra beynəlxalq klublar da bura gələcək. Gələcəkdə yəqin elə Xankəndinin özündə də beynəlxalq oyunlar keçiriləcək. Deyirdilər ki, “Qarabağ” – “Qalatasaray” oyununu orda keçirmək istəyiblər. Yəgin ki, o da olacaq. Xankəndidə o vaxtlar üç min azərbaycanlı yaşayırdı. Orada universitet tikiləndən və başqa işlər görüləndən sonra 30-40 min azərbaycanlı olacaq 30-40 min azərbaycanlı yaşayacaq. Yəni şəhər əvvəlki halına qayıdacaq. Ümumiyyətlə, işğaldan azad olunan bütün torpaqlar əvvəlki halına qayıdacaq”.
İTV-nin aparıcısı Vüsalə Məmmədova da qeyd edib ki, bu, futbol oyunundan çox bir bayram idi: “Xankəndi haqda təəsuratlarım orda iştirak edən hər kəsdə olduğu kimi möhtəşəmdir. Sanki bir festival idi. Hər kəs çox xoşbəxt, qürurlu idi. Biz stadiona daxil olanda bir-bir insanlarla rastlaşırdıq və həyatımızın ən gözəl günü kimi qucaqlaşıb, sarılırdıq bir-birimizə. Yəni o qədər gözəl bir gün idi. Bəzən insanın xoşbəxt olduğu halda özünə kənardan baxmaq imkanı olmur. Xankəndi stadionunda olarkən İTV-nin aparıcısı olduğum “Sabaha saxlamayaq” proqramı ilə bağlantı etdik. Həmkarım Ürfan Məmmədli studiyadan, mən isə Xankəndidən bağlandım. Oradaki müsahiblərimizin təəssüratlarını tamaşaçılara ötürürdük. Sonra mən o görüntülərə baxanda gördüm ki, xoşbəxtlikdən dilim söz tutmur, sevincdən nə deyəcəyimi bilmirəm, sanki havalarda uçuram. Bu qədər xoşbəxt idim. Yəqin ki, bu halım təəssüratlarımı tam izah edir”.
Vüsalə Məmmədova
V.Məmmədova Xankəndinə gedilən yoldan və keçmiş təəssüratlarından da söz açıb: “Mən Ağdamda Qarağacı qəbristanlığına qədər getmişdim və orda dayanmışdım. Atam Qarağacı qəbristanlığında uyuyur. Onun məzarı da dağıdılıb. Minalara görə irəliləyib ətrafa baxmaq mümkün deyildi. Həmin günü həyatımın ən ağır günü kimi xatırlayıram. 30 il sonra atamın məzarını axtararkən Qarağacının qarşısında durduğum gün. Nə irəli gedə, nə başını qaldırıb irəli baxa bilirsən. Çünki separatçılar var idi. Tam yanından sülhməramlıların maşınları keçir... Çox gərgin bir durum idi. Bu günə kimi ən hüznlü gün kimi xatırlayıram. Ancaq bu gün biz o Qarağacının yanından rahatlıqla keçib gedirik. Xocalıya daxil olanda hər yerə diqqətlə baxırdım. Xocalı hamımız üçün həssas bir nöqtədir. Xocalıda hamı üçün kövrək bir məqam var. Biz illər ərzində əsasən Xocalı ilə bağlı ağrı və acıdan danışmışıq. 31 ildən sonra gördüyün Xocalını başqa bir şəhər kimi görürsən. Bizim xatirəmizdəki Xocalıda həmişə soyuqdur, həmişə qar yağır, hər yerdə qan var, həmişə hər tərəfdə insanlar cəsədləri var. Amma dekabr ayının soyuğunda belə, yaşıl insan məskəni görürsən, sülhü hiss edirsən”.
V. Məmmədova Xankəndinə növbəti səfərində getmək istədiyi yerləri də qeyd edib: “Xankəndidə dayanmaq məhz ona görə hər birimizi xoşbəxt edir ki, orada olmaq sülhün tam təmin olunması deməkdir. Xankəndinə gedərkən görmək istədiyim yerlər var idi. 2014-ci ildə "Əsir düşərgəsi" layihəsi (kitabı - red.) üzrə işləyirdim. Girovların Xankəndidə saxlandığını bilirdim, Xocalı girovlarının elə həmin gecə Xankəndini polis şöbəsinə gətirildiyini bilirdim. Kəlbəcərdən, Laçından götürülən girovların və əsirlərin Xankəndidəki uşaq bağçasında və uşaq xəstəxanısında saxlanılması haqda da məlumatım vardı. Ona görə oraları görmək istəyirdim. Eyni ilə Şuşa həbsxanası haqda da yazanda hamıdan soruşurdum. Şuşaya da gedəndə ilk getdiyim yer ora oldu. Mənə müsahiblər o qədər incəliklə izah etmişdilər ki, mən həbsxanaya girəndə artıq biliridim, hara gedəcəm, hardan dönəcəm, hansı otaq hardadır. Xankəndidə də olan bütün məkanlar mənim yaddaşımda incəliklə düzülüblər. Bu dəfə biz futbol üçün getdik, ümüd edirəm ki, növbəti səfərlərimdə mən həmin məkanları görə biləcəyəm. Müsahiblərimin hansı nöqtədə nələr yaşadığını hiss edə biləcəm. Buna çox umid edirəm. Artıq Xankəndi Azərbaycandır və bunu çox rahat yaşaya biləcəyik”.
V. Məmmədova Qarabağa qayıdışın, Xankəndidə oyun keçirilməsinin idmandan kənar işlərə, mədəni həyata verəcəyi faydalardan da danışıb: “Tribunalara baxarkən çoxlu qadın azarkeş görürdüm. Bu mənə xatırlatdı ki, 10 il bundan əvvəl mən Lent.az saytında “Qarabağ”ın oyunlarına xanımların da azarkeş kimi gəlməsi üçün reportajlar etmişdim. Hətta müsahibələrin biri mənim əziz dostum, həmkarım və həmyerlim Günay Yelmarqızı ilə idi. Yenə qismət elə oldu ki, Günayla bir yerdə getdik Xankəndinə. Orda xatırladıq ki, 10 il öncə biz harada idik və hara gəldik. Bu gün stadionlarda tribunalara baxırsan, az qala azarkeşlərin yarısı xanımlardır. Bunu biz Xankəndidə də gördük. Həm də bu oyunu məhz Xankəndidə izləyə bilməyimiz möhtəşəmdir. 10 il ərzində gəldiyimiz yola baxın.
O vaxtlar bəzən qadınların stadionlara getməsinə çox irad bildirirdilər. Mən hətta yazılarımın birində yazmışdım ki, şərtlər nə olur olsun, biz oyunlara gedəcəyik. Biz “Qarabağ” sözünü yadırğamamalıyıq. Biz “Qarabağ” şüarını stadionlarda səsləndirəcəyik. İndi isə biz xanımlar olaraq “Qarabağ” şüarını Xankəndi stadionunda da səsləndirirdik. Yaşadığımız 10 il gözümüzün qabağından keçdi. Anladıq ki, biz hardan hara gəldik. Bu illər ərzində çox böyük işlər görülüb. Bu işdə hər kəsin əməyi var. Ümumiyyətlə, bu yarışlarda ruh halı, psixoloji üstünlük çox önəmlidir. Bizim də zəfər qazanmağımız, işğaldan azad edilmiş torpaqlarda yeni şəhərlər salmağımız, bu şəhərlərə həyatı qaytarmağımız, ora mədəni həyatı, idman həyatını qaytarmağımız insana böyük bir psixoloji üstünlük yaradır. Bu bizdə elə bir ruh halı yaradır ki, tək idmanı yox, digər işləri də canlandırmağa güc verəcək”.
Cavad Musayev
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi