Medianın İnkişaf Agentliyinin layihəsi
Bu il Azərbaycanda ilk dəfə təşkil olunacaq futbol üzrə 2-ci Liqada 14 komanda mübarizə aparacaq. Həmin komandalardan biri də Daxili İşlər Nazirliyinin “Dinamo” komandasıdır.
1997-2004-cü illərdə fəaliyyət göstərən "Dinamo" yenidən fəaliyyətini bərpa edib. Bakı klubu əvvəlki kimi, bu dəfə də həqiqi hərbi xidmət yaşına çatmış futbolçuları heyətə cəlb edəcək. "Dinamo" bununla oyunçuların futboldan uzaqlaşmasının qarşısını almaq niyyətindədir.
Bəs "Dinamo" artıq yeni mövsümə hazırdırmı? Komandanın durumu necədir? Bu kimi suallara cavab tapmaq üçün klubun prezidenti Yaşar Seyidovla söhbətləşdik.
Y.Seyidov 2-ci Liqada mübarizə aparacaqları üçün sevincli olduqlarını deyib: "Dinamo"nun uzun müddətdən sonra qayıtması sözsüz ki, Azərbaycan futbolu üçün mühüm hadisədir. Ən əsası da odur ki, bu il bizim 2-ci Liqada mübarizə aparmağımız gənclər üçün böyük şans olacaq. Bizim üçün mübarizə aparmaq çox çətin olacaq. Buna baxmayaraq, təəsssüratlarımız yaxşıdır. Ümid edirik ki, "Dinamo"nun keçmiş şöhrətini geri qaytaracağıq və Azərbaycan futboluna gənc, perspektvli futbolçular verəcəyik. Uzun müddətdən sonra Azərbaycanın futbol ailəsinə qayıtmaq çox sevindiricidir".
O, hərbi xidmət yaşına çatmış futbolçuları heyətə qəbul etmələri barədə danışarkən bu qərarın gənclərin futboldan uzaqlaşmaması üçün verildiyini deyib: "Dinamo" 1997-ci ildən - yarandığı gündən həqiqi hərbi xidmətlə bağlı çempionatda çıxış edən futbolçuların bütün məslələrini həll edirdi. Həm də onu qeyd etməliyəm ki, "Dinamo" rəhbərliyi şəffaflıq, düzgünlük və ən əsası, futbolçuların daha rahat şəkildə həqiqi hərbi xidmət keçməkləri, həm də futbol oynaya bilməkləri üçün təşəbbüs göstərib. Bunlar ən yüksək səviyyədə edilib. Biz öz hquqlarımızı "Bakı" klubuna verənə qədər - 2004-cü ilədək bu işlərlə məşğul olmuşuq. Amma sonradan belə məsələlər dayandı. İndi məsələnin yenidən gündəmə gəlməsinin səbəb odur ki, istər klublarda, istərsə də milli komandalarda həqiqi hərbi xidmətlə bağlı futbolçuların çox ciddi problemləri var. Problemlər çox çətin həll olunduğuna görə, hətta perspektiv vəd edən, gələcəkdə Azərbaycan millisinə xeyir verə biləcək oyunçular futbolla vidalaşırlar. Çünki 18 ay sonra yenidən futbol oynamaq çətinləşir. Ona görə də hazırda bu mövzu çox aktual olduğu və dəstəyə ehtiyac olduğu üçün biz də belə qərar verdik. Azərbaycan fuboluna köməklik etmək istəyirik. Bu işlərin həll olunmasında və "Dinamo"nun yenidən fəaliyyət göstərməsində AFFA-nın prezidenti Rövnəq Abdullayevin, baş katib Sərxan Hacıyevin və Daxili İşlər Nazirliyinin müstəsna xidmətləri var. Hər birinə minnətdaram ki, "Dinamo"nun yenidən fəaliyyət göstərməsi üçün əmək veriblər. Biz də çalışacağıq ki, zamanla bu məsələlərin həll edilməsində gənc futbolçularımıza köməklik göstərək, rahat şəkildə həm futbol oynasınlar, həm də hərbi xidmət keçsinlər".
Y.Seyidov hələlik mövsümə tam hazır olmadıqlarını bildirib: "Sözün düzü, çempionata hazırıq desəm, yalan olar. Bilirsiniz ki, daha əvvəl 2-ci Liqada 12 komandanın iştirakı planlaşdırılırdı, daha sonra bu say 14-ə çatdı. Biz 2-ci Liqaya qatılan sonuncu klubuq. Üzdə olan bütün futbolçular klublarla müqavilə imzalayıblar. Biz yəqin ki, gənclərin ümidinə qalacağıq. "Bakı" akademiyasının müqaviləsi olmayan yetimələrindən xahiş etmişik ki, gəlib bzə kömək etsinlər. Amma bu o demək deyil ki, biz dayanmışıq. Sizin saytınız vasitəsi ilə yenə müraciət edirik ki, dəstək olmaq, köməklik göstərmək istəyirlərsə, gəlsinlər. Bizim onların köməyinə ehtiyacımız var. Novruz Əzimovun rəhbərliyi altında komanda yenidən formalaşır. Heyətə futbolçuların cəlb olunması, komandanın komplektləşməsi hələ davam edir. Buna nə dərəcədə nail olacağıq, onu zaman göstərəcək".
Klub rəhbərinin maddi baxımdan çətinliklərin olduğunu da gizlətməyib: "Sözsüz ki, maliyyə baxımından müəyyə çətinliklərimiz var. Amma çətinliklərdən qorxmaq lazım deyil. Biz bu gün Azərbaycan futbolu üçün mühüm əhəmiyyət kəsb edən məsələ ilə əlaqədar fəaliyyət göstəririk. O cümlədən də zamanla "Dinamo"nun öz akademiyasını yaradacağıq. Müəyyən yaş qruplarının hazırlanmasını planlayırıq. İndi yeni yarandığımız üçün problemlərimiz də, qayğılarımız da çoxdur. Lakin çalışırıq ki, hər şeyi yoluna qoyaq".
Y.Seyidov qeyd edib ki, "Dinamo" məşqlərini Abşeron Olimpiya İdman Kompleksində keçir və ev matçlarını Fövqaladə Hallar Nazirliyinin Hövsandakı stadionunda oynayacaq: "Məşqlərimiz Abşeron Olimpiya İdman Kompleksində olur. İlkin olaraq oyunlarımızın Fövqaladə Hallar Nazirliyinin Hövsandakı stadionunda keçirilməsi üçün razılığa gəlmişik. Ev matçlarımız burada olacaq. Bu kimi məsələlər öz həllini tapıb".
O, sonda "Dinamo"nun hədəflərindən də söz açıb: "Bu gün əsas hədəflərimiz yaxşı çıxış etmək, möhkəmlənərək növbəti ildən 1-ci Liqada mübarizə aparmaq, zamanla Premyer Liqaya yüksəlməkdir. Əsas strateji xəttimiz bundan ibarətdir. Daha böyük uğurlar qazanmaq istəyirik. Bilirsiniz ki, "Dinamo" yaranandan qısa müddət sonra ölkəmizi avrokuboklarda təmsil edib. Bəlkə də Azərbaycan futbol ictimaiyyətində çox insan bunu bilmir, amma hal-hazırda "Neftçi"yə baş məşqçilik edən dünya ulduzu Adrian Mutu avrokuboklarda ilk qolunu məhz "Dinamo"ya vurub. Hələ onu həmin vaxt heç kim tanımırdı. A.Mutu sonradan Avropanın böyük klublarında çıxış etdi. Düşünürəm ki, bu, futbol ictimaiyyəti üçün maraqlı bir məlumatdır. Gələcəkdə "Dinamo"nu gücləndirərək Azərbaycan çempionatının yaxşı komandalarından birinə çevirmək istəyirik. İddialı olmaq, rəqabət yaratmaq niyyətindəyik".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi