Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Ölkəmiz adına gələcəyin daha çox Olimpiya, Avropa, dünya çempionarının yetişməsi, perspektivli idmançıların hazırlanması bilavasitə bölgələrimizdə İdman Olimpiya Komplekslərinin düzgün rejimdə, məqsədyönlü şəkildə işləməsindən asılıdır.
Bu mənada, Qusar Olimpiya İdman Kompleksinin də üzərinə az iş düşmür. Bu kompleksə bir neçə ay əvvəl rəhbər təyin edilən tanınmış idman jurnalisti Elşən Məmmədov əvvəlcə direktor təyin edilməsi haqda danışıb. O, müsabiqədə iştirak edərək çoxsaylı namizəd arasından bu vəzifəyə layiq görüldüyünü qeyd edib: "Mən Gənclər və İdman Nazirliyinin elan etdiyi müvafiq müsabiqəyə qatıldım və çoxsaylı namizəd arasından seçildim. Cənab nazir Fərid Qayıbovun əmri ilə oktyabrın 18-də bu vəzifəyə təyin olundum. Oktyabrın 20-də kollektivə təqdim olunaraq, işə başladım. İdman jurnalisti kimi 23 illik karyeramın ardından idmanın yeni sahəsində fəaliyyət göstərməkdəyəm. Bu, ilk baxışdan çətin görünə bilər, amma yenə özümə doğma olan sahədə çalışıram. İdman jurnalisti və İdman Araşdırmalar Mərkəzinin sədri kimi çoxillik təşkilati bacarığımı böyük bir idman qurğusunun rəhbəri kimi də göstərmək niyyətindəyəm".
Elşən Məmmədov bildirib ki, Qusarda idmana maraq kifayət qədərdir: "Qusar ərazi və əhali baxımından kiçik rayon olsa da, idmana maraq böyükdür. Kompleksimizdə fəaliyyət göstərən müxtəlif idman bölmələrinə hər gün yüzlərlə yeniyetmə oğlan və qız idmançı məşqlərə gəlir. Onlar kifayət qədər bacarıqlı, təcrübəli məşqçilərimizin rəhbərliyi altında çalışırlar. Çox sevindirici haldır ki, Qusar sakinləri asudə vaxtlarını keçirmək üçün məhz bizim kompleksə üz tuturlar. Onlar minifutbol, voleybol, stolüstü tennis, bilyard oynayır, döyüş növləri və trenajor zalımızda məşq edirlər".
Elşən Məmmədov söhbət əsnasında Qusar İdman Olimpiya Kompleksində yetişən məşhur idmançılarımızın da adını çəkib: "14 illik tarixə malik Qusar Olimpiya İdman Kompleksinin yetirmələri sırasında Konya-2021 5-ci İslam Həmrəyliyinin qalibi, dünya və Avropa çempionatlarının, eləcə də Bakı-2015 1-ci Avropa Oyunlarının mükafatçısı olmuş taekvondoçu Fəridə Əzizovanı xüsusi qeyd edərdim. Eyni zamanda Zaur və Hacıbaba Hacıbabayev, Fərid və Ravid Mirzəbəyov qardaşlarını qeyd edərdim".
E.Məmmədovun sözlərinə görə, kompleksdə 200-dən çox yeniyetmə müxtəlif bölmələr üzrə hazırlıq keçir. Həmçinin o, vurğulayıb ki, qarşıdakı müddətdə idman bölmələrinin sayını artırmaq niyyətindədirlər: "Bu gün Qusar Olimpiya İdman Kompleksində 200-dən çox yeniyetmə bədii gimnastika, yunan-Roma güləşi, boks, voleybol, badminton, karate, sambo, MMA və ciu-citsu bölmələrində hazırlıq keçir. Yunan-Roma güləşi üzrə bölməmizin fəaliyyətini yenicə bərpa etmişik. Çalışırıq ki, bu cür aparıcı olimpiya növləri üzrə bölmələrimizin sayı daha çox olsun. Bu baxımdan, cüdo və taekvondo növləri üzrə məşqlər təşkil etməyi düşünürük. Eyni zamanda şahmat bölməsi açmaq niyyətindəyik".
E.Məmmədov Qusar İdman və Olimpiya Kompleksində yetişən idmançılar arasında oğlanların çoxluq təşkil etdiyini deyib: "Şübhəsiz ki, bölmələrimizdə oğlanlar çoxluq təşkil edir. Lakin qızların da məşqlərə gəldiklərini vurğulamaya bilmərəm. Zərif cins nümayəndələri voleybol və badmintonla yanaşı, döyüş növlərinə də maraq göstərirlər. Onlar respublika səviyyəli müxtəlif yarışlarda iştirak edərək, medallarla qayıdırlar. Bölmələrimizdə olimpiya növləri üzrə məşqlər ödənişsizdir. Eləcə də şəhid ailələri və imkansız ailələrin övladları bölmələrimizdə pulsuz məşq edirlər".
Həmsöhbətimiz bunu da qeyd edib ki, Qusarda insanlar daha çox döyüş idman növlərinə həvəs göstərirlər: "Bir şimal rayonu və dağlıq ərazi kimi Qusarda fiziki hazırlıqlı uşaqlar yetərincədir. Onlar xüsusən, döyüş idman növlərinə maraq göstərirlər. Lakin kollektiv növlərə də üz tutanlar yetərincədir. Kütləvilik baxımından, şübhəsiz ki, minifutbol zalımız daim istifadədədir. Hər axşam işdən sonra insanlar minifutbol oynamağa gəlir, səmərəli istirahət edirlər. Sakinlər voleybola da abunə olublar. Yenidən istifadəyə verdiyimiz bilyard, stolüstü tennis və trenajor zallarımıza da gələnlər yetərincədir. Bir sözlə, kompleksimiz idmanla maraqlanan hər kəsin üzünə açıqdır".
E.Məmmədov bölgədə idmanın inkişafı üçün atılan addımlardan söz açıb: "Azərbaycanda idmana dövlət səviyyəsində diqqət və qayğı göstərilir. Bu baxımdan, Şimal bölgəsi və Qusar rayonu da istisna deyil. Rayonumuzun icra hakimiyyəti, Gənclər və İdman İdarəsi ilə sıx əməkdaşlıq şəraitində işlər görürük. Demək olar ki, hər ay kompleksimizdə hansısa növ üzrə yarış, tədbir keçirilir. Son iki ayda kikboksinq üzrə Zəfər Kuboku və voleybolçu qızlar arasında Milli Qəhrəman Çingiz Qurbanovun xatirəsinə həsr olunmuş turnir təşkil edilib. Kikboksinq yarışına Quba və Xaçmaz təmsilçiləri də təşrif buyurmuşdu. Bu, şimal bölgəsində idmanın inkişafı yönündə atılan addımlara əyani misal ola bilər".
E.Məmmədov qarşıya qoyulan məqsədlər, gələcək planlar haqda bunları deyib: "Planlarımız çoxdur. Onlar yaxın müddət və gələcək üçün nəzərdə tutulub. Artıq üzgüçülük hovuzumuzu işə salmışıq. Gələn il isə Ulu Öndər Heydər Əliyevin 100-cü ildönümü münasibətilə bir çox növlər üzrə yüksək səviyyəli yarışlar təşkil etməyi hədəfləmişik. Bu məqsədlə müvafiq qurumlarla məsləhətləşmələr aparırıq. Artıq 2023-cü ilin əvvəllərindən müxtəlif növlər üzrə turnirlərə start verməyi düşünürük".
E.Məmmədovla söhbətləşərkən Qusarda futbola marağa da toxunduq. E.Məmmədov sözügedən mövzu ilə sualları belə cavablandırıb: "Hazırda Qusar və Qubada minifutbol oynamaq üçün insanların üz tutduğu məkan məhz Qusar Olimpiya İdman Kompleksidir. Kompleksimizdə qış aylarında belə, hətta gecəyarısınadək minifutbol oynayanlar var. Havalar istiləşəndən sonra isə açıq minifutbol meydançasını da işə salmağı düşünürük. Təbii ki, AFFA və Azərbaycan Minifutbol Federasiyasının dəstəyi verilsəydi, çox xoş olardı. Dekabrın 21-də rəhbəri olduğum İdman Araşdırmalar Mərkəzinin "İlin Qalibləri - 2022" layihəsi üzrə mükafatlandırma mərasimində də müvafiq federasiyalara müraciət edərək, onları kompleksimizə dəvət etdim. AFFA və AMF rəhbərliyi də yaxın vaxtlarda Qusara səfər edərək, kompleksimizdə futbolun inkişaf imkanları ilə maraqlanacağını bildirdi. Böyük futbola gəldikdə, hazırda Qusar şəhər stadionu təmirdədir. Rayonun "Şahdağ" klubunun uşaq komandaları soyuq havalarda məhz bizim zalımızdan yararlanır. Onların müntəzəm məşqləri üçün hər cür şərait yaratmışıq. Eyni zamanda, gələn ilin əvvəllərindən Qusar Olimpiya İdman Kompleksini təmsil edən futbol komandası AFFA-nın təşkil etdiyi uşaq liqalarına qatılacaq".
O, vurğulayıb ki, Gənclər və İdman Nazirliyi, həmçinin federasiyalar tərəfindən hər hansı istək olarsa, Qusarda idman çempionatları təşkil etməyə hazırdırlar: "Qusar Olimpiya İdman Kompleksi Gənclər və İdman Nazirliyinin balansında olan idman qurğusudur. Nazirliyimiz və federasiyalar tərəfindən hər hansı istək olarsa, onu yerinə yetirməyə hazırıq. Son zamanlar Azərbaycan çempionatlarının bölgələrdə təşkil edilmə tendensiyasını müşahidə etməkdəyik. Sözsüz ki, bu tendensiya bizim kompleksimizə də şamil olunacaq. İstər fərdi, istərsə də kollektiv idman növlərində çempionatlar təşkil etməyə hazırıq. Bunun üçün 66 kottec nömrəmiz və otelimiz qonaqların ixtiyarındadır. Onu da qeyd edim ki, Qusar Olimpiya İdman Kompleksində hazırda təmirdə olan Respublika Olimpiya İdman Liseyinin 160 şagirdi və təlimçi-müəllimləri də məskunlaşıb. Zallarımız onlara da xidmət edir. Böyük qürur hissi ilə deyə bilərəm ki, gələcəyin Avropa, dünya və hətta olimpiya çempionları Qusar Olimpiya İdman Kompleksində yetişir. Çünki məşhur idmançılarımızın əksəriyyəti məhz bu liseyin yetirmələridir".
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi