"Klublarımız legioneri 500 minə ala bilirsə, kitaba 2 min xərcləyə bilmir?"

"Klublarımız legioneri 500 minə ala bilirsə, kitaba 2 min xərcləyə bilmir?"
MEDİA 21 Dekabr 2022 / 11:40 3263
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

(İkinci yazı - Birinci hissə burada)

Artıq kiçikdən böyüyə hər kəsin Azərbaycan futbolunda olan problemlərdən, yerli oyunçuların yetişməsində yaranan maneələrdən xəbəri var. İllərdir ki, bu mövzu aktual olsa da, mütəxəssislər və media tərəfindən diqqətdə saxlanılsa da, nəzərə çarpan bir inkişaf görünmür.

Bəs, bizim kötüyünə su tökdüyümüz ağac - futbolumuz niyə bar vermir? Həqiqətən də o ağacın kökünə su tökülürmü?

Bu məsələlərə aydınlıq gətirmək üçün elə problemin kökünə endik. Məlumdur ki, bir futbolçunun yetişməsi üçün müəyyən zəruri tələblər var. Onların ən vacibi də həmin uşaqların düzgün, savadlı və yaxşı məşqçinin təlimi altında inkişaf etməsidir. İndi gəlirik əsas məsələyə. Bizim uşaq futbolunda məşqçilərin bacarıqları, savadı hansı səviyyədədir? Ümumiyyətlə, ölkədə bu sahədə işləmək istəyənlərin sayı nə qədərdir? Onlardan neçəsi məşqçilik kurslarını uğurla başa vururlar? Əgər hər şey qaydasındadırsa, niyə gözlə görüləcək heç nə yoxdur? Nə edək ki, digər ölkələrdəki duruma həsəd aparmayaq, öz ölkəmizdə, öz məşqçilərimizin əməyi ilə yetişən oyunçularımızla fəxr edək? Bu futbolçuları hazırlayacaq məşqçilərin yetişməsi üçün nə lazımdır?

Bu qədər sual sadaladıq. İndi isə həmin suallarımıza cavab tapmağa çalışaq.

"Klublarımız heç öz akademiyalarını düşünmürlər"

Futbol mütəxəssisi Aslan Kərimov deyir ki, Avropa ilə müqayisədə bizim ölkəmizdə uşaq futbolu məşqçilərində inkişaf çox zəif gedir: "Azərbaycanda uşaq futbolu məşqçilərində inkişaf zəif gedir. Gəlin, Avropa ilə özümüzü müqayisə edək. Serbiya, Xorvatiya, Gürcüstanı misal çəkə bilərik. Onlarda futbolçuların satılması üçün uşaq futboluna diqqət ayrılır. Məsələn, onlar üçün Premyer Liqaları, hansısa komandanın gedib Avropada çempion olması önəmli deyil. Bu ölkələr pulu futbolçuları yetişdirib satmaqdan qazanırlar. Ona görə də bütün klublar uşaqların inkişafı üçün yönləndirilib. Bizdə isə bu, tam fərqli istiqamətdədir. Əslində bizdə də inkişaf gedr, sadəcə biz bir addım atırıqsa, Xorvatiya 3 addım atır. Belə olanda da onlar bizi qabaqlamağa başlayırlar".

Aslan Kərimov

Mütəxəssisin fikirlərinə görə, məşqçilərimizin inkişafına mane olan problemlərdən biri də dil məsələsi və Azərbaycan dilində vəsaitlərin az olmasıdır: "Azərbaycanda futbol ədəbiyyatında oxuna biləcək 1, bəlkə də 2 material var. Hamı kurslarda iştirak edə bilmir. Kurslar müəyyən bir sayda keçirilir. Hamı oraya düşə bilmir. Məsələn, kimsə millinin futbolçusudursa, biz avtomatik olaraq onu kurslara götürürük. Digəri millidə oynamayıbsa, 2-ci plana düşür. Bir çox məşqçilərimiz də var ki, rayonlarda yaşayırlar, kurslara qatıla bilmirlər. Onlar özləri mütaliə edib, oxuyub öyrənə bilərlər də. Amma Azərbaycan dilində elə bir vəsaitimiz yoxdur ki, onu oxuyub öyrənsinlər. Səhv etmirəmsə, cəmi 1-2 ədəd dərslik var. Digər tərəfdən də futbola bağlı nə qədər informasiya varsa, hamısı ingilis dilində olur. Çünki ingilis dili beynəlxalq dildir. Məşqçilərimizin dil baxımından həddindən artıq çox çatışmazlıqları var".

Kərimov deyir ki, klublarımız xarici dillərdə olan vəsaitləri Azərbaycan dilinə tərcübə etdirib, vəsaitlər hazırladıb öz məşqçilərini inkişaf etdirməlidirlər: "Bu, məndən asılı olan bir şey deyil. AFFA 2 vəsait hazırladıb. Amma  o qədər klublarımız var. Futbolun inkişafı təkcə federasiyanın üzərində deyil axı. Özünə klub deyən, ənənəm var deyən klubların özləri də öz məşqçilərini inkişaf etdirmək məcburiyyətindədirlər. Klublar 1 legionerə 400-500 min avro pul verib ala bilirlərsə, bir kitaba 2 min, 5 min xərcləyə bilmirlər? Bir kitaba bu qədər pul ayırıb, onu tərcümə etdirmək klublar üçün elə bir problem olmalı deyil ki. Təbii ki, federasiyanın da üzərinə yük düşməlidir. Amma federasiya 2 kitab çıxarıb. Səhv etmirəmsə, 1-ni alman, digərini isə ingilis dilindən tərcümə etdiriblər. Klublarımızın isə fikirləri ancaq... (gülür). Heç akademiyanı da düşünmürlər. Klublar heç öz akademiyalarına yetəri qədər fikir vermirlər. Akademiyalara yaxşı maddiyat ayırmırlar, düzgün yönləndirmirlər. Mən tam səmimi deyirəm, bu gün UEFA-nın lisenziyalaşdırılmasında aşağı yaş qrupları ilə bağlı şərti aradan qaldırsalar, 95 faiz klublarımız akademiyadan əl çəkərlər. Ən acınacaqlısı elə budur. Yəni, bütün akademiyanı qanuna görə, ruslar demiş "qaloçka" qoymağa görə saxlayırlar. Məşqçini xarici klubların bazasına göndərmək, inkişaf etdirmək normal olan şeylərdir. Biz də bu normaya yaxın deyilik. Əslində zaman-zaman olub. Bir vaxtlar "Qəbələ"nin pulu var idi, məşqçiləri göndərmişdi. "Qarabağ"a niderlandlı bir məşqçi gəlmişdi. Onun da pulunu "Qarabağ" yox, AFFA ödəyirdi (gülür). O məşqçi öz gücü ilə məşqçiləri Niderlanda - "Feyenoord"un, "Ayaks"ın bazasına aparmışdı. Dolayı yolla, bu, klub rəhbərləri tərəfindən çox da alqışlanmayan bir şeydir. Ona görə də çətinlik yaşayırıq". 

A.Kərimov bəzi şəxslərin məşqçilik imtahanını uğurla verib, lisenziya aldığını, lakin daha sonra düzgün işləmədiyini vurğulayıb: "Məşqçilik imtahanını uğurla verənlər də var, kəsilənlər də. Adətən 75-80 faiz insan imtahanı keçir. Amma bu, o demək deyil ki, həmin insanlar kursda yaxşı oxuyandan sonra gedib yaxşı işləyirlər. Dəfələrlə görmüşəm ki, kursda minimal tələbi doldururlar, amma işləyəndə həmin qaydaları tətbiq etmirlər. Onsuz da kurslarda hamını kəsmirlər. Kimsə bir balaca normal məşq keçə bilirsə, ona lisenziya verilir. Çünki nə qədər çox məşçi olsa, bir o qədər çox futbolçu yetişə bilər. Yəni, kurs müddətində - 40-45 gün ərzində normal işləyirlər, lisenziyanı alırlar, sonra tənbəlləşirlər".

Mütəxəssis qeyd edib ki, əvvəlki illərlə müqayisədə indi bütün məşqlərin topla keçirilməsi müsbət məqamdır: "15-20 il əvvəllə müqayisə edək. İndi ən yaxşı üstünlük odur ki, bütün məşqlər topla olur. Əvvəllər belə deyildi. Qaçış və başqa hərəkətləri etdirirdilər, topa isə çox az vaxt ayırırdılar. İndi əksinədir. Bu, üstün tərəfdir".

"Qəbələ" Futbol Akademiyasının baş meneceri Nail Kərimov isə düşünür ki, məşqçilərin yetişdirilməsi o qədər də çətin iş deyil:  "Məşqçi yetişdirmək asan olmasa da, çətin də deyil. Çünki məşqçi işləmək istəyənlərin sayı kifayət qədərdir. Sadəcə olaraq yaxşı mexanizmlər olmalıdır. Söhbət klublardan, federasiyadan, ümumiyyətlə futbolla məşğul olan bütün təşkilatlardan gedir. Yaxşı mexanizmlər olmalıdır ki, məşqçi orada inkişaf edə bilsin. Təkcə kurslar kifayət etmir. Məşqçinin işlədiyi futbolçudan, peşəkar komandayadək hər şey öz təsirini göstərir. Bilirsiniz, futbol yalnız məşqçidən ibarət deyil. Bütün məqamlar məşqçinin inkişafında rol oynayır. Əgər ümumilikdə uşaq futbolundakı problemlərdən danışılırsa, burada məşqçi tək seçilib inkişaf edə bilməz".

Nail Kərimov

N.Kərimov xaric klubların akademiyalarının və məşqçilərinin vəziyyəti ilə ölkəmizdəki durumu da müqayisə edib: "Biz 2010-ci illərin əvvəllərində Madriddə beynəlxalq turnirdə olarkən Arda Turan ilə görüşmüşdük. Bizim akademiyamızın məşqçiləri vaxtilə uşaq futbolunda Ardanın məşqçiləri olublar. Arda bilmişdi ki, məşqçiləri Madriddədir, onları ziyarət etməyə gəlmişdi. O vaxt Arda "Atletiko və "Qalatasaray" arasındakı fərqlərdən bizə bəhs etdi. Məsələn, qeyd etdi ki, əsas komandanın futbolçularına sponsor şirkətin maşınları verilirsə, klubun ən böyük şərtlərindən biri o olur ki, eyni maşında akademiyanın bütün məşqçiləri də sürməlidir. Arda məşqçilərin maaşının, onlara olan yanaşmanın həddindən artıq yaxşı olduğunu bildirdi. Bundan sonra qeyd etdi ki, bütün bunları görəndən sonra mənə heç də təəccüblü deyil ki, niyə "Atletiko"dan daha çox və daha yaxşı futbolçular çıxır. Yəni, Arda "Atletiko" və "Qalatasaray" arasındakı fərqi görmüşdüsə... Bizim akademiyalarla "Qalatasaray"ın akademiyası arasında da keyfiyyət, səviyyə fərqi var. Bizimlə "Atletiko" arasındakı fərqi də aşağı-yuxarı təxmin edə bilərsiniz".

Sonda Kərimov gənc mütəxəssislərimizi tərifləyib. O bildirib ki, hazırda gənc məşqçilə öyrənməyə, yeni biliklər əldə etməyə çalışırlar: "Hazırkı gənc məşqçilərin taktiki bilikləri çox yaxşıdır. Onlar öyrənməyə, yeni biliklər əldə etməyə çox həvəslidirlər. Dünya futbolunda baş verən prosesləri yaxından izləyə bilirlər. Analiz mövzusunda gənc məşqçilər xeyli irəlidədirlər, çox inkişaf ediblər. Bunlar uşaq futbolunun bir az yuxarı yaş qrupundakı məşqçilərə aid olan məqamlardır. Amma ümumilikdə məqşçilikdə bu inkişafın sezilməsi o deməkdir ki, hər şey fərdlərlə bağlı deyil".


Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Daha çox


Son xəbərlər