Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Son ölkə çempionu “Qarabağ” həm yerli çempionatda, həm də avrokuboklarda sərgilədiyi oyunla diqqət mərkəzində qalmaqda davam edir.
Ağdam təmsilçisi bu mövsüm Misli Premyer Liqasında 8 matç keçirib və maksimum nəticə göstərərək 24 xal toplayıb və liderdir. Hələ komandanın ehtiyatda bir oyunu da var. Qurban Qurbanovun futbolçuları Avropa Liqasının qrup mərhələsində də uğurlu çıxış edir. “Qarabağ” 3 turdan sonra 6 xal toplayıb və G qrupunda 2-cidir.
“Qarabağ”ın gündən-günə irəliyə doğru addımladığını yalnız nəticələrdə yox, elə komandanın oyun tərzində, professionallığında da görmək mümkündür. Təmsilçimiz uğurları və öz çıxışı ilə Avropanın diqqətini futbol üçün kiçik bir ölkə olan Azərbaycana cəmləməyi bacarıb. Hətta bunu Avropanın ali futbol qurumu UEFA-nın “Qarabağ” haqqında öz sosial şəbəkə hesablarında dəfələrlə paylaşım etməsində, Ağdam təmsilçisinin gücünü vurğulamasında da görürük.
Bəs, necə olur ki, bu kiçik bir ölkənin komandası bu qədər böyüyür, nəhənglərlə başabaş mübarizə aparır. “Qarabağ”ın bu yüksəliş ritminin altında nə gizlənir, səbəblər nələrdir?
Mövzumuzla əlaqədar futbol mütəxəssisi Aslan Kərimov Qol.az saytına açıqlamasında danışıb.
Kərimovun fikrincə, “Qarabağ”ın özünə uzunmüddətli yol seçməsi və baş məşqçi Qurban Qurbanovla uzun illər işləməsi komandanı uğura aparan faktorlardan biridir:
“Qarabağ” özünə uzunmüddətli yol seçmişdi. Yəni, məqsədləri 1 il çıxış edək, buna nail olaq kimi deyildi. Klubun həm uzunmüddət, həm də qısa müddət üçün planları var idi. Həm də “Qarabağ” yola bir baş məşqçi ilə davam etdi. Hər dəfə yeni bir baş məşqçi gəlib, hər dəfə yeni bir üsul tətbiq etsə, istər-istəməz səhvlərə yol verir. “Qarabağ”ın inkişafına təsir edən faktorlardan biri budur”.
Mütəxəssis klub rəhbərliyinin Qurban Qurbanova etimadını xüsusi qeyd edib: “Ən vacib amil isə baş məşqçinin özünün transfer etmək, fubolçu seçmək şansı qazanmasıdır. Digər klublarda daha çox menecerlər, hətta rəhbərlər oyunçu gətirirlər. “Qarabağ”da isə elə Qurban Qurbanov 2-ci ilindən etibarən ancaq şəxsən texniki heyəti ilə birgə futbolçuları seçir. Bu o demək deyil ki, bir məşqçi oyunçunu seçirsə, mütləq uğurlu olacaq. Onların seçdikləri futbolçuların içərisində komandaya kifayət qədər uyğun gəlməyən oyunçular da olub. Yəni, transfer ediblər, amma uğurlu olmayıb. Amma belə olanda sən özünün etdiyin səhvdən nəsə öyrənirsən. Digər məşqçilərimizdə isə bu, belə deyil. Məcburiyyət qarşısında qalıb kimlərisə ala biliblər. Klub rəhbərliyini kənara qoya bilmərik. Orada olan rəhbər şəxslərin baş məşqçiyə inanması, dəstək göstərməsi klubun inkişafına gətirib çıxardı”.
A.Kərimov Qurban Qurbanovun məqsədyönlü olduğunu, daim öz üzərində işlədiyini və texniki heyətlə müzakirələr apardığını bildirib:
“Qarabağ”ın uğurları digər tərəfdən məşqçiliklə, maariflənmə ilə bağlıdır. Çünki həm Qurban Qurbanov, həm də onun texniki heyəti yeniliklərə açıq olublar. Yəni, keçmişdən qalan qaydalardan əl çəkib, daha çox yenilikləri təqdim edirlər. İnkişafın digər tərəfi isə yaxşı kollektiv qurmaqdır ki, hər kəs öz işinin öhdəsindən gəlsin. Komandada legioner məşqçilər də olub. Klub bu məşqçilərin fikirlərinə açıq olub. Qurban Qurbanov həmişə texniki heyətlə müzakirələr aparıb, onların fikirlərinə qulaq asıb. Yəni, o deməyib ki, mən bunu dedim, bu olacaq. Mən öz bildiyimi, gördüyümü söyləyirəm, Qurban Qurbanov saatlarla, gecə-səhərə qədər öz otağında müxtəlif oyunlara baxıb, yenilik varsa, onları oxuyub. Hətta Qurbanov PRO lisenziyası almağa hazırlaşanda bizdə alman dilini təmiz bilən Osman var idi. Həmin vaxt Qurbanov öz pulu ilə xaricdən yığdığı, alman dilində olan bütün materialları ona verib, tərcümə etdirib, oxuyurdu. Bir məşqinin öz məqsədi arxasınca bu cür getməsi də ona, kluba uğur gətirib".
Kərimov onu da qeyd edib ki, bəzən şans “Qarabağ”ın tərəfində olub:
“Uğurun açarı yoxdur. Amma hansısa məqamlarda “Qarabağ”ın bəxti də gətirib. Bəzən futbolda bəxt amili böyük rol oynayır. Bütün bunlar “Qarabağ”ən uğurlarına səbəb oldu”.
Mütəxəssis uğur qazanmaq üçün həm də keyfiyyətli komanda qurmaq lazım olduğunu və bunun “Qarabağ”da alındığını deyib: “Ümumilikdə klubda uzunmüddətli planın olması, baş məşqçinin uzun müddət komandada işləməsi, onun özünün texniki heyətlə müzakirələr aparması, məşqçilərin sözünə qulaq asması, transferləri özünün etməsi, komandanın uğur qazandığı dövrdə yaxşı bir kapitanının - Rəşad Sadıqovun olması “Qarabağ”ı uğura apardı. Əzmkarlıq bir nöqtəyə qədərdir. Komandada keyfiyyət olmasa, əzmkarlıq işə yaramaz. Məsələn, indi Premyer Liqamızda ən əzmkar komanda “Şamaxı”dır. Amma iş əzmkarlıqla qurtarmır. Ustalıq səviyyəsi vacibir. Bacarıq, keyfiyyət tamam başqa bir şeydir. Ona görə yaxşı futbolçu seçimi önəmlidir. “Qarabağ” uğur qazandığı dövrdə komandada çox yaxşı kapitan, yəni, Rəşad Sadıqov var idi. İndi də bunun davamə gəlir”.
Mövzumuzla əlaqədar futbol mütəxəssisi Şahin Diniyev də Qol.az saytına açıqlamasında danışıb. Diniyevin fikrincə, “Qarabağ”ın uğurlarının ilk səbəbi klubun yaxşı büdcəsinin olması və ondan doğru istifadə etmə və məşqçi işidir:
“Qarabağ” təsadüfi nəticələr qazanmır. Komandanın hər oyununda gözəl futbol görürük. Gözəl futbol oynayıb həm də nəticə qazanmaq çox çətindir. Futbolda nəticəyə köklənmiş oyunların çoxu gözəl olmur. Ancaq əksinə, “Qarabağ”ın həm nümayiş etdirdiyi çıxış gözəgəlimlidir, həm də nəticələri ürəkaçandır. Bu, təsadüfi deyil. Nəticəyə köklənən oyunların hamısı qapalı, ehtiyatlı olur, tam açılmır. Ancaq “Qarabağ” tam fərqli oynayır. Bu yüksəlişdə kənar amillər də var. Futbol elə bir oyundur ki, bir-birinə zəncirvari bağlanan meyarlara sahibdir. O zəncirin hansısa biri qırılanda uğur qazana bilmirsən. Burada hər şeydən əvvəl maliyyə gəlir. Maliyyəsiz böyük uğur qazanmaq mümkün deyil. Digər məsələ isə həmin maliyyəni ağıllı idarə etməkdir. Pul çox yerdə ola bilər. Amma onu ağılla istifadə edib, komandanın gələcəyinə, inkişafına ümid verən layihələr hazırlamaq lazımdır. Yaxşı maliyyə olmasa, heç bir yüksək səviyyəli futbolçu gəlib “Qarabağ”da oynamaz. Nəinki “Qarabağ”da, heç bir komandada çıxış etməzlər”.
Mütəxəssis vurğulayıb ki, bir neçə il əvvəl Azərbaycanda başqa klublarda da kifayət qədər maliyyə vəsaiti olsa da, “Qarabağ”dan fərqli olaraq onlar bundan yararlana bilməyiblər:
“2007-2011-ci illərdə bir neçə klubda böyük pullar var idi. Baxaq, görək ki, həmin klublar bu pulları hara xərclədilər? Görün, bir şey qalıb? Ancaq bu gün “Qarabağ”ın akademiyası, yüksək səviyyəli, böyük bazası var. Bu, çox vacibdir. Futbolçular harada hazırlaşırlar, necə bir şəraitdə inkişaf edirlər, belə şeylər önəmlidir. Axı, baza, qida, bərpa, tibbi xidmətlər olmasa, futbolçu inkişaf edə bilməz. Əsas şey maliyyə və onu ağıllı idarə etməkdir. “Qarabağ” bunu çox yüksək səviyyədə bacarır. Klubda düzgün idarəetmə var. 2007-2011-ci illərdə futbolçu satıb, onun yerinə yeni oyunçu almırdılar. Gedib, daha aşağı səviyyəli futbolçu tapırdılar. Belə nüanslar var. “Qarabağ” bu cür etmir, qazanılan pulu düzgün yerə xərcləyir. Ona görə də doğru yoldadırlar. Klubda düzgün strategiya və rəhbərlik, idarəetmə çox vacibdir. Dünya klublarına baxın, “Mançester Siti”, “Real”, “Barselona”nın idarəetmə sistemində 100-ə yaxın adam oturub. Orada elə-belə dayanmayıblar ki. Düzdür, bu say “Qarabağ”da 100-ə yaxın deyil, kiçik bir kolleltivdir. Amma yenə də belə işlər görə biliblər”.
Ş.Diniyev onu da qeyd edib ki, “Qarabağ” ağıllı transfer siyasəti aparır:
“Qarabağ” bu məsələdə baş məşqçisinə etibar edir. Klubda konkret fəlsəfə var. Səhvlər də, məğlubiyyətlər də oldu. Amma “Qarabağ” öz fəlsəfəsi ilə davam etdi. Qurban Qurbanovun əməyi çox böyükdür. Hansı futbolçununun komandaya daha çox uyğun olduğunu seçmək önəmlidir. Çünki “Qarabağ”ın öz oyun fəsləfəsi var. Hər bir futbolçu bu fəlsəfəyə uğyun gələ bilməz. “Qarabağ”da heç vaxt yeni gələn futbolçular gedən oyunçuların boşluğunu hiss etdirmirlər. Bu da böyük əməkdir. Baş məşqçinin, məşqçilərin işi təqdirəlayiqdir. Üstəlik burada futbolçuların məsuliyyəti, nizam-intizamı və başqa meyarlar var. Komandanın inkişafı üçün yaxşı ab-hava, sağlam rəqabət, nizam-intizam, yüksək səviyyəli təşkilatçılıq və bir-birini tamamlayan insanların olması vacibdir. Burada Qurban Qurbanovun əməyi çox böyükdür. Həm futbolçu, həm oyun sistemi seçimində o iştirak edir”.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi