Tovuzda 9 illik həsrətin sonu

Tovuzda 9 illik həsrətin sonu
MEDİA 25 Avqust 2022 / 15:35 5626
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Bütün Azərbaycana məlumdur ki, Tovuz şəhəri ölkəmizin futbol mərkəzlərindən biridir. Bu fakt artıq tarix boyu öz sübutunu tapıb. Tovuz şəhərinin təmsilçisi olan “Turan Tovuz”un 9 il sonra Premyer Liqaya lisenziya qazanması bu şəhərin sakinlərini stadiona daha da canfəşanlıqla toplaşmağa sövq edib. Tovuzda yaşayan gənclər yeniyetmələr hər zaman futbola maraq göstəriblər. Komandanın Premyer Liqada oyanaması isə gənclər və yeniyetmələr arasında futbola marağı daha da artırır. Bu, azyaşlıları da futbolla məşğul olmağa, bu sahəyə yönəlməyə həvəsləndirir. 

“Turan Tovuz” azarkeşləri komandalarının 1-ci Divizionda mübarizə apardığı vaxt belə Tovuz Şəhər Stadionunun tribunalarını doldurublar. Klubun fanatları istər səfər, istərsə də ev matçlarında öz dəstəklərini hiss etdiriblər. Lakin “Turan Tovuz”un həsrətə son qoyub, ölkənin əsas çempionatında oynaması azarkeşləri stadiona gəlmək üçün daha da həvəsləndirib. Elə bunun da sübutudur ki, “Turan Tovuz”un 1-ci turdakı görüşündə – “Qəbələ” ilə ev oyununda anşlaq yaranıb və stadion tam olaraq dolub. Qarşılaşmanı Tovuz Şəhər Stadionunda 5500 nəfər izləyib. Etiraf etməliyik ki, bu, yüksək səviyyədə olmayan Azərbaycan çempionatında mübarizə aparan bir bölgə təmsilçimiz üçün ürəkaçan göstəricidir. Özü də 9 illik həsrətdən sonra...

“Turan Tovuz” fanatları bu bayramı qeyd edərək az da olsa, töhfələrini vermək üçün matçlara bilet alıb, kluba yardım edirlər.

Bildiyimiz kimi, “Turan Tovuz” Futbolun İnkişafı Fondunun layihəsi ilə hazırda mövsümi bilet satışı həyata keçirir. Komandanın azarkeşləri isə indiyədək bu biletlərin artıq 350-dən çoxunu alıblar. Bu, “Turan Tovuz”un çıxışına, bu kluba olan tələbatın nəticəsidir. Mövsümi biletlə bərabər “Turan 100K” layihəsi də həyata keçirilir. Layihənin məqsədi “Turan Tovuz” Futbol Klubuna dəstək olmaq, kluba avtobus alınması üçün ianələr edilməsidir. Artıq bir çox azarkeş, futbolsevər şəxs layihədə öz imzasını ataraq ianə edib. Bu kampaniya Azərbaycana yad olsa da, informasiya yayıldıqca ianə edənlərin sayı da artır.

Buna baxmayaraq, Tovuz təmsilçisinin maddi problemləri qalmaqda davam edir. Məlum məsələdir ki, bir bölgə klubunun elitada mübarizə aparması üçün, “nəhənglər”lə ayaqlaşa bilməsi üçün yaxşı büdcəyə, tələbatları qarşılayacaq pula ehtiyacı var. Elə “Turan Tovuz”un mətbuat xidmətinin rəhbəri Süleyman Tağıyevin Qol.az-a bildirdiyi kimi...

O, qeyd edib ki, hazırda klub sponsor axtarışındadır: “Biz sponsor məsələsi ilə bağlı daim danışıqlarda olmuşuq, müraciətlər etmişik. İndi də həm rəhbərliyimiz, həm də Futbolun İnkişafı Fondu tərəfindən müəyyən şəxslərə müraciətimiz var. Ümid edirik ki, yaxın gələcəkdə bu məsələ öz həllini tapacaq”. 

Premyer Liqada oynaması ilə əlaqədar heyətinə 21 futbolçu qatan “Turan Tovuz” hələ də yeni oyunçu atarışındadır. Klub baş məşqçi Ayxan Abbasovun futbol fəsləfəsinə uyğun bir neçə futbolçu ilə danışıqlar aparır: “Ayxan Abbasov da qeyd etmişdi ki, əsas məqsədimiz komandanı komplektləşdirmək idi. Çox güman say çox olmasa da, 1-2 oyunçunun keçidini reallaşdırıb, transfer pəncərəsini bağlamağı düşünürük. Fürsət düşərsə, niyə də olmasın? Transferlər dövründə hər mövqeyə bir neçə futbolçu namizəd olur. Onlardan ən idealı və ya şərtləri bizi qane edən futbolçuları transfer edə bilirik. Bir futbolçunun üzərində dayanmaq mümkün deyil. Bir mövqe üçün 5-6 oyunçu ilə danışıqlar aparılır. Amma hərdən elə olur ki, gah bizim şərtimiz onları qane etmir, gah da onların şərti bizi qane etmir. Kimlə razılaşmışıqsa, məşqçi heyətimizi qane edibsə, onu transfer etmişik”.

S.Tağıyev onu da bildirib ki, azarkeşlər hazırda “Turan Tovuz”u çox yaxşı başa düşürlər, komandanın yeni komplektləşdiyini dərk edirlər: “Bunu rəhbərliyimiz də, baş məşqçimiz Ayxan Abbasov da vurğulayıb. Əvvəlcə təməli qurmalıyıq. Oyundan-oyuna inkişaf etməliyik. Biz də azarkeşlərimizin dəstəyini istəyirik. İndidən demək olmaz ki, biz iddialıyıq, hansısa yer üçün mübarizə aparırıq. Sadəcə planımız, strategiyamız var. Ona uyğun olaraq zamanla inkişaf etməyi düşünürük”.

İstənilən halda Tovuz kimi futbol mərkəzi olan bir şəhərin təmsilçisinin illər sonra Premyer Liqamızda mübarizə aparması, yox səviyyəsinə bərabər futbolumuzun var olması üçün böyük təkandır. Hətta, bəlkə də oyandırıcı zərbədir. Premyer Liqamızda iştirakçıların sayının 8-dən 10-a yüksəlməsi belə gözlərimizdə ümid qığılcımı yaradır. Kim bilir, bəlkə də “Turan Tovuz” və “Kəpəz” bu lisenziya “estafet”ini digər bölgə klublarımıza da ötürəcəklər? Necə deyərlər, Allahdan ümid kəsilməz...

Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Son xəbərlər