Futbol mütəxəssisi Yunis Hüseynov Qol.az saytına müsahibə verib. O, komandalarımızın Premyer Liqanın yeni mövsümündəki çıxışı, “Qarabağ”ın Çempionlar Liqasının pley-off mərhələsində “Viktoriya” (Plzen, Çexiya) ilə keçirəcəyi oyunlar və digər sualları cavablandırıb.
- Premyer Liqamızda artıq 2 tur geridə qalıb. Komandalarımızın çıxışlarını necə dəyərləndirirsiniz?
- Birinci turdan sonra nəyisə dəqiq demək çətin olur. “Qarabağ” da, “Neftçi” də ilk matçlarında ikinci heyətləri ilə oynadılar. Çünki onların ikisi də əsas avrokuboklardakı oyunlarına hazırlaşırdılar. Birinci matçda istək həddindən artıq çox olur. İlk turdan sonra digər komandalardan “Zirə”, “Kəpəz”, “Sumqayıt”, “Sabah” haqqında nəsə deməyə çətinlik çəkərdim. Amma 2-ci tur oyunlarına baxandan sonra “Sabah”ın çıxışı bir az gözə çarpır. Pis təsir bağışlamırlar.
- “Sabah” hər iki oyunda qalib gəlib…
- Bəli, 2 oyundur qalib gəlirlər. Amma bu da bizi aldatmamalıdır. Bu qələbələr rəqibin zəif oynamağından asılı oldu. Birinci turda “Sumqayıt” özünü yaxşı tərəfdən göstərmədi. “Sabah” 3:0 hesabı ilə qalib gəldi. İkinci turda da “Zirə” zəif çıxış etdi.
- Bəs, “Zirə”nin məğlubiyyətini nə ilə əlaqələndirmək olar?
- “Zirə”nin bu iki oyunu xoşuma gəlmədi. Rəşad Sadıqov özü də açıqlamasında demişdi ki, 4-5 futbolçu transfer edilməlidir. Məncə, onlar 4-5 futbolçu transfer etməsələr, bu mövsün Premyer Liqa “Zirə” üçün çox çətin keçəcək. Yəni, yuxarı pillələrə yüksəlmək çətin olacaq.
- Qeyd etdiyiniz kimi, “Sumqayıt” bu matçlarda özünü göstərməyi bacarmadı…
- Bəli, “Sabah”a qarşı zəif çıxış etdilər. “Qarabağ”la matçda da müdafiədə oynadılar. Bilirsiniz ki, “Qarabağ” Çempionlar Liqasındakı görüşlərinə görə əsas heyətlə oynamırdı. Amma “Sumqayıt” bütün oyunu sırf müdafiədə keçirdi. Əks-hücumlarda 1-2 qol şansları oldu, hesabı da aça bilərdilər. Yəqin ki, “Sunqayıt” yeni transfer etməyi planlaşdırır. Qarşıdakı oyunlarda bu komanda haqqında nəsə proqnoz vermək olar.
- Bu mövsüm Premyer Liqada oynamaq üçün lisenziya qazanmış iki komandadan biri “Turan Tovuz”dur. Onlar necə təsir bağışlayırlar?
- “Turan Tovuz” illər sonra əsas çempionatda oynayır. 2-ci turda “Səbail”lə oyunda eyni səviyyədə mübarizə gedirdi. Amma “Turan Tovuz” öz oyununu sırf əks-hücum üzərində qurmuşdu. Bu da yaxşı alındı. 1 qol vurdular və qələbə qazandılar.
- “Səbail”in Mahmud Qurbanovun baş məşqçiliyi altındakı çıxışını necə dəyərləndirərsiniz?
- “Səbail”də demək olar ki, sıfırdan bir komanda yaradılıb. Onlara da vaxt lazımdır. Yəqin ki, gələcəkdəki oyunlarda özlərini yaxşı tərəfdən göstərəcəklər. “Səbail”in birinci turda “Qarabağ”la matçda oyunu xoşuma gəlmişdi.
- İlk iki turda qələbə qazanan komandalardan biri də “Qəbələ”dir. Bu komanda yenidən avrokuboklara vəsiqə qazana bilər?
- “Qəbələ” Premyer Liqada yeni mövsümə həddindən artıq inamlı başladı. Tovuzda da qələbə qazandılar. “Qəbələ”nin oyunu həmişə mənim xoşuma gəlib. Çünki hücum futbolu oynayırlar. İlk 20-25 dəqiqə ərzində meydanın rəqibə aid hissəsində üstünlüyə nail olurlar. Hücumlarda çoxluq təşkil edirlər. Bunun da nəticəsini görürlər. “Qəbələ” ilk hissədə hesabı açmağı bacarır. Özüm də hücumçu olmuşam deyə “Qəbələ”nin oyunu mənim çox xoşuma gəlir. “Qəbələ” ilk iki oyunun ikisində də yaxşı çıxış etdi. Mən inanıram ki, qarşıdakı matçlarda “Qəbələ” yenə hücum futbolu oynayacaq. Mənim “Qəbələ”yə inamım böyükdür ki, artıq Avroliqaya vəsiqə qazanan komanda var.
- “Şamaxı” barədə nə demək olar?
- Məlumdur ki, 2 turdan sonra xal qazana bilməyiblər. Amma bu komanda yeni qurulub. Qarşıdakı oyunlarda nə isə demək olar.
- Siz özünüz də Gəncə futbolunun yetirməsisiniz. “Kəpəz”in yenidən Premyer Liqada oynaması, ilk 2 turdakı çıxışı haqqında nə deyə bilərsiniz?
- “Kəpəz” ilk turda “Zirə” ilə oyunda daha istəkli, hərəkətli idi. Bu da bayaq qeyd etdiyim kimi, “Zirə”nin zəif oyunu ilə əlaqədardır. “Kəpəz” “Neftçi” ilə dünənki matçda isə özünü o qədər də yaxşı tərəfdən göstərə bilmədi. “Neftçi” də bundan yararlandı. Hesab elə oyuna görə idi. Yəni, “Neftçi” “Kəpəz”in qapısına istədiyi qədəq qol vura bilərdi. Amma istərdim ki, “Kəpəz” güclənsin. Onlara uğurlar arzu edirəm. Mən hazırda klubun daxilində deyiləm. Amma oxuyuram, bilirəm ki, “Kəpəz o qədər də yaxşı durumda deyil. Həm komandanın daxilində çətinlikləri, həm də maddi problemləri var.
- “Kəpəz” ilk turda ev oyununu “Dalğa Arena”da keçirdi. 3-cü turdakı ev matçını isə Qəbələ”də oynayacaq. Hətta komanda növbəti bildirişədək ev oyunlarını Qəbələdə keçirəcək. Bu qərarlara münasibətiniz necədir?
- Bu, “Kəpəz” azarkeşləri üçün çox pisdir. Çünki komanda 4 il sonra Premyer Liqaya vəsiqə qazanıb. “Kəpəz” son dəfə elə mən baş məşqçi olanda əsas çempionatda mübarizə aparıb. Tapşırıq olmuşdu ki, mən artıq növbəti ilə hazırlaşım. Həmin il heç bir klub Premyer Liqanı tərk etməməli idi. Əfsuslar olsun ki, sona 2 tur qalmış çağırdılar ki, “Kəpəz” Premyer Liqanı tərk edir. Yəni, ortada artıq məni aldadıbmışlar kimi bir vəziyyət yarandı. İndi komanda 4 il sonra Premyer Liqaya qayıdıb. Əlbəttə ki, azarkeşlər “Kəpəz”in Gəncədə oynamasını istəyərlər. Mən də istəyərəm. “Kəpəz” Gəncədə oynasa, azarkeşlərin dəstəyi ilə hər bir komandaya başağrısı ola bilər. Amma belə bir fakt var ki, mən özüm də Gəncə stadionunda olanda arenanın yuxarı tərəflərinin qəzalı vəziyyətdə olduğunu görmüşəm. Lakin yuxarı yox, aşağı tribunalara azarkeşləri buraxmaq olar. Amma indi bunlar Yunis Hüseynovun deməyi ilə alınan deyil axı. Gərək gəlib baxalar ki, insanlara zərər dəyməsin. Əgər tribunalar düzələndən sonra azarkeşlər stadiona gələcəklərsə, məncə, bunu 1-2 il gözləməli olacağıq. “Kəpəz” yəqin ki, bu müddət ərzində ev oyunlarını başqa stadionlarda keçirəcək. Çünki Gəncə stadionunu təmir etmək çox vaxt aparacaq.
- İlk 2 oyundan sonra “Kəpəz” azarkeşləri baş məşqçi Yaşar Vahabzadəni istefaya səslədilər…
- Bu, xoş hal deyil. Amma mənim özümü də istefaya çağırıblar. Bəzi vaxtlarda belə şeylər olub. Lakin bu, baş məşqçiyə xoş gələn bir şey deyil. Yəni, bu, məşqçini ruhdan salır. Azarkeşlər qələbə istəyir. Amma cəmi 2 tur keçib. Qarşıda 34 oyun var. Onu gözləmək lazımdır. Sadəcə, azarkeşlər çılğındırlar, qələbə istəyirlər. Azarkeşsiz də futbol olmur. Futbolun gözəlliyi azarkeşdir. Ona görə də başqa nə isə deyə bilmərik.
- Ümumiyyətlə, bu mövsüm sürpriz komanda ola bilər? Yəni, “Qarabağ” yenə də dominant olacaq, yoxsa ona rəqib var?
- İlk iki turun oyunlarına əsasən, demək olar ki, “Sabah”, “Qəbələ”, “Neftçi” medallar uğrunda mübarizə apara bilər. Belə görünür ki, “Qarabağ”a rəqib yoxdur. Hansısa komandanın “Qarabağ”la ayaqlaşması çətin görünür. Hazırda “Sabah” güclənib. Amma bunu daha dəqiq qarşıdakı oyunlarda görəcəyik. Mənə elə gəlir ki, “Qarabağ”la ayaqlaşacaq komandamız yoxdur. “Neftçi” də o gücdə deyil.
- Yeri gəlmişkən, “Qarabağ” Çempionlar Liqasının pley-off mərhələsində Çexiya “Viktoriya”sı ilə qarşılaşacaq. Sizcə, Ağdam təmsilçisi Plzen klubunu keçib, qrupa düşə biləcəkmi?
- Mən əvvəlcə “Qarabağ”a uğurlar arzu edirəm. Səhv etmirəmsə, “Viktoriya” 2016-cı ildə Çempionlar Liqasının 3-cü təsnifat mərhələsində səfər qolu sayəsində “Qarabağ”ı keçib, pley-offa yüksəldi. Bakıda 1:1 hesablı heç-heçə etmişdilər. Həmin qola görə mərhələ adlamışdılar. “Qarabağ” onlardan qat-qat üstün oynamışdı. Xeyli qol imkanları var idi. Sadəcə, “Qarabağ” həmin şanslardan yararlana bilməmişdi. İndi “Qarabağ”ın bir borcu var ki, onları məğlub etsinlər, əvəzini çıxsınlar. Mən inanıram ki, “Qarabağ” “Viktoriya”ya qalib gələcək və qrup mərhələsinə düşəcək. “Qarabağ” “Lex”i keçəndən sonra da bu sözü demişdim ki, “Qarabağ” bu il Çempionlar Liqasının qrupuna düşəcək. Görürsünüz, dediklərim yavaş-yavaş öz təsdiqini tapır. Artıq 1 mərhələ qalıb. Əminəm ki, “Qarabağ” qrupda oynayacaq. Mən bunu onunla əsaslandırıram ki, “Qarabağ” hal-hazırda elə-belə yox, əsl Avropa futbolu oynayır. Ötən il “Neftçi” yox, “Qarabağ” çempion olsaydı, böyük ehtimalla Çempionlar Liqasının qrupuna düşərdi. Rəqiblər də münasib idi. İndi isə rəqiblər çox güclüdürlər. “Lex”, “Sürix”, “Ferentsvaroş”… “Qarabağ”ın püşkatmada bəxti gətirmir. Elə özləri ilə danışanda da demişdim ki, qəsdəndir, yoxsa necə, amma sizə çox güclü rəqiblər düşür (gülür). Potensial rəqiblərə baxırdım, ən güclüləri “Qarabağ”a düşürdü. Elə o vaxt da dedim ki, çətinliklər olanda yolu daha rahat gedəcəksiniz. Rəqib zəif olanda istər-istəməz baxıb deyirsən ki, əşi, asan komandadır. Çətin rəqib olanda ona qarşı matça çox motivasiyalı şəkildə çıxırsan, təzyiqə hazır olursan. Azarkeşlərimiz də “Qarabağ”a möhtəşəm dəstək nümayiş etdirirlər. Komanda öz oyunu ilə də, fanatları ilə də öz sözünü deyir. Düzdür “Viktoriya”nın yeni transferləri var. Hətta “Ferentsvaroş”dan bir hücumçu icarəyə götürüblər. Amma yenə də onların baş məşqçisi də açıqlamasında deyib ki, rəqib “Ferentsvaroş” olsaydı, daha yaxşı olardı. Çünki “Qarabağ” güclü komandadır. Mən bunu deyirəm, “Qarabağ” məsələni elə Bakıdakı ilk oyunda həll edəcək.
- Qeyd etdiniz ki, “Qarabağ”ı xeyli sayda azarkeş dəstəkləyir. Hətta fanatlar bilet, yer tapmaqda çətinlik çəkirlər. Komanda ÇL-in qrupuna düşəcəyi halda ev oyunlarını Tofiq Bəhramov adına Respublika Stadionunda yox, Bakı Olimpiya Stadionunda keçirib-keçirməyəcəklərinə dair müzakirələr aparılır. Siz bu haqda nə düşünürsünüz?
- “Qarabağ” 2017-ci ildə Çempionlar Liqasının qrup mərhələsindəki ev matçlarını Bakı Olimpiya Stadionunda keçirəndə o qədər də uğurlu çıxış etməmişdi. Söhbət düşər-düşməz məsələsində deyil. Ortada atmosfer məsələsi var. Futbolçular Tofiq Bəhramov adına Respublika Stadionunda özlərini daha rahat hiss edirlər. Həm də azarkeşlər, tribunalar meydançaya yaxındır. Tribunalar dolu olanda görünür ki, həqiqətən də stadion doludur. Amma Bakı Olimpiya Stadionunda belə deyil. Bu stadion da çox gözəldir. Amma orada azarkeşlərin çoxluğu hiss olunmur. Məncə, “Qarabağ” Çempionlar Liqasının qrup mərhələsindəki oyunlarını da Tofiq Bəhramov adına Respublika Stadionunda oynasa, daha yaxşı olar. Kim bilet tapar, lap yaxşı. Tapmasaq da, gərək televiziya qarşısından baxaq. Neyləyək? (gülür).
Nur Zeynalova
Premyer Liqa klubları onu hədəfə aldı
Ronaldodan iddialı baş məşqçi təklifi
“Baku Sportinq”in qələbəsindən - Video
Çempionlar Liqasının favorit klubu hansıdır?
“Qarabağ”dan “Azərsun Arena” ilə bağlı yeni qərar
"Fənərbaxça"dan gedir
Millinin sabiq üzvünə klubda vəzifə verildi
ÇL-də həftənin komandasında kimlər var?
Mbappe sıraya dönür, Bellinqem hələ də zədəlidir
Het-trik etdi, ÇL-də həftənin ən yaxşısı seçildi
"Finalissima" matçı "Real"ın stadionunda keçiriləcək?
"Mançester Siti"nin futbolçusu La Liqaya keçə bilər
"Real"ın penaltisini dəf edən qapıçı hakimə nə deyib?
“Şəfa” klubunda yeni təyinat
"Baku Sportinq" və "Səbail"dən qələbə
Azərbaycan millisi 0:11 hesabı ilə uduzdu
Qrem Potterlə müqavilə uzadıldı
"Futbolçularım çaşqınlıq içindədirlər"
"Karvan-Yevlax"ın üç legioneri milliyə çağırıldı
"PSJ bununla kifayətlənməyəcək"
Sarı vərəqəni qəsdənmi alıblar? - UEFA cəzalandıra bilər
"Siz "Real"ın uşaq bağçası olduğunu düşünürsünüz"
Azərbaycanı Avropa Açıq Turnirində təmsil edəcək cüdoçular
Raulun rekordu qırıldı
"Bayer"'ə qol vurdu, "məni bağışla!" dedi
Misli Premyer Liqasında 24-cü turun hakimləri açıqlandı
"1:7 uduzan məşqçidən nə hərəkət gözləyirsiniz?"
Avrokubokların oyunlarını yayımlayacaq kanallar
"Üç qardaş eyni liqadayıq, xoşbəxtik" - Coy Lens Mikels
Arda-Haaland mübarizəsi yenə gündəm oldu - Video
Azərbaycan boksçuları 4 medal qazandı
Arbeloa: "Nəticə gözləntilərimizi aşdı"
ÇL-də həftənin ən yaxşısı adına namizədlər
"Real"ın "Mançester Siti"yə vurduğu 3 qol - Video
Qvardiola: “0:3 hesabı 0:4-dən yaxşıdır”
“Bodo” yenə təəccübləndirdi - Knutsen nə dedi?
"Real", PSJ və "Bodo-Qlimt"dən böyükhesablı qələbə
Sərbəst güləşdə yeni rekord
"Napoli" Konte ilə yollarını ayıracaq?
Aldığı zədədən sonra karyerasını bitirməyi düşünür
Klub biletlərin qiymətini endirdi, tənqidlə üzləşdi
"Qalatasaray"la matçda qələbəni haqq etməliyik"
"Mançester Yunayted" ona görə 60 milyon xərcləməyə hazırdır
Böyükhesablı qələbə "Bavariya"ya baha başa gəldi
"Liverpul" qapıçısı ilə bağlı qərarını verdi
MOK-da Təhlükəsiz İdman Komissiyası yaradıldı