“Tamaşaçılar gimnastlarımıza stimul verir”

“Tamaşaçılar gimnastlarımıza stimul verir”
MEDİA 19 May 2022 / 11:37 1327
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

(İkinci hissə - Birinci hissə burada)

Bugünkü mövzumuz ölkəmizdə gimnastikaya olan maraq və bu sahədə qazandığımız uğurlar haqdadır. Daha çox hansı bölgələrimizdə uşaqların gimnastikaya marağı var? Azərbaycanın azyaşlı gimnastları hansı uğurlara yiyələniblər? Necə yetişdirilirlər?

Bütün bu suallara cavab tapmaq üçün Azərbaycan Gimnastika Federasiyasının baş katibi Nurlana Məmmədzadə ilə söhbətləşdik.

-​ Nurlana xanım, bilirik ki, gimnastika Azərbaycanda ənənəvi idman növü deyil. Buna baxmayaraq, kifayət populyarlıq qazanıb. Bəs ölkəmizdə gimnastikaya  marağı daha necə artırmaq olar?

-​ Azərbaycanda keçirilən hər bir beynəlxalq yarışdan sonra gimnastikaya maraq daha da artır. Bu da özünü gimnastika ilə məşğul olan idmançıların sayının çoxalmasında göstərir. Təbii ki, gimnastikanın növləri ilə məşğul olan idmançıların sayı nə qədər çox olsa, yığma komandaya seçim üçün o qədər çox imkan yaranar. Gələcəkdə də bu, özünü həm milliyə cəlb olunmuş idmançıların sayında özünü göstərər, həm də ölkəmizin daha çox uğur qazanmasına səbəb olar. Təbii ki, qeyd etdiyim kimi, bədii gimnastikaya axın daha çoxdur. Hazırda Azərbaycan Gimnastika Federasiyası tərəfindən bir sıra işlər görülür. Bu, həm təbliğat işləridir, həm də yarışların keçirilməsi. Başqa layihələr də planlaşdırılır ki, gimnastikanın digər növlərinə də maraq artsın, gələcəkdə bugünkündən də çox uğurumuz olsun.

-​ Federasiya hansı təbliğat işlərini görür?

-​ Azəbaycanda keçirilən beynəlxalq yarışlar, idmançılarımızın beynəlxalq arenalarda qazandıqları nəticələr özü də bir təbliğatdır. Bu uğurlar həm yetişən gənc nəsil gimnastlarına stimul verir, həm də heç gimnastika ilə məşğul olmayan balaca uşaqları bu sahəyə cəlb edir. Hazırda sosial şəbəkələr həyatımızda mühüm rol oynayır. Buna görə də biz gimnastika növlərinə uyğun müxtəlif xarakterli videoçarxlar hazırlayırıq. Onlar federasiyamızın sosial şəbəkələrdəki səhifələrində paylaşılır. Eyni zamanda həm Bakı şəhərində, həm də Azərbaycanın müxtəlif bölgələrində gimnastika üzrə nümunəvi çıxışlar təşkil olunur. Bununla yanaşı, təbii ki, bizim hədəfimiz paytaxtımızla yanaşı digər bölgələrimizdə də gimnastikaya marağı artırmaq və inkişaf etdirməkdir.

-​ Azərbaycanın neçə bölgəsində gimnastika bölmələri fəaliyyət göstərir?

-​ Hazırda ümumilikdə 25 regionda gimnastika bölmələri fəaliyyət göstərir. Bu bölmələrin çoxu bədii gimnastikaya aiddir. Amma gələcəkdə müəyyən işlər görmək niyyətindəyik ki, regionlarımızda digər gimnastika növləri də inkişaf etsin.

-​ Bəs gimnastika üzrə məşqçilər, mütəxəssislər, hakimlər yetişdirilirmi?

- ​İdmançılarla yanaşı, mütəxəssislərin yetişdirilməsi də bizim üçün əsas məsələlərdən biridir. Buraya həm məşqçilərin yetişdirilməsi, həm də hakimlərin yetişdirilməsi daxildir. Sevindirici haldır ki, hazırda bir neçə il əvvəl bizim gimnastlarımız olmuş gənc məşqçilərimiz həqiqətən də bu sahəyə həvəs, maraq göstərirlər. Onlar bölgələrimizdəki gimnastika bölmələrində çalışırlar. Təbii ki, ixtisaslı mütəxəssislərimiz nə qədər çox olsa, yetişən gənc nəsillərin uğuruna, fəaliyyətinə öz töhfəsini verəcək.

-​ Necə düşünürsünüz, idmançılarımızın hazırkı potensialı ilə Paris-2024-də medal qazanmaq mümkün olacaqmı?

-​ Bu il Azərbaycanda keçirilən sonuncu beynəlxalq yarışda – bədii gimnastika üzrə dünya kubokunda bizim qrup hərəkətləri komandamız çoxnövçülükdə gümüş, 5 halqa ilə final çıxışında isə qızıl medala layiq görüldü. Onu da qeyd edim ki, 2022-ci ilin əvvəlindən bu günə kimi Azərbaycan 5 beynəlxalq səviyyəli yarışa ev sahibliyi edib. Bu yarışların hər birində gimnastlarımız medal qazanaraq fəxri kürsüdə yer alıblar. 2024-cü ildə Parisdə keçiriləcək Yay Olimpiya Oyunları üçün hazırda əsas məqsədimiz idmançılarımızın yarışa lisenziya qazanmasıdır. Bildiyiniz kimi, Olimpiya Oyunlarının proqramına gimnastikanın 4 növü daxildir. Bu vaxtadək biz Olimpiya Oyunlarında 3 növdə - bədii gimnastika, kişi idman gimnastikası və qadın idman gimnastikası üzrə təmsil olunmuşuq. Bizim Paris-2024 üçün hədəfimiz isə yarışa həm bu idman növləri üzrə, həm də batut gimnastikası üzrə lisenziya qazanmaqdır. Ən əsası odur ki, idmançılarımız bacarıqlarını nümayiş etdirib, bu oyunlara lisenziya əldə etsin.  Bundan sonra isə onların yaxşı formada Olimpiya Oyunlarına yollanacaqlarına və ölkəmizi layiqincə təmsil edəcəklərinə ümid edirik. Təbii ki, gimnastlarımızın məşq zallarında öz çıxışlarını nümayiş etdirdikləri kimi, digər yarışlarda da bütün psixoloji maneələri aşaraq uğurlu çıxış sərgiləyib, finala vəsiqə qazanmalarını istəyirik.

-​ Nurlana xanım, son olaraq tamaşaçıların gimnastikaya marağından danışaq. Siz tamaşaçıların gimnastikaya marağını necə qiymətləndirirsiniz?

-​ Azərbaycanda gimnastikanın inkişafının ilk illərində keçirilən yarışlarla indiki vaxtı müqayisə etsək, böyük fərq görərik. 2007-ci ildə Azərbaycanda bədii gimnastika üzrə ilk Avropa çempionatı keçirilib. Ondan əvvəl dünya kuboku və dünya çempionatı yarışları olub. İndiki yarışlarla müqayisə etsək, görərik ki, həm tamaşaçıların sayında artım var, həm də reaksiyalarında. Çünki artıq tamaşaçıların gimnastika bilikləri çoxalıb. İdmançıların çıxışları, çətin elementlərin icrası zamanı onların reaksiyasından bu fərqi görmək olur. Onu da qeyd edim ki, 2020-ci ildə bir çox yarış təxirə salındı və ləğv olundu. Amma Azərbaycan Gimnastika Federasiyası 2021-ci ildən etibarən ölkəmizdə tətbiq edilən xüsusi karantin rejiminin qaydalarına uyğun şəkildə yarışlar keçirdi. Bir qədər qəribə idi ki, tamaşaçılar yarışlarda iştirak edə bilmirdilər. Çünki biz tamaşaçıların gurultulu alqışları ilə yarışlar keçirməyə alışmışdıq. Amma bu iI Bakıda olan 5 yarışın ikisində xüsusi karantin rejiminin qaydaları tədricən yumşaldığına görə artıq tamaşaçılar iştirak etdi. Milli Gimnastika Arenasında son 2 ildə görmədiyimiz yarış həyəcanı oldu. Çünki tamaşaçıların dəstəyi bütün gimnastlara, o cümlədən də bizim idmançılarımıza xüsusi stimul verir. Biz çox şadıq ki, son 2 yarışda artıq tamaşaçılar iştirak edə bildi. Sanki yarışlar tamamlandı.

Nur Zeynalova

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub.

Daha çox


Son xəbərlər