Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı
Bu dəfə mövzumuzu Azərbaycan idman jurnalistikasına həsr etdik. Bu da səbəbsiz deyil. Axı, oxucular hər gün dünyada və ölkəmizdə baş verən idman hadisələrini məhz bu sahənin jurnalistlərindən yazdığı yazılar, xəbərlər sayəsində öyrənə bilirlər.
İdman jurnalistikası medianın ən maraqlı və çətin qollarından biridir. Azərbaycanda bu sahədə son illər inkişaf olsa da, problemlər də az deyil.
Əməkdar jurnalist, Qol.az saytının baş redaktoru Aydın Bağırov deyir ki, idman jurnalistikası həmişə maraqlı bir sahə olub və hər zaman gənclər bu sahəyə maraq göstəriblər. Həmçinin mənim özüm də idman jurnalistikasını seçmişəm: “İctimai-siyasi qəzet olan “525-ci qəzet”də fəaliyyətə başlayanda 17 yaşım vardı. İdman sahəsi məni daha çox cəlb etdiyindən bu sahəyə marağım var idi. İdman jurnalistikası əslində çətin, spesifik sahədir. Məsələn, futboldan, güləşdən, boksdan yazmaq üçün bu idman növlərini yaxından izləməlisən, onun dərinliyinə getməlisən. Bəzən ictimai-siyasi saytlarda idmanla bağlı yazıları oxuyuram. Sırf məlumatsızlıq, bu sahədən uzaq olmaları səbəbindən həmin yazıların əksəriyyətində xeyli qüsura rast gəlirəm. İdman jurnalistlərimizin başqa sahələrlə müqayisədə istirahət etməyə vaxtları da az olur. Məsələn, futbolda oyunların çoxu şənbə-bazar günlərinə təsadüf edir, Avropadakı bəzi matçlar isə bizim vaxtla gecə başlayır və bəzən saat 02.00-da başa çatır. Buna baxmayaraq, bəzi saytların əməkdaşları həmin saatlarda iş başında olurlar. Qar, çovğun zamanı açıq havada stadionda oyunları izləyənlərdən də danışsaq, onların nə qədər əziyyət çəkdiyini təsəvvür etmək çətin deyil. Buna baxmayaraq, mən istər öz saytımızın, istərsə də digər idman saytlarının əməkdaşlarının timsalında da idman jurnalistlərimizin işə böyük sevgi ilə bağlı olduqlarını görürəm”.
A.Bağırov bildirib ki, iqtisadi çətinliklərə, yaradıcı problemlərə baxmayaraq, Azərbaycan idman jurnalistikasında yetərincə həvəs göstərənlər var: “Zaman-zaman mənə və digər stajlı jurnalistlərimizə universitet tələbələri olan bir xeyli jurnalist olmaq istəyən gənclər müraciət edir. Həmin gənclər sırasında bu gün artıq öz imzaları ilə tanınanlar da var”.
Aydın Bağırov idman jurnalistikasında problemlərin də az olmadığını söyləyib: “Əlbəttə, müsbət məqamlarla yanaşı idman mətbuatında da problemlər mövcuddur. Həm iqtisadi, həm yaradıcı, həm texniki məsələləri qeyd edə bilərik. Sırf saytlara gəldikdə, burada pərəkəndəlik, sistemsizlik var. Saytların çoxluğunun səbəbi isə odur ki, çox jurnalist başadüşələn səbəbdən aşağı maaşa - 500-600 manata müxbir işləmək istəmir. Rahat yolu seçir. Fikirləşir ki, özümə sayt yaradım, elə özüm redaktor olum, 2-3 klubdan hər ay reklam alım. Bəzi klublar da ya özlərini tənqiddən sığortalamaq, ya da şəxsi münasibətlər xatirinə reklamlar verirlər. Nəticədə jurnalist öz maddi imkanı qismən təmin edir, amma saytı bir nəfərdən, yəni özündən asılı olduğundan inkişaf edə bilmir, oxucu sayı çox aşağı olur. Azərbaycan idman jurnalistikasında ciddi redaktor problemi də var ki, biz bunu saytların böyük qismində görə bilirik. Bunların bir çox obyektiv və subyektiv səbəbləri var. Uzun illərdir ki, sırf iqtisadi problemlərə görə 10-15 təcrübəli jurnalistin bir yerdə çalışa biləcəyi vahid idman saytı yaranmayıb”.
A.Bağırov bildirib ki, kiçik istisnalarla, idman mediası kommersiya reklamları baxımından da problemlər yaşayır: “Ümumiyyətlə, tək idman deyil, bütün media qurumlarının kommersiya reklamları ilə bağlı durumu arzuolunan səviyyədə deyil. Medianın İnkişafı Agentliyi yaranana qədər, təəssüf ki, idman jurnalistikası uzun illər dövlətin maliyyələşməsindən də kənarda qalıb. Baxmayaraq ki, Azərbaycan dünyada həm də idman ölkəsi kimi tanınıb, burada böyük idman yarışları keçirilib və keçirilməkdədir. Amma 10 ildən çox müddətdə idman mətbuatı faktiki olaraq dövlətin dəstəyindən kənarda qalıb. Əvvəllər mövcud olmuş Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondu idman mediasının müraciətlərini ümumiyyətlə, qulaqardına vurub. Amma müsbət məqamdır ki, KİVDF-dəki dəyişiklikdən sonra onun varisi olan Medianın İnkişafı Agentliyi idman mediasına münasibətdə bu xoş olmayan ənənəni dayandırdı. Ötən ilin iyul ayından başlayaraq, ilk dəfə 7 idman saytı maliyyələşən saytlar sırasına daxil edildi. Bundan sonra biz çox saytın işində aktivliyi, çevikliyi müşahidə edirik. Saytlar öz sıralarına yeni əməkdaşlar cəlb edir, onlar hər biri qanuni şəkildə, əmək müqaviləsi bağlamaqla, maaşlarını gecikmədən almaqla fəaliyyət göstərir. Artıq saytlarda tək futbol deyil, idmanın digər növlərinə aid yazıların da nisbətən artdığını görmək mümkündür. Bu, bütün hallarda idman jurnalistikamız üçün müsbət fakt və inkişaf üçün təkandır”.
“Futbol+” qəzetinin baş redaktoru Mahir Rüstəmli Azərbaycanın müstəqillliyini yeni qazandığı dövrlərdə idman jurnalistikasında ciddi problemlər olduğunu, lakin indi vəziyyətin nisbətən yaxşılaşdığını deyib:
“Etiraf etmək lazımdır ki, müstəqilliyin ilk illərində idman jurnalistikasının vəziyyəti elə də yaxşı olmayıb. İlk növbədə ölkə müharibə şəraitindəydi və belə olan halda idman jurnalistikasının diqqət mərkəzində olmaması təbii idi. İkincisi, SSRİ dövründə Azərbaycanda əsasən, rusdilli və başqa millətlərdən olan müəlliflər idmandan yazırdı. Həmin müəlliflər müəyyən səbəblərdən respublikanı tərk etdiyinə görə yazar-müəllif korpusu ilə bağlı ciddi çatışmazlıq yaşanırdı. Belədə nəsillərarası əlaqədə müəyyən zəncirlərin itməsini anlayışla qarşılamalıyıq. Amma tədricən vəziyyət düzəlməyə və öz dilimizdə yazan müəllif kontingenti formalaşmağa başladı. Bu gün qəzetlərin sayı az olsa da, idmandan, futboldan yazan saytların sayı yetərincə çoxdur. İki tematik telekanal, bir çox aparıcı saytın “idman” bölməsi var, hər kəs xəbəri daha tez çatdırmaq və oxucuya yaxın olmaq yolunu tutub”.
Mahir Rüstəmli idman jurnalistikamızın bugünkü durumu haqda danışarkən deyib: “5 ballıq şkala ilə nə 5 verərdim, nə də 4, amma bugünkü idman jurnalistikası 3+ qiyməti haqq edir. Saytlar, imzalar çoxdur, amma bu çoxluqda bir pərakəndəlik və sistemsizlik də var. Daha dəqiq ifadə etməyə çalışsam, xarakterik obraz cizgiləri olan saytların sayı azdır. Kəmiyyət, yəni xəbər sayı və İP arxasınca qaçmaq qeyd-şərtsiz işin keyfiyyətinə təsir göstərir. Qəzetlə müqayisədə saytda səhvləri düzəltmək üçün daha yaxşı imkan var. Bununla belə, saytlarda bəzən ən kobud səhvlər də günlərlə düzəlmir, yazı əvvəlki formasında qalır. İstinad mədəniyyətinin qorunmaması, xəbərlərin vaxtı ilə oynamaq halları yenə çoxdur. Təəssüf ki, janr müxtəlifliyi qürubunu yaşamaqda davam edir. Bu gün saytlarda əsasən reportaj, müsahibə və açıqlamalar yer alır. Nüvəsində insan, onun yaşantıları dayanan, adamları duyğulandıran yazılar azdır. Bundan başqa, sırf idman jurnalistikası ilə məşğul olmaq istəyən gənc oğlan və qızlara yol göstərmək, bələdçilik etmək üçün mexanizmlər - “Ustad dərsi”, ixtisasartırma kursu, təcrübə məktəbi və s. yoxdur. Zamanında mən bu yolda müəyyən əmək sərf etmişəm. Amma açığını deyim ki, indi, yəni qəzet-sayt işinin gərginliyi, yorğunluğu fonunda buna sadəcə, vaxt tapa bilmirəm və özlüyümdə məyus oluram. Saxta, bir neçə mənbə ilə dəqiqləşdirilməyən, yalnız İP yığmağa xidmət edən, alternativ baxışların olmadığı yazılardan qaçmalıyıq. Düzdür, başqa ölkələrdə də belə yazılar əsasında özünə auditoriya formalaşdıran saytların olduğunu bilirəm. Amma bütün hallarda “sarı” və ciddi media arasında sərhədlər qorunmalıdır. Bunu yazar da, oxucu kütləsi də hiss etməli, fərqinə varmalıdır”.
Həmsöhbətimiz onu da qeyd edib ki, Medianın İnkişafı Agentliyinin dəstəyindən sonra idman saytlarında oxucu sayı artıb:
“Medianın İnkişafı Agentliyinin dəstəyindən sonra... Maraqlı və düşündürücü məqamdır. Agentliyin maliyyə yardımı yaradıcılığa bir qədər artıq dərəcədə diqqət ayırmaq, daha bütün gün pul axtarışına çıxmamaq baxımından əlavə pəncərə, nəfəslikdir. Dərhal nəzərə çarpan dəyişiklik saytların yazar korpusunu zənginləşdirməsi, müəlliflərinə sabit maaş vermək imkanının artmasıdır. Eyni zamanda bildiyim qədəri ilə xəbərlərin oxunma sayında irəliləyiş var. Sadəcə, idman jurnalistikası hansısa şəkildə kəmiyyətdən keyfiyyətə keçid dinamikasını artırmalıdır. Mənə qalsa, nəinki hər saytın, hətta hər müəllifin də öz obrazı olmalıdır”.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi