“Rəhbərlik məşqçinin arxasında durmalı idi” – Ayxan Abbasov

“Rəhbərlik məşqçinin arxasında durmalı idi”  – Ayxan Abbasov
MÜSAHİBƏ 13 Aprel 2022 / 15:08 3392
-  A +

“Sumqayıt”ın sabiq baş məşqçisi Ayxan Abbasovun Qol.az saytına müsahibəsi

- “Sumqayıt”dan ayrıldıqdan sonra nə işlə məşğulsunuz?

- Dincəlirəm, ailə işləri ilə məşğulam, çempionatı izləyirəm. Bacardığım qədər futbolla maraqlanıram. Belə, adi həyat tərzi.

- İş təklifi almısınız?

- Çempionatın elə vaxtında “Sumqayıt”dan ayrıldım ki, komandalar son 6 ayın oyunlarını keçirirdilər. Məşqçi işi belədir. Digər ölkələrdə klub sayı çoxdur. Bizdə bir az bu sıxıntılar var. Ümid edək ki, gələcəkdə daha yaxşı olar və tək mən yox, bütün məşqçilər işləyərlər. Mən gözləyirdim ki, belə olacaq, normaldır. 

- Çempionatın bitməsinə 6 tur qalıb. Sonluğu necə görürsünüz?

- Çempionatın əvvəlində başlanan ssenari davam edir. Oyunlar olduqca klubların gücü bəlli olurdu. Gözlənilirdi ki, “Neftçi” “Qarabağ”a rəqib ola biləcək. Amma gördük ki, “Qarabağ” ötən mövsüm çempionluğu son anda əldən verəndən sonra ciddi təbirlər gördü. Bu gün “Qarabağ” bütün komandalardan ikibaş güclüdür. “Qarabağ”ın çempionluğu bəllidir. Yəqin ki, iki turdan sonra bunu rəsmiləşdirəcəklər. Digər komandalar isə avrokuboklar uğrunda mübarizə aparır. Bura “Sabah”ın qoşulmağı maraqlı oldu. Bu komandanın qışdan sonra yaxşı çıxış etməsi rəqabəti bir az artırdı. “Sumqayıt”ın ötən mövsümü 3-cü pillədə başa vurması, indi sonuncu pillələrdə olması gözlənilməzdir. “Qəbələ”nin qışa qədər yaxşı çıxış etməsi, qışdan sonra az xal qazanması gözlənilən deyildi. “Zirə” ötən mövsüm son anda avrokuboklara vəsiqəni əldən verdi. Bu mövsüm isə daha yaxşı transfer edərək irəli getmək istəyirlər. Məncə 2-3 turdan sonra hər şey bəlli olacaq. 

- Sabiq komandanız “Sumqayıt”ın uğursuz çıxışları davam edir. Bu haqda nə deyə bilərsiniz?

- Qıraqdan izləyirəm. Klub rəhbərliyinin, məşqçinin çıxışlarına baxıram. Vəziyyəti elə qələmə verirlər ki, sanki “Sumqayıt”da hər şey bitmişdi. Ancaq elə deyil. Yeni baş məşqçi gələndən sonra komanda təlim-məşq toplanışına gedib. Hansı ki, orada komandanı hazır edə bilərdi.  Toplanış məşqçiyə imkan verir ki, öz oyun üslubunu futbolçulara aşılasın. Dörd transfer ediblər. Bu, qış fasiləsi üçün az deyil. Mən “Sumqayıt”da çalışanda qışda 1-2 transfer edəndə sevinirdik. Aleksey Baqa yeni gələndə açıqlama vermişdi ki, boşluqlar var. Yəqin ki, bu transferlərlə həmin boşluqları doldurdular. Amma çox bəhanə edirlər. Hər şeyi komandanın qışa qədərki uğursuz çıxışlarına bağlayırlar. Lakin komanda qışa qədər 12 xal yığıb. Bu qədər də yeni baş məşqçi yığmalı idi. Amma biz görürük ki, bir dövrədə cəmi 2 xal yığıblar. “Sumqayıt”ın statistikasına baxın, mənim vaxtımda, məndən əvvəl, heç vaxt bir dövrə ərzində 2 xal yığan olmayıb. Həmişə ən azından 1 qələbə olub. Məsələn, Murad Musayev “Sabah”a o vaxt gəldi ki, təlim-məşq toplanışı keçə bilmədi. Çempionatın ən qızğın vaxtında 1 həftəyə komandanı hazır etməli idi. Biz gördük ki, Musayev məşqçi keyfiyyətini göstərə bildi. Yəni komandanı dəyişə bildi. “Sumqayıt”da da kifayət qədər vaxt var idi. Elə kubok oyunlarını götürsək, “Qəbələ”ni keçmək olardı. “Sumqayıt”ın o gücü var idi. Biz “Neftçi”, “Qarabağ” kimi rəqibləri keçmişdik.

“Sumqayıt”da komanda şəklində problem yox idi. Problem fərdi idi. Məncə, hər kəs bunları bilirdi. Klub rəhbərliyi bunu həll edə bilmədi. Yəni problem tam başqa idi onlar tam başqa şey etdi. Buna görə də komandanın belə çıxışları normaldır. Futbolçular ruhsuz görünür. Sanki çempionatın bitməsini gözləyirlər. Yəqin ki. Yayda çoxlu dəyişikliklər olacaq.

- Sizin “Sumqayıt”dan göndərilməyiniz və əcnəbi məşqçinin təyinatı çox gözlənilməz oldu. Bəlkə, bu, komandaya da təsir edib.

- Burada əsas yeni baş məşqçinin komandanı necə ələ almasından asılıdır. Bizim çempionat fərqlidir. Ola bilər başqa çempionatlarda nəticələrin olsun. Bizim çempionatın qalibi olan məşqçi də başqa ölkədə çətinliklə üzləşəcək. Yəni hər çempionatın öz çətinliyi var. Əlbəttə, komandadan bir məşqçi gedirsə, futbolçulara təsir edə bilər. Yeni gələn məşqçinin keyfiyyəti elə olmalıdır ki, komandanı ayıltsın, ruhlandırsın. Mən komandaya əcnəbi məşqçinin gətirilməsinə toxunmaq istəmirəm. Bu, klubun şəxsi işidir. Ancaq başqa qərarlar da verilə bilərdi. Görünürdü ki, komanda ötən mövsümdəki kimi uğurlu çıxış etmir, bəzi futbolçular  əvvəlki oyununu sərgiləyə bilmirdi. Yəni uğursuz çıxışların fərdi səbəbləri var idi. Komandanın indiki oyununu qışdan əvvəlki oyunla müqayisə etsək, biz ardıcıl iki oyunda məğlub olmamışdıq. Uduzanda da baxımlı oyunla uduzurduq. Heç kimi bizi rahat uda bilmirdi. Bizdə fərdi problemlər var idi. Rəhbərliyin məşqçinin arxasında durması kifayət edirdi. Komandaya siqnal verilə bilərdi ki, “Sumqayıt”ın ən uğurlu məşqçisinin, üç medal qazanan bir adamın arxasındayıq, ən azından gələcəkdə yeni bir komanda qura bilərik. Yəni böhrandan çıxmaq üçün rəhbərlik məşqçinin arxasında durmalı idi.  Onlar isə yeni bir nəsə düşündülər. Onların qərarıdır. Bu gün də nəticə göz qabağındadır. 

- Sanki yeni baş məşqçi Aleksey Baqa hələ də heyət qura bilməyib.

- Demək olar ki, eyni futbolçulardır. Bir Azar Abdullayev yenidir. Digər gələnlər oynamır. Bir az sistemdə dəyişiklik oldu. Bəzi oyunlarda futbolçuların mövqelərində dəyişiklik gördük. Sanki baş məşqçi axtarışdadır. Bu da normaldır. Məsələn, “Səbail” uduzsa da, rəqiblərin üstünlüyündən, fərdi keyfiyyət məsələsindən irəli gələn səbəblər olur. Hamı görür ki, “Səbail”də komanda oyunu var. Ancaq bu gün “Sumqayıt” haqda bunu deyə bilmərik. 

- Aleksey Baqanın əslində milli komandamıza baş məşqçi təyin etmək üçün əvvəlcə “Sumqayıt”a gətirilməsi haqda iddialar var. 

- Hərənin öz şəxsi fikri var. Mən ümumən onun tərəfdarı deyiləm ki, biz Azərbaycan millisinə çox yüngül namizədlər irəli sürülsün. Məsələn, “Beşiktaş”ın U-19 millisinin məşqçisi Sergen Yalçının istefasından sonra əsas komandaya gətirilib. Həmin məşqçini bizim millimizə namizəd kimi görürlər. Heç maraqlanmırlar ki, bu məqşçi kimdir, harada işləyib. Bir az belə məsələlərdə diqqətli olmaq lazımdır. Bu gün Aleksey Baqanı da tez bir zamanda Azərbaycan millisinin baş məşqçisi vəzifəsində görürlər. Bu, olacaq-olmayacaq deyə bilmərəm. Amma Azərbaycan millisndə belə asan işləmək olmamalıdır. Mən bunun tərəfdarı deyiləm. Bu gün belə məşqçilərin Azərbaycan gəlməsi onların özləri üçün də uğur sayılmalıdır. Keçmiş Sovet ölkələrindən olan məşqçilər Qazaxıstan, Litva çempionatlarına gedirlər. Bu gün Litva çempionatı bizimkindən qat-qat zəifdir. Bizdə Baqa niyə bura gəlir deyə “Sumqayıt”ı elə zəiflətdilər ki...  Niyə də Baqa “Sumqayıt”a gəlməsin? Yəni Baqanı “Sumqayıt”dan üstün tutdular. Belə olmamalıdır. Azərbaycan çempionatında Con Toşak, Mustafa Denizli, Roman Qriqorçuk kimi mütəxəssislər işləyib. Onlar çəkinməyiblər. “Sumqayıt” da son 3 ildə bürünc medal qazanan, avrokuboklarda iştirak edən komanda olub. Niyə Baqa da “Sumqayıt”a gəlməsin? Maddiyat baxımından da götürsək, keçmiş SSRİ-nin 2-3 ölkəsini çıxmaqla Azərbaycan klubları geri qalmır. Ona görə də Azərbaycan çempionatına gəlmək üçün can atan çox məşqçi var. Bizim “Qarabağ”, “Neftçi”, “Qəbələ” kimi ölkəmizi avrokuboklarda təmsil edən klublarımız var ki, bu da onların kifayət qədər səviyyəli olduğunu deməyə imkan verir.

- Yəni siz Aleksey Baqanı milimizin baş məşqçisi vəzifəsinə layiq bilmirsiniz?

- Mən Baqanın məşqçiliyinə hörmət edirəm. Amma millimizə kimisə tez bir zamanda namizəd görülməsi düzgün deyil. Onlar öz aləmində düşünürlər ki, Azərbaycan millisində çox rahat işləyə bilərlər. 

Ramiq Ağaməmmədov

Daha çox


Son xəbərlər