“İstərdim ki, ÇL-in qrup oyunlarına da təyinat alım” – Əliyar Ağayev

“İstərdim ki, ÇL-in qrup oyunlarına da təyinat alım” – Əliyar Ağayev
MEDİA 6 Aprel 2022 / 11:42 3544
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi: Uşaq və gənclərin fiziki və mənəvi inkişafı

Tofiq Bəhramov, Eldar Əzimzadə kimi dünya şöhrətli referiləri olmuş Azərbaycan hakimlik məktəbi zəngin tarixə malikdir. Hər 5-10 ildən bir istedadlı hakimlərin üzə çıxması, yetişməsi uzun illərdir ənənə halını alıb. Son onillikdə belə referilərdən biri də FİFA referisi Əliyar Ağayevdir.

Əliyar 2013-cü ildə, 24 yaşı olarkən FİFA referisi adını alıb. Həmin vaxt o, futbol tariximizdə bu yüksək adı alan ən gənc hakimimiz olub.

Ə.Ağayev bugünə qədər dünya və Avropa çempionatlarının seçmə, Avropa kuboklarının təsnifat və qrup mərhələlərində üst-üstə 50-dək oyun keçirib. Beynəlxalq matçlarla yanaşı Misir kubokunun finalını idarə edib, Avropanın ən güclü çempionatlarından olan Yunanıstan superliqasının prinsipial oyunlarına isə indiyədək də dəvət alır. Ən son ötən şənbə günü mərkəzi görüşlərdən olan AEK - “Olimpiakos” matçını bundan əvvəlkilər kimi qüsursuz idarə edib.

Əliyar hakim ailəsində böyüyüb və onun bu peşəni seçməsi təsadüfi deyil. Atası Kərim Ağayev FİFA referisi köməkçisi dərəcəsinə kimi yüksəlib. Belə demək mümkündürsə, Əliyar ilk hakimlik dərsini evdə atasından alıb və bu istək onu hakimliyə gətirib. 

Əliyar Ağayevin uğurlarından danışmışkən onun özünün də beynəlxalq karyerası haqqında fikirlərini öyrəndik. O, saytımıza müsahibəsində hazırda UEFA-nın ən ali hakimlik mərtəbəsi olan elit kateqoriyaya yüksəlməyi qarşısına hədəf qoyduğunu söyləyib.

Qeyd edək ki, elit kateqoriyaya düşən hakimlər dünya və Avropa çempionatlarının final mərhələsi, Çempionlar Liqasının qrup oyunlarını idarə etmək hüququ əldə edir. Hazırda isə Əliyar elit kateqoriyanın bir addımlığında – A dərəcəsindədir.

Əliyar Ağayev deyir: “Bilirsiniz, beynəlxalq karyera qurmaq hər hakimə nəsib olmur. Eyni anda yüzlərlə hakim karyerasına start verir. Amma görürsünüz ki, beynəlxalq dərəcəli hakimlik sonda 2-3 nəfərə qismət olur. Ona görə də mən hesab edirəm ki, FİFA hakimi olmaq özü bir şərəfdir. Odur ki, FİFA referisi olmağın və həmin loqonun qədrini bilmək lazımdır. Düzünü desəm, karyerama başlayanda nə vaxtsa 1-ci kateqoriyada olacağımı ağlımdan belə keçirmirdim. Amma oyunlarda getdikcə, təcrübə qazandıqca insan özü-özünə deyir ki, niyə də 1-ci kateqoriyada olmayım? Bundan sonra daha da artıq stimulla çalışırsan. Hazırda 1-ci  kateqoriyada möhkəmlənməyi və fürsət düşərsə, bundan istifadə edib, elit kateqoriyaya yüksəlmək istəyirəm”. 

Ağayev karyerası ərzində ən yadda qalan və çətinlik çəkdiyi oyunlardan da danışıb: “Xüsusi oyunlar əsasən, hər hansı bir yarışda debüt matçları zamanı olur. Mən də yadda qalan görüşlər kimi U-17 və U-19 milliləri arasında keçirilən Avropa çempionatının final mərhələlərini və Avropa Liqasının qrup mərhələsindəki ilk oyunumu qeyd edə bilərəm. Çox istərdim ki, bu siyahıya tezliklə Çempionlar Liqasının qrup mərhələsi matçlarını da əlavə edim. Çünki o yarışın oyunlarını idarə etmək tamamilə başqa bir hiss olar. Karyeramda çətin oyunlar da çox olub. Ümumiyyətlə, yaşdan və turnirdən asılı olmayaraq ölkə xaricindəki hər bir matç önəmlidir. Biz hakimlər hansısa oyunun asan və ya çətin olacağın heç vaxt bilmirik. Həmişə qarşıdakı oyuna son və ən vacib görüş kimi çıxırıq. Əks-halda idarəçilikdə axsamalar ola bilər. Yalnız oyundan sonra bunu rahatlıqla deyə bilərik ki, bəli, bu matç asan və ya çətin oldu. Çətin görüşlər də olur, uğursuz da.  Ən çətin oyunlarda belə hakim gərək, stabilliyi, təmkinini qorusun ki, görüşün sonrakı gedişatında ona mane yaratmasın. Yəni, əgər hakim hər hansı bir səhv buraxırsa və onu oyunun gedişində anlayırsa, bu səhvi dərhal unutmalı və oyuna köklənməlidir. Bunu bacaran hakim təbii ki, bu çətinliklərlə çox az halda rastlaşacaq. İndiyə qədər mənim üçün ən çətin və ən uğursuz oyun Avropa Liqasının qrup mərhələsində “Surix” – “Bayer” görüşü olub”. 

Əliyar Ağayevin son vaxtlar Azərbaycan Premyer Liqasının mərkəzi matçlarına az təyinat alması futbol ictimaiyyətində narazılıq yaradır. Referi isə düşünür ki, çempionatdakı matçların sayına əsasən vacib  görüşlərə gec-gec təyinat alması normaldır: 

“Əslində o qədər də az oyuna təyinat almıram. Təəssüflər olsun ki, çempionatımızda hər tur cəmi 4 matç keçirilir. Mənim oyun sayına görə şikayətim yoxdur. Bəzən bir turdan bir,¸bəzən də iki tur ard-arda təyinat alıram. Komandaların və hakimlərin sayını düşünsək, məncə, bu, normaldır. Yəni, az təyinat almağım həftəlik oyunların sayı ilə bağlıdır. Mən də bundan narazı deyiləm”. 

Əliyar Ağayevin hakimlik peşəsinə gəldiyi dövrləri xatırlayan sabiq FİFA referisi Tahir Süleymanovla da söhbətləşdik. O, hələ 15-16 il əvvəl Əliyarın xüsusi istedadını gördüyünü deyib: 

“15-16 il öncə Əliyarın hakim idarəçiliyində ilk addımları, oyunları xatirimdədir. 2006-cı ildə "Sabahın ulduzları" layihəsinə yeni başlamışdıq və AFFA Hakimlər Komitəsi ilə çox sıx işbirliyi yaradılmışdı. Bu yarış uşaq-yeniyetmə futbolçuların yetişməsi ilə yanaşı yarış həm də gənc, təcrübəsiz hakimlər üçün də əvəzolunmaz məktəb idi. Turnir mərkəzləşdirilmiş qaydada keçirilirdi, hakimlərin hamısı göz önündə olurdu. Öz dövrünün FİFA referiləri də balaca futbolçuların oyunlarını idarə edir, komitə üzvləri turnirə təşrif buyurur, gənc hakimləri xüsusi diqqətdə saxlayırdılar. Əliyar kimi gənc hakimlər üçün bu, əlavə stimul yaradır, daha da həvəslənir, məsuliyyətləri artırdı.

Əliyar Ağayevin hakimlikdə ilk addımları...

Özüm də beynəlxaq dərəcəli hakim kimi oyunların fasilə zamanı gənclərə tövsiyələrimi verirdim. Əsas məqam isə, o dövrdə Hakimlər Komitəsinin gənc referilərin yetişməsinə xüsusi diqqətin ayırması, qayğı göstərməsi idi. Əliyar Ağayev ilk mükafatını da "Sabahın ulduzları" yarışlarında alıb. O, mövsümün yekununda "Ən yaxşı gənc hakim" mükafatına yiyələnib. Artıq həmin vaxtlarda Əliyarın istedadlı olmasını görürdük. Öz üzərində çalışacağı halda aparıcı hakimlər sırasında olacağı zaman məsələsi idi. Belə də oldu. Əliyar çox tez parladı və bizim vaxtilə ən gənc FİFA referisi rekordlarımızı yenilədi. O, Avropa meydanlarında da özünü yaxşı tərəfdən göstərdi. Sonrakı dönəmdə Əliyarın Avropa Liqası qrup oyunlarına təyinatlar alması hər birimizi sevindirirdi. Birinci kateqoriyaya yüksəlməsi bir qədər zaman alsa da, çox perspektivlər vəd edirdi. Amma sanki son 1-2 mövsümdə beynəlxalq təyinatların sayı azalıb. Səbəbi bizə dəqiq məlum deyil. Bu barədə Hakimlər Komitəsinin avstriyalı sədri Frits Ştuxlik futbol ictimaiyyətinə dolğun məlum verməlidir. Çünki istedadlar hər gün üzə çıxmır, yetişmir. Tənqid etmək, səhvləri deməklə yanaşı onları qorumaq, dəstək vermək hər birimizin mənəvi borcudur”. 

Tahir Süleymanov

Süleymanov Ağayevin son vaxtlar Yunanıstan çempionatının prinsipial oyunlarına dəvət almasını belə qiymətləndirib: 

“Bu, təcrübə, özünəinam baxımından müsbət məqam olsa da, əsas FİFA və UEFA-ın referimizə münasibətidir. Mütləq araşdırma aparılmalıdır və Əliyar Ağayevin daha da irəli getməsi təmin edilməli, köməklik göstərilməlidir. Əcnəbi sədrin beynəlxalq qurumlarla münasibəti yaxşıdır, özü hər ay matçlardadır, lobbiçiliyi isə hiss olunmur. Bilirsiniz, indi Əliyar Ağayevin 34 yaşı var. Bu da o deməkdir ki, hələ uzun müddət Azərbaycanı Avropada layiqincə təmsil edə bilər. Artıq təcrübəli referimizin üst səviyyəyə yüksəlməsi, daha da inkişaf etməsi üçün böyük şansı var. Düşünürəm ki, Əliyar öz üzərində səylə çalışmalı, həvəsdən düşməməlidir. Bir də ki Əliyar Ağayev daxili çempionatda da sıradan hakim kimi matçlara təyinat alır. Belə münasibət, yanaşma olmamalıdır”.

Sonda isə futbolumuzun ədalət təmsilçisinə uğurlar arzu edib, fitinin səsinin ən mötəbər yarışlardan gəlməsini diləyirik. Ümid edirik ki, Əliyar Ağayevə ölkəmizdə və beynəlxalq arenalarda hər zaman layiq olduğu dəyər veriləcək. 

Nur Zeynalova 

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Son xəbərlər