“Qurban Qurbanovun jesti “Marsel”ə qol vurmaqdan daha vacib idi”

“Qurban Qurbanovun jesti “Marsel”ə qol vurmaqdan daha vacib idi”
MEDİA 25 Fevral 2022 / 14:48 4717
-  A +

Medianın İnkişafı Agentliyinin layihəsi

Ötən gün “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanovun Konfrans Liqasının pley-off mərhələsində “Marsel”lə Bakıdakı cavab oyununda (0:3) etdiyi feyr-pley jesti azarkeşlər və futbol adamları arasında müzakirəyə səbəb olub. 

Belə ki, görüşün 34-cü dəqiqəsində cinah ötürməsindən sonra "Qarabağ"ın hücumçusu İbrahima Vadjinin vurduğu qolu baş hakim qeydə alsa da, qonaqlar buna narazılığını sərt şəkildə bildirib. Daha sonra “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov Vadjini yanına çağırıb və ondan qolu qaydalar çərçivəsində vurub-vurmadığını soruşub. Vadji isə topu əli ilə qapıdan keçirdiyini etiraf edib. Qurban Qurbanov isə futbolçuya bunu görüşün baş hakiminə bildirməsini deyib. Seneqallı hücumçu baş məşqçisinin dediyi kimi edib. Polşalı referi Bartoş Frankovski bundan sonra qolu ləğv edib.

Qurban Qurbanovun bu hərəkəti Azərbaycan və dünya mediasında feyr-pley jesti kimi şərh olunsa da, 49 yaşlı mütəxəssisi Ağdam təmsilçisinin qolunun ləğv edilməsinə görə qınayanlar də olub. 

Biz də bu mövzu ilə əlaqədar futbol mütəxəssislərinin fikirlərini öyrəndik. 

“Qurban Qurbanov futbolçulara tapşırdı ki, topu qapıya yox, kənara vurun”

Aslan Kərimov Qol.az saytına açıqlamasında Qurban Qurbanovun belə jestləri ilk dəfə etmədiyini və onun bu addımını dəstəklədiyini bildirib: 

“Çox adam deyir ki, bizə əsas qol lazım idi. Amma bir şey var ki, bizim onsuz da ümumilikdə qalib gəlib-gəlməyəcəyimiz, mərhələni keçib-keçməyəcəyimiz də bilinmirdi. Qurban Qurbanov bu jesti ilk dəfə etmirdi. 2015-ci ildə Azərbaycan Premyer Liqasının 7-ci turunda “İnter”lə oyunda baş hakim rəqibin qapısına penalti təyin etmişdi. Futbolçular Qurban Qurbanova demişdilər ki, o epizodda penalti yox idi. Qurban Qurbanov da onlara tapşırdı ki,  topu qapıya yox, kənara vurun. Bu cür jestlərdən sonra indi açıq aşkar əl ilə vurulan zərbəni qol hesab etməyin də yeri yoxdur. Amma bu cür oyunda belə jest etmək hər oğulun işi deyil. Ona görə də mən Qurban Qurbanovu dəstəkləyirəm. Fikrimcə, o, doğru addım atdı. “Qarabağ” ən azından Avropada feyr-pleyin, ədalətli oyunun tərəfdarı kimi tanınacaq. Mən etiraz edən azarkeşləri də başa düşürəm. Çünki oyun heç də bizim istədiyimiz kimi başlamamışdı. Rəqib hesabda erkən önə keçdi. Topa daha çox “Qarabağ” nəzarət edirdi. Amma rəqib komandamızın ən xırda səhvlərindən yararlana bilərdi. Hesabın 1:1 olması isə stadiona gələn azarkeşlər üçün şou kimi idi. Yəni, cavab qolundan sonra oyunun məcrası başqa istiqamətdə gedə bilərdi. Bu baxımdan mən azarkeşləri başa düşürəm. Onlar bir futbol fanatı kimi daha həyəcanlı bir matç izləmək istəyirdilər. Amma bir futbol adamı olaraq Qurban Qurbanovun jestini dəstəkləyirəm”. 

“Marsel” kimi kluba qarşı Qurban Qurbanovun jesti qoldan daha vacib idi”

Tanınmış futbol meneceri Səbuhi Səfiyarlı Qurban Qurbanovun bu hərəkətini təqdirəlayiq addım kimi qiymətləndirib: 

“Məncə, həmin epizodda hakim qeyri-peşəkarlıq etdi. Çünki topun ələ dəyib-dəymədiyini gedib futbolçudan soruşdu. Əgər oyunda VAR sistemi yoxdursa, hakim nəyi görür, onu da qəbul etməlidir. Fərqi yoxdur ki, səhvdir, ya düz. Dəfələrlə deyilib ki, futbolun ayrılmaz hissələrindən biri də hakim səhvləridir. Ona görə də məncə, hakim heç oyunçulardan qol ilə bağlı nə isə soruşmamalı idi. Fikrimcə, Vadji əvvəlcə topu əli ilə vurduğunu demək istəmirdi. Çünki fikirləşirdi ki, hakim nə görsə, ona da qərar verməlidir. Mən belə başa düşdüm ki, o, referiyə də bunu deyib. Hakim də qolu qeydə almışdı. Amma Qurban Qurbanovun jestindən sonra qol ləğv olundu. Bu, feyr-pley nümunəsidir. Hər adam belə bir şeyi edə bilməzdi. Mən dünəndən fikirləşirəm ki, mənim işlədiyim bir klubun oyununda belə hal baş versəydi, nə edərdim? Çünki “Qarabağ”a qarşı dəfələrlə haqsızlıqlar ediblər. Mən azarkeşlərin də etirazlarını başa düşürəm. Onlar fikirləşirlər ki, əgər bizə qarşı haqsızlıq ediblərsə, biz niyə dürüst davranaq? Bir çox matçda “Qarabağ”a qarşı qəsdən səhvlər ediblər. Məsələn, Konfrans Liqasının qrup mərhələsində “Bazel”lə  səfər oyununda vurulan qolu görməmək mümkün deyildi. Mənim fikrimcə, hakim həmin qolu qəsdən qeydə almadı. Ona görə də azarkeşləri başa düşürəm. O an insan çox emosianal davranır. Ola bilər ki, soyuq başla fikirləşməyiblər. Bəlkə də, sakitləşdikdən sonra deyəcəklər ki, bəli, Qurban Qurbanov düz edib. Amma hirsli başla belə davranmaq olmur. Məncə, “Marsel” kimi bir kluba qarşı belə bir jest bizim üçün qoldan daha vacib idi. Bizim ölkəmizin nüfuzu, insanlarımız haqqında müsbət düşüncə bizim üçün daha əhəmiyyətlidir. Qurban Qurbanovun bu hərəkətini alqışlamaq lazımdır. Bəlkə də oyundan sonra rəqib klubun nümayəndələri öz aralarında müqayisə edəndə bizim haqqımızda pis söz deyə bilməyəcəklər. Qurban Qurbanovun jesti bu baxımdan çox böyük addım idi”. 

Nur ZEYNALOVA

Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub

Daha çox


Son xəbərlər