"İşləyən adam 100 manat, işləməyən 500 manat maaş alır" - Müsahibə

"İşləyən adam 100 manat, işləməyən 500 manat maaş alır" - Müsahibə
MÜSAHİBƏ 15 Aprel 2021 / 12:37 8501
-  A +

Cavanşir Novruzov “Qarabağ”ın veteranlarındandır. O, 1980-90 illərdə Ağdam klubunda çıxış edib. Bu yaxınlarda Əməkdar məşqçi fəxri adı alan C.Novruzov Qol.az saytına müsahibəsində sabiq komandası ilə bağlı xatirələrindən, futbolumuzun bugünkü durumundan danışıb.

- Siz “Qarabağ”ın veteranlarındansınız. Uzun müddət Ağdamın “İmarət” stadionunda da oynamısınız. “İmarət”lə, “Qarabağ”la bağlı elə xatirələr varmı ki, hələ də yaddaşınızdadır?

- 1989-cu ildə SSRİ çempionatında Qazaxın komandası ilə oyun heç vaxt yaddaşımdan silinməz. Hər ikimiz doqquzuncu zonada oynayırıq. İlk görüşümüz onlarla oldu, oyunun sonlarında başla qol vurdum. Qazax klubunun heyəti çox güclü idi. Baş məşqçiləri Əli Rəhmanov idi. O görüş heç vaxt yadımdan çıxmaz. Elə 1:0 hesablı qələbə qazandıq. Hər kəs meydana çıxdı, bayram etdi. Bundan başqa "Zvezda Qaradişi" ilə matç yadımda qalıb. Oyun avqustun 29-u, mənim ad günümə təsadüf etdi. Həmin oyunda 3 qol vurdum. Matç 3:0 hesablı qələbəmizlə bitdi. O vaxtkı icra başçısı oyundan sonra mənə yaxınlaşıb nə istədiyimi demişdi. Dedim ki, mənə ev lazımdır. Təzə ev hədiyyə verdi. Ağdam işğal olunanda həmin ev yerlə-yeksan olundu.

- Ağdam işğaldan azad olundu. Gələcək illərdə komanda yenidən “İmarət” stadionunda oynayacaq. Təəssüratlarınız necədir?

- Çox istərdim ki, "Qarabağ" ev oyunlarını Ağdamda keçirsin. Bu gün "Qarabağ" komandası Azərbaycan futbolunun simasıdır. Əvvələr tək "Neftçi" var idi. Hər kəs "Neftçi"də oynamağı arzulayırdı. İndi çoxları "Qarabağ"da oynamaq istəyir. İndi "Qarabağ"da oynamaq hər futbolçuya nəsib olmur.

- Siz 80-ci illərin sonları, 90-cı illərdə “Qarabağ”la çıxış etmisiniz. Azərbaycan çempionatının iştirakçısı olmusunuz. Həmin dövrlə indini müqayisə edəndə hansı fərqləri qeyd edə bilərsiniz?

- Fərqlər çoxdur. İndi muasir futboldur, sürətə üstünlük verilir. Götürək, İngiltərə Premyer Liqasını. 90 dəqiqə yüksək templə qaçırlar. İngiltərədə autsayderlə lider oyunu başabaş gedir. O dərəcədə yüksək səviyyəli çempionatdır. Amma Azərbaycanda belə deyil. Nə surət var, nə texnika. Səbəbini özüm də bilmirəm. Buna səbəb az məşq etməkdir, ya nədir? Heç anlamıram. Vaxtilə Azərbaycanda futbol olub, hamı can qoyub. Halbuki o vaxtlar indiki kimi gözəl şərait yox idi. Mən özüm ayağımda 5 tikişlə oyuna çıxmışam. İndi bir şey olmamış futbolçular yıxılıb meydanın ortasında qalır. Müdafiəçilərimiz var idi, hər dəfə oyunda ayaqları sıyrılırdı. İndi hanı elə futbolçular?

- Bugünkü “Qarabağ”ın çıxışları haqda fikirləriniz necədir?

- "Qarabağ" çox yaxşı oynayır. Çempionluq uğrunda mübarizə aparır. Bundan əlavə dalbadal 7 ildir bizi Avropada təmsil edir. Bu illər ərzində Avropada belə davamlı mübarizə aparmaq asan deyil. "Qarabağ" bunu yüksək səviyyədə bacarır. Hazırda "Qarabağ"da çatışmayan yalnız hücumçudur. Qol vuran hücumçu lazımdır. Düzdür, kollektiv şəkildə hər kəs qol vura bilir, amma sırf hücumçu olsa, əla olar. Qol vurmaq hissiyatlı futbolçu olsa "Qarabağ"la mübarizə aparmaq çox çətin olar. Qurban Qurbanovun əməyini yüksək qiymətləndiririk. Həqiqətən gözəl komanda qurub.
 
- Sabiq klubunuzla əlaqələriniz qalırmı?

- Köhnə futbolçularla əlaqəmiz var. Müşfiq Hüseynov, Şahid Həsənovla danışırıq. Qələbə qazananda zəng edib təbrik edirəm.


"Qarabağ" komandası "İmarət"də

- Hazırda nə işlə məşğul olursunuz? Futbolumuzu yaxindan izləyirsinizmi?

- Təhsil idman mərkəzində çalışıram. Pandemiya səbəbindən hələ işə çıxmırıq. Amma bu il Gənclər və İdman Nazirliyi tərəfindən Əməkdar məşqçi adına layiq görüldüm. Günlərimi nəvələrimlə keçirirəm.

- Bir veteran kimi Azərbaycan futbolunun bugünkü durumuna münasibətiniz maraqlıdır.

- Azərbaycan futbolunun durumu yaxşı deyil, tənəzzülə doğru gedir. İnkişaf yoxdur. Regionlarda futbol olmasa, işlər çətin olacaq. Hazırkı çempionata Azərbaycan yox, Bakı çempionatı deyə bilərəm. Gəncə, Lənkəran, Mingəçevir, Tovuz, Şirvan, Zaqatalada yaxşı futbolçular var. Fuad Musayevin vaxtında 22 komanda oynayırdı. Həmin çempionat çox gərgin və maraqlı keçirdi. İndi baxıram, "Qarabağ"a yazığım gəlir. Çünki güclü rəqibi yoxdur. İndiki rəqiblərlə necə artıra bilər? Çox çətindir. Güclü komandalar, rəqabət lazımdır ki, inkişaf olsun. Məqsəd inkişafdır, geriləmək yox. Belə çempionatla Avropada istənilən kimi çıxış etmək olmaz. Pandemiyadan əvvəl xarici ölkələrdə təlim-məşq toplanışları olurdu. İndi o da yoxdur. Azərbaycan futbolunun durumu bu dəqiqə ürəkaçan deyil. Millimizə baxanda çox məyus oluruq. AFFA Məşqçilər Komitəsinin hər bir üzvü güclü mütəxəssisdir. Onlardan biri millinin başına keçsə, daha çox komək edə bilər. Azərbaycan futbolunu yaxşı tanıyırlar. Futbolumuz getdikcə zəifləyir. Niyə biz acizik? Prezidentimiz başda olmaqla bütün əsgər və zabitlərimizə Allah cansağlığı versin, Şəhidlərimizə Allah rəhmət eləsin. Onlar torpaqlarımızı işğaldan azad etdi, döyüş meydanında hər biri qəhraman idi. Biz bunu bacardıq. Amma bu gün futbolda ermənilər 3 oyuna 9 xal toplayır, bizim isə 1 xalımız da yoxdur. Futbolçularımız sanki oyuna başlamazdan əvvəl məğlub olur. Himn çalınanda birinin üzündə sevinc görünmür. Bilmirəm utanırlar, bilmirəm, nədən çəkinirlər. Söhbət uduzmaqdan getmir. İdmanda udmaq, uduzmaq normaldır. Amma milli ruh, can qoymaq, əzmkar olmaq lazımdır. Həmin əhval-ruhiyyə yoxdur. Məncə, futbolumuzu bu vəziyyətdən yerli mütəxəssislər çıxara bilər. Futbolçuları da çox qınamaq istəmirəm.

Ramiz Məmmədovla "Qəbələ"də bir yerdə işləmişik. O baş məşqçi, mən də köməkçisi idim. Elə problemlər olurdu ki, futbolçular birbaşa baş məşqçiyə yox, mənə yaxınlaşıb danışırdı. Mən də öz növbəmdə onlara tövsiyələrimi verirdim. Özüm də baş məşqçiyə deyirdim, o da söhbət edirdi. Buna görə hər bir futbolçu əla çıxış edirdi. Yaxın keçmişdə olan söhbətlərdir. 12 komandalı və "altılıq" sistemi olan vaxtı çalışmışıq biz. Hər bir komanda yüksək yerlər uğrunda mübarizə aparırdı. Demək olar ki, zəif komanda yox idi. Bizim məşqçilər korpusunda Vidadi Rzayev, Mehman Baxışov kimi mütəxəssislər yer almışdı. Kollektiv çox super idi. Hər şeydən razı idim. Lənkərana, Salyana, Zaqatalaya, Tovuza səfərlər edirdik. Futbolçular can qoyurdu. Bu gün bizə ən azı 12 komanda lazımdır. "Bakı" akademiyası dağıldı, indi də "Qəbələ" akademiyasının vəziyyəti yaxşı deyil. Bəs oradakı uşaqlar heyif deyil? Onlar 17-18 yaşına kimi futbolun sirrlərini öyrənir, sonda qalır ortada. Hansı komandaya getsinlər? Hər klubun da öz yaş qrupu var. "Bakı" dağılanda nə qədər futbolçu kənarda qaldı. Bu, boyük problemdir. Allahdan arzum odur ki, pandemiya tezliklə bitsin, xalqımıza toy-bayram nəsib etsin. Bununla yanaşı millimizin, futbolumuzun qələbələrini də görək. Əsas bayramlardan biri də bu olar. 2005-2015-ci illər üzrə Futbolun İnkişafı Proqramı qəbul olunmuşdu. Sistem düzgün qurulsaydı, indi çox irəlidə idik. Türkiyədə Turqut Özalın prezidentliyi vaxtında uşaq futbolunun inkişafı ilə bağlı proqram hazırlanmışdı. Gördünüz necə yararlandılar? Türkiyə 2002-ci ildə keçirilən dünya çempionatında bürünc mükafata sahib oldu. Yüksək səviyyəli çempionatları var. Axı biz niyə bu gündəyik? 30 il əvvəl Türkiyədə heç-heçə etdiyimiz klublar olub. Hətta ordan mənə təklif də gəlib. Amma mən razı olmadım. Mən bu gün futbola baxanda utanıram. Ürəkaçan məqam yoxdur. Yenə deyirəm, bizim vaxtımızda pula görə oynayan yox idi. İndi yaxşı meydançalar var, futbol isə yoxdur.

Hazırda uşaq futbolunda veteranlar işləyir, çox az maaş alırlar. O pulla dolanmaq olmur. O da görür ki, işləyən adam 100 manat, işləməyən 500 manat maaş alır. Belə olduğu halda da heç kimdə işləmək həvəsi qalmır. Yenə qayıdıram "Qəbələ"dəki dövrə. O vaxt "İnter"i məğlub edəndə  klub rəhbərliyi bizi yanına çağırıb nə kimi problemlərimizin oduğunu soruşdu. Dedi ki, komanda üzvlərinin heç bir problemi olmamalıdır. Siz futbol oynayırsınız. Futbol belə olar. Əcnəbi mütəxəssislərə milyonlar verilir, yerlilər maaş dərdi çəkir. Yenə də arzu edək ki, bu vəziyyət düzəlsin.

Ağa Dadaşzadə

Daha çox


Son xəbərlər