“Millidə elə futbolçular var ki, onların öhdəsindən gəlmək mümkün deyil”

“Millidə elə futbolçular var ki, onların öhdəsindən gəlmək mümkün deyil”
MÜSAHİBƏ 7 Fevral 2020 / 17:07 5425
-  A +

Aslan Kərimov: “Emil erməniyə görə “Tobol”dan getməməli idi”
 

Milli komandamızın və "Qarabağ"ın sabiq kapitanı Aslan Kərimovun Qol.az saytına müsahibəsi

- Hazırda milli komandamızın baş məşqçi vəzifəsinə namizədlər arasında seçim aparılır. Yığmada müxtəlif vaxtlarda həm əcnəbi, həm də yerli məşqçilər işləyib. Sizcə, indi seçim hansı kriteriyalara əsasən aparılmalıdır?

- Bütün futbol ictimaiyyəti bilir ki, tək milli komanda ilə nəyisə dəyişmək mümkün deyil. Bu gün dünyanın ən yaxşı məşqçisini - Yurgen Kloppu belə yığmaya dəvət etsək, siz də bilirsiniz ki, bizim böyük nəticələr əldə etmək şansımız yoxdur. Hansısasa məşqçiyə böyük pullar - 1 milyon verilməsinin əleyhinəyəm. Onsuz da nəsə dəyişilməyəcək. Birinci növbədə gətirilən məşqçiyə böyük məbləğdə məvacib vermək düzgün deyil. İkinci tərəfdən kim gələcəksə, ən azından çempionatı, Azərbaycanı, oyunçuları tanıyan biri olmalıdır. Çünki hər gətirilən mütəxəssis üçün uyğunlaşma dövrü keçir. Bu müddəti də məşqçiyə yaşatmaq bizim üçün ekstradır. Digər tərəfdən köhnə metodlardan uzaqlaşan biri olması lazımdır. Bu, sözsüz ki mənim şəxsi fikrimdir. Belə kriteriyalarda məşqçi gəlsə, milli komanda üçün effektiv ola bilər.

- Yerli məşqçinin tərəfdarı olduğunuz başa düşülür.

- Sözün düzü, mənim üçün o qədər də fərqi yoxdur. Daxili çempionatımızda həm yerli, həm də əcnəbi məşqçilər var. Təbii ki, əcnəbi mütəxəssis futbolçuları yerli məşqçi qədər tanıyan deyil. Bəlkə, ona görə azərbaycanlı çalışdırıcının olması daha yaxşıdır. İkinci tərəfdən də idarəetmə məsələsi var. Yəni milli komandanın futbolçularına incə yanaşmaq lazım gəlir. Çünki Azərbaycan çərçivəsində uğur qazanmış hər bir oyunçunun özünün də xarakter baxımından xırda çatışmazlıqları olur. Çatışmazlıq da deməzdim, hər şeyə bir az qısqanc yanaşırlar. Bəzən görürsən, deyingən olurlar. Bu tip futbolçuları yönəltmək bir az daha peşəkarcasına yanaşma tələb edir. Çünki əsas məsələ taktiki-texniki tərəfdə olmayacaq. Futbolçulara texniki baxımdan nəsə öyrədəsi deyilsən. Taktiki tərəfdən isə sözsüz ki, bəzi dəyişikliklər olacaq. Amma əsas önəm kəsb edən tərəf o oyunçuların hamsının bir yerdə can-başla oynamasını təşkil etməkdir. Əslində, bundan əvvəlki məşqçi Nikola Yurçeviçin  texniki-taktiki tərəfdən çatışmazlığı yox idi. Bəlkə də onda da futbolçuların onun rəhbərliyi altında can qoyub oynamaları çatışmırdı. Bəlkə də vaxtı az idi. Təbii ki, bu cür kənardan gələn bir mütəxəssis üçün onları tam olaraq cəlb etmək çətin məsələdir. Çünki dediyim şeylər kağız üzərində çox asan yazıla bilər. Mən söyləyirəm ki, futbolçuların inamını qazanmaq lazımdır. Amma asan məsələ deyil. Müəyyən bir vaxt lazımdır ki, onlarla birgə həyat yaşayasan, çətinliklərə düşəsən. Futbolçular da daha sonra yavaş-yavaş sənə inanmağa başlasınlar. Bu, çırtma çal, həmin dəqiqə sənə inansınlar məsələsi deyil. Ona görə də bir az futbolçularla vaxt keçirmək lazımdır. Məşqçi klub səviyyəsində, daxildə oyunçularla bəlli bir yol getdiyinə görə o inamı daha tez qazana bilir.

- Yığmamızın sabiq kapitanı Rəşad Sadıqov milli komandada görmək istədiyi 4 yerli məşqçinin adını çəkdi. Bəs siz yerlilərdən kimi yığmaya layiq hesab edirsiniz?

- Əlsində, mən də Rəşadla razılaşaram. Hesab edirəm ki, Ayxan Abbasov, Tərlan Əhmədov, Samir Abbasov eləcə də Şahin Diniyev taktiki-texniki baxımdan hazır məşqçilərdilər. Əmin də edə bilərəm. Çünki bilavasitə onların öyrənmə prosesində mən iştirak etmişəm, görmüşəm. Onlar texniki baxımdan heç bir çətinlik çəkəsi deyillər. Yalnız və yalnız oyunçuları bir yerə toplamaq, onların inamını qazanmaq baxımından necə öhdəsindən gələrlər, bilmirəm. Millidə elə futbolçular var ki, ümumiyyətlə, onların öhdəsindən gəlmək mümkün deyil. Yəni, təkcə idarəetmə baxımından sual doğura bilər

- Bunun üçün hardasa təcrübəli məşqçi lazımdır.

- Samir Abasovun təcrübəsi yoxdur demək düzgün olmaz. Kifayət qədər təcrübəsi var. Elə Ayxan Abbasovun da. Məsələn, Şahin Diniyev, Tərlan Əhmədov onsuz da uzun müddətdir işləyirlər. Digər 2 nəfərin təcrübəsi nisbətən azdır. Ancaq onlarda da təcrübə kifayət qədərdir. Çünki 3 ilə yaxındır çempionatdakı o stressli vəziyyətləri yaşayıblar. Yalnız sual doğuran məqam "ulduz", yəni ən azından Azərbaycan çərçivəsində özünü sübut etmiş  futbolçularla işləməkdir. Milli komandamızda legionerlər də az deyil. Çox vaxt həmin futbolçular özlərini daha yüksəkdə görürlər. Çünki düşünürlər ki, əgər məni xaricdən yığmaya dəvət ediblərsə, deməli, mən nəyəsə qadirəm. Bu cür baxış bucağı olan oyunçuları yerli məşqçinin idarə etməsi asan məsələ olmur. Yəni, orada bir az işləmək lazım gələcək. İddiam o deyil ki, işləyə bilməzlər. Amma bu məsələlər məşqçilər üçün çətinlik yaradacaq. İstənilən halda mən cavan mütəxəssisləri deyirəm, amma təcrübəlilər üçün də bu, problem yaradacaq. Çünki 100 il yaşa, 100 il öyrən məsələsidir. Nə qədər təcrübən olursa-olsun, bəzən görürsən, qarşına elə situasiyalar çıxır ki, keçmişdə heç qarşılaşmamısan. Bu, daim bizdə olan şeydir.

- AFFA-nın U-23 yığmasının yaradılması qərarına münasibətiniz necədir?

- U-23 komandasının yaradılması əsas yığma üçün bir meydançadır ki, milliyə düşə bilməyənləri oraya dəvət etsinlər. Amma fikirləşmək lazımdır ki, U-23 milli komandası necə yaranacaq, nə qədər məşq edəcəklər, oynayacaqlar. Onu ayrıca bir komanda kimi yaratmaq istəyirlərsə, bu, düzələn bir şey deyil. Çünki əslində problem oyunçuların futbolçuların məşqsizliyi yox, oyun rəqabətinin olmamasıdır. Ona görə də bizim futbolçuların təcrübəsi az olur. Stressə dayanıqlı matçlarda oynamırlar. Biz buna görə hər dəfə "Qarabağ"ı qınayırıq. Yəni, Avroliqanın qarşılaşmalarında o qədər stressli oyunlar keçirirlər. Amma çempionatda elə görüşlər yoxdur. Rəqabətə dayanıqlı oyunlar keçirə bilmirlər deyə, Avropa səhnəsində istədiyimiz qədər uğurlu olmadılar. Bu baxımdan futbolçuların çatışmazlıqları var. U-23-ü yaradıb, rəqabətə dayanıqlı bir çempionatda, turnirdə çıxış etməyəcəklərsə, düşünürəm ki, o qədər də böyük effekt ala bilməyəcəklər. U-20-nin qurulması bəlkə də faydalı ola bilər. Çünki 23 yaşlı oyunçu artıq formalaşıb. Ondan o tərəfə uzağı 1 oyunçu səviyyəsini artıra bilər. Ümumilikdə götürəndə futbolçular 23 yaşda artıq inkişafından qurtarmış olur.

Digər ölkələrdə belə bir şey varmı? Bəli, məsələn İngiltərədə var, Almaniyada zaman-zaman olurdu. Amma onların məqsədi bu deyildi. Futbolçu siyahısı həddindən artıq çox olan ölkələr üçün bu, bir alternativ ola bilir. Biz onsuz da bütün məşqçilərdən milli komanda üçün futbolçu soruşsaq, deyəcəklər ki, yoxdur. Amma orada bir mövqedə ən azı 6 mərkəz müdafiəçisi olduğuna görə, deyirlər, o 6 mərkəz müdafiəçisindən 2-sini, 3-nü götürdük, bəs yerdə qalanlarını nə edək. Fikirləşirlər ki, bu 3 futbolçunun da milli komandaya düşmək bacarıqları var. Ona görə də onlar üçün U-23 yığması yaradırlar. Yəni, onlar oyunçuların çoxluğuna görə bu addımı atırlar, qıtlığına görə yox.

- Millimizin üzvü Ramil Şeydayev hazırda klubsuzdur. Onun “Dinamo”da möhkəmlənə bilməməsi sizcə, nə ilə bağlı oldu?

- Ramil Şeydayevin istedadının olması hamıya  aydındır. Bir futbolçu 17 yaşlılar arasında Avropa çempionatında bombardirlər və ya ən yaxşılar sırasında yer alırsa, deməli, onun hansısa bir keyfiyyəti var. Amma bu istedadı inkişaf etdirmək lazımdır. 19-23 yaş arası əsl oyun oynayan yaş dövrüdür ki, bu vaxtlar əsas heyətdə çıxış etmək lazımdır. Həmin dövrdə də o, "Zenit"də ehtiyat oyunçular sırasında qalmağı seçdi, digər klublara keçmədi. Yəni, uzun müddət oyun təcrübəsindən əziyyət çəkirsənsə, sonra onu bərpa etmək asan məsələ deyil. Bu yaş dövrü çox kritikdir. Ona görə də formasını uzun müddət saxlaya bilmədi. Yenə deyirəm, Ramilin oynamamasının səbəblərini söyləyə bilmərəm. Ola bilər, məşqçi ilə uyğun gəlməyiblər. Ols bilər getdiyi klublar yerli futbolçunun inkişafında o qədər də maraqlı deyil, legioner istəyirlər. Ramil Şeydayev də xaricdə oynayırsa, legioner kimi çıxış etmək məcburiyyətində qalır. Bu baxımdan onun qala bilməməsinin səbəblərini danışmaq istəmirəm.

- Sizcə, Ramil ölkə xaricində klub tapmasa, Azərbaycana qayıtmalıdır?

- Düşünürəm ki, Ramilin  Azərbaycana qayıdışı həm onun, həm də milli komanda üçün çox böyük effekt verməyəcək. Onsuz da "Qarabağ"a gəlmişdi. O qədər də effektli olmadı. Amma əgər burada ona şans verilsə, oynamamaqdan daha yaxşıdır. Lakin söhbət inkişafdan, milli komandaya yararlı olmaqdan gedirsə, hesab edirəm ki, agentlər onun transferini məsələn,  Belçikanın, Hollandianın aşağı yerlərində olan hansısa bir klubunda da olsa təşkil etməlidirlər. Ən yaxşı halda bu bizim üçün böyük fayda verə bilər. Maddi tərəfi deyə bilmərəm, bəlkə də həddindən artıq az olar. Amma futbolun inkişafından danışırıqsa, bu cür rəqabətli çempionatlarda oynaması daha məntiqə uyğundur.

- Millimizin digər üzvü Emil Balayevin komandaya erməni məşqçinin gəlişindən sonra “Tobol”dan ayrılması isə birmənalı qarşılanmadı. Kimlərsə onu qeyri-peşəkarlıqda ittiham etdi, kimlərsə haqlı saydı. Siz necə düşünürsünüz?

- Məncə, bu məsələni siyasiləşdirməyə ehtiyac yox idi. Emil artıq özünü sübut etmiş bir oyunçu idi. Onu gələr-gəlməz ehtiyat futbolçular sırasına göndərmək asan məsələ deyildi. Bir müqavilə imzalamışdısa, hesab edirəm ki, sona qədər qalmalı idi. Əgər işin gedişatında şəxsi qərəzliliyi, məşqçinin qeyri-peşəkar yanaşmasını görsəydi, onda artıq bir qərar vermək olardı. Amma gələr-gəlməz mən çıxdım, getdim deyirsə, məşqçinin əlinə işləmiş kimi olur. Məncə, qalıb, oynaya da bilərdi. Heç kimin Emili erməni məşqçinin rəhbərliyi altında çıxış edir deyə qınamağa ixtiyarı yox idi. Biz burada erməni xalqına yox, separatçılara qarşı müharibə aparırıq. Emili qınamaq da doğru deyil. Şəxsi qərarıdır. Əgər belə fikirləşibsə, hörmətlə yanaşmaq lazımdır. Düşünürəm ki, Balayevi oyununa görə ehtiyata qoyası deyildilər. Bəlkə də hansısa əlaltı iş törədərdilər, amma bu, asan məsələ deyildi. Çünki həqiqətən də Emil orada əsas qapıçı adını almışdı.

- Siz Emilin yerinə olsaydınız davam edərdiniz?

- Bəli. Qarşı tərəflə açıq-aşkar münaqişə yaşasaydıq, çıxıb deyərdim ki, mən bu məşqçinin rəhbərliyi altında işləmək istəmirəm. Çünki o, qeyri-peşəkardır, məsələyə obyektiv yanaşmır. Öz çıxışımla hər şeyi sübut edə bilərdim.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı