“Neftçi”də ad günü

“Neftçi”də ad günü
ÖLKƏ FUTBOLU 19 İyun 2010 / 15:04 3315
-  A +

Bu gün Azərbaycanın tanınmış idman jurnalisti, Milli Olimpiya Komitəsinin üzvü, hal-hazırda “Neftçi” Peşəkar Futbol Klubunun Mətbuat və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri olan Elnur Əşrəfoğlunun ad günüdür.
Bakı Dövlət Universiteninin Beynəlxalq Hüquq və Beynəlxalq münasibətlər fakültəsini bitirən Əşrəfoğlu 19 il jurnalistika sahəsində geniş təcrübəyə malikdir. “525-ci qəzet”, “7 gün “ , “Azərbaycan” kimi mötəbər qəzetlərdə fəaliyyət göstərən Elnur Əşrəfoğlu  Azərbaycan Televiziyasında 16 il ( 1993-2009 ) ərzində müxbirlikdən İdman proqramları redaksiyasının baş redaktoru vəzifəsinə kimi yüksələ bilib. Uzun illər televiziyada fəaliyyət göstərən dəyərli telejurnalist bir çox yeni layihələrin müəllifi kimi tanınıb. Hazırda futbolumuzun flaqmanı “Neftçi”də çalışan Elnur Əşrəfoğlu 1996-cı ildən başlayaraq bütün Yay Olimpiya oyunlarında idman jurnalisti kimi vəzifəsinin öhdəsindən layiqincə gəlib. Bununla yanaşı həmkarımız 3 qış olimpiadasını canlı izləməyədə imkan tapıb. Bir çox beynəlxalq idman yarışlarından reportaj hazırlayan və 1994-cü ildən başlayaraq bütün futbol üzrə dünya və Avropa çempionatlarının final mərhələsində Azərbaycandan yeganə akkreditə olunan jurnalist Elnur Əşrəfoğlu daim dünyanın tanınmış idman adamları - Məhəmməd Əli, Pele, Maradona, Kobi Braynt, Messi, Del Pyero, Samaranç, Jak Roqq, Zepp Blatter, Mişel Platini, Keti Friman, Frans Bekkenbauer, Covanni Trappatoni, Dunqa, Ueyn Qretski və digərləri ilə ünsiyyət qurmaqda özünü yaxşı tərəfdən göstərib. Hətta dünyanın bir çox məşhur telekanallarının tanınmış idmançılarla əldə edə bilmədiyi müsahibələri məhz Elnur Əşrəoğlu əldə edirdi. Hazırda CAR-da keçirilən futbol üzrə dünya çempionatına da akkreditə olunan həmkarımız mundialın yarımfinal və final görüşlərini izləmək üçün Yohannesburqa yola düşəcək.
Ad günü ərəsəfində E.Əşrəfoğlu Qol.Az-a açıqlama verib:
 - Azərbaycanda son illər dövlət səviyyəsində idmanın və olimpiya hərəkatının inkişafına göstərilən diqqət və qayğı göz qabağındadır. Ölkəmiz dünyanın idman mərkəzlərindən birinə çevrilir. Məhz bütün görülən işlərin sayəsində biz də idman jurnalistləri olaraq bir çox beynəlxalq yarışlarda ölkəmizi layiqincə təmsil etmək imkanı qazanmışıq. Dövlət başçısı İlham Əliyevin idmanınn bütün sahələrinə olduğu kimi futbola da göstərdiyi qayğı bəhrəsini verməkdədir. Ölkəmizdə futbolun inkişafına dair dövlət proqramının icrası AFFA prezidenti Rövnəq Abdullayevin rəhbərliyi ilə yüksək səviyyədə həyata keçirilir. İnanıram ki, biz yaxın vaxtlarda da milli komandamızın böyük uğurlarına sevinəcəyik. Azərbaycan futbolunun flaqmanı olan “Neftçi”də də bütün işlər peşəkar səviyyədə qurulur. Klub prezidenti Sadıq Sadıqovun gərgin əməyi sayəsində “Neftçi”də bütün işlər Avropa klublarının modelinə uyğun təşkil edilib.Təkcə, Mətbuat və İctimaiyyətlə Əlaqələr Departametinin işini götürdükdə bunu aydın görmək mümkündür. Qısa müddət ərzində klubun rəsmi saytı yeni dizaynda fəaliyyətə başlayıb, oyunlarla bağlı xüsusi proqramlar hazırlanıb, flaqmanın ev və səfər görüşlərindən onlayn reportajlar təqdim edilib. Yaxın günlərdə də klubun jurnalı oxucuların görüşünə gələcək. “Neftçi”nin azarkeşlərini isə ümidvar edirik ki, yeni qurulan flaqman tezliklə onları sevindirəcək. “Neftçi”yə və bizim prezidentimizə yalnız qələbələr yaraşır!”.


















Səhifənin yuxarısına keçidYuxarı

Daha çox


Son xəbərlər
27.03.24  21:58

Keyn sağaldı