“Qarabağ”ın xanım fanatları: "Kişilərdən daha yaxşı azarkeşlərik”

“Qarabağ”ın xanım fanatları:  "Kişilərdən daha yaxşı azarkeşlərik”
FUTBOLUN TARİXİ 2 Mart 2018 / 13:32 17314
-  A +

Dünyanın bir çox ölkəsində futbol matçı zamanı tribunalarda minlərlə xanım azarkeş olur. Bu ənənə həmin ölkələrdə uzun illərdi var. Xüsusilə Avropa ölkələrində qadınlar hələ ötən əsrdən futbolla maraqlanmağa başlayıb.

Bizdə isə yalnız son illər stadionda xanım azarkeşlərə rast gəlinir. Onlar daha çox “Qarabağ”ın oyunlarında, əsas da avrokubok matçlarında stadiona gedirlər.

Əslində xanımlarımız da idmanı sevir, onlar da hisslərini biruzə vermək istəyir. Ancaq  bizdəki milli düşüncə, adət-ənənə, mentalitet çox vaxt xanımların stadiona getməsini əngəlləyir.

Bununla belə, stadionlara gedən, sevimli komandasına olan hisslərini ifadə edə bilən xanımlarımız da var. “Ladies of "Qarabağ" fan klubunun üzvləri kimi. Qafqazın xanımlardan ibarət ilk fan klubu artıq 4 ildir ki, "Qarabağ"a dəstək verir.

Fan klubun yaradıcılarından olan məşhur teleaparıcı Günay Yelmarqızı da uşaqlıqdan futbolu sevir. Bu yazımızda müsahib kimi ilk olaraq onunla danışdıq.

"Futbola uşaq vaxtından baxıram. Futbola maraq məndə "Neftçi" sayəsində yaranıb. Uşaq vaxtı atamla bərabər "Neftçi"nin qarşılaşmalarını izləyirdim. “Qarabağ”ı tanıyandan isə bu kluba azarkeşlik edirəm. "Neftçi" uşaqlığımdır, bu klubun da uğurlarına sevinirəm. "Qarabağ" isə bu günümdür. "Qarabağ" mənim işğaldakı vətənimdir, Ağdamdır, itirdiyim uşaqlıqdır. Mən fanat deyiləm. Sadəcə "Qarabağ"ı sevirəm və imkanım daxilində dəstək oluram.

Məncə, biz hamımız “Qarabağ”ı sevməli və dəstəkləməliyik. Çünki “Qarabağ”ın Avropa meydanlarında hər çıxışı Avropanın, dünyanın Azərbaycanın ayrılmaz hissəsi olan Qarabağı etirafı deməkdir. “Qarabağ” təkcə bir futbol klubu deyil, həm də bizim işğal altındakı torpaqlarımızın simvoludur. Odur ki, hər birimiz bu klubu əlimizdən gələn qədər dəstəkləməliyik. Bu məsələdə xanımların da üzərinə böyük məsuliyyət düşür. Elə buna görə də “Ladies of “Qarabağ”” fan klubunu yaratmaq qərarına gəldik. Bu fan klubu hamımızın yaxşı tanıdığı idman jurnalisti Vasif Acalovla birlikdə yaratmışıq. Məqsədimiz “Qarabağ”ı sevən xanımları ətrafımıza toplayıb kluba gücümüz daxilində dəstək olmaqdır. Şüarımız da belədir - “Qarabag” üçün bir olaq!


Günay Yelmarqızı

Fan klub ilk gündən xanımların diqqətini çəkdi. Necə üzv olmaqla bağlı müraciətlər oldu. Biz rəsmi deyil, ictimai əsaslarla fəaliyyət göstərən, hər hansı gəliri olmayan bir fan klubuq. Ona görə də bizə “Qarabağ”ı sevən istənilən xanım qoşula bilər. İlk gündən belə olub. İndi də belədir. Bizim çox aktiv Feysbuk səhifəmiz var. Orda əlaqə vasitələrimiz  göstərilib. İstənilən xanım zəng edərək bizə qoşula bilər. Əsas odur, “Qarabağ”ı doğrudan da sevsin və dəstəkləsin. Biz “Qarabağ”ı stadionda dəstəkləmək istəyən xanımlarımızı biletlə təmin edirik. Bu işdə bizə “Qarabağ” rəhbərliyi dəstək olur. Fan klub yaranandan Tofiq Bəhramov adına Respublika stadionunda 34-cü sektor xanımlara ayrılıb. O sektor demək olar ki, artıq “Ladies of “Qarabağ”ın sektoru kimi tanınır. Hər oyunda bizə yüzlərlə müraciət olur. Təbii ki, biz hər kəsi biletlə təmin etmək imkanına malik deyilik. Ona görə bəzən incikliklər olur. Amma biz üstünlüyü “Qarabağ”ı həqiqətən sevən və dəstəkləyən, yalnız avrokuboklarda, Çempionlar Liqasının oyunlarında yox, daxili çempionatlarda da qarşılaşmalara gələn xanımlara veririk. Çünki onlar hər zaman komandanın yanındadırlar. Təəssüf ki, bəzi xanımlar yalnız avrokubok oyunlarına gəlir. Bəziləri qardaşına, həyat yoldaşına bilet vermək üçün bizdən istifadə edir. İmtina edəndə də hay-küy salır, bizim haqqımızda mənfi rəy yaratmağa çalışırlar. Açıqlamalar verirlər ki, Günay Yelmarqızı bütün biletləri öz rəfiqələrinə, qohumlarına paylayır. Halbuki belə deyil. Mən işimlə əlaqədar demək olar bir neçə ildir fan klubun idarəçilik məsuliyyətini Vasif Acalova ötürmüşəm. Bütün əziyyətləri o çəkir. Ona görə mən onun idarəçiliyinə çox qarışmıram. Mən özüm də bileti ondan götürürəm. Bəzən mən hətta mənim üçün ayrılan dəvətnamələri belə xanımlara verirəm, özüm evdə izləyirəm. Vaxtında müraciət edənləri, əsl azarkeşləri biletlə təmin edirik.

Biz yaranan gündən “Qarabağ” klubu fan klubu dəstəkləyib. Burada söhbət hər hansı maddi dəstəkdən getmir. Bizim “Qarabağ”a olan dəstəyimizi yüksək qiymətləndirirlər. Fan klub yarananda məxsusi olaraq xanımlar üçün tikilmiş formalar hədiyyə etmişdilər bizə. Hər oyunda isə bilet ayırırlar. Biz bunu yüksək qiymətləndiririk və təşəkkür edirik “Qarabağ” rəhbərliyinə”.

"Xanım azarkeşlərin əksəriyyəti kişilərdən daha yaxşı, səmimi və emosional azarkeşdir"

G.Yelmarqızı xanımların stadiona az gəlməsini azarkeşlik mədəniyyətinin hələ formalaşmaması ilə əlaqələndirir: "Bunun üçün ilk növbədə kişi azarkeşliyindən başlamaq lazımdır. Nə zaman stadionu hər oyunda kişi azarkeşlər doldursa, xanım azarkeşlərin də sayı çox olacaq. Bizdə öncə ümumi azarkeş mədəniyyəti formalaşmalıdır. Məncə, “Qarabağ” sayəsində bu istiqamətdə böyük irəliləyiş var. Amma hələ qət ediləcək böyük məsafə var. Və səmimi deyirəm - stadiona gedən xanım azarkeşlərin əksəriyyəti ordakı kişilərdən daha yaxşı, səmimi və emosional azarkeşdir. Nə zaman kişilər stadiona tum yemək üçün gəlməyəcək, komandasının udub-uduzmağından asılı olmayaraq bütün oyunları sona qədər izləyəcək, o zaman azarkeş mədəniyyəti də formalaşacaq".

Mövzumuzla bağlı jurnalist, azad azarkeş Rəqifə Əzizin də fikirlərini öyrəndik. Altı yaşından futbola baxan R.Əziz Madrid "Real"ı və "Qarabağ"ın fanatıdır. O, kiçik yaşlarından "Real"ın futbolçusu Raul Qonzalesin oyununa vurulub. Bu futbolçuya görə “Real”ın matçlarına baxan Rəfiqə xanımın daha sonra başqa komandaların da oyununa marağı olub və beləcə futbolu sevməyə başlayıb.

Həmsöhbətimiz xanım azarkeşlərin stadionlara az getməsinin səbəbi kimi Premyer Liqamızın maraqsız olmasını göstərir:

"Azarkeş qıtlığı təkcə xanımlarla bağlı deyil. Bu gün stadiona gedən ümumi azarkeş sayı çox azdır. Bizim stadionlar ancaq avrokuboklar zamanı dolur. Bu da çempionatımızdakı rəqabətsizlikdən, komandalarımızın səviyyəsindən asılıdır. Konkret olaraq hər oyunda “Qarabağ” favoritdir. Hərdən də “Qəbələ” özünü göstərir.

Çempionat maraqlı olmayanda təbii ki, futbolu dərindən başa düşməyən xanımlar stadiona gəlməyəcək. Çempionatda rəqabət olsa, stadionda ajiotaj olsa, xanımları da nəsə cəlb edər. Ancaq bizim çempionat heç kişiləri cəlb etmir, qaldı ki, qadınları.


Rəfiqə Əziz

Bir reallığı da qəbul etməliyik ki, Azərbaycan futbol ölkəsi deyil. Buna görə də millinin oyunlarında da xanım azarkeşlərə az rast gəlinir. Ancaq az da olsa mənim kimi futbolu sevən xanımlar var. Hansı ki, yağış, qar demədən stadionlara gedirlər".


"Kişiləri qınamıram, mən də oyun zamanı söyə, qışqıra bilərəm"

Rəfiqə Əziz bir çox xanım azarkeşdən fərqli olaraq stadionda daha sərbəst olduğunu, komandaya dəstək zamanı hisslərini istədiyi kimi ifadə etdiyini bildirir: "Biz elə bir ölkədə yaşayırıq ki, mentallığa fikir verməliyik. Təəssüf ki, bizdə belədir. Qadınların stadiona getməsinin qarşısını həm də bu məsələ alır. Bəzən stadionda davalar olur, söyüşlər havada uçur. Mən dəfələrlə bunun şahidi olmuşam. Mənim vecimə olmadığı üçün qulaq ardına vurub, yenə stadiona gedirəm. Ancaq bəzi xanımların ailəsi bunu qəbul etmir və onları stadiona getməyə qoymur. Qadınları stadiona cəlb etmək istəyiriksə, kişilər oyun zamanı özlərini idarə etməyi bacarmalıdır. Ancaq onları qınamıram. Mən də oyun zamanı əsəbiləşəndə söyə, qışqıra bilərəm. Ona görə də tələb edə bilmərəm ki, kişilər bunu etməsinlər. Stadiondakı bu cür hərəkərləri qəbul edənlər gəlsinlər, etməyənlər gəlməsinlər.  

Mən stadionda hisslərimi çox rahat ifadə edirəm. Hətta bir dəfə “Qarabağ” qol vuranda sevincimdən necə qışqırmışdımsa, yanımdakı polis şokdan özünə gələ bilmirdi. Mənə görə qadınlar və kişilər arasında hər şey bərabər olmalıdır. Gender bərabərliyinə əməl olunmalıdır. Futbolu kişi də sevə bilər, qadın da. Stadiona kişi də gedə bilər, qadın da. Xanımlar da komandasına istədiyi kimi dəstək verə, qışqıra, qola sevinə bilər. Burda hər hansı sərhəd olmamalıdır. Futbol idmandır.
Şəxsən futbol azarkeşi kimi ictimaiyyətin mənə münasibəti çox yaxşıdır. Həmişə məni stadionda hörmətlə qarşılayırlar. Sağ olsunlar, mənə hər zaman stadionda xüsusi yer ayırırlar. Hər bir köməkliyi göstərirlər ki, oyuna gəlmişəmsə, zövq alıb gedim".

"Stadiona gedəndə məcburən qulağımızı kar edirik"

"Qarabağ"ın digər qadın azarkeşi - Sevinc Məmmədovanın komandasını çox sevməsi də diqqət çəkir. Komandaya kişilərin belə göstərə bilmədiyi sadiqliyi nümayiş etdirən Sevinc xanım həm də "Liverpul"un fanatıdır.

2009-cu ildən Ağdam klubunu dəstəkləyən Sevinc xanımla mövzumuzla bağlı söhbət etdik. O, Azərbaycanda qadınların futbola az maraq göstərməsinin səbəblərindən və tribunalardakı ab-havadan, xanım azarkeş kimi üzləşdiyi çətinliklərdən danışdı:
 
"Azərbaycanda futbolla maraqlanan, futbola baxan insanlar olsa da, əksəriyyəti daha çox xarici futbola maraq göstərir. Yerli klublarımıza, milli komandamıza can yandıran, dəstək olan azarkeşlərin sayı çox azdır. Futbol ölkəsi olmadığımıza görə insanlarda azarkeş mədəniyyəti, stadiona getmə alışqanlığı çox aşağı səviyyədədir. Premyer Liqamızın oyunlarına əksər vaxtlarda bir tur ərzində heç 5 min azarkeş gəlmir. Bu, çox aşağı göstəricidir. Bu say azlığı xanım azarkeşlərdə də özünü göstərir. Amma əvvəlki illərə baxanda bu gün ölkə futboluna maraq göstərən, stadionlara gələn xanımların sayı durmadan artır. Uzun illərdi futbola baxıram. Mənim ailəmdə də xanımın stadiona getməsinə qarşı olublar. Zaman-zaman evdə  problemlər yaşasam da, nəhayət, istəyimə çata bilmişəm və demək olar ki, bir oyun belə buraxmıram”.


Sevinc Məmmədova

"Əvvəllər bizə yadplanetli kimi baxırdılar"

Tribuna elə yerdi ki, insan hisslərinə hakim ola bilmir. Oyunun gedişatından və rəqibdən asılı olaraq, söyüş söyülən matçlar olur. Heç bir qız yanında söyüş söyülməsini istəməz. Amma stadiona gedəndə məcburən qulağımızı kar edirik. Bəzən səni saymayıb, yanında dayanmadan siqaret çəkənlər, qıcıqlandırıcı ifadələr işlədənlər də olur. Amma dediyim kimi, stadiona gedəndə bu tip şeylərə hazırlıqlı oluruq. Çox şükür ki, insanlar yavaş-yavaş tribunalarda xanım görməyə də alışırlar. Əvvəllər bizə yadplanetli kimi baxırdılarsa, bu gün vəziyyət xeyli dəyişib. Deməliyəm ki, xanımların stadionlara axınının və xanımlar arasında futbola marağın yaranmasının ən böyük səbəbi "Qarabağ"dır. Ölkəmizdə yaradılan ilk xanımlardan ibarət fan klub da məhz “Qarabağ”ın adı ilə bağlıdır – “Ladies of “Qarabağ”. Bu fan kluba üzv olmasam da, daha çox sayda xanımın bir araya gəlib komandamıza dəstək verməsinə yaratdıqları şəraitə görə onları yüksək qiymətləndirirəm. Hərdən dostlarım məndən inciyir ki, ən vacib işini belə atıb futbola gedirsən. İş yerimdə azarkeş olduğumu bilirlər. Hər hansı bir başqa iş üçün də icazə almaq istəsəm, elə bilirlər futbola gedirəm. Yeni işə başlayanda da oyunlara rahat gedə bilmək imkanımın olub-olmamasına ən az maaş qədər diqqət edirəm.

Mən Sumqayıtda yaşayıram. Gec bitən matçlardan sonra evə qayıtmaq bəzən problemlər də yaradır. Avrokuboklar zamanı "Qarabağ" Bakıda “Seltik”i qəbul edirdi. Mən də oyuna dostlarım və rəfiqələrimlə getmişdim. Qarşılaşma gec bitdi. Sıxlıqla əlaqədar “Gənclik” metrostansiyası bağlı idi. Biz piyada Nərimanova çatana kimi metro da bağlanmışdı. Baxdım ki, pul qabını evdə unutmuşam. Üstümüzdə pul az, sayımız da çox. Bir taksiyə yerləşməyəcəyik, ikisinə yetəcək qədər də pulumuz yoxdur. Düşündük nə edək. Piyada düşdük bulvara. Yay vaxtı olduğundan bulvarda gecələyən xeyli sayda adam var idi. Biz də qoşulduq onlara. Mərhələni keçə bilməməyin ardından evə də gedə bilməməyin verdiyi üzüntü ilə səhəri bulvarda açdıq. Amma mənim üçün azarkeş olaraq çəkdiyim hər əziyyətin öz şirinliyi var.

Çox istəyirəm ki, stadionlar dolsun, insanlar klublarımıza maraq göstərsin. Azarkeşlik futbolu televiziyadan izləmək və ya sosial şəbəkələrdə şərh yazmaqla çərçivələnməsin. Gəlsinlər, dəstək olsunlar, alqışlasınlar, öz enerjilərini, sevgilərini komandaya versinlər. Azarkeşlər futbolun yaraşığıdır. Boş tribunalar qarşısında hətta “El-Klassiko” belə eyni gözəllikdə görünməz. Futbolu gözəlləşdirən biz azarkeşlərik. İstərdim xanımlar çəkinməsinlər. Həyatın hər sahəsində olduğu kimi, azarkeşlikdə də xanımların öz yeri var".

“Ladies of "Qarabağ"ın üzvü Nuriyə Zeynalova isə artıq xanım azarkeşlərin tədricən stadionlara maraq göstərdiyini qeyd edir:
 
"Azərbaycanda xanımların futbola marağı az idi. Artıq nisbətən çoxalıb. Bunun səbəbi isə Azərbaycan futbolunun, Azərbaycan klublarının həqiqətən də uğur qazanması, inkişafıdır. Nəzərə alsaq ki, ötən illərdə, yəni təxminən 4-5 il əvvəl Azərbaycan klublarından yalnız 1-i avrokubokların qrup mərhələsinə yüksəlirdisə, ümumiyyətlə, klublarımız  Avropa Liqasında daha çox çıxış edirdilərsə, artıq “Qarabağ” Çempionlar Liqasının qrupuna vəsiqə qazanır. Bildiyimiz kimi, “Qarabağ” klubunun xanım azarkləri daha çoxdur və bu azarkeşlər vahid bir ailədə cəmləşib. Dörd ilə yaxındır ki, fanklubumuz fəaliyyət göstərir. “Ladies of "Qarabağ"da adından göründüyü kimi, “Qarabağ”ın xanım azarkeşləri cəmləşib. Azərbaycan futbolunun son illərdəki inkişafında ən böyük pay demək olar ki, “Qarabağ” klubuna məxsusdur. Ardıcıl avrokuboklarda qazanılan nailiyyətlər, 3 il ard-arda Avroliqanın qrup mərhələsi, ölkə çempionluqları, Azərbaycan kubokunu qazanmaqları artıq nəinki bəylərdə, eləcə də xanımlarda futbola maraq yaradır. Bu mövsüm Çempionlar Liqasının qrup mərhələsinə düşmək bu uğurların ən yüksəyi oldu ki, xanımlar da qrup mərhələsindəki oyunlara daha çox maraq göstərdilər, daha böyük həvəslə iştirak etdilər.

Çempionlar Liqasının qrup mərhələsinin ev oyunlarında biz fan klub olaraq öz rekordlarımızı da yenilədik. “Qarabağ” – “Roma” oyununda 207,  “Qarabağ” – “Atketiko” oyununda 220, “Qarabağ” – “Çelsi” oyununda isə 230 xanım azarkeşlə komandamıza dəstək verdik.


Nuriyə Zeynalova

Fan klub olaraq oyunların çox hissəsində iştirak edirik. Qəbələ və Gəncə səfərləri istisna olmaqla. Ev oyunlarının əksəriyyəti "Azərsun Arena"da keçirilir. Müxtəlif səfər oyunlarına da qatılmağa çalışırıq. Bəzən xanımların yol problemi olur. Biz xanımıq və bir xanım üçün yağış da, qar da, uzun yol da problem yarada bilər. Adətən axşam saatlarında baş tutan oyunlar daha çox problem yaradır ki, stadionların əksəriyyəti şəhər mərkəzindən uzaqdadı və axşam saatlarında oyunlarda iştirak etmək, oyundan qayıtmaq bəzi problemlər yaradır. Çünki stadionlara getmək üçün metro, hətta bir neçə avtobus dəyişmək lazım olur. Ancaq azarkeşlik hissi, komandaya olan sevgi, oyunun maraqlı keçməsi sıxıntıları aradan qaldırır.

Nəzərinizə çatdıraq ki, 4 ilə yaxındır ki, fəaliyyət göstərən fan klubumuz Qafqazda yeganə xanımlardan ibarət fanklubdur. Fanklubun yaradıcıları Günay Yelmarqızı və Vasif Acalova  təşəkkürlərimizi bildiririk ki, belə bir ailədə birləşməyimizə kömək olublar".

Ramiq AĞAMƏMMƏDOV

Yazı AFFA yanında Media Komitəsinin maliyyə dəstəyi ilə “İstənilən aktual mövzuda fərdi jurnalist araşdırması” layihəsi çərçivəsində hazırlanıb.

Daha çox


Son xəbərlər