Tunc Afşar: "Bakı”nın adını eşitsələr, qiyməti birə-beş qaldıracaqlar"

Tunc Afşar: "Bakı”nın adını eşitsələr, qiyməti birə-beş qaldıracaqlar"
MÜSAHİBƏ 28 Dekabr 2009 / 14:49 3538
-  A +

“Bakı”nın vitse-prezidenti Tunc Aşarın Qol.Az-a müsahibəsi

- Yanvarın 3-dən etibarən “Bakı” Antalyada təlim-məşq toplanışında olacaq. Komandanızın qarşılaşacağı rəqiblər artıq bəllidir?
- Hazırlıq prosesində iki oyun keçirməyi planlaşdırırıq. İlk oyunumuz yanvarın 9-da baş tutacaq və “Karşıyaka” ilə görüşəcəyimiz dəqiqdir. İkinci oyunumuzun baş tutub-tutmayacağı isə hələlik sual altındadır. Bu haqda yekun qərarı Bülənt Qorxmaz verəcək. Əgər ikinci oyunu da keçirsək, həmin qarşılaşma yanvarın 12-də baş tutacaq.
- İkinci yoxlama görüşü baş tutsa, hansı rəqiblə qarşılaşacaqsınız? Mətbuatda daha çox “Terek”in adı hallanır.
- Bayaq da dediyim kimi, ikinci oyunun keçirilməsi sual altındadır. Rəqibimizin kimliyi hələ məlum deyil. Bülənt Qorxmaz özü seçim edəcək.
- Komandanız artıq Kürşat Duymuşla rəsmi müqavilə imzalayıb. Daha hansı futbolçuların transferi reallaşmaq üzrədir?
- Axtarışlarımız davam edir. Hazırda elə Türkiyədəyəm. Danışıq apardığımız futbolçular var. Əgər hansısa oyunçuyla razılığa gəlsək, elə burada rəsmi müqavilə imzalayacağıq.
- “Beşiktaş”ın futbolçusu Ərhan Güvənin transferi nə dərəcədə realdır?
- Ərhanla baş məşqçimiz arasında danışıq olub. Ərhan klubumuzun şərəfini qorumağa hazırdır. Amma hazırda onun “Beşiktaş”la müqaviləsi var. Əgər bu problemi özü həll edə bilsə, o zaman onunla müqavilə imzalayacağıq.
- Ərhan Güvəndən başqa hansısa türkiyəli futbolçuyla danışıq aparırsınız?
- Bəli, aparırıq. Amma həmin oyunçuların hamısının klubları ilə müqavilələri var. Bu səbəbdən hazırda gözləmə mövqeyi tutmuşuq. Transferin reallaşması üçün ilk növbədə bu problemi yoluna qoymaq lazımdır.
- Sirr deyilsə, həmin oyunçuların adlarını açıqlaya bilərsiniz?
- Burada heç bir sirr yoxdur. Sadəcə olaraq, bizim indiki halda həmin futbolçuların adlarını açıqlamamağımızın səbəbi var. Türkiyədə Azərbaycan futbolunun adını eşidəndə, çoxlarının gözü qarşısında milyonlarla dollar canlanır. Elə bilirlər ki, biz hər futbolçuya milyonlarla pul veririk. Ona görə də futbolçuların adlarını açıqlamaq istəmirəm. Əgər klub rəsmiləri bilsələr ki, həmin oyunçularla məhz “Bakı” maraqlanır, o zaman qiyməti birə-beş qaldıracaqlar.
- Keçən dəfə sizinlə danışanda dediniz ki, Kukuyevlə Ostapenkonun məsələsi 2 günə həll olunacaq. Amma 1 həftə vaxt keçməsinə baxmayaraq, hələ də bu transferlə bağlı yekun qərar açıqlanmayıb.
- Düzdür, mən belə söz demişdim. Amma biz bu məsələdə üzərimizə düşəni eləmişik, indi yekun qərarı gözləyirik. Əgər onlar klubları ilə razılığa gəlsələr, o zaman transferlərində heç bir problem qalmayacaq.
- Yəqin ki, bu dediyiniz daha çox Kukuyevə aiddir. Çünki Ostapenkonun hazırda klubla müqaviləsi yoxdur.
- Hə, bu belədir. Biz Ostapenkoya şərtlərimizi demişik. O indi götür-qoy edir. Yəqin ki, bu gün və ya sabah yekun qərarını açıqlayacaq.
- İqor Tsıqırlaş, Dmitri Klimoviç, Adnan Bərəkət - bu 3 futbolçunun keçidi nə yerdə qalıb?
- Adını çəkdiyiniz hər 3 oyunçu Antalyada təlim-məşq toplanışında iştirak edəcəklər. Məhz orada baş məşqçimiz həmin oyunçular haqda yekun qərar verəcək.  

Daha çox


Son xəbərlər