"Qarabağ"dan başqa heç bir kluba himn yazmaram" - Gənc bəstəkarla söhbət

"Qarabağ"dan başqa heç bir kluba himn yazmaram" - Gənc bəstəkarla söhbət
MÜSAHİBƏ 2 Fevral 2024 / 15:45 4514
-  A +

Gənc bəstəkar Rüzgar Əhmədzadə "Qarabağ" Futbol Klubunun rəsmi himninin söz və musiqi müəllifidir. Onunla geniş söhbətimiz də elə bu məsələyə görə oldu. 

R.Əhmədzadə ilə "Qarabağ" komandasının oyunlarını keçirdiyi "Azərsun Arena"da söhbətləşdik. 

- Rüzgar xanım, "Qarabağ" üçün himn bəstələmək ideyası necə yarandı? 

- Ötən mövsüm Avropa Liqasında “Nant” üzərində qələbə mənə o qədər xoş təsir bağışladı ki, evə gedən kimi kompüteri açıb klubla bağlı daha çox məlumat toplamağa başladım. Təbii ki, bu maraq ikinci ixtisasımın musiqişünaslıq olmağından qaynaqlana bilər. Həmçinin Azərbaycan Ordusunun Qarabağı işğaldan azad etməsi və şanlı qələbəmiz məni bir daha sövq etdi ki, belə bir himn yazım.

- Himn yazmaq prosesinə necə başladınız?

- "Qarabağ"ın saytına daxil olanda “Himn-Simvol” bölməsi gözümə dəydi. Düşündüm ki, mən də elə bir musiqi bəstələyə bilərəm ki, o da nə vaxtsa, tam rəsmi himn şəkilində qəbul oluna bilər. Bu, tamamilə komandaya sevgidən qaynaqlanır. Azərbaycanı ölkə xaricində çox uğurla təmsil edən bir klubumuzun yaxşı hazırlanmış himinin olmasını istəyirdim. Ona görə də dərhal bu istək, ideya yaranan kimi onun üzərində çalışmağa başladım. İlkin variant hazırlamaq qərarına gəldim ki, daha sonra klub rəhbərliyinə təklif edə bilim. Bəstələməyə başlamadan öncə isə çox ciddi araşdırma prosesi apardım. Bir həftəyə yaxın vaxtda digər futbol klubların himlərini, marşlarını dinlədim. Analiz etdim ki, hansı məqamlardan yararlanmaq lazımdır, nələri bizim himndə protokol çərçivəsində gerçəkləşdirmək olar. Çünki himn janrının özü də kifayət qədər qəliz bir janrdır. Fikirləri, məqamları toplayıb bu himndə cəmləməyi planlanlaşdırdım və bunun üzərində çalışdım. 

- Necə oldu ki, himn ideyanızı "Qarabağ" Futbol Klubu ilə bölüşdünüz? 

- Partituranın yazılması o qədər böyük və çətin prosesdir ki, bundan öncə ilkin variant hazırladım. Daha sonra klubla əlaqə saxladım. İlkin variantı rəhbərliyə təqdim etdim, “Qarabağ” azarkeşi, bəstəkarlıq təhsili olan biri kimi bu işi görmək istədiyimi açıqladım. Beləliklə, himnin ilkin variantı qəbul olundu. Rəhbərliyə izah etdim ki, ilkin variantı inkişaf etdirmək və tamamlamaq üçün yetərincə vaxt lazımdır.

- Qeyd etdiniz ki, himn yazmaq üçün bir neçə klubun himnini dinləmisiniz, araşdırmısınız. Hansı klubların himnləri sizə bu işdə kömək etdi?

- "Barselona" azarkeşi olsam da, musiqinin gözəlliyi və himn janrına məxsusluğu baxımından “Real”ın himni daha uyğundur. Amma o himnin də özünə aid kiçik əskikliyi var. Himn janrına aid olan, protokol adlanan giriş hissə həmin himndə yoxdur. Adətən giriş hissə 2-3 xanədən ibarət olur. Biz ona “siqnal” deyirik. O siqnal “Real”ın himnində yoxdur. Siqnalın lazımlığının birinci məqsədi kütlənin musiqinin tonunun tutması üçündür. İkincisi, himn olduğu üçün ayağa qalxmağa giriş hissədə zaman olmalıdır. Bu, bizim Dövlət Himnimizdə də var. “Qarabağ” klubunun himninə də bunu əlavə etməyə çalışdım ki, himn protokalları dəstəklənsin.

- Himnin ərsəyə gəlməsi nə qədər vaxt apardı?

- Bu proses aylarla vaxt apardı. Partituranın yazılmasına 4-5 aya yaxın zaman sərf edildi. Müəllimim, Əməkdar incəsənət xadimi, professor Aydın Əzimov bu prosesdə öz fikirləri ilə mənə kömək etdi. Qeyd etmək istərdim ki, o, bizim Dövlət Himnimizin bərpaçısı olub. Dövlət Himnimizi bərpa edən bir şəxs kimi himn janrı ilə bağlı olan ən xüsusi və lazımi məqamları diqqətimə çatdırıb. Mən isə bu məqamları “Qarabağ” Futbol Klubuna yazdığım himndə gerçəkləşdirməyə çalışmışam. 

- Bəstələdiyiniz himnin ilkin variantı ötən ilin mart ayında "Qalatasaray"la yoldaşlıq oyununda səsləndi. Bəs, himnin təqdimatı niyə bu qədər gecikdi? 

- “Qalatasaray”la matçda səslənən himn ilkin variantın daha inkişaf etdirilmiş elektron variantı idi. Təəssüf ki, həmin vaxt Azərbaycan Dövlət Simfonik Orkestrı və Dövlət Xor Kapellasının proqramına daxil ola və səsyazmamızı zamanında gerçəkləşdirə bilməmişdik. Çünki filarmoniyanın proqramı bir il və ya aylar öncə planlaşdırılır. O zamanlarda imkan tapa bilmədiyimizə görə elektron variantının üzərində daha çox çalışdıq. Düşünürəm, bu cür böyük stadionda o variantın səslənməsi qəbahət deyil. Nəhayət, Azərbaycan Dövlət Simfonik Orkestri və Dövlət Xor Kapellasına uyğun bir vaxt tapdıq. Səsyazma iyun aylarına, mövsümün sonuna təsadüf etdi. Beləliklə, səsyazmanı 2023-cü ilin 17 iyun tarixində gerçəkləşdirdik. Təbii ki, səsyazmadan sonra da musiqi, audio aspektlərindən bir çox redaktələr etdik ki, himn ən yaxşı hala gələ bilsin. Daha sonra video məsələləri üzrə işlərə başlanıldı. Həmin videonun müəyyən bir dramaturji xətti olduğu üçün onun planı, zamanlaması çox vaxt apardı və nəhayət, indi bunu tamamilə yekunlaşdıra bildik. 

- Bəstələdiyiniz himni "Qalatasaray"la matçda - stadionda eşidəndə hansı hisləri keçirdiniz?

- İlk dəfə “Qalatasaray”la oyunda himn səslənəndə mən akkreditasiya ilə stadionun aşağısında dayanmışdım. Bir musiqiçinin stadionda texniki zonada dayanması çox rastlanan bir hal deyil. Atmosferi oradan hiss etmək, daha çox klub ailəsinin bir üzvü kimi oradan himni dinləmək tamam başqa bir hiss idi. Kütlədən daha çox diqqətimi çəkən futbol atmosferi idi. Futbolçuların, həkimlərin, məşqlərin və klub işlərinin yanında olmaq çox maraqlı idi.  Təbii ki, Bakı Olimpiya Stadionun da nəhəngliyi bir bonus kimi olmuşdu. Üstəlik də matçın “Qalatasaray”la keçirilməsi... Uşaqlıqda mən daha çox “Qalatasaray” azarkeşi idim. Amma həmin gün İkardinin yanımdan keçməsi önəmli deyildi, Şahruddini görəndə daha çox sevinirdim. Onun xüsusi bir doğmalığı var idi ki, mən buraya aidəm. Bu, hiss çox önəmlidir. 

- Bəzən azarkeşlər himni marşlarla müqayisə edirlər. Himnin marşdan fərqi nədir? 

- Əvvəlcə himn janrının nə olduğunu izah etmək daha doğru olar. Yunancadan “tərif musiqisi” kimi tərcümə olunur. Himnin yaranma səbəbi daha çox dini xarakter daşıyıb. Qədim Yunanıstanda ilahilərə və s. həsr olunurdu. Amma artıq rəsmi himlərdə nəyi təmsil edirsə, onu tərif etməli, şərəfini yüksəltməli və şux bir musiqi olmalıdır. Musiqi aspektindən isə özünəməxsus 1-2 məqam var. Himn müəyyən formalarda yazılmalıdır. Himnin orkestr və xorun ifasında olması onun ən layiqli icrasının nümunəsidir. Himni marş və digər janrlarla müqayisə etmək olmaz. Bəzən fikir yarana bilər ki, bu musiqini oxumaq çox da rahat olmur. Bu, normaldır. Çünki azarkeşlərin oxuya biləcəyi musiqi kimi əsasən azarkeş tribunaların bəstələdiyi “kanta”lar nəzərdə tutulur. Ona görə himn janrından belə bir gözləntinin olması doğru deyil. Marş isə fransız dilindən tərcümədə “addımlamaq” deməkdir. Marş musiqisi kütlənin toplum şəklində eyni hərəkət etməsinə şərait yaradan musiqidir. Onun da təbii ki, özünəməxsus protokolları var. 

- Bir çox klubların özünəməxsus qol sevinci musiqisi var. "Qarabağ" üçün bunun üzərində işləməyi planlaşdırırsınızmı?

- Əslində bizim də qol sevinci musiqimiz var. O musiqi də himnin motivindən çıxarılıb. “Qalatasaray”la matç ərəfəsində onu 1-2 dəfə səsləndirdik. Daha sonra düşündük ki, rəsmi himn təsdiqləndikdən sonra o musiqini stadionda səsləndirmək daha uyğun olar. Qol sevinci ilə bağlı verilən musiqi çeşidləri azarkeşlərin istəyindən daha çox asılıdır, nəinki hansısa bir bəstəkarın çalışmasından. Ancaq belə bir audiomuz var.

- Gələcəkdə də hansısa idman klubu və ya futbol klubu üçün himn yazmaq istəyərsiniz?

- Himn təklifi digər idmanla və ya sahə ilə bağlı olsa sevərək dəyərləndirərəm. Amma digər futbol klubuna himn yazmaram. Bu da himnin yazmaq səbəbinin səmimiyyətindən qaynaqlanır. 

Söhbətləşdi: Nur Zeynalova

Daha çox


Son xəbərlər