“Qarabağ” sensasiyaya necə nail oldu?

“Qarabağ” sensasiyaya necə nail oldu?
MÜSAHİBƏ 12 İyun 2016 / 13:44 15272
-  A +

Layihə. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!

Hamı bu gün “Qarabağ”dan danışır. Çempion “Qarabağ”dan, “qızıl dubl” qazanan “Qarabağ”dan, Avropa Liqasının qrupuna düşən “Qarabağ”dan, Reynaldolu, Almeydalı, Kintanalı “Qarabağ”dan, Qurban Qurbanovlu “Qarabağ”dan. Həqiqətən də Ağdam klubu hazırda ölkədə ən güclüdür. Ən ciddi rəqibini belə,  tək ayaqla, gücünün 30-40 faizini xərcləməklə məğlub edə bilir.  Avropada da Azərbaycanı, Qarabağımızı layiqincə təmsil edir.  Bir sözlə, bu komanda, haqqında deyilənləri haqq ediir. Təkcə indi yox, düz 17 il qabaq da hamının “Qarabağ”dan danışdığı vaxtlar idi. Düzdür, o dövrlə indiki dövrü qəti müqayisə etmək olmaz. Söhbət həm büdcədən, həm də şəraitdən gedir. Amma söhbətimizin mövzusu heç də bu deyil. Mövzu həmin vaxt məhz “Qarabağ”ın yazdığı tarixi yada salmaq, xatırlamaqdı. İndiki nəsl, yaşı 17-18 olan, o vaxt körpə olan, anadan olmayan “Qarabağ” azarkeşləri bilsin ki, klubun tarixi uğurları son 4-5 illə kifayətlənmir. “Qarabağ” tək Avropa Liqasının qrupuna düşən ilk klub kimi tarixə keçməyib. “Qarabağ” həm də Azərbaycan klubları tarixində avrokuboklarda mərhələ keçən ilk klubumuz kimi də adını tarixə yazdırıb. Düz 17 il bundan qabaq, 1999-cu ildə. Elə təxminən bu vaxtlarda.

O vaxt Ağdam klubu yaxşı günlərini yaşamasa da, sonda 4-cü pilləni tutub UEFA-nın İntertoto kuboku adlanan turnirində (hazırda həmin yarış daha keçirilmir) oynamaq şansı qazandı. Burada isə bəxtinə ilk mərhələdə İsrail “Makkabi”si düşdü. Hansı ki, həmin vaxt “Makkabi” çox güclü idi. Hətta 1 il öncə, 1998-ci ildə Hayfa klubu Kuboklar Kubokunda 1/4 finala qədər irəliləyə bilmişdi. İsrail klubunun 1/16 finalda Fransanın məşhur PSJ klubunu mübarizədən kənarlaşdırması isə Avropada sensassiya kimi qəbul olunmuşdu. Məhz belə bir komanda bir ildən sonra İntertoto kubokunun ilkin mərhələsində “Qarabağ”a rəqib olanda hər kəs ağdamlılardan ümidini kəsdi. Bir növ 2009-cu ildə “Rusenborq”la oyun öncəsi yaranmış mənzərə idi. Lakin Böyükağa Ağayevin rəhbərlik etdiyi komanda Hayfadakı ilk matçda sensasiyaya imza ataraq rəqibini 2:1 hesabı ilə məğlub etdi. Bakıdakı cavab matçının 8-ci dəqiqəsində israillilər hesabı açanda çoxları düşündü ki, qonaqlar mərhələni keçəcək. Lakin Ağdam klubu fədakarlıqla müdafiə olunub hesabın sona qədər dəyişməsinə imkan vermədi və Azərbaycan klubları tarixində ilk dəfə mərhələ keçdi. Şübhəsiz ki, burada ən böyük pay sahibi İsraildəki ilk matçda “Qarabağ”In hər iki qoluna imza ataraq dubl edən komandanın kapitanı Müşfiq Hüseynov oldu. Hansı ki, həmin oyundan sonra İsrailin idman mətbuatı ancaq ondan yazırdı. Elə biz də 17 il sonra, bu gün məhz Müşfiqdən yazacağıq. Onunla 17 il öncəyə qayıdıb həmin tarixi qələbəni xatırlayacayıq.


“Heç bilmirdik, “Qarabağ” yaşayacaq, ya yox”

Yuxarıda qeyd etdiyimiz kimi, 1998-99-cu il mövsümünü “Qarabağ” o qədər də uğurlu keçirmədi və son anda 4-cü pilləni tutaraq İntertoto kubokunda oynamaq şansı qazandı. Elə Müşfiqlə söhbətə də öncə bu məsələdən başladıq. Görəsən, Ağdam klubu niyə həmin mövsümü zəif keçirdi: “Çünki mövsümə 1 həftə qalmış yığılmışdıq. Komanda yox kimi idi. Heç bilmirdik komanda yaşayacaq, çempionatda oynayacayıq, ya yox. Yalnız çempionatın startına 1 həftə qalmış sponsor tapa bildik. O vaxt Yunis İldırımzadə son anda komandanı himayəsinə götürdü. Təbii ki, heç bir hazırlıq keçməyən, çempionatın  startına 1 həftə qalmış yığışan komandadan böyük nəticə də gözləmək olmazdı. Mövsümün əvvəlini lap pis keçirdik. Amma kollektivimiz yaxşı idi, mehribançılıq var idi. Məhz bunun sayəsində sona yaxın toparlanıb İntertoto kubokuna vəsiqə qazana bildik”.


“İndi internetdən istənilən komandaya baxa bilirsən, amma o vaxt...”

Həmsöhbətimizdən “püşkdə bəxtinizə “Makkabi” düşdüyünü eşidəndə reaksiyanız necə oldu” sualına cavab istəyəndə məlum oldu ki, sən demə “Qarabağ” o vaxt rəqibi tanımadan oyuna çıxıb: “Bizim üçün rəqibin kimliyinin fərqi yox idi. Çıxıb “Qarabağ” adına görə oynayırdıq. Həm də o vaxt indiki kimi deyildi. İndi hansı rəqibi istəyirsən, internetdən oyununu tapıb baxa bilirsən. O vaxt isə belə imkan yox idi. Heç oyunlarının videokasetini də tapa bilmirdik. Biz də o vaxt rəqibin oyununu görmədən, izləmədən onlara qarşı oynamışdıq. Sadəcə, dediyim kimi, kollektivimiz çox yaxşı idi. Baxmayaraq ki, şərait, imkan yox idi, amma sağ olsunlar, ağdamlı olmayan uşaqlar da komandanı atıb getmədilər. Hamısı Qarabağ adına görə komandada qaldılar”.

“Yemək tapmırdıq, nə təlim-məşq toplanışı?”

Müşfiq Hüseynovdan bu çətin oyuna necə hazırlaşıqlarını da soruşduq. Məlum məsələdir ki, o vaxt indiki kimi şərait, ölkə xaricində təlim-məşq toplanışı keçmək imkanı yox idi. Amma avrokuboklara hazırlaşan klublarımız ən azından ölkə xaricində normal toplanış keçməyə çalışırdı. Lakin Hüseynov o günləri elə xatırladı ki... “Heç bir təlim-məşq toplanışı keçməmişdik. Çempionat qurtaran kimi sponsor komandadan imtina elədi. Yaxşı ki, Adil Nadirov komandaya sponsor tapa bildi. Bu arada komandanın yaşamasında Nadirovun çox böyük əməyi oldu. Ən yaxşı toplanışımız elə Sumqayıtdakı “İnşaatçı” stadionu oldu. Toplanış keçən komanda bir yerdə məskunlşaır, gündə iki dəfə məşq edir, 3 dəfə yemək yeyir. Bəzən yemək tapmırdıq yeməyə, nə təlim-məşq toplanışı? (gülür)”.

                                            


“Rəqibin oyununu meydanda analiz elədik”

Hazırda “Qarabağ” Avropa Liqaısnın qrupunda oynamış komandadır. Yəni burada forma geyinən futbolçular Avropanın bir sıra tanınmış arenalarında böyük azarkeş kütləsi qarşısında oynayıb. O vaxt isə Avropa klubları, onların stadionları, azarkeşləri bizim klublar üçün röya idi. Müşfiqdən də “Makkabi” ilə oyun öncəsi stadiona ayaq basarkən hansı ab-hava ilə üzləşdiklərini soruşduq: “Dediyim kimi, o vaxt bizdə şərait yox idi. Təbii ki, oyuna çarterlə yox, adi reyslə getmişdik. Səhv etmirəmsə, öncə İstanbula, gedib ordan da İsrailə uçmuşduq. Heç mərhələ keçmək kimi bir iddiamız da yox idi. Ancaq çıxıb Qarabağın adına görə oynayırdıq. Rəqib isə təbii ki, şəraiti, imkanı olan klub idi, bir il öncə Kuboklar Kubokunda 1/4 final oynamışdılar. Heyətlərində həm istedadlı cavanlar, həm də təcrübəli futbolçular var idi. Hədəfləri də mərhələ keçmək idi. Dediyim kimi, rəqibi tanımadan İsrailə getmişdik.  “Makkabi”ni meydandakı 5-10 dəqiqədə analiz elədik. İlk 15 dəqiqədən sonra bir-birimizə dedik ki, bunlara qarşı oynamaq olar. Azarkeşlərə gəlincə, hardasa 5-6 min adam var idi. Müsəlman komandası olduğumuz üçün israillilərdən hər hansı təzyiq də görmədik. Əksinə bizi çox yaxşı qarşılayıb, yaxşı da yola saldılar. Hətta qələbə qazandığımız üçün bizi alqışlayanlar da oldu”.

“Hesab 1:1 olanda əvəzlənməyimi istədim”

Müşfiqlə söhbət zamanı bir maraqlı məqam da ortaya çıxdı. Demə, 17 il əvvəlki matçın qəhrəmanı heç qəhrəman olmaya da bilərmiş. Səbəbini də elə özündən eşitdik: “Həmin gün hava çox isti idi. Meydanda nəfəs almaq olmurdu. 80-ci dəqiqədə gördüm ki, çox yorulmuşam, qaça bilmirəm. Həmin vaxt hesab 1:1 idi. Artıq bir qol vurmuşdum. Baş məşqçiyə dedim ki, məni əvəzləsin. Lakin komanda yoldaşlarım buna imkan vermədi. Əvəzlənmək istədiyimi görən Elşad Əhmədov arxa xətdən qışqırdı ki, çıxma, qal qabaqda qaçıb eləmə 1-2 dəqiqə dincəl. Digər komanda yoldaşlarım da məni əvəzlənməyə qoymadı. Məcbur meydanda qalmalı oldum. Oyunun son dəqiqəsi idi. Qapıçımız arxadan oyunu başladı və topu Səttar Əliyevə ötürdü. Səttar da uzun hava ötürməsi ilə topu mənə göndərdi. Aut xəttinin üstündə topu qəbul eliyəndə qabağımda rəqibin bir futbolçusu var idi. Onu aldatmaq qərarına gəldim və bir hərəkətlə bunu bacardım. Bu zaman ikinci bir israilli futbolçu onu sığortalamağ gəldi ki, onu da aldatmalı oldum. Ardınca isə qapını nişan aldım və top qapıdan keçdi. İlk qolu isə cərimə zərbəsindən vurmuşdum. Yadımdadır, rəqib Elmir Xankişiyevi yıxdı və hakim cərimə zərbəsi təyin etdi. Topa yaxınlaşanda gördüm ki, qapıçı yaxın küncə nəzarəti unudub. Mən də topu düz ora vurdum”.
Həmsöhbətimizin sözlərinə görə, o vaxt hava limanında komandamızı indiki kimi qarşılamırdılar: “O vaxt indiki kimi coşqu yox idi. Amma qarşılamağa gələnlər var idi. Ümumiyyətlə, azarkeşlərimiz tərəfindən o vaxt dəstək görürdük”.

“Cavab oyununa Bakı-Sumqayıt yolunda hazırlaşdıq”

                                       
Bakı, Tofiq Bəhramov adına stadion. "Qarabağ" "Makkabi" ilə oyun öncəsi


M.Hüseynov cavab oyununa hazırlıq və cavab matçı haqda da danışdı. Bakıdakı matçın 8-ci dəqiqəsində “Makkabi”nin hesabı açmasından sonra keçirdikləri hissləri də bizimlə bölüşdü: “Cavab oyununa hazırlığımız da adi qaydada keçdi. Xüsusi bir hazırlıq planımız yox idi. Gündəlik olaraq gedib Sumqayıtda məşq edib Bakıya qayıdırdıq. Belə deyək, cavab oyununa Bakı-Sumqayıt yolunda hazırlaşdıq (gülür). Bilirdik ki, rəqib Bakıya çox ciddi hazırlaşıb gələcək. Bizim isə itiriləcək heç nəyimiz yox idi. Çıxıb mübarizə aparmalı idik. Rəqib qolu erkən vurdu. Səhv etmirəmsə, 8-ci dəqiqədə. Amma həmin qoldan sonra təmkinli oynadıq və bir qədər də arxaya qapanaraq əlimizdən gələni etdik ki, ikinci qolu buraxmayaq. Yekunda bunu da bacardıq. Amma etiraf edim ki, həmin gün bəxtimiz də gətirdi. Çünki hesab 1:0 olanda rəqibin iki topu dirəkdən dönmüşdü”.
Müşfiqdən “Makkabi” səddini keçdikləri üçün nə qədər mükafat aldıqlarını da öyrənməyə çalışdıq: “Düzü, o vaxt olanları xatırlamıram. Çünki mən ilk növbədə mükafata görə yox, Qarabağına adına görə oynayırdım. Amma onu deyə bilərəm ki, mükafat olmuşdu”.

“Monpelye”ni keçmək mümkün deyildi”

Həmin vaxt “Qarabağ” “Makkabi” səddini keçsə də, ikinci mərhələdə daha güclü Fransa “Mönpelye”sinə böyük hesabla məğlub olmuşdu (0:3, 0:6). Görəsən, fransızlarla oyunda bu cür nəticənin alınmasına səbəb nə olmuşdu? Müşfiq Hüseynov deyir: “Mönpelye” ilə oyunda səviyyə fərqi açıq-aşkar özünü göstərdi. Bəlkə də Bakıdakı oyunda 0:3 hesabı ilə məğlub olmaya bilərdik. Lakin ilk hissədə futbolçularımızdan  biri qırmızı vərəqə aldı və azlıqda qaldıq. 70-ci dəqiqəyə kimi müqavimət göstərsək də sonda təslim olduq. Fransada isə, ümumiyyətlə, müqavimət göstərə bilmədik. Həmin vaxt “Mönpelye”ni keçmək mümkün deyildi. Çünki Fransa futbolu ilə Azərbaycan futbolu arasında çox böyük fərq var idi”.

ELNUR

Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir

Daha çox


Son xəbərlər
24.11.24  03:01

"Barselona" xal itirdi