Əfran İsmayılov: "Milliləşən legionerin kapitan olmasına yaxşı baxmıram"

Əfran İsmayılov: "Milliləşən legionerin kapitan olmasına yaxşı baxmıram"
MÜSAHİBƏ 12 Aprel 2016 / 12:02 6319
-  A +

"Qarabağ”ın və Azərbaycan milli komandasının futbolçusu Əfran İsmayılovun  müsahibəsi

- Komanda yoldaşın İlqar Qurbanovla birgə "Rəvan” – "Zirə” oyununu ilzəmək üçün Bayıl stadionuna gəlməyinizin xüsusi bir səbəbi vardı?

- Yox. Sadəcə, istirahət günümüz idi və stadiona yaxın bir yerdə idik. Belə məsləhət gördük ki, oyuna baxmağa gələk. Matç Zirədə olsaydı, getməyəcəkdik. Düzdür, yolları yaxşı düzəldiblər. Ancaq getmək bir müddət vaxt aparır. Fikirləşdik ki, "Bayıl Arena” yaxındır, üstəlik, hava yaxşıdır, gəldik baxdıq.

-"Rəvan” – "Zirə” oyunu səndə necə təəssürat oyatdı?

-Maraqlı oyun oldu. Hər iki tərəf hücum edərək qol vurmaq istəyirdi. Ancaq bu, "Zirə”yə nəsib oldu. Qonaq komandanın qol imkanları daha çox idi. İstifadə etdilər və inamlı qələbə qazandılar.

- Turnir cədvəlində ən yaxın izləyiciniz olan "Zirə”dən belə inamlı çıxış gözləyirdin?

- Doğrudan da "Zirə”nin belə çıxışı, çempionluq uğrunda mübarizə aparması hamıya maraqlı gəldi. Premyer Liqada ilk mövsümündəcə belə nəticə qazanır. Məşqçilərin, futbolçuların yaxşı toparlanması, klub rəhbərliyinin düzgün strategiya qurması – bu kimi amillər futbolda böyük rol oynayır. Onlar meydanda müsbət nəticəsini göstərir. Düzgün seçim aparılır. Görürəm ki, həqiqətən gözəl kollektivləri var. Hamısı bir-birinə qardaş kimidir. "Qarabağ”da olduğu kimi, "Zirə”də də gözəl kollektiv var, fərq görmürəm. Nəticədən asılı olmayaraq hamısı bir yerdədirlər.

- "Qarabağ”la "Zirə” bir çox komponentlərdə oxşayırlar. Burada dini amil də rol oynayır. Rəşad Sadıqovun "Zirə” rəhbərliyi ilə dostluğu, bu klubların yaxın olduğu da deyilir...

- Elə amillər var ki, hardasa oxşarlıq var. Mehriban kollektivlərin olması, rəhbərliklərinin futbolu bilən, ona ciddi yanaşması... Bu amillərə əsasən "Zirə” "Qarabağ”a oxşayır. Qurban Qurbanov futbolçularla necə gözəl münasibət qurubsa, Adil Şükürov da elədir. "Zirə”nin futbolçuları ilə söhbətləşdiyim zamanı bunun şahidi oluram. Hamısı Adil müəllimin xətrini çox istəyir, onunla qardaş kimidirlər. Belə gözəl mühitdə futbolçuya yalnız meydana çıxıb yaxşı oyun göstərmək, nəticə qazanmaq qalır.

- Demək, bu 2 komandada stabilliyin olmasında ab-havanın böyük rolu var...

-Mən də onu nəzərdə tuturam. Biz bu stabilliyi, mehribançılığı pozmamağa çalışırıq. Kim oynadı-oynamadı, bir-birindən küsmür. Bu amillər fərq etmir. Bəli, rəqabət laızmdır. Ancaq bu zaman küsməməlisən ki, bir gün mən oynadım, başqa vaxt o biri. Əsas odur ki, komandan qələbə qazansın və sən oynamasan belə, kollektivin yanında olasan, dəstək verəsən.

- Uzun illər birgə oynadığın Elvin Məmmədov, səndən fərqli olaraq, "Qarabağ”a qayıdanda heyətdə möhkəmlənə bilmədi. O, qış fasiləsində "Zirə”yə keçməyi üstün tutdu. Səncə, Məmmədov bu komandada özünü necə göstərə bilir?

- Elvin ilk gündən oyunu ilə "Zirə”də özünü göstərdi. O, Azərbaycanda seçilən futbolçulardan biridir. Mən həmişə demişəm ki, ölkəmizdə ən ağıllı oynayan 3-4 futbolçu varsa, onun biri Elvin Məmmədovdur. Ola bilər ki, futbolçuda eniş-yüksəliş dövrü olsun. İnanıram ki, Elvin çox düzgün addım atdı. Çünki "Qarabağ”da futbolçu seçimi çoxdur. O, baş məşqçi Qurban Qurbanovla söhbətləşdi. Ona deyildi ki, oynamaq şansın az olacaq. "Zirə” də gözəl variantdır. Komanda 2-ci yerdə gedir, hər şey yolundadır. Məmmədovun milliyə düşməsi üçün oynaması lazımdır ki, "Zirə” də bu imkana malikdir. O, komandanın əsas yığmada debüt edən futbolçusu kimi adını tarixə yazdırdı.

-Həm "Qarabağ”ın, həm də şəxsən özünün çıxışına necə qiymət verərdin?

-Komandamızda hər şey qaydasındadır. Əsas odur ki, heç vaxt artıq çempion olduğumuzu fikirləşmirik. Qurban müəllim buna imkan vermir. Hər oyuna ciddi yanaşıb qələbə qazanmaq lazım olduğunu düşünürük. Rəqiblərimiz bizi maraqlandırmır. Öz nəticələrimizi yaxşılaşdırmaq istəyirik. Oyunumuzu göstərib qələbələrimizi qazanırıq. Bundan sonra da qalib gəlmək istəyirik. Özümə gəlincə, oynayan vaxtım da olub, oynamayan da. Bu da başadüləndir. Çünki "Qarabağ”da həm oyunçu seçimi genişdir, həm də rəqabət güclüdür. Belə şeyləri heç kəs danmır və Qurbanov hər futbolçuya da şans verir. Həta əvəzedici heyətdə oynayana da. Burada qeyri-adi heç nə yoxdur. Hamımız çempion olmaq istəyirik.

- Üçüncü çempionluğunuz tez olacaq. Çempionatın səviyyəsinin aşağı düşməsi "Qarabağ”a birbaşa Çempionlar Liqasında mənfi təsir göstərə bilər. Bundan narahat deyilsiniz?

- Əlbəttə, çempionatımızda yaranan mənzərə üzücüdür. Çünki "Zirə” ilə "İnter” mükafatçı yerlərdə olsalar da, Avropa Liqasına gedə bilmirlər. Hər klub, hər futbolçu avrokuboklarda çıxış etmək istəyir. Mən də razıyam ki, gedə bilməmək motivasiyaya təsir göstərir. "Zirə” ilə "İnter”in hər şeyi unudub çempionata köklənmələri lazımdır. Çempionarda rəqabət olsa da, keçən illərə baxanda azdır. Maddi problemlər, devalvasiya futbola da təsir etdi. İnanmıram ki, erkən çempionluq bizə mənfi təsir göstərsin. Qurban Qurbanov hər şeyi nəzarətdə saxlayır. Bilir ki, bizdən bu il gözləntilər daha çoxdur. Biz də istəyirik ki, Çempionlar Liqasının qrup mərhələsində oynayaq.

- Son vaxtlar hərbi olaylar "Qarabağ”a, siz futbolçulara necə təsir göstərdi?

- Ola bilər ki, biz reklama çox önəm vermirik. Düzdür, son oyunda gözəl mənzərə oldu. Mən həmişə demişəm ki, Ali Baş Komandanın əmri olarsa, ən birinci döyüşə bizim komanda – "Qarabağ” gedəcək. Bildiyiniz kimi, bəziləri gedib başqa yerlərdə döyüşürlər. Ancaq ən önəmli amil vətən qarşısında borcunu yerinə yetirməkdir. Lazım olsa, futbolu kənara qoyub, ən birinci vəzifəmiz olan vətən uğrunda döyüşə gedəcəyik.

- "Qarabağ”la müqavilən bitir. Yeni müqavilə ilə bağlı təklif var: Bəlkə klubunu dəyişmək haqda düşünürsən?

- Ən realı "Qarabağ”da qalmaq istəməyimdir. Təklif olsa, bunu gerçəkləşdirəcəyəm. "Qarabağ” elə bir klubdur ki, burada həm irəliləmək, həm də daim Avropada oynamaq şansın var. Ancaq hər şey ola bilər. Başqa variantlara baxmaq lazım olsa, bunu edəcəyik.

- Kapitanınız Rəşad Sadıqovun məşqçiliyə başlayacağı ilə bağlı söhbətlər çox gəzir. Səncə, onun mümkün gedişi "Qarabağ”a çoxmu təsir göstərəcək: Sadıqov ikinci Qurban Qurbanov ola bilərmi?

- Bunu zaman göstərəcək. Rəşad böyük kapitandır. O, meydanda olsa da, olmasa da, komandaya hərtərəfli köməyini göstərir. Rəşad əsl liderdir. Bütün futbolçulrımız deyir ki, Sadıqov meydanda olanda hamımız rahat oynayırıq. Həm futbol savadı, həm də özünün savadı güclü olduğundan, hər bir şeyi nəzarətdə saxlayır. Bilirəm ki, məşqçilik kursunda oxyur. "Rəvan” – "Zirə” oyununu birgə izlədiyim Aslan Kərimovdan Rəşad haqda soruşdum. Dedi ki, hazırda ən yaxşımız odur. Futbolu bildiyi üçün imtahanlardan yaxşı qiymətlə keçib. Rəşada uğurlar arzulayıram.

- O, məşqçiliyə başlamaqla bağlı siz futbolçularla məsləhətləşir?

- O gün bu haqda söhbətimiz oldu. Rəşad mənə dedi ki, məşqçilik həddən artıq çətin işdir. Bəli, bu haqda fikirləşir, ancaq hələ özü üçün tez olduğunu düşünür. Komandamız, Qurban Qurbanov istəyir ki, Rəşad qalsın. Açıq danışaq: Azərbaycan futbolunda Rəşad Sadıqov kimi ikinci futbolçu yetişmir. Millidən getsə, onun mövqeyində yalnız Bədavi Hüseynov qalır. Buna görə heç kim Sadıqovun futbolçu karyerasını bitirməsini istəmir. Yalnız Sadıqov kimi futbolçu yetişəndən sonra, inanıram ki, özü hamıdan birinci gedəcək.

- Yeri gəlmişkən, Qazaxıstanla yoldaşlıq görüşündə Bədavi Hüseynova kapitanlıq sarğısının verilməsi, bəzi milliləşdirilən legionerlərin himni oxumamağı söz-söhbətə səbəb oldu...

- Doğrudan da milli tamam ayrı bir mövzudur. Biz yığmada gerbimizi, hər bir milli atributumuzu daşıyırıq. Azərbaycanı hər yerdə təmsil edirik. Düzdür, bu söhbətlərə heç vaxt qarışmıram. Baş məşqçimiz bildirib ki, kapitanlıq Bədaviyə verilsin. Düzdür, heyətdə Kamran Ağayev vardı. Ancaq dedilər ki, o, əvəz oluna bilər. Belə fikir vardı ki, qapıda Səlahət Aayev dayansın. Sonradan plan dəyişdi, Kamran axıradək oynadı. Şəxsən mən olsaydım, kapitanlığı Kamrana verə bilərdim. Çünki onun neçə ildir millidə oynamağı göz qabağındadır.

- Səncə, milliləşən legionerə kapitanlığın verilməsi normaldır?

- Özüm tərəfdən yaxşı baxmıram. Düzdür, Bədavi öz uşağımızdır, neçə ildir Azərbaycanda oynayır. Amma həmişə istəmişəm ki, kapitan azərbaycanlı olsun.

- Bu sözlərindən sonra qınaq obyetktinə çevrilə bilərsən. Ancaq çəkinmədən fikrini ifadə edirsən.

- Bəli. Mən də istəyirəm ki, kapitan sırf azərbaycanlı olsun. Ancaq qərar baş məşqçinindir. Bədavi doğrudan da kapitanlığa layiqdir. Neçə ildir Azərbaycan millisində çıxış edir, oyun sayı çoxdur, uzun müddətdir "Qarabağ”ın uğurları üçün çalışır. Heyətdə Rəşad, Kamran olmasa, son variant kimi Bədavi ola bilər. Burada qeyri-adi heç nə yoxdur. Kapitanlığı Hüseynova veriblərsə, bununla razılaşmaq laızmdır. Çünki futbolumuzda, "Qarabağ”da xidmətləri çoxdur. Mən Bədavini tanıyıram, lazım gəlsə, o, hamıdan biirnci döyüşə gedəcək. Kapitanlıqla bağlı məsələni şişirtmək lazım deyil.

- Millidə durumundan nə dərəcədə razısan? Robert Prosineçki sənə oynamadığın vaxtda inandı...

- Bunu çox doğru qeyd etdiniz. Mən bu faktı həmişə deyirəm. Futboldan küsdüyüm vaxtda Prosineçki məni miliyə gətirdi. Heç yerdə oynamadığım vaxtda məni Norveçə, Xorvatiya kimi güclü rəqiblərə qarşı 90 dəqiqə oynatdı. Mən də onun etimadını doğrultdum. Özü də məndən razı qaldığını dedi. Prosineçki hər bir futbolçu ilə səmimidir. Mən də millimizin onunla uğur qazanması üçün əlimdən gələni edirəm. Prosineçki hər futbolçuya deyir ki, çıxın, rahat futbolunuzu oynayın, heç nədən çəkinməyin. Böyük yığmalara qarşı yaxşı oynadıq. Qazaxıstanla yoldaşlıq görüşündə nəticə ona görə pis oldu ki, heyətdə dəyişikliklər edildi. Bəli, biz qalib gəlmək, FİFA-nın reytinqdə yüksəlmək istəyirdik. Qarşıda yoldaşlıq görüşlərimiz var. İnanıram ki, Prosineçki seçmə mərhələyə kimi hər şeyi qaydasına salacaq.

Mənbə: sportnet.az

Daha çox


Son xəbərlər