“Qarabağ”da oynamaq asandır” – Rəşad Sadiqov
"Qəbələ"nin futbolçusu Rəad Sadiqov Topaz Premyer Liqanın 29-cu turunda səfərdə "Sumqayıt"la 1:1 bərabərə qaldıqları oyundan sonra Qol.az-ın suallarını cavablandırıb.
- Səncə, komandanız niyə qələbəyə həsrət qalıb?
- Özümüz də belə olmasını istəmirik. Çox acınacaqlı vəziyyətdir. Neçə oyundu qələbə qazana bilmirik. Əslində pis də oynamırıq. Demək olar ki, bütün matçlarda üstün tərəf biz oluruq. "İnter”, "Zirə” və son matçda çox yaxşı oynadıq. Qol epizodlarımız həddindən artıq çox olsa da bundan yararlana bilmədik.
- Qələbə qazanmaq üçün komandada nə çatmır?
- Bilsəydik, özümüz də düzəldərdik. Əsas odur ki, nə çatışmadığını tapa bilmirik. Yaxşı oynasaq da, qələbə qazana bilmirik. Belə oynadıqda və qələbə qazana bilmədikdə oyunçularda müəyyən qədər psixoloji gərginlik yaranır.
- "Sumqayıt” qarşı ilk yarıda sərbəst oynasanız da, ikinci hissədə sanki düzgün oyun qura bilmirdiniz..
- Komanda qol buraxmamağa çalışırdı. Ani bir səhv penaltiyə səbəb oldu və "Sumqayıt” bundan maksimum yararlandı. İstəməzdik belə olsun.
- Bəlkə, bütün diqqətinizi kuboka yönəltmisiniz və buna görə də çempionatı yaddan çıxarmısınız?
- Açığı, avrokuboklara ən asan yol çempionatdan keçir. Ən azından ilk üç pillədən birinə sahib olub rahat avrokuboklara yollana bilərsən. Kubokda isə şanslar əlli-əlliyədir. Ona görə də çempionatdan maksimum yararlanmaq lazımdır.
- Səncə, "Qəbələ” bu gedişlə hara gedir?
- Bilmirəm. Bunu zaman göstərəcək.
- Belə davam etsə, mövsümün sonunda "Qəbələ”də köklü dəyişikliklər ola bilər...
- Bu, rəhbərliyin qərarıdır. Futbolçular bunu heç vaxt müzakirə edə bilməz. Bu barədə düşünməyə kiminsə haqqı yoxdur. Futbolçular ancaq meydandakı oyunları barədə düşünməlidir.
- Toparlanmaq üçün sizə nə lazımdır?
- Fikrimcə, bir qələbə yetər. Bundan sonra komanda özünü toparlamağı bacaracaq. Çalışacağıq ki, qarşıdakı oyunlarda qələbə qazanaq.
- “Qarabağ” artıq çempionatda vahid liderdir. Demək olar ki, Premyer Liqada heç bir komanda onlara qarşı ciddi rəqabət göstərə bilmir. Bəs, "Qəbələ” niyə "Qarabağ” səviyyəsində ola bilmir?
- "Qarabağ” uzun müddətdir hazırkı heyəti ilə oynayır. "Qarabağ”da futbolçular arasında anlaşma tamamilə başqa cürdür. Mən də uzun müddət "Qarabağ”da oynamışam. Orada oynamaq çox asandır. İstənilən futbolçu "Qarabağ”da tam başqa oyun sərgiləyir.
- Yayda "Qəbələ” ilə müqavilən başa çatır. Gələcək karyeran barədə nə düşünürsən?
- Çempionat başa çatandan sonra bu barədə düşünəcəm. Əgər yeni müqavilə təklif olunsa, "Qəbələ”də qalacam.
Ergün SEYİD