Muarem Muarem: “Əsas 10 nömrə deyil, yaxşı oynamaqdır”
“Qarabağ”ın hücumçusu Muarem Muarem AZAL-a uduzduqları oyundan (0:1) sonra Qol.Az saytına müsahibə verib. Makedoniyalı futbolçu Ağdam klubunun heyətinə döndükdən sonra meydana çıxdığı ilk rəsmi matçdan danışıb.
- “Qarabağ”dakı budəfəki debütündə komandanız uduzdu.
- Məğlub olsaq da, yaxşı oynadıq. Qalib gələ bilmək üçün çoxlu qol epizodumuz oldu. Amma bu fürsətlərdən istifadə edə bilmədik. Rəqib isə bizdən fərqli olaraq cəmi bir qol epizodu yaratdı və ondan yararlandı. AZAL-ı qələbə münasibəti ilə təbrik edirəm. Məğlubiyyəti unudub, gələcəyə baxmaq lazımdır.
- Amma etiraf edək ki, əvvəlki Muaremi meydanda görək bilmədik.
- Təbii ki, əvvəlki formamda deyiləm. Son altı ayda cəmi 3 matçda meydana çıxmışam. Çalışacam ki, “Qarabağ”ın heyətində daha çox oynayıb əvvəlki formamı qaytarım.
- “Əskişəhərspor”da niyə az oynadın?
- Özüm də anlamadım. Orada ilk vaxtlarda əksər hazırlıq oyunlarında meydana çıxmışdım. Bütün oyunlara da hazır idim. Sonradan nə olduğunu başa düşmədim. Heç kimlə problemim də olmadı. Sonda düşündüm ki, orada qalsam, mənim üçün daha pis olacaq və dönmək qərarı verdim.
- Sənin “Qarabağ”da əvvəl geyindiyin 10 nömrəli forma altında indi Dani Kintana çıxış edir.
- Meydanda nömrələr oynamır. Önəmli olan yaxşı oynamaqdır.
- “Qarabağ”dan getdiyinə peşman deyilsən?
- Peşman olacaq bir səbəb yoxdur. Öz istəyimlə getmişdim. Baş məşqçimizlə də məsləhətləşib, icazəsini almışdım. Bildiyiniz kimi Qurban Qurbanov da futbolçu olub. Onun fikri mənim üçün vacib idi. Baş məşqçimiz də özümü sınamağı məsləhət bildi.
- “Qarabağ”dan ayrıldığın dövrdəki çempionatımızla indiki arasında nə kimi fərq hiss etdin?
- Əvvəl də yaxşı idi. Son zamanlar da irəliləyiş var. Bu sözləri milli komandaya da aid etmək olar. Robert Prosineçkinin gəlişindən sonra yaxşı mənada dəyişiklik olub. İnanıram ki, gələcəkda daha yaxşı olacaq.
- Amma əksəriyyətin fikrincə, maliyyə problemlərindən sonra çempionatın səviyyəsi bir az düşüb…
- Məncə, belə bir şey yoxdur. Çempionatın ikinci yarısı başlayar-başlamaz iddialı klublar məğlub oldu. Bu klubların maddi durumu yerindədir. Premyer Liqaya yeni qoşulmuş klublar da iddialıdır.
- “Qarabağ” bu il çempion olmaq şansı nə qədərdir?
- Bu haqda indidən danışmaq tezdir. Bütün komandalar yaxşı oyun nümayiş etdirir. Dünən “Kəpəz” – “Qəbələ” oyununa baxdım. Meydan sahibləri çox yaxşı oynadı. Biz əlimizdən gələni edəcəyik və çempionluq uğrunda sona kimi mübarizə aparacağıq.
Ergün SEYİD