"Eybəcərlər güzgünü sevməz!"

"Eybəcərlər güzgünü sevməz!"
MÜSAHİBƏ 16 Mart 2015 / 17:42 4917
-  A +

Qol.Az saytı idman jurnalistləri ilə müsahibələri davam etdirir. Budəfəki qonağımız Fanat.az saytının baş redaktoru Əli Sahibdir.



- Söhbətə sənin peşən olan mediadan deyil, hər gün işıqlandırdığın futbolumuzdan başlamaq istəyirəm. Hazırkı Azərbaycan futboluna 10 ballıq sistemlə neçə bal verərdin?

- (Gülür) Hər gün işıqlandırdığım yerli futbola balla qiymət vermək çətindi. Nə baş verir bilmirəm, amma balı yaman gözdən salıblar. Cərimə balnan hesablanır, indi də futbolu balnan qiymətləndirsəm, gərək bal yeməyi tərgidəm. Gəlin, belə cavab verim – bərbaddı!

- İşıqlı heç nə görmürsən futbolumuzda?

- Əlbəttə görürəm, amma gördüyüm işıq bu qaranlığı aydınlatmağa yetməz.

- Səncə, media bu problemi lazımi yaxud peşəkar səviyyədə işıqlandıra bilir?

- Səviyyəli media orqanları da, mənsubları da var. Əl-ələ verib nəsə etməyə çalışırıq. Elə şeylər var ki, yazmırsan, düzələcəyinə ümid edirsən. Bizim də bir tərəfdən işimiz azarkeşləri stadionlara gətirmək, futbolun inkişafına töhfə verməkdi. Bəzən futbolumuzun mətbəxində baş verənləri tam işıqlandırmaq da olmur. İnsanları futboldan iyrəndirmək olmaz.

- Amma iyrəndiriblər axı... Stadiona adam gəlmirsə, bu onları futboldan iyrəndirmək deyil, bəs nədir?

 - Biz də bunu etsək iyrəndirənlərdən nə ilə seçilərik? Biz azarkeşi futbolla mütləq barışdırmalıyıq. Hansısa futbolu bilməyən qohumun, qardaşın, nə bilim tapışırığnan idarəçilik edənlərin “haqqını” tək başına verə bilmərik. Futbolun inkişafını istəyənlər mütləq azarkeşi stadiona qaytarmağa çalışmalıdı ki, onlar stadionda, biz isə mətbuatda mübarizəmizi aparaq. Yarıtmaz klub idarəçisi heç vaxt dolu stadionun “istefa” şüarını boğa bilməz. Hazırda azarkeşin tribunada yerinin boş qalması həmin ünsürlərin siyasətidi və bu da onlara sərf edir.


– Əvvəl sənin haqqında belə fikir formalaşmışdı ki, "Neftçi"yə çox yaxınsan. İndi bu klubu tez-tez tənqid edirsən. Birdən-birə nə dəyişdi?

- Dəyişən çox şey var. “Neftçi”nin klub siyasətinin əvvəlki illərdə nəticəsini gördük. Avroliqanın qrupu. Bəs sonrası? Davamını gətirə bilmədilər. Deməli, nəsə düzgün deyil. Onu yazıram. Qrupda oynayanda tərifləyirdim yaxın idim, indi tənqid edirəm deyə pisəm? Xeyr, yaxşı olanda yaxşı demişəm, indi də pisini deyirəm. Sabah “Qarabağ”ın da nöqsanını görsəm, onu da yazacam. Heç bir klub mənim üçün digərindən artıq deyil. “Neftçi” bir klub kimi artıq "Qurdlar vadisi"nə çevrilib. Ondan yazıram.

- Amma belə fikir var ki, yaxın dostluq münasibətində olduğun Tahir Süleymanovun gedişindən sonra "Neftçi"yə qarşı sərt fikirlər səsləndirirsən

- Tahir Süleymanov işini bilən kadr idi. Onun klubdakı uğurlu işi ona dəstək idi, başqa dəstəyə ehtiyacı olmayan adam idi. Özünü xərcləmədən getdi. Məncə, Gündüz Abbaszadə də ordan getməlidir...


- Futboldakı problemlərə ötəri toxunduq. Amma idman mediasının yetırincə problemi var. Rəşad Sadıqov bir dəfə demişdi ki, Azərbaycan futbolu ilə idman jurnalistikası bir-birinə bənzəyir.

- Rəşad o sözü hansı mətbu orqana deyib bilmirəm. Amma həmkarımız "kontur" sualı buraxıb. Rəşadı əks-hücumda tuta bilərdi. Əgər Azərbaycan futbolunun siması millidirsə, onun da kapitanı Rəşaddı. Yaxşı bəs Rəşadın bu qədər bənzətmə qabiliyyəti güclüdürsə, futbolumuzla jurnalistikamızı bir-birinə bənzədibsə, o, hansı media kapitanına bənzəyir? Təbii ki, zarafatdı, düz deyib. Bu belədi. Uzatmağa ehtiyac yoxdu.


- Yəni, sənin fikrincə, idman jurnalistikamızda vəziyyət bu dərəcədə pisdir?

 - Məni düz başa düşün. İdman jurnalistikasının durumuna münasibət bildirəcək stajda deyiləm. Bu sahədə sənətkar saydığım insanların belə xeyir-duasını almamışam. Bunun üçün hələ öyrənirəm, çalışıram, mütaliə edirəm. Amma, razılaşaq ki, bəzən elə yazılar, elə hərəkətlər görürsən ki, o fikirə, o hərəkətə heç bazarda rast gəlmirsən.

- Reket jurnalistikanı nəzərdə tutursan?

 - İdman mətbuatında reket yoxdu. İdman çinovniklərinin düzəltdiyi paz "jurnalistlər" var. Belələri azdı.

- Fanat.az Azərbaycanda yaranmış ilk saytlardan biridir. Səhv etmirəmsə, dördüncü. Siz yaranandan yeddi il sonrakı Azərbaycanda artıq 50-dən çox idman saytı var. Kənardan necə görünür bu mənzərə?

- Fanat.az azərbaycandilli ilk müstəqil idman saytıdı. Başqa sayt vardı, amma, idman bölməsi kimi fəaliyyət göstərirdi. Sonradan müstəqil domene köçdü həmin sayt. Yani dediyim odur ki, Fanat.az yaranandan sonra idman mətbuatında canlanma, rəqabət yarandı. Bunu heç kim dana bilməz. O ki qaldı saytların çoxluğuna, zaman-zaman ələnib gedəcək. Saytların çoxluğunun ziyanı yoxdur. Yetər ki, kəmiyyət, keyfiyyət olsun. Bu gün heç kəs bir nəfəsə 10 idman saytı saya bilməz. Deməli, idman saytı sayılacaq qədər azdır.

- Siz bir redaktor olaraq gündə mütamadi neçə saytı oxuyursuz?

- İdman mətbuatından beş-altısını.

- Sizdən narazılar çoxdu?

- Baxır sualı hansı mənada verirsiz.

- Yəni saytınızda futbol məmurlarına yönələn tənqid az olmur.

- İnanmıram. Kim eybəcər olduğuna görə güzgünü qınayır ki...

- Sizi çox istəyirlər ki?

- Eybəcərlər güzgünü sevməz! Bu sualın cavabı məncə, məlumdu. Futbolumuzun gözəli barmaqla sayılacaq qədər yoxdu.

- Əli Sahib futbol məmurları arasında kimləri tənqid etməyib ya da etmək istəmir?

- Fərd olaraq hər kəs tənqid olunub fanat.az-da. Amma, klub olaraq "Bakı"nı və "Qəbələ"ni tənqid etmək ürəyimdən gəlməyib heç vaxt. Ürəyimi ağritsa da, onlar da tənqid olunur.

- Nədir bu klubları sənin ürəyinə yaxın edın?

- İnfrastruktur. Futbolçu yetişdirmək üçün lazım olan şərait. Çox heyif ki, "Bakı"da məlum problemlərə görə klub bu yöndə strategiyasını möhkəmlədə bilmədi. "Qəbələ"də isə hələ də şans var.

- Yaxşı, Əli Sahibin futbol dünyasında dostları kimlərdi?

- "Futbol dünyası"nda Firuz. Mikayıl müəllimlə də aram pis deyil (gülür).

- Bəs, Ramin Musayev, Aslan Şahgəldiyev... Bunlarla “düşmənsən”?

- Onların öz dünyası var (Gülür). Arada mən də qonaq gedirəm həmən dünyaya.

- Maraqlı nə var ki, onların dünyasında?

- İntim heç nə yoxdu


- Bir az da fanat.az-dan danışaq. Razısanmı faəliyyətinizdən?

- Bu suala mən cavab verməsəm yaxşıdı. Fanat.az-dan başqa nədən istəsəz danışaq. Ən yaxşısını oxucu bilər. Bizim də tənqidçimiz onlardı.

- 2015-in maddi sixıntısi sizə nə dərəcədə təsir edib?

- Bizim dollarla əməliyyatlarımız yoxdu. Manatın devalivasiyası baş verəndə ilk günlər çox təsir etdi. Qiymətlərə nəzarət güclənəndən sonra hər şey normallaşdı. Əslində neft ölkələrində belə şeylər gözləniləndi. Bu da bir təcrübə idi. Gələcəkdə belə halların yaşanmaması üçün inanıram ki, dövlətimiz lazımı tədbirləri görəcək. Olan oldu artıq. Gələcəyə nikbin baxmaq lazımdı.

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu