“Üç il əvvəl bu hərəkətim heç kimin vecinə deyildi”

“Üç il əvvəl bu hərəkətim heç kimin vecinə deyildi”
MÜSAHİBƏ 2 Mart 2015 / 16:12 8634
-  A +

"Bakı"nın futbolçusu Nurlan Novruzovun Premyer Liqamızın 24-cü turunda "Xəzər Lənkəran"la oyunda rəqibin duran topdan ötürməsini qeyri-adi şəkildə dəf etməyi müzakirələrə səbəb oldu.

Premyer Liqamızın bombardiri Qol.Az-a müsahibəsində qeyri-adi qurtarışından danışıb və digər sualları cavablandırıb

- Bu hərəkətim bəzilərinə qəribə gəldi. Çoxları hakimdə səhv axtardı. Məni də qınayanlar oldu. Ancaq həmin epizodda heç bir qayda pozuntusu olmadığını düşünürəm. Çünki rəqib hakimin fit verməsindən qabaq ötürmə etmək istədi. Bu halda rəqibdən beş metr aralıda olmağım da kifayət edər. Yəni 9.15 metrlik məsafəyə riayət etmək vacib deyildi. Rəqibin topa hakimin fitindən tez toxunduğunu gördüm və ötürmənin qarşısını aldım. Bu fəndin alındığı üçün sevinirəm.

- Qorxmadın ki, birdən alınmaz?

- Həyatda risk etmək lazımdır. Heç bir işdə qorxmaq lazım deyil. Alınmasaydı, özüm də gülərdim (gülür). Hiss edirdim ki, alınacaq.

- Məşqlərdə həmin hərəkətin üzərində işləyirsən?

- Yox. Ancaq 2-3 il əvvəl əvəzedicilərdə oynayarkən bu hərəkəti çox eləmişəm.

- O zaman alınırdı?

- Çox alınıb. Ancaq o vaxtlar bu hərəkətim heç kimin vecinə olmayıb.

- Bu qurtarışı hansısa məşhur futbolçunun ifasında görmüsən?

- Xeyr. Sadəcə boyum balaca olduğu üçün bu hərəkəti etdim.
 
-  Baş məşqçinizin reaksiyası necə oldu?

- Hamı kimi onun da üzündə təbəssüm var idi.

- "Xəzər Lənkəran"la oyunda qol vuraraq yenidən bombardirlər siyahısında şəriksiz lider oldun.

- Hələ qarşıdakı turlarda da fərqlənməliyəm. Ancaq rəqiblərimiz güclüdür. Çətin olacaq.

- Qollarını sıralasan da, milli komandamızın baş məşqçisi Robert Prosineçki sənə dəvət göndərmədi. Səbəbini isə belə izah etdi ki, onun oyun sisteminə uyğun gəlmirsən.

- Bu, normaldır. Baş məqşinin öz fikri var. Mən oynamasam da, millimizin gözəl oyun göstərməsini və yaxşı nəticələr qazanmağını istəyirəm. Ancaq mənim də milli komandamıza köməyim dəyməlidir. Millidə oynamaq mənim də arzumdur. Əlbəttə ki, qollarımın ardı gələcək. Millinin formasını geymək istəyirəmsə, bundan sonra da qol vurmalı və yaxşı oyun sərgiləməliyəm.

Ramiq AĞAMƏMMƏDOV


NURLANIN QEYRİ-ADİ QURTARIŞININ VİDEOSU


Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu