"Millimizdə dəyişiklik olacağını gözləyirik" – Maksim Medvedyev

"Millimizdə dəyişiklik olacağını gözləyirik" – Maksim Medvedyev
MÜSAHİBƏ 21 Fevral 2015 / 00:35 5996
-  A +

Milli komandamızın və “Qarabağ”ın müdafiəçisi Maksim Medvedyevin Qol.Az saytına müsahibəsi


- Premyer Liqamızın son turunda “Neftçi” üzərində çox vacib qələbə qazandınız. Bu prinspial qarşılaşma haqda fikirlərini öyrənək…

- Düzdür, çox vacib qələbə idi. Ancaq biz oyunun prinspiallığını yox, üç xalı düşünürdük. Bunun sayəsində soyuqqanlı şəkildə çıxış etdik. Rəqibi düzgün analiz etmişdik. Demək olar ki, “Neftçi”nin necə oynayacağını bilirdik. Böyük hesabla da, qalib gələ bilərdik. Ancaq buna rəqibin qapıçısı Aqil Məmmədov imkan vermədi. Onun mükəmməl oyununu qeyd etmək lazımdır. Bundan əlavə xeyli qol epizodundan istifadə edə bilmədik. Sonda isə lazım olan qolumuzu vurduq və vacib qələbə qazandıq.

- Oyundan əvvəl hakimliklə bağlı söz-söhbət yarandı. “Neftçi”  Əliyar Ağayevin bu matça baş hakim təyin olunmasını istəmirdi. Bütün bunlar futbolçulara necə təsir etmişdi?

- Bu söhbətlər yayılana qədər komandamızın 70 faizi hakimin kim olacağını bilmirdi. “Qarabağ” heç vaxt oyunlarımıza hansı hakimin təyin olunması ilə maraqlanmayıb. Hər bir hakimin oyunu düzgün idarə edəcəyinə inanırıq. Sonradan bildik ki, “Neftçi”nin futbolçusu Erik Ramos oyundan öncə xoşagəlməz ifadə işlədib. Yəqin onun fikri odur ki, bizə oyundankənar qüvvələrlə qalib gəlsinlər.

- “Neftçi”yə qalib gəlməklə əsas rəqiblərinizdən biri ilə xal fərqini 13-ə yüksəltdiniz. İkinci pillədə olan “İnter” isə “Qarabağ”dan 9 xal geridədir.  Getdikcə çempionatda intriqanın azaldığını demək olar?

- Deməzdim ki, bu, həlledici oyun idi. Çünki qarşıda xeyli tur var. Bir neçə komandanın çempion olmaq şansı var. Sadəcə biz “Neftçi” ilə xal fərqini böyütdük. Mübarizəmiz davam edir. Arxayınlaşmaq fikrimiz yoxdur.
- Ötən mövsüm də rəqiblərinizi xeyli qabaqlasanız da, çempionatın sonunda “Qarabağ” çətinliklə üzləşdi. Çempionluq heç də asan əldə olunmadı. Bu dəfə də arxayınçılığın qurbanı olmaqdan qorxmursuz ki?

- Düzdür, ötən mövsüm çətin anlar yaşadıq. Səhv etmirəmsə, “İnter”lə aramızda 11 xal fərq var idi. Ancaq çempionatın sonunda fərq dördə endi. Çempionatın sonuna yaxın üzərimizdə böyük təzyiq olur. Hamı deyir ki, “Qarabağ” çempiondur”. Bu da istər-istəməz komandamıza təsir edir. Belə söhbətlər lazım deyil. Çünki futbolçularımız bu sözləri eşidəndə “uçmağ”a başlayırlar. Əgər azarkeşlər və mətbuat bizi vaxtından əvvəl çempion etməsələr, belə də davam edəcəyik. Çalışacağıq ki, hədəfimizə çataq.

- Robert Prosineçkinin  rəhbərliyi altında millimizin ilk toplanışında iştirak edirsən. Heyətlə bağlı nə deyə bilərsən?

- Baş məşqçimizi hələ tam yaxşı tanımırıq. Onun öz oyun stili var. Millimizdə hansısa dəyişikliklərin olacağını gözləyirik. Heyətə gəldikdə isə bilirik ki, bu, futbolçuları sınaqdan keirmək üçün təşkil olunan bir toplanışdır. Əsas heyətimiz Malta ilə oyundan əvvəl bəlli olacaq.

- Millimiz Donetsk “Şaxtyor”u ilə yoldaşlıq oyunu keçirəcək. Komandamızın klubla qüvvəsini sınamağına necə baxırsan?

- Normal. Buna məcburuq. Çünki hazırda bizimlə yoxlama oyunu keçirmək istəyən milli komanda yoxdur.

- Hansısa zəif milli komanda ilə qarşılaşmaqdansa, “Şaxtyor” klubu daha yaxşı  seçim deyilmi?

- “Şaxtyor”un bizimlə oyuna qədər dörd sınaq matçı olacaq. Hələ bilinmir ki, onlar bizimlə hansı heyətlə oynayacaqlar. Biz bu matçla nəyisə dəyişə bilmərik. Sadəcə olaraq baş məşqçi futbolçuları tanımaq üçün bu toplanış təşkil olunub. Məhz buna görə də millimizdə yeni adlara rast gəlirik.

Ramiq AĞAMƏMMƏDOV, Antalya

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu