"Qarabağ"ın çempionluğundan danışmaq tezdir" – Flavinyo

"Qarabağ"ın çempionluğundan danışmaq tezdir" – Flavinyo
MÜSAHİBƏ 16 Fevral 2015 / 11:22 4331
-  A +

“Neftçi”nin braziliyalı yarımmüdafiəçisi Flavinyo Premyer Liqanın 22-ci turunda “Qəbələ”yə qalib gəldikıəri oyundan (3:1) sonra Qol.Az saytının suallarını cavablandırıb.


- "Qəbələ" ilə səfər qarşılaşmasından qalib ayrıldınız. Bu komanda ilə daha öncə keçirdiyiniz iki oyunda hesab açılmamışdı. Dünənki oyunda məhsuldarlığın səbəbi nə idi? 

- Komandaların oyununda çox dəyişiklik var. Məncə, əvvəllər "Qəbələ" bizə daha çox problem yaşadırdı. Qol epizodları yaratmaqda çətinlik çəkirdik. Bu dəfə açıq oyun getdi. Rəqib meydanda 5 yarımmüdafiəçi ilə mübarizə aparırdı. Həm onların, həm də bizim fərqlənmək imkanlarımız oldu. Sonda bizim üçün vacib olan üç xalı qazandıq.

- Qarşıda sizi turnir cədvəlinin lideri “Qarabağ”la oyun gözləyir...

- “Qarabağ”la aramızda 10 xal fərq var. İstəmirəm ki, komandamıza təzyiq olsun. Çünki 10 xal həddən artıq çoxdur. Çempionatın maraqlı keçməsi üçün növbəti turda "Qarabağ"a mütləq qalib gəlməliyik. "Qarabağ"ın 3-4 oyun uduzacağına inanmıram, amma qarşıdakı oyunlarda onlar da xal itirə bilərlər. Əgər mübarizə şansımız varsa, davam etdirməliyik. 

- Belə başa düşdük ki, "Qarabağ"ı artıq çempion kimi görürsünüz....

- Yox, aramızda xal fərqi çox olsa da, bu “Qarabağ”ın çempion olacağını demək tezdir. “İnter” də turnir cədvəlində onlara yaxındır. Bizim də  şansımız qalıb. Düzdür, AZAL-la oyunda bu şansın böyük hissəsini itirdik. Daha sonra isə "Simurq"la heç-heçə etdik. Son iki turda isə qələbə qazanmışıq. "Qarabağ" və "İnter" qış fasiləsindən sonra uduzmayıb. Ona görə də "Qarabağ"a yaxınlaşmaq üçün ilk öncə turnir cədvəlində “İnter”i qabaqlayıb, gələcək oyunları fikirləşməliyik.

- Növbəti  turda "Qarabağ"ı məğlub etsəniz, “Neftçi”nin  çempionluq uğrunda yenidən mübarizəyə qoşulacağını demək olarmı?

- Çox çətin oyun olacaq. Çünki hər iki komanda qələbə üçün mübarizə aparacaq. Həmin oyunda onların da, bizim də səhvlərimiz ola bilər. Amma “Qarabağ”la iki oyunumuz var və bu fürsətdən istifadə edib, aramızdakı xal fərqini azalda bilərik. Bundan sonra çempionluq uğrunda mübarizəyə qoşulmaq  imkanımız yaranacaq. Amma 10 xallıq fərqlə buna inanmaq çətindir.

- Hazırda Azərbaycan Premyer Liqasında çempionluğa ən layiqli oyunu hansı komanda göstərir?

- "Neftçi"də oynaya-oynaya deyə bilmərəm ki, hansı komanda çempionluğa layiqdir. "İnter"in də şansı var, bizim də. Məncə, "Qarabağ"ı qarşıda ağır oyunlar gözləyir. Ancaq "Qarabağ"ı məğlub edə bilməsək, heç bir şansımız qalmayacaq.

- Qəbələ şəhər stadionunda oynamağın həm “Neftçi”, həm də sənin üçün çətin olduğunu söyləmisən. Bunun səbəbi nədir?

- Digər oyunçuları bilmirəm, öz fikrimi deyirəm: 5 ildir Azərbaycandayam və Qəbələyə gələndə həmişə mənə nəfəs almaq çətin olur.

- Çoxları deyir ki, çempionatın səviyyəsi düşüb...

- Onsuz da Azərbaycan Premyer Liqasında klubların sayı az idi. "Araz-Naxçıvan"ın getməsindən sonra 9 klub qaldı. Deyirlər, gələn mövsüm daha çox klub olacaq. Amma məncə, beş ildə yerli oyunçuların səviyyəsi artıb, milli komanda yaxşı oyun sərgiləyir. Amma çempionatda da klubların sayı artırılmalıdır. Çünki belə olduqda bir klubla 4 dəfə oynayırsan. Kubokda da həmin klubla qarşılaşsaq, mövsüm ərzində bir komanda ilə 6 dəfə üz-üzə gələcəyik. Mən Azərbaycandakı futbolçuların səviyyəsinə görə deyirəm. "Neftçi"də elə oyunçular var ki, onların gələcəyini fikirləşiriksə, indidən oynatmaq lazımdır.


Ergün SEYİD

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu