«Transfer etdiyimiz futbolçular ümidlərimizi doğrultmadılar»

«Transfer etdiyimiz futbolçular ümidlərimizi doğrultmadılar»
ÖLKƏ FUTBOLU 24 Dekabr 2008 / 19:56 3336
-  A +

«Qəbələ» klubunun vitse-prezidenti Fariz Nəcəfovun Qol.Az-a müsahibəsi


- Yəqin ki, birinci dövrə «Qəbələ» üçün uğursuz keçdi deyə bilərik. Komanda qış fasiləsinə 10-cu pillədə yollandı.
- Ötən mövsüm komanda indikindən daha əzmkar çıxış edirdi. Çempionatın əvvəlində heyətə cəlb etdiyimiz yeni futbolçulardan çox şey gözləyirdik. Çünki onların arasında çox təcrübəli oyunçular vardı. Amma təəssüf ki, həmin futbolçuların bəziləri komandaya uyğunlaşa bilmədi. Bundan başqa, birinci dövrədə zədəli futbolçularımız da çox oldu. Heyətə yeni cəlb olunan 9 oyunçudan 5-i zədə aldı. Bütün bunlar komandanın birinci dövrədə zəif çıxış etməsinin əsas səbəbləridir. Odur ki, «Qəbələ»nin qış fasiləsinə 10-cu pillədə getməsindən razı qalmadıq. İkinci dövrədə komandadan daha yaxşı nəticələr gözləyirik.

- «Qəbələ» ilk turlarda daha yaxşı çıxış edirdi. Amma sonradan nəticələr zəifləməyə başladı.
-  İlk turlarda uğurlu çıxış etməyimizi püşklə əlaqələndirərdim. Çünki mövsümün əvvəlində iddialı komandalarla qarşılaşmadıq. Amma həmin vaxt da hiss olunurdu ki, çatışmazlıqlar var və bu, iddialı klublarla görüşlərdə daha qabarıq şəkildə üzə çıxdı.
- Birinci dövrə başa çatdıqdan sonra birdən-birə 8 futbolçu ilə yollarınızı ayırdınız. Həmin oyunçuların transferə çıxarılmasının səbəbi nə idi?
- Fərzad Hatəmi öz istəyi ilə komandadan getdi. Təcrübəli oyunçulardan Cahangir Həsənzadə ilə Fərrux İsmayılov gözlədiyimiz oyunu sərgiləyə bilmədilər. Onlardan daha effektli oyun gözləyirdik. Yəqin ki, «Qəbələ»yə uyğunlaşa bilmədilər. Bəlkə də onlar digər klublarda daha yaxşı çıxış edərlər. Bir də nəticəyə cavabdeh olan əsas şəxs - baş məşqçi Ramiz Məmmədov onlarla işləmək istəmədi.
- «Qəbələ»nin bu mövsümün əvvəlindəki transfer siyasətini uğursuz saymaq olarmı?
- Olar. Transferə çıxardığımız oyunçuların çoxu mövsümün əvvəlində heyətə cəlb etdiklərimiz idi. Biz onlara çox güvənirdik. Birinci dövrədə zəif çıxış etməyimizi ancaq bu futbolçularla əlaqələndirmək istəməzdim. Amma bir daha təkrar edirəm ki, ümidlərimizi doğrultmadılar.
- Fərrux İsmayılov və Cahangir Həsənzadə mətbuata verdikləri açıqlamalarda «Qəbələ»nin bundan sonra da uğur qazanmayacağını deyiblər. Sanki bu futbolçular komandadan incik ayrılıblar.
- Cahangir və Fərruxla mövsümün əvvəlində görüşüb söhbət etmişdim. Həmin söhbəti yəqin ki, onlar da xatırlayır. Bu futbolçuları komandanı arxasınca apara biləcək oyunçular kimi dəvət etmişdik. Amma birinci dövrədə bu keyfiyyətləri onlarda görə bilmədik. Klubdan narazı qalmalarından isə xəbərim yoxdur. Yəqin ki, onlar öz oyunlarından da razı qalmazlar.
- «Qəbələ» heyəti gücləndirmək üçün artıq işə başlayıbmı?  
- Maraqlandığımız müəyyən futbolçular var. Müqavilə bağlamadığımızdan adlarını çəkmək istəməzdim. Qış fasiləsi dövründə müqaviləsi olmayan yerli futbolçu tapmaq çətin məsələdir. Yəqin ki, bir çox mövqeyə legionerlər dəvət olunacaq.
- Bu mövsüm yerli futbolçulara üstünlük versəniz də, uğur qazana bilmədiniz. Bəlkə buna görə indi legionerlərə daha çox maraq göstərirsiniz?
- Kənan Kərimov kimi komandanı arxasınca apara bilən yerli futbolçumuz var. Bu cür futbolçuların olması çempionata marağı artırır. Ötən il heyətdə əcnəbilərin çox olmasının səbəbi büdcə ilə bağlı idi. Bildiyiniz kimi, yerli futbolçular legionerlərdən baha başa gəlir. İndi isə elə bir problemimiz yoxdur. İndi istənilən futbolçunu komandaya dəvət etməyə imkanımız var.
-  İkinci dövrədə komandanın qarşısına qoyulan əsas məqsəd nə olacaq?
- Çempionatda mükafatlara layiq yer tutmaq şansımız demək olar ki, yoxdur. Amma ölkə kubokunda mübarizəni davam etdiririk. Klubun qarşısında duran əsas məqsəd Azərbaycan kubokuna yiyələnmək və qitəmiqyaslı yarışlara vəsiqə qazanmaqdır.
- Əgər bu məqsədə nail olmasanız, baş məşqçi Ramiz Məmmədov postunda qalacaqmı?
- Ramiz müəllimin «Qəbələ» klubunun inkişafında böyük xidmətləri var. O, komanda «Gilan» adlanan vaxtdan xeyli əziyyət çəkib. Ötən il «Qəbələ» Ramiz Məmmədovun rəhbərliyi altında uğurla çıxış etdi. Bu mövsüm əsas məqsədimiz kuboka sahib olmaqdır. Bundan başqa, qarşımıza baxımlı futbol oynamağı da məqsəd qoymuşuq. İstərdik ki, azarkeşlər oyunumuzdan həzz alsınlar. İnanırıq ki, Ramiz müəllim bu işin öhdəsindən gələ biləcək.
- «Qəbələ» uşaq futboluna da ciddi fikir verir. Bu məqsədlə başda Ali Yavaş olmaqla türkiyəli mütəxəssisləri ölkəmizə dəvət etmisiniz. Bu sahədə başqa nə kimi planlarınız var?
- Qəbələdə uşaq futbol akademiyasının tikintisi ilə bağlı işlər aparırıq. Bu işlə İngiltərə şirkəti məşğuldur. Orada əsas komandanın stadionu ilə yanaşı, 5-6 meydançanın salınması da planlaşdırılır. Daha çox təbii örtüklü meydançalara üstünlük verəcəyik. Çünki süni örtükdə futbolçuların zədə alma ehtimalı çoxdur. İngilislər futbol akademiyasının tikintisinin 1,5 ilə başa çatdıracaqlarına söz veriblər. Bundan başqa, yaxınlarda Şamaxıda gənc futbolçular arasında yoxlama görüşü keçirdik. Başqa rayonlarda da bu cür seleksiya işləri aparılacaq. Qəbələdə də orta məktəblərdə yarış keçirib, istedadlı uşaqları üzə çıxaracağıq. Həmin gənclər isə futbol akademiyasında təhsil alacaqlar. Yaxın vaxtlarda yerli icra orqanları ilə birgə rayonda yerləşən orta məktəblərin meydançalarında təmir işləri aparılacaq. Azərbaycanda istedadlı uşaqlar var. İnanırıq ki, Türkiyə futboluna istedadlar bəxş edən Ali Yavaş burada da böyük işlər görəcək. Bunun üçün müəyyən qədər vaxt lazımdır. Yəqin ki, 3 ildən sonra Yavaşın müqaviləsinin müddəti artırılacaq.

Daha çox


Son xəbərlər