"Qəbələ" mövsümün əvvəlində qəti addım atmalı idi" - Zaur Əzizov

"Qəbələ" mövsümün əvvəlində qəti addım atmalı idi" - Zaur Əzizov
MÜSAHİBƏ 18 Yanvar 2015 / 11:27 5037
-  A +

"Qəbələ" klubunun baş meneceri Zaur Əzizov Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinin suallarını cavablandırıb.


- İlk öncə "Adanaspor" və "Vorskla" klubları ilə keçirdiyiniz yoxlama oyunları haqda fikirlərinizi öyrənək...

- Bu oyunlar komandada ciddi işlər getdiyini, irəliləyişin olduğunu göstərdi. Baş məşqçi və məşqçilər korpusu bu matçlarda işlərinin bəhrəsini gördülər. Ümid edirik ki, bu yüksəliş uzun müddətli olacaq. Futbolçuların arzusu, istəyi, meydanda mübarizəsi və onların baş məşqçinin tapşırıqlarını yerinə yetirmələri sayəsində əsl komanda görə bildik. 

- Baş məşqçi Roman Qriqorçuk iki yoxlama matçında meydana fərqli komandalar çıxardı. Hansı komandanın oyununu daha çox bəyəndiniz?

- "Adanaspor"la görüşdə meydanda əsasən gənc futbolçular mübarizə apardı. Bu da bizi sevindirdi. Onların arasında əsas komandaya cəlb oluna biləcək futbolçular var. Türkiyə birinci liqa təmsilçisinə qarşı əsasən 1996/1997 təvəllüdlü futbolçularımız oynadı. Həmin oyunçuların rəqibə layiqli müqavimət göstərdiyini düşünürəm. "Vorskla"ya qarşı isə Azərbaycan Premyer Liqasının növbəti turlarında mübarizə aparacaq heyətə yaxın bir komanda var idi. Onların da rəqibi güclü idi. Yaxşı oyun oldu. Baş məşqçi özü üçün xeyli məlumat toplaya bildi. 

- Bu oyunlardan sonra təlim-məşq toplanışının birinci mərhələsi başa çatdı. Toplanış haqda fikirlərinizi öyrənək...

- Toplanışın ilk mərhələsində yeni məşqçilər korpusu demək olar ki, komandanı bütünlükdə tanıdı. Düzdür, Qriqorçuk Premyer Liqanın son turlarında "Qəbələ"nin oyunlarını izləmişdi və futbolçuları qiyabi olaraq tanıyırdı. Lakin baş məşqçi artıq "Qəbələ"nin əsas komandası və əvəzedici heyəti haqda ətraflı məlumat toplamış oldu. Baş məşqçi ilk dəfə olaraq əvəzedici heyətin futbolçularından bəzilərini əsas komandaya cəlb etdi. Bu proses toplanışın ikinci mərhələsində də davam edəcək. Düşünürəm ki, komandanın hazırlığı həm bizi, həm də məşqçilər korpusunu qane edir. Bundan sonra bütün diqqət Premyer Liqanın növbəti turlarına yönələcək. Buradakı işin bəhrəsini çempionat oyunlarnda görəcəyik. 

- Qış transfer pəncərəsi dönəmində "Qəbələ" heyətinə cəmi 4 futbolçunu cəlb etdi. Bunlardan biri yerli, digər üçü isə "Çernomorets" klubundan transfer olunub. Ukrayna təmsilçisindən üç futbolçunun transferini sırf baş məşqçi Roman Qriqorçukla bağlamaq olarmı?

- Sözsüz ki, bu, belədir. Tez-tez baş məşqçi ilə komanda və yeni transfer olunacaq futbolçularla bağlı görüşlər keçiririk. Roman Qriqorçuk daha yaxşı tanıdığı futbolçuları komandaya dəvət edir. 

- Aleksey Qay istisna olmaqla, digər üç futbolçu ilə cəmi 6 aylıq müqavilə imzaladınız...

- Bəli. Baş məşqçi belə istədi. Həmin futbolçular üçün yeni ölkə, yeni çempionat olacağına görə baş məşqçi 6 aylıq müqavilə imzalamağı məsləhət gördü. Çünki həmin futbolçuların Azərbaycan Premyer Liqasına uyğunlaşmasında hər hansı problem ola bilər. Bu səbəbdən risk etmədik. Lakin onu deyim ki, transfer etdiyimiz hər 4 futbolçunun hazırlıq durumu, oyunu klubu və baş məşqçini qane edir. Onların hər biri istər əvəzedici heyətdən gələn, istərsə də, komandada çıxış edən digər oyunçulara nümunə ola biləcək futbolçulardır. Altı aylıq müqavilə imzaladığımız oyunçularla söhbət zamanı onlarla əməkdaşlığımızın uzun müddətli olacağına ümid etdiyimizi söyləmişik. İnanırıq ki, həmin futbolçular özlərini yaxşı tərəfdən göstərərək, bizi mövsümün sonunda onlarla yeni müqavilə imzalamağa məcbur edəcəklər. Qış fasiləsində komandaya çoxlu futbolçu cəlb etmək bir qədər risklidir. Bu səbəbdən düzgün addım ataraq həm baş məşqçinin yaxından tanıdığı futbolçuları transfer etdik, həm də onlarla qısamüddətli müqavilə imzaladıq.  

- Bundan sonra da transferlər gözlənilirmi?

- Bəli. Gözlənilir. Toplanışın ikinci mərhələsində komandaya ən azı bir futbolçu da qoşulacaq. Premyer Liqanın qarşıdakı turlarında bizi ağır oyunlar gözləyir. İddiamızı nəzərə alsaq, düşünürəm ki, ehtiyat skamyamız da zəngin olmalıdır.

- Hansı mövqeyə oyunçu alacaqsınız?

- Baş məşqçinin istəyi ilə komandaya daha bir müdafiəçi cəlb edəcəyik. O, hazırkı müdafiəçilərdən də razıdır. Lakin daha bir oyunçuya ehtiyac duyulur.

- Komandadan gedəcək futbolçu necə, olacaq?

- Hazırda Yazalde Pinto və Andrea Kristea heyətdən uzaqlaşdırılıb. Yazalde digər klubla danışıqlar aparır. Kristeanın oyunu baş məşqçini qane etmədiyindən o, fərdi proqram üzrə çalışır. Bundan sonra hər hansı futbolçunun komandadan getməsi gündəmdə deyil. Bununla belə, baş məşqçinin fikirlərini nəzərə alacağıq.

- Belə başa düşdüm ki, komandanı hələ heç bir futbolçu tərk etməyib.

- Hələlik yox.

- Dmitri Bezotosnının transferindən sonra Kamran Ağayevin komandadan gedəcəyi söylənilir...

- Xeyr. Kamran komandadan gedəcəkdisə, o heç təlim-məşq toplanışında da iştirak etməzdi. O, bu günə qədər komandanın əsas qapıçısı olub. Bundan sonra isə onun özündən asılıdır. Rəqabətdən kim qalib çıxsa, o da əsas heyətdə yer alacaq. Komandaya yeni qapıçının gəlişi həm Kamran, həm də Anar Nəzirov üçün yaxşıdır. Onun gəlişi ilə rəqabət bir qədər də artdı. Bundan sonra hər iki qolkiper öz üzərində daha çox çalışmaqla əsas heyətə düşmək uğrunda mübarizə aparacaq. Əsas heyətdə heç bir futbolçunun yeri təmin olunmayıb. Məşqlərdə kim özünü yaxşı göstərəcəksə, ona da əsas heyətdə şans veriləcək.

- Müqavilə ilə "Rubin"ə məxsus olan Ruslan Abışovun komandada qalıb-qalmayacağı dəqiqləşib?

- Hələ ki, tam olaraq dəqiqləşməyib. Ancaq həm biz, həm də futbolçu əməkdaşlığımızı davam etdirmək istəyirik. Məsələ yaxın günlərdə həllini tapacaq.

- Komandanın Premyer Liqanın ilk iki dövrəsindəki çıxışını necə dəyərləndirirsiniz?

- Təəssüf ki, ilk iki dövrədəki çıxış ürəkaçan olmadı. Komandanın göstərdiyi nəticələrdən sonra daha qəti addımlar atılmalı idi. Bu da baş məşqçi dəyişikliyinə səbəb oldu. Ümid edirik ki, Premyer Liqanın qarşıdakı turlarında ilk iki dövrədəki nəticələr təkrarlanmayacaq. Çünki qış fasiləsinə qədər əldə olunan nəticələr komandanın iddiasına yaraşmadı. Lakin vəziyyəti dəyişəcəyimizə inanırıq. Çünki qarşıda vaxtımız var.  

- Geridə qalan 2014-cü ili "Qəbələ" üçün uğurlu hesab etmək olar?

- Əlbəttə, komanda 2014-cü ildə ilklərə imza atdı. Ölkə kubokunun finalına yüksəlmək "Qəbələ" üçün uğur idi. İlk dəfə çempionatın bürünc medallarına yiyələnmək də komanda üçün tarixi hadisə oldu. Lakin bu uğurları daha öncə qazanmalı idik. Ümid edirəm ki, bundan sonra komanda davamlı olaraq medalçılar sırasına düşəcək. 2014-cü ildəki uğurları daha da yaxşılaşdırmağa çalışacağıq.

- Hansı futbolçuların çıxışı sizi təəccübləndirdi?

- Təəccübləndirən futbolçu olmadı. Lakin İbrahima Niasse və Ebesilionun Rusiya Premyer Liqa klubuna transferi bizi sevindirdi. Komanda tarixində ilk belə hal idi. Həmin futbolçular Rusiya Premyer Liqasında rahatlıqla oynaya biləcəklərini nümayiş etdirdilər. Bizi ən çox sevindirən məqam akademiya futbolçularının əsas komandaya cəlb olunmalarıdır. Müşviq Teymurov, Sadiq Quliyev, Elvin Camalov ötən mövsümü əsas komandada keçirdi. Ümid edirəm ki, E.Camalov yeni baş məşqçinin rəhbərliyi altında daha yaxşı oyun sərgiləyəcək. Əvəzedici heyətin üzvlərini əsas komandada görmək bizim üçün çox sevindirici məqamdır.

- "Qəbələ"nin bu mövsüm üçün əsas hədəfi nədir?

- Komanda artıq ötən mövsüm tarixində ilk dəfə avrokuboklara vəsiqə qazandı. Təəssüf ki, debütümüz uğursuz alındı. Bundan sonrakı hədəfimiz ardıcıl olaraq avrokuboklara vəqiqə qazanmaq və ölkəmizi Avropada layiqli təmsil etməkdir.

- Əsasən Premyer Liqaya, yoxsa kuboka üstünlük verəcəksiniz?

- Ötən mövsüm Premyer Liqada bürünc medal qazandıq və kubokun finalına yüksəldik. Əgər ötən il bunu bacardıqsa, niyə də bunu təkrarlamayaq. Hər iki cəbhədə sonadək mübarizə aparacağıq.

- Avrokuboklara vəsiqə uğrunda əsas rəqib kimi hansı komandaları görürsünüz?

- Bütün klublar bizim üçün əsas rəqibdir. Sözsüz ki, çempionatda iddialı rəqiblər hər kəsə bəllidir. Onları sadalamağa ehtiyac yoxdur. Amma biz də çalışacağıq ki, mövsümün sonunda medalçılar sırasında yer alaq.

Vüsal HÜSEYN,
Antalya

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu