"Bu qələbə ilə problemlərimiz həll olunmadı" - Qurban Qurbanov

"Bu qələbə ilə problemlərimiz həll olunmadı" - Qurban Qurbanov
MÜSAHİBƏ 20 Dekabr 2014 / 19:03 8991
-  A +

"Qarabağ" klubunun baş məşqçisi Qurban Qurbanov Qol.Az saytının suallarını cavablandırıb.


- Avropa Liqasının qrup mərhələsinin son turunda Bakıda “İnter”lə keçirilən oyundan sonra komandada əhval-ruhiyyə necədir?

- Düşünürəm ki, bunlar bizə mane olmamalıdır. Həddindən artıq bu məsələnin üzərində dayansaq, bizə mane ola bilər. Amma nə etsək də, o fikirlər hələ də var. Düşünürəm ki, hər bir işdə xeyir var. Qismətimizdə olsaydı, qol sayılardı və biz qrupdan çıxardıq. Amma bu bizə qələbədən çox, böyük təcrübə verdi. Belə hallar futbolda ola bilər və Azərbaycan xalqı da bununla qarşılaşdı. Bu epizoda düzgün yanaşa bilsək, biz qarşıda yaxşı nəticələr əldə edə bilərik. Bundan sonra daha da soyuqqanlı olub, belə şeylərə hazır olmalıyıq. Çünki belə epizod oyunun sonunda yox, ortalarında da ola bilərdi. Belədə biz soyuqqanlı davranmasaq, oyunu davam etdirə bilmərik. Qarşıda belə hallar təkrarlansa da, futbolçular bunu qəbul edib oyuna köklənməlidirlər.

- Premyer Liqanın son turunda “Xəzər Lənkaran” üzərində səfər qələbəsindən (3:2) sonra komandanın özünə gəldiyini söyləmək olar?

- Avropa Liqası ilə milli çempionat ayrı-ayrı turnirlərdir. İstər-istəməz avroliqaya başqa, ölkə çempionatının oyunlarına ayrı cür motivasiya olursan. Bu gün desəm ki, bu qələbə ilə stresi atdıq, yalan olar. Hər bir komandanın istənilən rəqiblə mübarizə aparmağa gücü çatır. Deyə bilmərəm ki, bu qələbə ilə bizim problemlərimiz həll olundu. Sadəcə “Xəzər Lənkaran”la oyun çempionatın vacib oyunu idi. Vacib 3 xalı qazandığımız üçün çox sevinirəm. Qarşıdan gələn “Sumqayıt”la oyuna da yaxşı hazırlaşıb, qalib gəlməliyik.

- Siz “İnter”lə Avropa Liqasının qrup mərhələsindəki oyunun nəticəsinin xeyrinizə dəyişəcəyinə ümid etmədiyinizi söylədiniz. Bəs, futbolçular necə, onlar da ümidini itirib?
 
- Yekun qərar qəbul olunana qədər az da olsa, inam qalır. Amma ümumi futbol praktikasına baxsaq, belə bir hal olmayıb. Ola bilər ki, hansısa dəyişiklik olsun. Bununla belə, nəticənin dəyişib-dəyişməyəcəyindən asılı olmayaraq məncə, bu klubumuzun və Azərbaycan futbolunun xeyrinə olacaq. Çünki Avropada bizim futbolun adı hallanacaq. Bu da bizim futbolun tanınmasına şərait yaradacaq.

- Sizcə, “Qarabağ” “İnter”i Bakıda məğlub etsəydi, bu qədər tanınardı?

- Tanına bilərdik, amma bəlkə də bu qədər müzakirə mövzusu olmayacaqdıq. Ona görə düşünürəm ki, hər bir işdə xeyir var. Nə qədər üzücü də olsa, biz məsələyə düzgün yanaşmalıyıq.

- Bütün azarkeşlər “Qarabağ”ı qalib komanda kimi qarşıladı...

- Biz o insanlara təşəkkür edirik. Baxmayaraq ki, qrup səddini aşa bilmədik, amma bizi qalib kimi qiymətləndirirlər. Bu bizim məsuliyyətimizi artırır. İşimizi daha da yaxşılaşdırmalıyıq ki, gələcəkdə bizə olan ümidləri doğruldaq və insanları qələbələrimizlə sevindirək.

- Qış fasiləsi yaxınlaşmaq üzrədir. Komandadan gedəcək futbolçuları müəyyənləşdirmisiniz?

- Yox, açığı gedəcək futbolçular hələki yoxdur. Problem orasındadır ki, istədiyimiz futbolçuları komandaya dəvət edə bilmirik. Çünki mövsümün ortasında futbolçu əldə etmək bir qədər çətindir. Ona görə də komandadan kiminsə getməsi gözlənilmir.

- İnnosent Emeqara yenidən komandaya qayıdacaqmı?

- Emeqaranın vəziyyəti yaxşı deyil. Ailəsində ciddi problemlər var. Gəlməmək ehtimalı daha çoxdur. Özü mesajda yazıb ki, ailə problemlərimlə bağlı gələ bilməyəcəm. Biz də onu başa düşürük. ”Qəbələ”ilə oyundan əvvəl bütün gecəni yatmamışdı anasının vəziyyəti ağır idi. Ona görə hələ ki, onun ümumiyyətlə “Qarabağ”a dönmək ehtimalı çox azdır.

- Emeqaranın əvəzinə yeni futbolçu transfer olunacaq?

- Biz daima axtarışdayıq. Nəinki Emeqaranın getməsi ilə əlaqədar hücum xəttində, hətta bir mövqedə üç oyunçu varsa belə, bəyəndiyimiz futbolçunu komandamıza dəvət etməyə çalışırıq. Bir-iki futbolçu yenə də dəvət etmək istəyirik. Amma nə dərəcədə alınacaq bunu deyə bilmərəm.

- Danilo Dias artıq tam hazırdırmı? Qarşıdakı oyunlarda onu əsas heyətdə görə biləcəyikmi?
 
- Əlbəttə ki, fiziki və oyun praktikası baxımından tam hazır deyil. Çünki uzun müddətdir meydana çıxmır. 90 dəqiqə oynamağa gücü də çatmaz. Amma ola bilər ki, daha çox meydanda olsun.

- Digər zədəli futbolçuların durumu necədir?

- Çumbinyonun mart ayında zədəsi sağalacaq. Amma biz zədəli futbolçuların daha yaxşı sağaldıqdan sonra meydana çıxmasının tərəfdarıyıq.

- Mövsümün sonunda komandanın braziliyalı legionerlərinə yaxşı təklif gəlsə, onların gedişinə icazə verəcəksiniz?

- Baxır təklif hansı klubdan gələcək. Təklifdən asılı olmayaraq biz futbolçunun karyerasını da düşünməliyik. Karyerasına uyğun olmayan klubdan təklif gələrsə, həmin futbolçuya getməməyi məsləhət görəcəyik. Çox futbolçular olub ki, klubunu dəyişdikdən sonra demək olar ki, karyerası sona çatıb. Çünki özünə uyğun olmayan klubla müqavilə bağlayıb.

- Komanda qış təlim-məşq toplanışı üçün yenə Türkiyəyə yollanacaq. Antalyada keçirəcəyiniz yoxlama görüşlərində əsasən hansı komandalara üstünlük verəcəksiz?

- Çalışacağıq ki, bir-iki güclü rəqiblə qarşılaşaq. Çünki avrokubok oyunlarından öncə tam fərqli hazırlıq keçdik. Həmin vaxt çalışdıq ki, bütün rəqiblərimiz güclü olsun. Amma bu dəfə bir qədər fərqli olacağına çalışacağıq. Əsasən də toplanışın əvvəlində bir az zəif rəqiblə oyuna üstünlük verəcəyik ki, futbolçular yaxşı hazırlaşa bilsinlər.

- Bolqarıstanın "Çerno More" klubu ilə yoldaşlıq görüşü keçirəcəyinizlə bağlı xəbərlər yayılıb. Bu, nə dərəcədə doğrudur?

- Belə bir fikrimiz yoxdur. Bu, sadəcə firmaların klublara təklifləridir. Antalyaya getməmişdən öncə firmalar klublara təkliflər edir ki, bu klublarla oynaya bilərsiz. Ona görə də mətbuatda elə xəbərlər yayılır. Bizə də belə təkliflər olub.

- Sizə hansı klubları təklif etdilər?

- Təklif olunan komandalar sırasında Bosniya və Hersoqovina, Çexiya, Rusiya klubları var. Ümumiyyətlə Antalyada olacaq klubların böyük əksəriyyəti bizə təklif olunub.


Ergün SEYİD

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu