Mais Mənsimov: “Lənkəranda uduzmaq olmaz!”

Mais Mənsimov: “Lənkəranda uduzmaq olmaz!”
ÖLKƏ FUTBOLU 24 Dekabr 2008 / 13:35 4627
-  A +

“Xəzər Lənkəran”ın prezidenti Mais Mənsimov ölkə çempionatının ilk dövrəsinin yekunları və komandada baş vermiş dəyişikliklər barədə klubun rəsmi saytına müsahibə verib. Qol.Az müsahibəni təqdim edir.

- Mais bəy, klubunuzda maraqlı hadisələr yaşandı. Bir müddət öncə baş məşqçi postunda dəyişiklik olmuşdu. Srağagün isə klubun vitse-prezidenti də dəyişdi. Araz Nəsirovun Rəvan Bəşirovla əvəzlənməsi nəylə bağlıdır?
- Biz daha öncə də bildirmişdik ki, Araz Nəsirov kluba müvəqqəti gətirilib. O, əvvəllər də “Palmali” Şirkətlər Qrupunun Türkiyədəki baş ofisində çalışmışdı və bundan sonra da orada işinə davam edəcək. Nəsirov qısa zaman kəsiyində ona tapşırılan işlərin öhdəsindən uğurla gəldi - təşkilati işlərimizdə olan bəzi nöqsanları aradan qaldırdı. Ona həvalə edilən missiyanı başa çatdırdığından Türkiyəyə qayıtmasına qərar verdik. Son qərarımıza görə, bundan sonra “Xəzər Lənkəran”ın vitse-prezidenti funksiyasını Rəvan Bəşirov yerinə yetirəcək. Bəşirov gənc olmasına baxmayaraq, gördüyü işlərlə, təşkilatçılıq və idarəçilik bacarığıyla etimadımızı qazanıb. Hesab edirik ki, “Xəzər Lənkəran” fanat hərəkatının banilərindən biri kimi, onun klubumuz qarşısında müəyyən xidmətləri olub. Bəşirovun düzgün seçim olduğuna əminik. 
- Artıq KİV-də Rəvan Bəşirovun əvvəllər futbol idarəçiliyi sahəsində çalışmadığına işarə vurulur. Onun yerinə daha təcrübəli birisi təyin oluna bilməzdimi?
- Əvvəla onu xüsusilə vurğulayım ki, Mənsimovlara məxsus “Palmali” Şirkətlər Qrupunda bir yazılmamış qanun əbədiyaşardı - qapılarımız bacarıq, potensial və istedadı olan hər kəsə açıqdır. Mən bəzən mətbuat səhifələrində “Palmali” və “Xəzər Lənkəran”da yalnız Mənsimovların qohumlarının çalışdığını oxuyuram və çox təəssüf edirəm ki, haqqımızda belə düşünənlər var. “Xəzər Lənkəran”da nəinki qohumbazlıq, hətta yerlibazlıqdan da əsər-əlamət yoxdu. Biz insanlara eyni gözlə baxırıq. Rəvan Bəşirovun təyinatı da sübut edir ki, biz qohum-əqrabaya vəzifə paylayanlardan deyilik. İndiyədək “Xəzər Lənkəran”da çalışmış vitse-prezidentlərdən heç bir Mənsimovların qohumu olmayıb. Əlbətdə, Rəvan Bəşirovun yerinə başqa birisi də, hətta əcnəbi də ola bilərdi. Lakin biz Bəşirovun klub sevgisini, xidmətlərini və potensialını nəzərə alaraq, bu qərarı vermişik. Əcnəbi variantına gəlincə, onu qeyd etmək istəyirəm ki, biz həm də futbolumuz üçün yerli kadrların yetişdirilməsi üzərində də düşünmək məcburiyyətindəyik. Hesab edirəm ki, futbolumuzun yerli futbolçulara ehtiyacı olduğu qədər idarəçilərə də ehtiyacı var. 
- İlk dövrədən sonra “Xəzər Lənkəran” yalnız 4-cü pilləddi. Sözsüz ki, bu fakt sizi razı salmır. Necə düşünürsüz, fərqin aradan qaldırılması mümkündürmü?
- Mümkün olmayan heç nə yoxdu! Komandanın qarşısına məhz bu vəzifə qoyulub. “Xəzər Lənkəran” çempionluq titulunu qaytarmalıdır. Beş xal elə də böyük fərq sayılmamalıdır. Ötən mövsümü xatırlayın: çempionatın sonuna cəmi bir neçə tur qalmış “İnter” liderdən elə bu qədər geri qalırdı. Hər şeyin necə nəticələndiyini hamımız gördük. 
- Bəs komandanın oyunu necə, ümidləriniz doğruldumu?
- “Xəzər Lənkəran” öz meydanında məğlub olursa, bu mənim üçün faciədir. “İnter” və “Qarabağ”la oyunlar bizə böyük məyusluq yaşatdı. İki ev oyununda qapımızdan 7 top buraxdıq. Həmin oyunlarda qalib gəlsəydik, indi birinciydik. Yəni demək istəyirəm ki, “Xəzər Lənkəran”ın o qədər azarkeşin gözü qarşısında liderliyi əldən verməsi faciədir. Lənkəranda, ümumiyyətlə, uduzmaq olmaz! Biz isə iki dəfə uduzduq. Məgər belə oyun və nəticələr ümidimizi doğrulda bilərdi? 
- Rasim Karanı gözlənilmədən baş məşqçi təyin edəndə, yəqin onun cəmi altı ay sonra istefaya gedəcəyini gözləmirdiniz...
- Karanın klubumuz qarşısında böyük xidmətləri olub. Yayda komanda məşqçisiz qalanda ilk olaraq yadımıza o düşdü. Düşündük ki, Rasim hoca ikinci cəhddə daha uğurlu olar. Amma olmadı. Ola bilsin, buna onun komandanı çempionatın startına cəmi bir neçə gün qalmış qəbul etməsi də təsir etdi. “Xəzər Lənkəran”ın qarşısına Avropa standartlarına cavab verən oyun nümayiş etdirmək vəzifəsi qoyulmuşdu. Təəssüf ki, bu alınmadı və ola bilsin, Kara da vəzifəni yerinə yetirə bilməyəcəyini anlayıb istefa qərarını açıqladı.
- İndi eyni vəzifəni İqor Ponomaryovun yerinə yetirə biləcəyini düşünürsüzmü? 
- Məgər, belə düşünməsəydik Ponomaryov “Xəzər Lənkəran”ın baş məşqçisi olardımı? Mən başa düşürəm, əksəriyyət əcnəbi mütəxəssisə üstünlük verəcəyimizi gözləyirdi. Amma razılaşın ki, mövsümün ortasında çempionluq vəzifəsinin yükünü çiyinləri üzərinə götürəcək məşqçi tapmaq asan deyildi. Ponomaryov özünə inanır və mövsümün sonu bütün “Xəzər Lənkəran” azarkeşlərini titulla sevindirəcəyinə söz verib. Ona hər cür şərait yaradılacaq. O həm də gəncdir, perspektivlidir, Avropa təcrübəsinə malikdir. Onun rəhbərliyi altında “Xəzər Lənkəran”ın qitə kuboklarında mərhələ keçəcəyinə da inanırıq.
- Ponomaryov vaxtilə milli komandanın və sonra da “Qarabağ”ın başında olarkən böyük uğura imza ata bilməməsi, məşqçi kimi titul sahibi olmaması onun “Xəzər Lənkəran”dakı fəaliyyətinə mənfi təsir göstərməyəcəkmi? 
- Mən indiki “Xəzər Lənkəran”ı o vaxtkı milli komandadan da, o vaxtkı “Qarabağ”dan da xeyli güclü sayıram. Məşqçinin uğurları sərəncamında olan futbolçuların səviyyəsindən birbaşa asılıdır. Biz ona ideyalarını həyata keçirmək üçün tam dəstək verəcəyik. 
- Necə düşünürsünüz, “Xəzər Lənkəran” indiki heyətiylə avrokuboklarda uğur qazanmaq, yəni bir-iki mərhələ keçmək iqtidarındadır?
- Artıq üç-dörd ildir ki, “Xəzər Lənkəran” Azərbaycanda ən güclü heyətə malikdir. Amma avrokubok oyununa çıxan kimi, sanki fələyin tələsinə düşürük - mümkün olan ən ciddi rəqiblə qarşılaşmalı oluruq. Son iki avrokubok mövsümü uduzduğumuz rəqiblərin sonrakı çıxış qrafikinə diqqət yetirin: əla nəticələr əldə ediblər. Əslində mən hesab edirəm ki, həmin təcrübə uğursuz sonuclansa da, gələcək qələbələrin işartısını verir. Əminəm ki, bu uğursuzluq zolağının bir sonu var və İnşallah bu “xoşbəxt son”u bu yay görəcəyik.
- “Xoşbəxt son”un doğma meydanda geçəkləşmək ehtimalı varmı? Nəhayət, bu dəfə “Xəzər Lənkəran” avrokuboklara vəsiqə qazanacağı təqdirdə ev oyununu Lənkəranda keçirə biləcəkmi?
- Lənkəranda beynəlxalq oyunların keçirilməsi üçün bizdən asılı olan hər şeyi etmişik. Əsas problemimiz şəhərdə beynəlxalq hava limanının olmaması idi. Daha bu problem də qalmayıb - bir neçə ay əvvəl Lənkəranda hava limanının açılışı oldu. Hazırda liman rəhbərliyi ilə müntəzəm əlaqə saxlayırıq. Liman günün istənilən vaxtında təyyarə qəbul etməyə hazır olmalıdır. Yalnız bundan sonra UEFA Lənkəranda beynəlxalq oyunun keçirilməsinə razılıq verə bilər. Biz inanırıq ki, bu problem də qısa zaman kəsiyində həllini tapacaq və yayda Lənkəranın adı qitənin futbol şəhərləri siyahısına düşəcək.
- Daha bir problem də hakimliklə bağlıdır. Premyer-Liqanın birinci dövrəsində hakimlərimizin işi sizi nə dərəcədə qane etmədi? 
- İldən-ilə eyni səhvlər, eyni problemlər təkrar yaşanır - bunlar bizi üzür. Bütün futbol ictimaiyyəti Zaqatalada “Simurq”la oyunda baş verənləri gördü. Hakimlər daşıdığı məsuliyyəti dərk etməlidirlər - onlar bir qərarla komandanın oyuna çıxması üçün əziyyət çəkən insanların əməyini yerə vura bilməzlər! Ən acınacaqlısı isə odur ki, Hakim-İnspektorlar və Hakimlər Komitəsi ən ciddi səhvləri belə cəzasız qoyur. PFL prezidenti də buna dəstək verir. Əsl nonsensdir - biz əlimizdə aşkar videoyazı ola-ola bu qurumların rəhbərlərinə sübut edə bilmədik ki, qapımıza qol əllə vurulmuşdur. Həmin oyunun hakiminin cəzasız qalması “Xəzər Lənkəran”a qarşı edilmiş hörmətsizlikdir. AFFA prezidenti Rövnəq Abdullayevə, onun əməyinə dərin hörmətimiz olmasaydı, bu məsələylə əlaqədar UEFA və FİFA-nın müvafiq instansiyalarına şikayət edəcəkdik. Amma inanırıq ki, Rövnəq bəy əsl ədalət təmsilçisi kimi çıxış edərək haqqın bərqərar olmasına şərait yaradacaq. Ona ünvanladığımız məktuba cavab gözləyirik.
- Belə çıxır ki, “Xəzər Lənkəran” da “əcnəbi hakim” ideyasının tərəfdarları sırasına qoşulacaq...
- Bilirsiz, biz də anlayırıq ki, hakimlər insandır və onların da səhv etməyə haqqı çatır. Burada söhbət onların səhvlərinin cəzasız qalması, hakim-inspektorların onlara şişirdilmiş qiymətlər verməsindən gedir. İlk növbədə bunun qarşısı alınmalıdır. “Əcnəbi hakim” ideyasının tərəfdarları sırasına qoşulmaq çətin deyil. Amma öncə bir qədər də səbr edib, yerli hakimlərin ədalət və səriştəsinə olan son ümidlərin də tükənməsini gözləyəcəyik. 
- Dünya iqtisadiyyatında böyük tənəzzül yaratmış maliyyə böhranı “Xəzər Lənkəran”a necə təsir edəcək?
- Klubun sponsoru olan “Palmali” şirkəti heç bir maliyyə çətinliyi yaşamır və İnşallah, bundan sonra da bu sahədə problemlərimiz olmayacaq. Klubumuzun baş sponsoru olan “Palmali” Şirkətlər Qrupunun prezidenti Mübariz Mənsimov dəfələrlə vurğulayıb ki, “Palmali” var olduqca “Xəzər Lənkəran” da var olacaq və klubun bütün ehtiyacları ödənəcək. Mübariz bəy həm də klubun fəxri prezidentidir və bir an belə klubu diqqətindən kənarda qoymur. Bugünədək “Xəzər Lənkəran” və ümumilikdə Azərbaycan futbolu üçün çox işlər görməyə çalışmışıq. Anlayırıq ki, azarkeşlər daha böyük “Xəzər Lənkəran”, daha səviyyəli Azərbaycan futbolu görmək arzusundadırlar. Bu eyni zamanda bizim də istəklərimiz sırasındadır. Futbol sahəsindəki kursumuzu bundan sonra da davam etdirəcəyik və inanırıq ki, gec-tez “Xəzər Lənkəran”ı Avropa səviyyəli komandaya çevirə biləcəyik. Bu yolda “Palmali” Şirkətlər Qrupu dəstəyini əsirgəməyəcək və İnşallah, “Xəzər Lənkəran”ın heç bir maliyyə çətinliyi olmayacaq.
- Yəni azarkeşlərimiz “Xəzər Lənkəran”ın növbəti zəfərlərini gözləyə bilərlər..
- Əlbətdə. “Xəzər Lənkəran”ı xalqımız, insanlarımız üçün yaratmışıq. Bu komanda ölkəmizin cənubunun qürur, fərəh obyektinə çevrilib. Məqsədimiz bütün azarkeşlərimizi qürurlu, fərəhli görməkdir. Onlardan bizimlə olmalarını, dayanmadan komandaya dəstək vermələrini istəyirəm. 


Son xəbərlər
12.03.25  19:39

Nani Bakıdadır