“Neftçi”yə uduzsaq, faciə olar” – Orxan Sadıqlı

“Neftçi”yə uduzsaq, faciə olar” – Orxan Sadıqlı
MÜSAHİBƏ 21 Noyabr 2014 / 16:50 6598
-  A +

“Xəzər Lənkəran” klubunun qapıçısı Orxan Sadıqlı Qol.Az saytına müsahibəsində Premyer Liqamızın son turunda “İnter”ə uduzduqları oyundan (1:3) və növbəti turda “Neftçi” ilə keçiriləcək qarşılaşmadan danışıb.

- Ardıcıl qələbələrdən sonra “İnter”ə uduzdunuz. Görüş haqda fikirlərini bilmək istərdik.

- İlk hissədə pis oynadıq. Öz səhvlərimizdən erkən qollar buraxdıq. Hər oyunda bu səhvləri edirik. Bunun üzərində işləməliyik. Əks halda heç bir nailiyyət qazana bilməyəcəyik. “İnter” çempionatımızın ən yaxşı komandalarındandır. Ancaq biz dünən rəqibdən zəif çıxış etmədik. Öz səhvlərimizin qurbanı olduq.

- Məğlubiyyətin səbəbini müdafiə xəttinin zəif çıxış etməsində görürsən?

- Bəli, son vaxtlar müdafiədə daha çox sıxıntı yaşayırıq. Ötən oyunlara diqqət etdikdə görürük ki, müdafiə xəttimizin inamsız çıxışı nəticəsində qollar buraxmışıq.  Ancaq futbol komanda oyunudur. Deyə bilmərəm ki, sırf flan müdafiəçimizə görə uduzduq. Bu sıxıntıdan çıxmaq lazımdır.

- Əksər komanda yoldaşların isə məğlubiyyətin səbəbini hakim səhvləri ilə bağlayır.

- Oyunun videoyazısını təkrar izləyəndə görünür ki, “İnter”in qapıçısı Səlahət Ağayev cərimə meydançasından kənarda əllə oynayır. Halbuki, hücumçumuz Tounkara onunla təkbətək çıxmışdı. Bundan başqa digər epizodlar da oldu ki, hakimin qərarını başa düşə bilmədik. Hansı ki, eyni epizodlar digər oyunlarda olanda hakimlər başqa cür qərar verir.

- Yəni hakimlərin sizə qarşı qərəzli olduğunu düşünürsən?

- Əslində hakimlikdən danışmağı xoşlamıram. Sadəcə onu demək istəyirəm ki, rəqib qapıçısı vaxtında meydandan qovulsaydı, oyunun nəticəsi tam başqa cür ola bilərdi. Hakimlərin qərarını isə müvafiq qurumlar müzakirə etməlidir, mən yox.

- Oyundan sonra “İnter”in baş məşqçisi Kaxaber Sxadadze “Xəzər Lənkəran”ın məşçilər korpusu istiqamətinə qeyri-etik jest etdi. Bu barədə nə deyə bilərsən?

- Sxadadze həmişə belə hərəkətləri ilə yadda qalır.  Ötən mövsüm Lənkəranda “İnter”ə qalib gələndə biz heç bir artıq hərəkət etmədik. Futbolda udmaq da olar, uduzmaq da. Ancaq hər iki halda mədəniyyəti unutmaq olmaz. Qalib gəlmisiniz, təbrik edirik. Daha bu hərəkətlər nəyə lazımdır? Artistlik etməyin nə mənası var?

- Əcnəbi baş məşqçinin ölkəmizdə belə hərəkət etməsində günahkar kimdir?

- Bunun hamısını özümüz edirik. İstər əcnəbi futbolçular olsun, istərsə də məşqçilər, onlara biz şərait yaradırıq ki, bu cür hərəkətlərə yol versinlər. Onlara mehribanlıq göstəririk, fikirşləşirlər ki, burda hegamonluq etməliyik. Əcnəbi futbolçular bir neçə qol vurandan sonra onları o qədər tərifləyirik ki, nəticədə hədlərini aşırlar. Eləcə də məşqçilər.  Sxadadze daima “İnter”i beş müdafiəçi ilə oynadır. Heç bundan danışmır.  Qalib gələndə də bu cür hərəkət edir. Onun ətrafında olan azərbaycanlılar ona başa salmalıdırlar ki, burda belə şey etməsin. “İnter” kimi komandaya yaraşmır ki, baş məşqçisi belə ədəbsizlik etsin. Onsuz da Sxadadzeni hamı yaxşı tanıyır.

- Premyer Liqamızın növbəti turunda prinsipial rəqiblərinizdən olan “Neftçi” ilə qarşılaşacaqsınız. Bu görüş haqda nə düşünürsən?

- “Neftçi” ilə bütün oyunlarımız derbi sayılır. Komandaların hansı pillədə olmağından asıı olmayaraq hər zaman bu matç digərlərindən seçilir. Yəni tamam başqa ab-hava olur. Artıq “İnter”ə məğlubiyyəti unutmuşuq. Turnir cədvəlinə nəzər salanda görürük ki, vəzəiyyətimiz pis deyil. İlk pillədə olan “Qarabağ”la bizi yeddi xal ayırır. Ona görə də qarşıdakı oyunlara həvəslə hazırlaşırıq. “Neftçi” ilə matça isə tam fərqli motivasiya oluruq. Məqsədimiz layiqli qələbə qazanmaqdır.

“İnter”ə məğlubiyyəti nəzərə almasaq, komandanızın yüksəlişdə olduğunu demək olar?

- Əlbəttə, əslində “İnter”ə  də qalib gələ bilərdik. Ardıcıl qələbələr qazanırdıq. Yenə həvəsdən düşmürük. “Neftçi” ilə oyunun məsuliyyəti daha böyükdür. Bu dəfə də uduzsaq, faciə olar. Çünki çempionluğa oynayan komandayıq. Bu yolda əsas rəqiblərimizdən biri də “Neftçi”dir.

Ramiq AĞAMƏMMƏDOV
 

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu