Beşinci turda Azərbaycan Premyer Liqasının mərkəzi oyunu İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda baş tutdu. “Neftçi” “Xəzər Lənkəran”ı qəbul etdi. Oyun barədə danışmayacağam. Bu haqda fikirlərimi turun şərhinə aid ənənəvi yazımda bildirəcəyəm. Bu dəfə toxunacağım məsələ tamam başqadır. Polislərdən danışacağam, stadionlarımızda asayişi qorumalı olan Azərbaycan polislərindən.
Ümumiyyətlə, bu məsələ haqqında nə qədər yazırsan, yenə də düzəlmək bilmir. Heç bu gedişlə düzələnə də oxşamır. Əslində “Neftçi” - “Xəzər Lənkəran” matçının gedişində və matçdan sonra müəyyən qalmaqalların yaranacağını təxmin etmişdim. Bu mənada oyundan sonra azarkeşlər, eləcə də azarkeşlərlə polislər arasında qarşıdurmanın yaranmasına dair xəbərləri normal qəbul etdim. Ancaq oyundan sonra çəkilən videogörüntüləri görəndən sonra...
Bu qədər də olmaz. Artıq birinin buna “dur” deməsi lazımdır. Bu qədər polis zorakılığı olmaz. Bu gedişlə heç kim stadiona getməyəcək. Turun mərkəzi görüşündə polislər azarkeşləri sözün əsl mənasında qəddarcasına döyür. Səbəb? “Qışqırma, otur aşağı”, “barabanı vurma, başım ağrıyır”, “sal aşağı, indi o bayrağı alıb...” (söhbət Azərbaycan Dövlətinin Bayrağından gedir). Bu nə deməkdi? Futbol başbilənlərimiz bəzən haqsız yerə mətbuatı qınayır ki, guya bizlər futbolu təbliğ etməkdən daha çox qalmaqal yazırıq, azarkeşləri stadionlardan küsdürəcək materiallara yer veririk.
Bəs buna nədir sözünüz? Bu gün 13-14 yaşlı hansısa yeniyetmə futbolsevər 10-15 polisin bir azarkeşi döyməsini görəndən sonra stadiona gedər? İnanın ki, getməyəcək. Bugün Azərbaycan futbolunda, xüsusilə də paytaxtda ən böyük problemlərindən biri məhz azarkeşlərlə bağlıdır. Biz çalışmalıyıq necə edək ki, azarkeşləri stadiona cəlb edək. Amma təəssüf ki, əksini edirik və onları stadiondan qaçırdırıq.
Polis tərəfindən döyülənlər “Neftçi” azarkeşləridir. Başda Ceyhun Əzizli olmaqla, döyülənlərin hansı vəziyyətdə olması videogörüntülərdən aşkar görünür. Hətta bir azarkeşə o dərəcədə fiziki təzyiq göstərilib ki, onun əynindəki pencək ortadan ikiyə bölünüb. Axı, bu insanlar qanunsuz mitinqə getməyib, davaya gəlməyib, təxribatla, qiyamla məşğul deyillər. Onların tək “günah”ı futbol xəstəsi olmalarıdır? Hansı ki, bu cür “xəstələr”ə böyük ehtiyacımız var. Əgər polis onları bu günə qoyursa, biz boş stadionlarımızı necə dolduracağıq?
Düzü, mən o polislərin hansı yolla işə qəbul olunduğunu bilmirəm, bunu özləri və onları işə götürənlər daha yaxşı bilər. Ancaq fakt odur ki, həmin polislərin nəinki futboldan, ümumiyyətlə, daşıdıqları vəzifənin mahiyyətindən belə xəbərləri yoxdur. Təbii, işini, vəzifəsini kifayət qədər bilən, azarkeşə, mediaya qarşı yetərincə qaydalar çərçivəsində davranan polislərimiz də var. Amma stadionla mitinqi, klubun bayrağını, futbola aid şüarları siyasi şüarlarla, bayraqlarla səhv salan polisləri nəzərdə tuturam. Bir polis ki, ölkəsinin bayrağı haqqında “o bayrağı alıb...” deyirsə, həmin şəxsin, ümumiyyətlə, polis orqanlarında çalışmağa nə hüquqi, nə də mənəvi haqqı çatır.
Düşünürəm ki, artıq həm klub rəhbərləri, həm Peşəkar Futbol Liqası, (PFL) həm də AFFA rəhbərliyi məsələyə ciddi münasibət ortaya qoymalıdır. Azarkeş stadiona futbola baxmağa, doğma komandasına, ümumilikdə futbola dəstək olmağa gəlir, döyülməyə, polis dubinkasına qonaq olmağa yox. Azarkeşi qazanmaq üçün yollar aramaqdan, olan-qalanı da “polislərimiz” sayəsində itiririk. Cənubi Kiprdə azarkeşlər Kipr polsinin gözü önündə Azərbaycan, Türkiyə bayraqlarını yandırırlar, amma bizim polislər Qarabağa dəstək üçün hazırlanmış plakatı belə qaldırmağa imkan vermirlər.
Bir təklif də irəli sürmək istəyirəm ki, artıq stadionlara xüsusi təlim, seminar keçmiş polislər cəlb olunsun. Avropa futbolunu izləyirik. Orada oyunlarda asayişi qoruyan polislərin hamısı xüsusi seminarlarda iştirak edirlər, maarifləndirilib stadionlara cəlb olunurlar. Bundan başqa, azarkeşlərlə necə davranmağı, hansı anda hansı addımı atmağı çox gözəl bilirlər. Polis yalnız o anda hadisələrə müdaxilə edir ki, artıq asarkeşlər azğınlaşırlar, stadiona daxil olmaq, tribunalararası səddləri dağıtmaq istəyirlər, kresloları sındırıb stadiona atırlar. Hətta bu zaman da belə Avropa polisi birbaşa dəyənəyi işə salmır, fanatlara 2-3 dəfə xəbərdarlıq edir. Halbuki bizim azarkeşlik üstündə döyülənlərdən fərqli olaraq, onlar sözün əsl mənasında xuliqanlıq edirlər. Mən belə baxıram ki, Avropada bəzi azarkeşlərin etdiklərini bizim azarkeşlər etsə, o zaman bizim polislər onları “kalaşnikov”a düzər.
Yekun olaraq, bir daha demək istəyirəm, polislərlə təcili iş aparılmalı, onlar futbolla bağlı təlimatlandırılmalı, seminarlara cəlb olunmalıdır. Polis stadiona asayişi qorumağa gəlir, azarkeş döyməyə yox. Təbii, xuliqanlıq, özbaşınalıq edən varsa, buna qarşı tədbir görülməlidir. Yoxsa, “barabanı vurma, başım ağrıyır” deyən polisin stadionda nə işi var?
Anar XANLAROV
"Turan Tovuz" hazırlıqlara başladı
Azərbaycan şahmatçısı Özbəkistanda 1-ci oldu
Noyer millinin tarixinə düşdü
"Şamaxı" yeni transferini açıqladı
Azərbaycan millisi Avropa kubokunun finalında
“Real” Kukurelyanı gətirir
Almaniya və Kurasao millilərinin start heyətləri açıqlandı
"Mançester Siti"də 5 illik müqavilə
Rüştü Reçberin uğurunu təkrarladı
Arda Güler hakim qərarından narazı qaldı
FİFA ulduzu çıxarmağı tələb etdi
"Tottenhem"də qalır
Dünya çempionatında rekord qırdı
Azərbaycanın 8 şahmatçısı dünya çempionatına yollandı
Arda Turan Ukraynada mövsümün ən yaxşı məşqçisi seçildi
ABŞ-a buraxılmayan hakim bütün mükafatını alacaq
"Bəzən şillə yemək ayağa qalxmaq üçün yaxşıdır" - Çalhanoğlu
Ranqniklə müqavilə uzadıldı
Azərbaycandan getdi, çempionla müqavilə bağladı
Türkiyədən məyusedici başlanğıc - Video
"Şamaxı"dan ayrıldı, Ermənistan klubuna keçdi
İngiltərə millisinə tornado xəbərdarlığı edildi
"Növbəti matçda daha yaxşı oynayacağıq" - Montella
Braziliya - Mərakeş oyunundan - Video
“İsveçrə ilə matçda komandamla qürur duydum”
Vinisius oyunun ən yaxşısı seçildi - DÇ-2026
Məğlubiyyətdən son anda qurtuldular
Azərbaycan milliləri yarımfinalda
Hökumətdən sərt addım - DÇ-2026 matçlarını izləməyəcəklər
"Şamaxı"da baş məşqçinin köməkçiləri müəyyənləşdi
Rosenior Fransadan gələn təklifi rədd etdi
Prezident milliyə müraciət etdi
"Elçe" yeni baş məşqçisini açıqladı
Premyer Liqada saç çəkməyə görə cəza qaydası dəyişir
"Ançelottinin bütün sirlərini bilirəm"
Yuri Vernidubdan mundial proqnozları: "Fransa yığması.."
İngiltərə yığmasının oğurlanan əşyalarından xəbər var