Qəbələdə hakim “şousu”, "Xəzər Lənkəran"da nə baş verir?

XƏBƏR 21 Noyabr 2011 / 11:10 7860
-  A +

Ötən həftə Azərbaycan Premyer Liqasında XIII turun oyunları keçirilib. Tur yenə də maraqlı nəticələr və qalmaqallarla yadda qalıb. Lider “Xəzər Lənkəran” xal itirə-itirə gedir. Mirça Rednikin komandası bu dəfə evdə “Rəvan”a 1 xal bağışlayıb. Lakin xal itkisinə baxmayaraq, lənkəranlılar zirvədəki yerlərini qoruyublar. Çünki ikinci pillədəki “Neftçi” Qəbələdə yerli komandaya məğlub olub. Oyunun özü isə qalmaqalla yadda qalıb. “Turan”da baş verənlər isə nəhayət, pik nöqtəyə doğru yaxınlaşır. Belə ki, “Bakı” ilə oyuna əvəzedici komandanın futbolçuları çıxdılar. İndi isə turun ümumi mənzərəsinə nəzər salaq:

AZAL-da Elxan Abdullayevin gedişini istəyənlər olub

Daha öncəki turların şərhini yazarkən dəfələrlə vurğulamışıq ki, “Kəpəz”in potensialı olsa da, güclü maliyyəsi yoxdur. Məhz bu səbəbdən komanda ötən mövsüm yaşadığı taleyi yaşayır. Yəni komanda mövsümə yaxşı başlayır, turlar irəlilədikcə, komanda üstünlüyünü əldən verir. Çünki mövsüm boyu stabil oynamaq üçün güclü heyətin olmalıdır. Güclü heyət üçün isə güclü maliyyə lazımdır. Hansı ki, “Kəpəz”də yoxdur. AZAL-a gəlincə, artıq adamda şübhə qalmır ki, bu komandada Elxan Abdullayevin gedişində maraqlı olan insanlar var idi. Hər halda “təyyarəçilər” Abdullayevin istefasından sonrakı iki turun hər ikisində qalib gəlib, rəqib qapısından 5 top keçirib, öz qapısından isə birini belə buraxmayıb.

“Simurq” “Sumqayıt Şəhər”ı irəli getməyə qoymadı

AZAl və “Qarabağ” üzərindəki qələbələrlə xal ehtiyatını yaxşılaşdıran “Sumqayıt Şəhər” “Simurq”u da məğlub edəcəyi tədqirdə sonuncu pillədən qurtulacaqdı. Lakin bu dəfə alınmadı. Sumqayıtlılar ən azı evə 1 xalla qayıtmağa da çox yaxın idilər. Lakin matçın başa çatmasına 8 dəqiqə qalmış buraxılan qol onları bundan da məhrum etdi. Maraq üçün qeyd edək ki, bu komandaların ilk dövrədə Sumqayıtda keçirilən qarşılaşmasını da “Simurq” 1:0 hesabıyla qazanmışdı və həmin oyunda da yeganə qolun müəllifi Robertas Poşkus olmuşdu. Bu qələbə sayəsində Zaqatala klubu ilk “altılığ”a bir qədər də yaxınlaşdı.

“Xəzər Lənkəran”da nə baş verir?

Turun ən gözlənilməz nəticəsi Lənkəranda qeydə alındı. Ötən tur səfərdə “Neftçi”yə biabırçı hesabla məğlub olan lənkəranlılar bu dəfə evdə debütantın müqavimətini qıra bilmədi. Xatırlayırsınızsa, “Xəzər Lənkəran” ilk dövrədə də “Rəvan”a qalib gələ bilməmiş, matç heç-heçə bitmişdi. Məhz həmin xal itkisi lənkəranlıların cari mövsümdəki ilk xal itkisi olmuşdu. Düzdür, bu xal itkisi Lənkəran klubunun liderliyinə təsir etmədi. Əksinə, onlar “Neftçi”dən daha 1 xal da uzaqlaşdılar. Lakin ümumilikdə komandada problemlərin olduğu aşkardı. Deyilənə görə oyundan sonra “Xəzər Lənkəran”ın düşərgəsində qalmaqal da yaşanıb. Belə ki, baş məşqçi Mirça Rednik öncə Adrian Piti söyüb. Daha sonra isə Rosası zəif oynamaqda ittiham edərək komandadan qovub. Rumıniyalı mütəxəssis qapıçı Kamal Bayramovu da bilərəkdən zəif oynamaqda ittiham edib. Çox qəribədir, Kamran qurtardı, indi də digərləri “satqın” çıxmağa başladı? Piti, Rosası, Kamranı Rednik özü transfer edib, indi necə oldu onları “xəyanətkar” çıxardı? Hər halda maraqlıdır, görəsən, baş məşqçi nə vaxtsa özünü də günahkar çıxaracaq?

Hakimlərə inam qalmayıb

Turun ən qalmaqallı matçı Qəbələdə oynanıldı. Bu oyunda qələbə qazanmaq hər iki komanda üçün vacib əhəmiyyət kəsb edirdi. Lider “Xəzər Lənkəran”ın xal itkisindən yararlanmaq istəyən “Neftçi” qələbə qazanaraq, liderliyə yüksəlmək istəyirdi. Üstəlik, Toni Adamsın istefasından, Mahir Şükürovun isə dopinq qalmaqalı səbəbindən oyunu buraxacağı bilinəndən sonra “Neftçi”nin qələbəyə olan inamı daha da artmışdı. Lakin Fatih Kavlak da özünü sübut etməkdə israrlı idi. Adamsı əvəzləyən türkiyəli mütəxəssis ilk oyunundaca qələbə qazanaraq nəyə qadir olduğunu göstərmək istəyirdi. Bu arada Rəşad Abdullayevin cəza səbəbindən oyunu buraxması Böyükağa Hacıyev üçün ciddi itki sayılırdı. Oyuna gəlincə, Qəbələ səfəri heç də “Neftçi”nin gözlədiyi qədər asan  olmadı. Əksinə, Adamsın gedişi sanki “Qəbələ”nin gücünü daha da artırmış, onların oyununa müsbət mənada təsir etmişdi. Etiraf edək ki, meydança sahibləri çox yaxşı təsir bağışladılar. “Xəzər Lənkəran”la oyunla müqayisədə isə “Neftçi” o qədər güclü nəzərə çarpmadı. Komandanın serbiyalı qapıçısı Stamenkoviçin buraxılan qoldakı səhvini isə hamı gördü. O, Aleksandr Çertoqanovun cərimə zərbəsindən vurduğu topu peşəkar qapıçıya yaraşmayan şəkildə qapıdan buraxdı. Oyuna damğa vuran şəxs isə baş hakim Ramil Diniyev oldu. Açığı, həmin epizod haqqında danışmağa adam utanır. Yəni hansısa komandaya kömək etmək istəyən hakim ilk növbədə bunu bacarmalıdır. Hamının gözü qabağında aşkar simulyasiyaya penalti qərarı vermək... Şəxsən mən oyunun son dəqiqəsində Denis Silvanın aşkar simulyasiya etdiyini televiziya ekranından gördüm. Yani Diniyev meydançada bunu görə bilmədi? İnanmıram ki görməsin. Bax, bu cür hakim qərarları hakimlərə, AFFA Hakimlər Komitəsinə olan inamı azaldır. Məncə, heç “Neftçi”nin də bu cür hakim köməkliklərinə ehtiyacı yoxdur. İmkan verin təmiz futbol getsin, güclü olan, qalib gəlsin. Niyə görə “Qəbələ”nin halal qələbəsini əlindən almalı, haqqını tapdalamalısınız? Bilmirsiniz, Allah yuxarıdan baxır və haqq-ədalət öz yerini tutacaq? Daha öncə qapıya gedən top açıq şəkildə Ruslan Abışovun əlinə dəysə də, hakim penalti vermir,  amma Silvanın aşkar simulyasiyası zamanı bunu edirsən? Milyonların gözü önündə bu cür şou göstərmək lazım deyil. Bir daha deyirəm, məhz bu cür qərarların nəticəsidir ki, futbol ictimaiyyətində hakimlərə az da olsa inam qalmayıb.

“Turan”ın yolu birinci divizionadır

Bu oyunda “Bakı”nın qələbəsi, özü də böyükhesablı qələbəsi gözlənilən idi. Çünki “Turan”ın matçöncəsi durumu buna əsas verirdi. Neçə aydır ki, maaşlarını ala bilməyən futbolçularun səbr kasası nəhayət ki, daşdı və onlar oyuna çıxmadan imtina etdilər. Belə olunca, rəhbərlik əvəzedici komandanın futbolçularını Bakıya gətirməli oldu. Bu zaman isə baş məşqçi Əsgər Abdullayev əvəzediciləri meydançaya çıxarmaqdan imtina etdi və matçı tribunadan izlədi. Komandanı oyuna isə Eltay Aslanov çıxardı. Nəticə isə tovuzlular üçün acınacaqlı oldu - 0:5. Əslində daha öncə də futbolçular bir neçə dəfə qiyam qaldırmışdılar. Lakin hər dəfə rəhbərlik onları dilə tuta bilmişdi. Bu dəfə isə deyəsən, vəziyyət doğrudan da kritikdi. Maliyyə vəziyyəti düzəlməsə, “Turan” elə bu gənclərlə mübarizə aparmalı olacaq. Bu gedişlə isə I Divizion qaçılmazdı.

Ədəbaz Roşa

Tura “Şəfa”da yekun vuruldu. “Xəzər Lənkəran”la “Neftçi” xal itirməsindən sonra həm “İnter”, həm də “Qarabağ” nəyin bahasına olursa-olsun, qələbə qazanıb liderlərə daha da yaxınlaşmaq istəyirdilər. Lakin matç tərəfləri qane etməyən hesabla başa çatdı – 0:0. Düzdür, bu nəticənin “İnter”i qismən qane etdiyini demək olar. Çünki onlar ikinci pilləyə yüksəldilər. “Qarabağ” isə yenə qələbəyə həsrət qaldı və “Bakı”nı özündən irəli buraxdı. Bu oyunda diqqət çəkən daha bir məqam Roşanın yenə yersiz “artistliy”i oldu. “Rəvan”la oyunda ədabazlıq edərək saysız hesabsız qol şanslarını boşa verən, yekunda komandasının 2 xal itirməsinə səbəbkar olan barziliyalı “İnter”lə qarşılaşmada da topla yersiz çox davranması ilə baş məşqçi Qurban Qurbanovu da özündən çıxardı. Düşünürük ki, rəhbərlik artıq onunla bağlı ciddi ölçü götürsə yaxşı olar.

Anar XANLAROV,
Qol.Az saytı üçün

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər