Hacıyev yenə Redniki qabağa buraxdı

XƏBƏR 17 Oktyabr 2011 / 12:07 5870
-  A +

Ötən həftə Premyer Liqada IX turun oyunları keçirildi. Oyunların şərhinə keçmədən öncə qeyd edim ki, turun altı oyunundan beşinin eyni günə təyin edilməsi yenə balansı pozmuşdu. Şənbə gününə təyin oluna yegan matç (“Turan”-AZAL) tərəflərin azarkeşlərindən başqa heç kim üçün böyük maraq kəsb etmirdi. Əvəzində bazar günü sıravi futbol azarkeşləri seçim qarşısında qaldılar: hansı oyunu seyr edim?
İndi isə keçək şərhlərə.

“Turan” - AZAL

Yazının girişində də qeyd etdiyimiz kimi, bu oyun yalnız tərflərin özləri və azarkeşləri üçün maraqlı idi. “Turan”ın durumu hər kəsə məlumdur və onların tapmacasına hələ ki, cavab tapan yoxdur. Futbolçuları bu gün “komanda dağılır” desə də, sabah yenidən oyuna çıxırlar. Təbii ki, bu cür qeyri-ciddi vəziyyətdə fəaliyyət göstərən komandanın nəticələri də uğurlu ola bilməz. AZAL-a gəlincə, artıq əminliklə demək olar ki, ötən il Nazim Süleymanovun rəhbərlik etdiyi AZAL indikindən qat-qat güclü idi. Əgər “təyyarəçilər” maliyyə burulğanında çabalayan və meydançada 10 nəfərlə qalan  “Turan”ı da məğlub edə bilmirsə, o zaman avrokubok sevdasını da başından atsa yaxşıdır.

“Sumqayıt Şəhər” - “Bakı”

“Sumqayıt Şəhər” yenə qələbəyə həsrət qaldı. Qələbə bir yana, hətta xala da. Prinsipcə, bu komanda pis oynamır. Yerli gənclər bütün gücləri ilə “döyüşürlər”, nəsə etməyə çalışırlar. Ancaq təcrübənin yoxluğu yekun nəticədə sözünü deyir. Xüsusilə komandanın “vuran ayaq”la bağlı ciddi problemi var. Lakin transfer pəncərəsi bağlı olduğundan Bernhard Raab yanvara kimi gözləməlidir. “Bakı”ya gəlincə, baxmayaraq ki, onlar bu oyunda minimal hesablı qələbə qazandılar, ancaq hansısa baxımlı, məzmunlu oyundan danışmaq qeyri-mümkündür. Nəzərə alaq ki, “Sumqayıt Şəhər”in qapıçısı Andrey Popoviç qırmızı vərəqə aldığından sumqayıtlılar 18-ci dəqiqədən etibarən meydançada 10 nəfərlə mübarizə aparıblar. Bununla belə, “Bakı” çətinliklə yalnız 1 qol vura bildi. Hətta bu üstünlüyü də az qala əldən verəcəkdi. Əgər son dəqiqələrdə sumqayıtlı futbolçunun baş zərbəsindən sonra top dirəyə tuş gəlməsəydi.

“Qəbələ” - “Kəpəz”

Açığı, bu oyunun nəticəsini hardasa gözlənilməz saymaq olar. Təbii, “Qəbələ”nin şəraiti, büdcəsi, heyəti “Kəpəz”dən üstündür. Lakin Toni Adamsın komandası 3 oyun idi ki, ard-arda qələbəyə həsrət idi. Gəncə təmsilçisi isə daha yaxşı nəticə göstərərək, ilk “altılığ”a daxil olmağı bacarmışdı. Ancaq lazımı büdcənin olmaması, deyəsən, özünü göstərməkdədir. Hər halda, qarşısına çempionluq məqsədi qoyulan “Qəbələ” nəhayət, ayılaraq, çox vacib qələbə qazanmağa nail oldu.

“Neftçi” - “İnter”

Kaxaber Sxadadze-Böyükağa Hacıyev qarşıdurması çoxları tərəfindən maraqla gözlənilirdi. Deyilənə görə, bu iki mütəxəssis arasında münasibətlər heç də yaxşı deyil və bu amil qarşılaşmaya əlavə rəng qatmalı idi. Çünki Sxadadze ilə Hacıyev hələ 2006-cı ildən bir-birlərini tanıyırlar. Həmin vaxt Sxadadze  “Sioni”nin baş məşqçisi kimi Çempionlar Liqasının ilk təsnifat mərhələsində məhz Hacıyevin “Bakı”sını mübarizədən kənarlaşdırmışdı. Konkret bu oyuna gəlincə, “Neftçi” çox vacib 3 xal itirərək, “Xəzər Lənkəran”ı özündən bir qədər irəli buraxdı. “İnter” isə “Xəzər Lənkəran”ın ardından daha bir əsas rəqibini məğlub edərək, varlığını sübut etdirdi. Maraqlıdır ki, qələbə qolunu baş məşqçi Sxadadzenin oğlu Baçana Sxadadze vurub.

“Rəvan” - “Qarabağ”

“Qarabağ” bu turda çox vacib iki xal itirdi. Düzdür, “Rəvan” Vladislav Qədirovun gəlişindən sonra yüksəlişə keçib və “Qarabağ”dan öncə oynadığı hər iki matçı qələbə ilə başa vurib. Bununla belə, onların “Qarabağ” önündə şansı daha az göstərilirdi. Təsadüfi deyil ki, oyunda hesabı açan tərəf də məhz Ağdam klubu oldu. Lakin son saniyələrdə əzmkarlıq nümayiş etdirən “Rəvan” futbolçuları hesabı bərabərləşdirə bildilər. Bəlkə də yerinə düşməz, ancaq fikrimcə, “Qarabağ” hesabı açdıqdan sonra sanki açıq futbola gedərək qapanmağı unutdu. Təsadüfi deyil ki, debütant bərabərlik qolunu rəqibin məhz mərkəz zonadan yaratdığı boşluqdan sonra vurdu. Hansı ki, bu zonaya “Qarabağ”ın mərkəz müdafiəçiləri nəzarət etməli idi.

“Xəzər Lənkəran” - “Simurq”

Rəqiblərinin xal itirməsindən məharətlə yararlanan “Xəzər Lənkəran” “Simurq”u minimal hesabla məğlub edərək liderliyini bir qədər də möhkəmləndirdi və ən əsası prinsipial rəqibi “Neftçi”dən bir qədər də aralandı. Ancaq açığını demək lazımdır ki, “Simurq” da dünən Lənkəranda çox yaxşı oynadı, bir neçə epizodda real qol şansı da qazandı. Lakin son anda həmin şanslardan istifadə olunmadı. Bununla belə qeyd etmək yerinə düşər ki, əgər Serqey Yuranın komandası bütün oyunlarını bu cür oynasa o zaman onlarla ayaqlaşmaq çox çətin olacaq. Mirça Rednik isə ənənəvi taktikasına sadiq qaldı. Yəni qoldan sonra oyunu arxadan quraraq, təhlükəli əks-hücumlara bel bağladı. Yekunda lazım olan 3 xal qazanıldı.

Anar XANLAROV,
Qol.Az saytı üçün

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər