Qürurlu adın cürətsiz daşıyıcıları

Qürurlu adın cürətsiz daşıyıcıları
XƏBƏR 31 May 2012 / 19:31 6766
-  A +

Azərbaycan.  Zaman-zaman azadlığı, müstəqilliyi uğrunda mücadilə etmiş, özündən böyük güclərlə başa-baş gəlmiş, hər qarış torpağı uğurunda qan tökmüş, tarixin bir çox sınaqlarından çıxmış, bu günə qədər ayaq üstə durmağı bacaran ölkəmiz, vətənimiz, dövlətimiz. Bu torpaq uğrunda nə qədər igid oğulların qanı tökülüb, nə qədər oğullar şəhid olub, ömrünün çiçəklənən çağını, gələcəyini, bütün həyatını bu torpaq, onun üçrəngli bayrağı yolunda qurban verib. Bu addımı atarkən də düşünüb ki, gələcək nəsil də onun yolu ilə gedəcək, həmin tökülən qanı yerdə qoymayacaq, bu millətin adını, onun bayrağını, dövlətçilik atributlarını hər şeydən uca tutacaq.

Oğullar olub ki, əsirlikdə olarkən ona erməni və Azərbaycan bayrağını verib “erməni bayrağını öp, Azərbaycan bayrağını ayaqla, günü sabah səni Azərbaycana qaytaraq, get, yaşa” deyən erməni dığalarının gözü qarşısında erməni bayrağına tüpürüb Azərbaycan bayrağını öpüb gözü üstünə qoyub və bu hərəkətinə görə min bir işgəncə ilə öldürülüb. Görün, bu cür oğulların canı bahasına qoruduqları, ucaltdıqları bayrağı, qüruru bu gün bizim milli üzvləri necə  təmsil edir. Milli dəyərlərdən, vətən, torpaq, bayraq sevgisindən uzaq olan, milləti yox, cibini, pulu fikirləşən bir qrup topqovan hər meydançaya ayaq basanda o qüruru, o bayrağı, o şəhidlərin ruhunu təhqir edir. Heç utamırsınız? İnanmıram, çünki sizdə utanan üz olsa, o formanını əyninizə geyinməzsiniz. Bir dəfə də demişəm, Qazaxıstana uduzandan sonra dişlərini ağardan, kef məclisi quran, təyyarədə stüardessaya “podxod”  edən “futbolçu”da milli qürur axtarmaq gülünc olardı. Elə bilirsiniz, o qazandığınız pullar halaldı? Kim onu sizə halal edir? Yediyiniz neftin pullarıdı. Neft isə xalqındı. Hansı ki, həmin xalq o neftçi çıxarmaq üçün olmazın əziyyətini çəkir.  İndi sizcə, xalqın çörəyini yeyib xalqı təhqir edən “futbolçu” “qazandığım mənə halaldı” deyə bilər? Amma, bu futbolçuların bəzilərindəki bu sifət ki, var, onlar, əlbəttə deyərlər. Biz mətbuat da həmişə demişik ki, futbolçudan nəticə tələb etmək üçün ona şərait yaratmaq lazımdır.

Əvvəl bu yox idi. Peraşki, kolbasa-çörək yeyən futbolçudan çıxıb Fransanı udmağı tələb etmək olmazdı. Amma bu gün yağ-bal içində bəslənən (əslində harınlayan), az qala beş ulduzlu otellərin prezident nömrəsinə qalan, uduzanda da mükafat alan futbolçunun canı çıxmalıdır, çıxıb Andorranı udmalıdır. Uda bilmirsə, zəhmət çəkib əynindəki formanı çıxarıb millidən getməlidir. Heç olmasa, buna da cürətiniz çatmır? Sizin üçün pul milli dəyərlərdən bu qədər üstündü? Axı, gərək o pulu elə qazanasan ki,  hamı halallığını versin. Günə bir manat çörək puluna fəhləlik edən insanlar var, bunu da ağlınıza gətirmirsiniz? Mənim sizə deyəcək sözüm qalmayıb. Tək məsləhətim: çıxardın əyninizdən o formanı, gedin, millidən. Siz, o formaya, bu şərəfə layiq deyilsiniz.  Andorranı məğlub etməyən futbolçu əgər az da olsa, özünə hörmət edirsə, getməlidir.

Berti Foqsa gəlincə, mən onda günah görmürəm. Bu gün Azərbaycanda normal futbol oynamağı bacaran futbolçu yoxdur. Amma, bu, baş məşqçini məsuliyyətdən yayındırmır. Çünki bu qoca kaftar da bir cür bizim əsəblərimizlə oynayır. Dünən hücumçulardan şikayət edir. Bəs, milliləşdirib heç nəyə yaramayan legionerləri komandaya niyə gətirmisiniz? Cihan Özkayanın Araz Abdullayev, Amit Quluzadə, Rəhman Hacıyevdən nəyi artıqdı? Yaşı 30-u haqlamış Subaşiç, Çertoqanov, Levini millidə oynatmaq kimlərin marağına xidmət edir,  kimlər burdan qazanc görürür? Foqts, indi deyəcəm ki, şələ-küləni də götür rədd ol get burdan, deyəcəklər ki, yaşlı kişini təhqir elədi. Odur ki, mədəni surətdə deyirəm, çantanı götür, çıx get burdan, sən bizə heç nə qazandıra bilməyəcəksən. 

Sonda AFFA rəhbərliyinə də bir neçə kəlmə sözüm var. Məncə, artıq AFFA prezifenti Rövnəq Abdullayev birbaşa məsələyə müdaxilə etməlidir. Çünki onun inanıb etibar etdiyi kadrlar ya işləyə bilmirlər, ya da işləmək istəmirlər. Elxan Məmmədovun futbol adamı kimi formalaşmasını gözləyiriksə, onda biz planlarımızı AÇ-2016-ya yox, heç AÇ-2046 və DÇ-2050-yə də qurmamalıyıq. Ümumiyyətlə, mən dünyada belə bir  futbol  federasiyası  görməmişəm ki, oranın mühasibi maaş almağa gələn milli üzvünə “sən futbolçusan” sualını versin. Elə buradan bizim federasiyanın necə “yüksək səviyyəli” “mütəxəssislər”dən təşkil olunduğunu görmək olar. Yenə deyirəm, federasiya prezidenti artıq məsələyə müdaxilə etməlidir. 3 ildən sonra futbolun inkişafı üçün hazırlanmış dövlət proqramının icrası üçün qoyulmuş müddət başa çatır. Onda ölkə başçısının qarşısında Berti Foqts, Elxan Məmmədov, Elşad Nəsirov yox,  məhz Rövnəq Abdullayev hesabat verəcək. Həmin hesabatdan üzüağ çıxmaq üçün bu gün mütləq tədbir görülməli, millidə və AFFA-da ciddi islahatlar aparılmalıdır.

Anar XANLAROV

P.S. Heç bilmirəm, Andorra millisinə nə deyim.Çünki hər aləmin bir qəbahəti var. Futbol dünyasının da ən böyük qəbahəti Azərbaycan millisinə qalib gələ bilməməkdir.

P.P.S. Məşhur ingiltərəli əfsanəvi futbolçu Qari Linekerin məşhur sözü var: “futbol hamının oynadığı, lakin sonda almanların qalib gəldiyi bir oyundur”. Mən isə düşünürəm ki, futbol hamının oynadığı, lakin sonda azərbaycanlıların məğlub olduğu oyundur.    

 

MÜƏLLİFİN DİGƏR YAZILARI


Son xəbərlər