Ötən həftə UniBank Premyer Liqasında XII turun oyunları keçirildi. Birmənalı şəkildə demək olar ki, tur sensasiyalı və gözlənilməz nəticələrlə diqqət çəkdi. “Qarabağ” gözlənilmədən autayder “Sumqayıt Şəhər”ə məğlub oldu. “Neftçi”nin “Xəzər Lənkəran”ı darmadağın etməsini, ümumiyyətlə, heç kim ağlına gətirməzdi. AZAL-ın “Qəbələ” üzərindəki böyükhesablı qələbəsi də çoxları üçün sürpriz oldu.
İndi isə turun ümumi mənzərəsini sizin diqqətinizə çatdırırıq:
“Kəpəz” - “Bakı” - 1:3
Bu oyunun da nəticəsini gözlənilməz saymaq olar. Düzdür, “Bakı” bu gün öz büdcəsinə, heyətinə və infrastrukturuna görə, “Kəpəz”dən qat-qat üstündür. Ancaq cari mövsümün geridə qalan turlarına nəzər salsaq, görərik ki, Gəncə klubu iddialı rəqiblərə qarşı layiqli mübarizə aparıb, hətta onlardan xal almağı bacarıb. Elə “Bakı”nın özünü ilk dövrədə Bakıda 3:0 hesabıyla məğlub etmişdi. Ancaq Mehman Allahverdiyevin komandası bu dəfə rəqibinə asan təslim oldu. Burada matçdan öncə komandanın aparıcı futbolçusu Ceyhun Sultanovla məşqçi Vidadi Rzayev arasında baş verən qalmaqalın da təsiri olduğunu demək olar. Hər halda bu cür qalmaqallar istənilən halda klubdaxili ab-havaya mənfi təsir edir.
“Rəvan”-“Simurq” - 1:1
İki bərabərsəviyyəli komandanın görüşündə qalib müəyyənləşmədi. Amma oyun kifayət qədər maraqlı keçdi və hakim hər iki komandanın bir futbolçusuna qırmızı vərəqə göstərdi. Deyəsən, ard-arda 4 oyunda 10 xal toplayan Vladislav Qədirova göz dəydi. Çünki onun komandası ardıcıl iki oyundur ki, xal itirir. Bu isə qarşısına ilk “altılığ”a düşmək məqsədi qoyan komanda üçün yaxşı hal sayılmamalıdır. “Simurq”a gəlincə, Sergey Yuran deyəsən, yavaş-yavaş komandanı stabilləşdirir. Çünki ötən tur Qəbələdə yerli klubu üstələyən zaqatalalılar səfərdə oynamasına baxmayaraq, bu dəfə də evə sərfəli nəticə ilə döndü.
“Qarabağ” - “Sumqayıt Şəhər” - 1:2
Matçın bu cür yekunlaşacağını hətta ən optimist sumqayıtlı azarkeşlər də təsəvvür etməzdilər. Çünki “Qarabağ” hazırda Azərbaycanın ən yaxşı, baxımlı futbol oynayan komandasıdır. “Sumqayıt Şəhər” isə çempionatın aşkar autsayderidir. Bu mənada, sumqayıtlılar ən yaxşı halda heç-heçəyə ümid edə bilərdilər. Ancaq necə deyərlər, iştah diş altında olur. Bernhard Raabın komandası Quzanlıda çox ağıllı taktika ilə oynayaraq, rəqibi iki dəfə sürətli əks-hücumda tutaraq qol vurdu. Ağdam klubu isə yaınız 90+1-ci dəqiqədə hesab arasındakı fərqi azalda bildi. AZAL-ın ardında “Qarabağ”ı da məğlub edən “Sumqayıt Şəhər” sonuncu pillədən qurtulmasa da, üst sıralardakı komandalara xeyli yaxınlaşdı. “Qarabağ”a gəlincə, onlar çox vacib 3 xal itirərək, çempionluq yolunda ağır zərbə alıblar. Komandanın aparıcı futbolçuları Rəşad Sadıqovun zədə, Maksim Medvedyevin isə vərəqə limiti səbəbindən bu oyunu buraxmasını ciddi itki saymaq olar. Bununla belə, düşünürük ki, “Qarabağ” kimi çempionluğa oynayan bir komandanın “Sumqayıt Şəhər” kimi autsayder komanda ilə oyunlarda 5 xal itirməsi heç bir bəraətə əsas vermir. Bu mənada, Qurban Qurbanov və futbolçular bu məğlubiyyətdən yaxşı nəticə çıxarmalıdırlar.
AZAL - “Qəbələ” - 3:0
“Qəbələ”nin fiaskosu bu turda da davam etdi. Ötən tur evdə “Simurq”a 0:2 hesabıyla uduzan Toni Adamsın komandası bu dəfə daha böyük hesabla məğlub oldu. “Qara zolaq”da olan AZAL Qəbələ təmsilçisini 3:0 hesabıyla məğlubiyyətə uğratdı. Açığı, qarşısına çempionluq məqsədi qoyan bir komandanın 11-ci pillədə olan komandadan 3 cavabsız qol “yeməsi”nı heç bir anlam, izahat vermək olmur. Nəzərə alaq ki, daha öncə “Qəbələ” evində “Rəvan”a da uduzmuşdu. Hər halda bir komandaki, “Rəvan”, “Simurq”, AZAL kimi ikinci “altılıq”da yer alan komandalara uduzursa, o zaman çempionluq bir yana, medallar sırasına düşməyi də xəyal edə bilməz. Ötən həftə XI turda keçirilən oyunlarla bağlı şərhimizdə “artıq Adamsın vicdanı sızlamalıdır” cümləsini işlətmişdik. Ancaq deyəsən, ingilisin vicdanı nəinki sızlamayıb, heç buna cəhd də eləməyib. Əks halda budəfəki məğlubiyyət daha böyükhesablı olmazdı. AZAL-ın isə “qara zolaq”dan çıxıb-çıxmayacağını gələcək oyunlar göstərəcək.
“Turan” - “İnter” - 0:1
Bu oyunun nəticəsini qanunauyğun saymaq olar. “Turan” hazırkı ağır durumda “İnter”ə qarşı yalnız ciddi müqavimət göstərə bilərdi ki, bunu da etdi. Ancaq tovuzluların gücü “İnter”dən xal almağa imkan vermədi və “bankirlər” növbəti qələbələrini qazanaraq 3-cü pillədəki mövqeyini bir qədər də möhkəmləndirdi.
“Neftçi” - “Xəzər Lənkəran” - 5:0
Turun şoku İsmət Qayıbov adına Bakıxanov qəsəbə stadionunda yaşandı. Prinsipcə, çempionluq uğrunda oynayan iki komandadan birinin qalib gəlməsi tam normaldı. Ancaq hesabın bu cür olması... Hər halda “Neftçi”nin “Xəzər Lənkəran”ı 5:0 hesabıyla darmadağın edəcəyini heç “Neftçi”nin öz məşqçi, futbolçu və azarkeşləri də ağıllarına gətirməzdilər. Ancaq bu baş verdi və “Neftçi” uzun müddətdir gözlədiyi qisasını aldı. Bu qələbəyə ən çox sevinən isə yəqin ki, paytaxt klubunun baş məşqçisi Böyükağa Hacıyev oldu. Çünki o, Mirça Rednikdən və onun açıqlamalarından necə deyərlər, yanıqlı idi. İndi isə rahat nəfəs ala bilər. Etiraf edək ki, “Neftçi” rəqibindən çox üstün oynadı və vurulan bütün qollar da təmiz idi. Ancaq bir şeyi də etiraf edək ki, oyuna hakim müdaxiləsi də oldu. Belə ki, matçın 5-ci dəqiqəsində “Neftçi”nin futbolçusu Rəşad Abdullayev ona qarşı bir qədər kobud oynayıb sonra üzr istəməyə hazırlaşan Şəhriyar Xəlilovun sifətinə sillə vursa da, baş hakim Elnur Muradovun nəinki qırmızı, hətta sarı vərəqə verməyə də cəsarəti çatmadı. Hər halda, əgər həmin epizodda Rəşad meydançadan qovulsaydı, hesab tamam başqa cür ola bilərdi. Amma istənilən halda, bu məqamın özü də 0:5 hesablı məğlubiyyətə bəraət vermir və Rednik bunun hesabatını verməlidir. Çünki “Xəzər Lənkəran”ın “Neftçi”yə bu cür biabırçı hesabla uduzmağa haqqı yoxdur.
Anar XANLAROV,
Qol.Az saytı üçün
Rahilin komandası uduzdu
"Fənərbaxça"dan qələbə, "Beşiktaş" yenə xal itirdi
"Arsenal" 75 milyona hücumçu alır
“Qarabağ-2" "Neftçi-2"yə qalib gəldi
Yenə 0:1
"Turan Tovuz"dan azarkeşlərinə jest
İnanılmaz uduşlu kupon!
İkardi əməliyyat olundu
Önder Karaveli "Qarabağ"ı ziyarət etdi
Bir ay oynamayacaq
Mikautadzeni silahla hədələdilər
“O zaman həqiqəti deyə bilmədim” - Benzia