Medianın İnkişaf Agentliyinin layihəsi
Son illərdə ölkəmizdə idman sahəsində çalışan xanımların sayı artıb. Artıq tez-tez beynəlxalq arenalarda qadın idmançılarımızın uğurlar qazandığının, idman kanallarımızda isə xanım müxbirlərin fəaliyyət göstərdiyinin şahidi oluruq.
Bir neçə ildir idman müxbiri kimi çalışan xanımlardan biri də Aida Əliyevadır. "CBC Sport" telekanalında fəaliyyət göstərən A.Əliyeva qısa müddət ərzində idmansevərlərin rəğbətini qazanmağı, onları ekran qarşısına cəlb etməyi bacarıb.
Bugünkü həmsöhbətimiz də elə Aida Əliyevadır.
- Aida xanım, jurnalistikaya, televiziyaya marağınız necə yaranıb?
- Mən 2018-ci ildə Azərbaycan Dillər Universitetinin jurnalistika fakültəsinin məzunu olmuşam. Həmin fakültəyə daxil olanda bilirdim ki, jurnalist olacağam. Düzdür, mənim üçün önəmli deyildi ki, məhz televiziya jurnalisti olum. Amma yenə də idman jurnalistikasının sayəsində televiziyanı seçdim.
- Neçə ildir ki, jurnalist kimi fəaliyyət göstərirsiniz?
- Universitetin son 2 kursunda - 3-cü kursun 2-ci semesterində qərara gəldim ki, təcrübə toplamaq vacibdir. Yəqin ki, ölkəmizdəki jurnalistika tədrisini hər kəs bilir. Xüsusilə də həmin illərdə bizə yalnız və yalnız nəzəriyyə tədris olunurdu. Ona görə də qərara gəldim ki, özüm müraciət edim, təcrübə toplayım. Həmin vaxtdan təcrübə toplamağa, çalışmağa başladım.
- Niyə məhz idman jurnalistikası?
- Universitet illərimdən də bilirdim ki, idman jurnalistikası tam mənlikdir. Çünki idmanı da yaxından izləyirdim. Uşaqlıqdan idmana marağım olub. Bir çox idmançının həyatı ilə maraqlanırdım. Ona görə də idman jurnalistikası istiqamətini tam olaraq 4-cü kursun əvvəlindən özümə məqsəd kimi qoydum.
- "CBC Sport"a gəlişinizdən danışaq. Bu, necə baş verdi? "CBC Sport"adək başqa bir qurumda fəaliyyət göstərmişdiniz?
- Təcrübə toplamaq üçün bir neçə qəzetdə sınaq keçmişdim, sırf yazı-pozu işləri ilə məşğul olmuşdum. Daha sonra "CBC İnternational"a getmək, özümü ilk dəfə televiziya müxbiri kimi sınamaq istədim. Amma orada sosial jurnalistika olduğu üçün alınmadı. Sadəcə 3-4 ay orada təcrübə keçmək imkanım oldu. Qeyd etmək lazımdır ki, "CBC İnternational"da rus dili redaksiyasında işləyirdim. Çünki özüm də məktəb illərində rus dilində daha çox tədris almışam. Ona görə qərara gəlmişdim ki, Azərbaycan dili biliklərim zəif olduğu üçün əvvəlcə özümü rus dili redaksiyasında sınayım. 3-4 aydan sonra artıq bu işi yekunlaşdırmalı olduğumu düşündüm. Həm də imtahanlarım başlamalı idi. Görürdüm ki, sosial jurnalistikaya çox da marağım yoxdur. İdman jurnalistikasına maraq göstərirdim. Amma təəssüflər olsun ki, həmin illərdə bizim universitetdə idman jurnalistikası tədris olunmurdu. Ümumiyyətlə, buna dair fənn belə yox idi. Bu məni xüsusilə təəssüfləndirmişdi. Qərara gəlmişdim ki, əgər nəsə etmək istəyirəmsə, özüm çalışmalıyam. "CBC Sport"un Xəbərlər Departamentinin rəhbəri Şəmsəddin Abbasovla əlaqə saxladım. Həmin məktubda qeyd etdim ki, mən tələbəyəm və sadəcə öyrənmək istəyirəm. Öyrənməyimin də məqsədi bəllidir. Çünki mən 4-cü kurs tələbəsiyəm və artıq 4-cü kursun 2-ci semesterində təcrübə keçməli idim. Bildirdim ki, "CBC Sport"da idman jurnalistikasının əlifbasını öyrənmək istəyirəm. Çox sağ olsunlar, dərhal qərar verdilər ki, mən təcrübə keçə bilərəm. 5 ay ərzində təcrübə keçdim. Bununla yanaşı demək olar ki, çalışırdım. 2019-cu ilin aprel ayından etibarən mən rəsmi olaraq "CBC Sport"da içə başladım. Noyabr ayından aprel ayınadək təcrübə keçdim. Görürdüm ki, çox alınır. Artıq efirlərə çıxırdım. Təbii ki, bütün bunlar mənə motivasiya verirdi. "CBC Sport"un sayəsində bunu bacardım Mənə çox dəstək oldular.
- Bəs, idman jurnalistikasında kimləri özünüzə ustad hesab edirsiniz?
- Ustad deməzdim. Mən "CBC Sport"a gələndə tələbə idim. İdman jurnalistikasının əlifbasını "CBC Sport"da öyrənmişəm. Mən kanala yeni gələndə Rövşən Binnətli burada çalışırdı, şef-redaktor vəzifəsində idi. Ondan öyrəndiklərim, onun verdiyi məsləhətlər hələ də yadımdadır. Müəllim deyəndə ilk növbədə Rövşən Binnətlini qeyd edərdim. Amma sözsüz ki, bütün "CBC Sport" ailəsi mənə dəstək oldu. Onlar istəsələr də, istəməsələr də mənə nəsə öyrətməyi çalışıblar. Onlara təşəkkür etmək istəyirəm. Həmkarlarımdan tutmuş, rəhbərliyə qədər hər kəsə mənə nəsə öyrədib. Rüstəm Əfsərli, Şəmsəddin Abbasovdan da çox şey öyrənmişəm və öyrənməyə də davam edirəm.
- Aida, bir xanım üçün bəzən çox erkən saatlarda çəkilişə getmək, çox gec saatlarda bir matçdan qayıtmaq çətin olur?
- Mənim heç vaxt belə ciddi problemlərim olmayıb. Ailəmdə iş mövzusuna tamamilə başqa cür yanaşılır. Erkən saatlarda çəkilişə getmək, çəkilişlərdən sonra evə gec qayıtmaq da heç bir problem yaratmırdı. Özüm də bilirdim ki, bu, mənim işimdir. İdman jurnalistikasını özüm seçmişəmsə, uyğunlaşmalıyam.
- Ən çox hansı idman növünə maraq göstərirsiniz? Ölkədə azarkeşlik etdiyiniz klub hansıdır?
- Əlbəttə ki, ən çox futbola marağım var. Futbol daha çox diqqət mərkəzindədir. "CBC Sport"da işə başladıqdan sonra həm beynəlxalq futbolu, həm də yerli futbolu daha dərindən öyrənməyə başladım. Ölkəmizdə azarkeşlik etdiyim klub yoxdur.
- Jurnalist heç bir kluba azarkeşlik etməməlidir, tərəfsiz olmalıdır fikri ilə razısınız?
- Bəli, razıyam. Jurnalist heç bir kluba azarkeşlik etməməlidir. Amma yerli çempionatda. Mənim əsas işim Azərbayan futbolu ilə bağlıdır. Matçlarda iş başında oluram. Ona görə də heç bir kluba azarkeşlik etmirəm. Əvvəllər də Azərbaycanın heç bir komandasına azarkeşlik etməmişəm. Xarici futboldan danışsaq, 2007-ci ildən "Real"a azarkeşlik edirəm. Amma bu, sırf fanatik azarkeşlik də deyil. Sadəcə maraqlanıram, bu komandanı oyun üslubunu bəyənirəm. Futbolun özünü idman olaraq sevirəm.
- Ümumiyyətlə, qadınların idmana marağını necə qiymətləndirirsiniz? Bu haqda danışaq.
- Bu barədə nəsə demək çətindir. Mən yalnız müşahidə etdiklərimə əsasən nəsə deyə bilərəm. Ətrafımda idmanla maraqlanan qadınlar çoxdur. Elə adamlar var ki, idmanla maraqlanırlar və bunun üçün də idman sahəsində çalışırlar. Fərqi yoxdur, idman jurnalistikası olsun, marketinq olsun. Onların bu işə gəlməklərinin səbəbi idmana olan maraqlarıdır. Elə "CBC Sport"un özündə kifayət qədər xanım çalışır. Həm aparıcılarımız var, həm müxbirlərimiz. Sırf onların fikrini çatdırsam, deyə bilərəm ki, idmanla maraqlandıqları üçün bu sahən seçiblər.
- Bir jurnalist kimi qarşınıza qoyduğunuz hədəflər, məqsədlər hansılardır?
- Əgər bu peşəni seçmişəmsə, peşəkar idman jurnalisti statusunu almaq istəyirəm. Mənim üçün əsas odur ki, beynəlxalq təcrübəm daha çox olsun. Yalnız ölkədaxili yarışlarla kifayətlənmək istəmirəm. Son illərdə beynəlxalq təcrübə bizə daha yaxın olur. Çünki klublarımız avrokuboklarda çıxış edirlər, Bakıda kifayət qədər böyük beynəlxalq yarışlar keçirilir. Onların bəzilərində iş başında olduğuma görə bu təcrübənin mənim üçün nə qədər önəmli, vacib olduğunu anladım. Bir yarışda müxtəlif ölkələrdən gələn idman jurnalistlərini görürsən, onların iş prinsipi ilə yaxından tanış olursan. Görürsən ki, bu sahə əslində çox qlobaldır, sadəcə biz çox az bilirik. Hər bir amilin öz texnikası, xüsusi nəzəriyyəsi var. Anlayırsan ki, sən tam da bu peşənin sahibi deyilsən, çox öyrənməlisən. Bunun üçün də o mühitdə yaşamalısan, anlamalısan. Əslində uzun müddətdir düşündüyüm bir məqam var - jurnalistikasının magistraturasının təhsilini amaq. Bu, sırf nəzəriyə baxımından olan məsələ deyil. Xaricdə həmin yarışlarda iş başında olmaq və peşəkarlardan bu sahəni öyrənmək istəyirəm. Bilmək olmaz ki, bu, nə qədər yaxın müddətdə baş verəcək. Amma ümid edirəm ki, belə təcrübələrim çox olar.
- Ölkədə hansı idman növünün inkişaf etməsini istəyərsiniz?
- Elə xüsusi bir idman növü yoxdur ki, sırf onun inkişafını istəyim. Əslində ölkəmizdə idman da var, idmana maraq da. Düzdür, biz hər dəfə deyə bilmərik ki, bütün idman növləri Azərbaycanda maksimum şəkildə inkişaf etməlidir. Bəzən uğursuzluqlar da olur, bəzən də gözləmədiyimiz idman növündə kifayət qədər uğur qazanırıq. Bu barədə çox şey deyə bilmərəm. Amma sözsüz ki, aktual olan futboldur.
- Ölkə futbolu ilə yaxından tanışsınız, daim oyunlarda olursunuz. Azərbaycan futbolunun durumu, klublarımız haqqında nə deyə bilərsiniz?
- Mən son 2 mövsümdə Azərbaycan futboluna daha sıx bağlı olmuşam. Çünki oyunlarda iş başında oluram. Hazırkı durum çox gözəldir. Klublarımızın qurduğu strategiya, heyətə yüksək səviyyəli legionerlər cəlb etmələri, aşağı pillələrdə qərarlaşan komandaların da sonadək mübarizə aparması - ümumiyyətlə, bütün bu idman prinsiplərinin qorunması ona gətirib çıxardı ki, hər bir komandanın hədəfi oldu. Başa çatan mövsümü xüsusilə vurğulaya bilərəm. Çünki həm futbolçular, həm də komandalar baxımından Premyer Liqaya yeni adlar gəldi. Qeyd etmək istəyərəm ki, "CBC Sport"dakı "Legioner" layihəmizin sayəsində bir çox legionerin fikirlərini öyrənnmiş oldum. Bəziləri Azərbaycan futbolunun səviyyəsinin xeyli aşağı olduğunu düşünərək buraya gəlmişdilər. Amma bu mövsüm bütün fikirlər tamamilə dəyişdi. Bir sözlə, inkişaf məni çox qane edir. Çox istəyərdim ki, bu inkişaf növbəti illərdə daha da artsın, klublarımız avrokuboklarda daha çox mərhələ keçə bilsinlər.
- Bir azərbaycanlı kimi yəqin ki, sizi də milli komandanın uğursuzluqları narahat edir.
- Mövzu milli komanda olanda artıq idman jurnalistikası 2-ci planda qalır, azarkeş kimi danışmalı oluram. Yığmamıza uğurlar arzulayıram. Milli haqqında danışanda çox əsəbiləşirik, tənqid edirik. Çünki bu, milli komandadır. Amma məncə, indi yığmada son illərin ən yaxşı heyəti var. Çox istəyərdim ki, bu heyət böyük uğurlara nail olsun.
- Aida xanım, şərhçiliyi də sınamısınız. Bu, sizdə hansı təəssüratları yaradıb?
- Futbolda şərhçiliyi 2 dəfə sınamışam. Qadınların futbolunda Azərbaycan - Moldova matçında iş başında olmuşam. Bir dəfə də 2021/22 mövsümündə Azərbaycan çempionatının oyunlarında 2-ci şərhçi kimi çalışmışam. Bizdə qadın futbol şərhçisi birmənalı qarşılanmır. Nəinki bizdə, xaricdə də belədir. Amma digər idman növlərində özümü çox rahat hiss edirəm. Məsələn, tennisdə. "CBC Sport"da canlı yayımlanan tennis yarışları olanda sevə-sevə şərh edirəm.
- Yəni, tennisə də marağınız var.
- Bəli. Tennisə həvəsim böyükdür. Futboldan sonra ən çox maraq göstərdiyim idman növü tennisdir. Təəssüf ki, ölkəmizdə çox aktual deyil. Azərbaycanda tennisin inkişaf etməyini istəyərdim.
Nur Zeynalova
Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə çap olunub
PSJ Hakimi ilə razılaşdı
Qvardiolanın yeni müqaviləsinin detalları bəlli oldu
İtaliya A Seriyasında xüsusi transfer pəncərəsi
"Kəpəz"in daha bir futbolçusu əməliyyat olundu
"Qəbələ" növbəti yoxlama oyununu keçirdi
Endrik gedir, ya qalır?
İngiltərə nəhəngləri türkiyəli futbolçu ilə maraqlanırlar
Mourinyo Ronaldonu "Fənərbaxça"ya dəvət etdi
“Qarabağ”ın kapitanı “Lion”la oyunu buraxacaq
Messi Barselonaya niyə gedir?
Kapitan 1 ildə 5-ci dəfə zədələndi