Zubir: "Bu çatışmazlığım üzərində işləməliyəm" - Müsahibə

Zubir: "Bu çatışmazlığım üzərində işləməliyəm" - Müsahibə
MÜSAHİBƏ 12 Aprel 2023 / 14:43 6198
-  A +

"Qarabağ"ın futbolçusu Abdullah Zubirin Qol.az saytına müsahibəsi

- Artıq mövsümün sonuna 7 tur qalıb. Komandada ab-hava necədir?

- Ab-hava yaxşıdır. Hər şey qaydasındadır.

- Çempionluğun qoxusunu hiss edirsinizmi?

- Biz hələ riyazi baxımdan çempion olmamışıq. Bu, rəsmiləşməyənə qədər çempionluq haqqında fikirləşmirik. Sonadək Premyer Liqaya köklənməyi düşünürük. Hətta qalan matçları əvvəlki oyunlara nisbətdə daha yüksək səviyyədə keçirmək istəyirik. Bütün matçlara ciddi yanaşırıq.

- Yəni, "Sabah"ın aranızdakı 11 xallıq fərqi qapamasının mümkün olduğunu düşünürsünüz?

- "Sabah" güclü komandadır. Düzdür, turnir cədvəlində aramızda müəyyə qədər fərq var. Amma yenə də biz buna baxmırıq. Biz sonadək bütün oyunları yüksək səviyyədə keçirməyi hədəfləyirik. "Sabah" yaxşı futbolçulara malik, gözəl oyun nümayiş etdirən, ciddi bir komandadır.

- Azərbaycan futbolu və ölkə çempionatında ötən illərlə müqayisədə inkişaf görürsünüzmü?

- Ümumi götürəndə bu suala cavab vermək bir az çətindir. Mən sırf yerli çempionat haqda fikirlərimi bildirə bilərəm. Əslində, komandaların oyununda inkişaf hiss olunur. Bütün rəqiblərimiz matçlara yaxşı hazırlaşırlar. Bir çox klub öz infrastrukturunu yaxşılaşdırmağa çalışır. Demək olar ki, bir çox klub yeni stadion inşa edib.

- Martın 26-da "Qalatasaray"la xeyriyyə oyunu keçirdiniz. Bu matç sizin üçün nə ilə yadda qaldı?

- Bu oyun həqiqətən də xatirəmizdə qalacaq bir matçdır. Çox maraqlı oyun idi. Həm meydanda, həm də meydandan kənarda çox möhtəşəm ab-hava vardı. Düşünürəm ki, biz həmin matçda bir daha Azərbaycan futbolunun simasını göstədik. Düzdür, bu, xeyriyyə oyunu idi. Amma meydanda rəsmi matçdakı kimi mübarizə gedirdi. Bu, çox xoş idi. Düşünürəm ki, bizim kimi, azarkeşlər də bu oyundan həzz aldılar.

- Həmin qarşılaşmadan sonra sizin oyununuz çox müzakirə olundu. Sizi "Qalatasaray"da görmək istəyənlər çoxdur.

- Jurnalistlərin, insanların mənim haqqımda yazdıqlarına o qədər də diqqət yetirmək istəmirəm. Çünki bu, onların düşüncəsinin, fantaziyasının məhsuludur. Ona görə də bu haqda danışmaq istəmirəm. Hazırda "Qarabağ"dayam. Öz hədəflərimizə köklənmişik. Burada özümü çox xoşbəxt hiss edirəm. Ancaq bunu deyə bilərəm.

- Türkiyə mətbuatında belə xəbərlər yazılmışdı ki, Zubir "Fənərbaxça" üçün çox yaxşı oyunçu olardı. Buna münasibətiniz necədir?

- İstənilən jurnalist istədiyini yaza bilər. Bu, onların işidir. Mən bu haqda nəsə deyə bilmərəm.

- "Qarabağ"la müqavilənizin başa çatmasına 1 ildən də az müddət qalıb. Transfer təklifləri almısınız, ya "Qarabağ"la müqavilənizi uzatmaq istəyirsiniz?

- Doğru deyirsiniz, 1 ildən də az müqaviləm qalıb. Sizi inandırım ki, mən buna o qədər də diqqət yetirmirəm. Bəlkə də cavabım sizi yorar, monoton görünər, amma mən "Qarabağ"da xoşbəxtəm. Burada klub olaraq hədəflərimiz var. Mən bu hədəflərin bir parçası olmaq, üzərimə düşən işi yaxşı formada istəyirəm. Başqa bir yenilik yoxdur. Yalnız "Qarabağ"a köklənmişəm.

- Bu mövsüm avrokuboklarda keçirdiyiniz matçları xatırlayaq. Sizin üçün nə ilə yadda qaldı?

- Düşünürəm ki, pis mövsüm keçirmədik. Qrup mərhələsinin oyunlarını xüsusi qeyd edərdim. Yaxşı matçlarımız oldu. Məyusedici məqamlardan biri isə "Nant"la cavab görüşündə sona 3 dəqiqə qalmış buraxdığımız qol idi.

- Bəs, Konfrans Liqasının pley-offunda "Gent" səddini keçə bilməməyinizdə bəxt amili var idi, yoxsa?..

- "Gent"lə görüşdə oyunun taleyi penalti seriyasında həll olundu. Bildiyiniz kimi, bu, lotereyadır. Bəxt sənin tərəfində də ola, səndən üz çevirə də bilər. Bu, futboldur. Belə şeylər olur. Məncə, bunlardan nəticə çıxarmaq lazımdır. Belə vəziyyətlərdən çıxmağı öyrənməliyik ki, növbəti mövsümlərdə oxşar hallar olanda düzgün qərarlar verək.

- Bəs, bu avrokubok mövsümü digərlərindən nə ilə fərqləndi?

- Ümumi olaraq dəyərləndirsək, bu mövsüm keçirdiyimiz matçlardan məmnun qaldım. Bakıda "Gent"ə qarşı yaxşı oyun nümayiş etdirdik. Biz daha artığına layiq idik. Amma bu, futboldur.

- Qarşıdan "Sabah"la vacib oyun gəlir. Bu haqda nə deyə bilərsiniz?

- Onlara qarşı mübarizə aparmaq heç də asan deyil. Fərqindəyik ki, bazar günü keçiriləcək matç da asan olmayacaq. Amma buna baxmayaraq, hədəfimiz qələbə qazanmaqdır. Çünki komandada da buna inam var. Hamımız bu oyuna köklənmişik, çox ciddi hazırlaşırıq. İnanıram ki, bu səfər matçından qələbə ilə qayıdacağıq.

- Bəzən oyunlardan sonra sosial şəbəkələrdə şərhlər yazılır ki, Zubir çoxlu driblinq etsə də, qol və ya qol ötürməsi baxımından məhsuldar deyil və yalnız özü fərqlənmək istəyir. Buna münasibətiniz necədir?

- Bəlkə də bəziləri həqiqətən də mənim daha çox effektiv olmağımı, qol vurmağımı istədiyi üçün bu fikri bildirirlər. Belə məqamda onlarla razılaşmaq olar. Digər məsələ də var ki, sən hər kəsi məmnun edə bilməzsən. Bu, mümkün deyil. Amma o da doğrudur ki, sonradan oyunları izləyəndə mən özüm də bəzi məqamları görürəm. Elə epizodlar olur ki, həmin anda ya zərbə vurmalı idim, ya da ötürmə etməli idim. Mən özüm də bunun fərqindəyəm. Başa düşürəm ki, bu çatışmazlığım üzərində işləməliyəm və işləyəcəyəm də.

- Artıq 5 ildir ki, "Qarabağ"dasınız. Əgər bu klubdan getsəniz, Azərbaycan, "Qarabağ" sizin xatirənizdə hansı yeri tutacaq? Bir çox legionerlər deyib ki, məhz "Qarabağ"a gələndən sonra psixoloji cəhətdən böyüyüb.

- İndiki vəziyyətdə bu suala cavab vermək bir az çətindir. Çünki hazırda "Qarabağ"dayam. Həmin hissləri başa düşmək üçün bu situasiyanı yaşamalısan. Ona görə də mənim üçün bir az çətindir. Amma sizin də qeyd etdiyiniz kimi, 5 ildir Azərbaycandayam. Deməli, xoşbəxtəm ki, buradayam. Heç şübhəsiz ki, bir gün "Qarabağ"dan, Azərbaycandan ayrılsam, darıxacağam. Çünki burada çox şey yaşamışam.

Nur Zeynalova

Daha çox


Son xəbərlər