Avropa çempionunun üzücü karyerası – “Zenit”dən “Sumqayıt”a...

Avropa çempionunun üzücü karyerası – “Zenit”dən “Sumqayıt”a...
ÖLKƏ FUTBOLU 25 Yanvar 2022 / 13:20 8109
-  A +

Camaldin Xocaniyazov. “Sumqayıt” klubunun 25 yaşlı bu mərkəz müdafiəçisinin adı bəlkə də geniş futbol ictimaiyyəti üçün məşhur deyil. Amma bu gün bizdə yəqin çox az adam bilir ki, türkmən əsilli bu futbolçu hazırda Azərbaycan Premyer Liqasında Avropa çempionu statusunda oynayan iki futbolçudan biridir. Bəli, Avropa çempionu. Camaldin bu yüksək titulu Rusiyanın U-17 millisi ilə birgə “Avro-2013”ün finalında İtaliya üzərindəki sensasiyalı qələbədən sonra qazanıb. Həmin heyətdə qitə çempionu olan digər oyunçu isə bizim Ramil Şeydayevdir... 

Rusiya futbol nəhəngi “Zenit”in aşağı yaş qruplarından və qısa müddətə əsas komandasında oynamış bu iki oyunçu indi Azərbaycan liqasında top qovur. Halbuki daha yüksək çempionatlarda oynaya bilərdilər. 

Şeydayev haqda indiyədək çox danışılıb, yazılıb. “Sumqayıt” azarkeşlərinin sevimlisi olan Camaldin Xocaniyazovu isə bir az da yaxından tanımağa ehtiyac olduğunu düşünərək bugünlərdə onun barəsində Rusiyanın nüfuzlu championat.com saytında dərc olunmuş yazıdan müəyyən hissələri oxucularımızla bölüşəcəyik.

Rus həmkarımızın fikrincə, Avropa çempionu olan həmin heyətin müdafiə xəttinin lideri sayılan Camaldini “itmiş” oyunçu saymaq olar. 


Rusiya Premyer Liqası və Çempionlar Liqasında əsas heyətdə...

Türkmənistanda anadan olan Camaldin 12 yaşında Tolyattiyə köçüb. Rusiyadakı Konoplyev adına akademiya futbolla məşğul olan Xocaniyazovu 16 yaşında “Zenit” heyətinə qatıb. “Avro-2013”dəki uğurdan cəmi 2 ay sonra o, “Zenit”in əsas komandasının start 11-yində yer alır! İtaliyalı baş məşqçi Luçano Spaletti “Kuban”la oyunda onu cinah müdafiəçisi kimi əsas heyətə daxil edir. O, 55 dəqiqə meydanda olur. Görüşdən sonra Spaletti Xocaniyazovun oyunu “əla” qiymətləndirdiyini deyir. “Mənə elə gəlir ki, o, güclü və perspektivli oyunçudur. Onun gələcəyinə inanıram” – deyə matçdan sonra Spaletti bildirir. 

Növbəti dəfə o, Premyer Liqada “Volqa” ilə matçda, bundan 4 gün sonra isə “Norşellan”la (Danimarka) Çempionlar Liqasının təsnifat mərhələsinin cavab görüşündə start heyətdə yer alır. Bu, həqiqətən nağıla bənzəyirdi.

Xocaniyazov “Zenit”in bazasında jurnalist ordusuna müsahibə verəndə Spaletti başını tutmuşdu. 17 yaşlı bu uşaq artıq kameralar qarşısına çıxıraq danışır. Amma o, sakit, tərbiyəli danışığı ilə diqqət çəkir, artıq söz işlətmir. 17 yaşlı Xocaniyazova baxanda o, yaşından böyük görünürdü. 

Camaldin Xocaniyazov və Ramil Şeydayev Avro-2013-də

Amma sonradan nağıl bitdi

Görünür, Spaletti hesab edirdi ki, Xocaniyazova “Zenit”in əsas heyətində sabit oynamaq hələ tezdir. Ona görə də o, ehtiyata göndərildi. Bununla belə, “Atletiko” Madrid kimi komandayla görüşün ehtiyat heyətində yer almaq belə 17 yaşlı bir futbolçu üçün böyük uğur sayıla bilərdi. 

Xocaniyazov sonra oyun təcrübəsini artırmaq məqsədilə Premyer Liqanının digər təmsilçisi “Amkar”a icarəyə verilir. Burada ona çox şans veriləcəyə bildirilsə də, əksinə alınır. Baş məşqçi Stanislav Çersesov cəmi 1 matçda, Xocaniyazovun klubu “Zenit”lə oyunda onu meydana buraxır (cəmi 30 dəqiqə oynayır).

2014/15 mövsümündə “Amkar”dan “Zenit”ə qayıdan futbolçu yalnız bir görüşdə əsas komandada oynaya bilir. Yayda o, Rusiya U-19 millisi ilə Avropa çempionatının finalına qədər irəliləyir və gümüş medal qazanır. Bu yarışda Camaldin elə də xoş təsir bağışlamır. O, qrup mərhələsində İspaniyaya qarşı matçda qırmızı vərəqə alır. 

Puç olan Bundesliqa arzusu

Həmin ilin avqustunda “Zenit” artıq 19 yaşı olan Camaldini Danirmakanın “Orxus” klubuna satır. Bu transferə qədər onunla heyətinə gənc istedadları cəlb etməklə də tanınan Almaniyanın “Leyptsiq” klubu maraqlanır. Amma danışıqlarda yekun razılıq əldə olunmur. Bununla belə, “Orxus”a keçəndə Xocaniyazov bildirir ki, o, 2-3 il sonra özünü Bundesliqada görür. Amma təxminən elə o vaxtlarda o, Almaniya bundesliqasında deyil, Azərbaycan Premyer Liqasına – “Sumqayıt”a gəlir.

Vaxt keçsə də, Camaldin Danimarkada “böyüyə” bilmir. Həm də onun dəqiq mövqeyi ilə bağlı seçim etmək çətin olur: bilinmir ki, Xocaniyazov müdafiənin sol cinahında uğurludur, yoxsa mərkəzdə. Cinahda Camaldin hücumlar zamanı effekli, stopper mövqeyində isə yetərincə atletik olmur. Danirmarkada o, gah “sol”da, gah da “mərkəz”də oynayır. İki mövsüm ərzində daim əsas heyətə də düşə bilmir. Baxmayaraq ki, 42 oyunda meydana çıxır.

Xocaniyazov Almaniya arzusunda olduğu vaxtda azad agentə çevrilir və yarım il klubsuz qalır. “Orxus”un idman direktoru Piter Kristiansen bildirir ki, rusiyalı futbolçu ondan gözlənilən inkişafa nail ola bilmədiyi üçün tərəflər müqaviləni ləğv ediblər. Xocaniyazov özü isə baş məşqçi ilə aralarında problem olduğunu və “Zenit”ə qayıtmaq istədiyini bildirir.

2018-ci ilin yanvarından Camaldinin karyerasında növbəti eniş başlayır. O, Rusiya birinci liqasında bir neçə klubda oynadıqdan sonra Belarus BATE-sinə keçir. Lakin zədəsi səbəbində rəqabətdə uduzur və yarım il sonra həmin klubu da tərk edir.

“Söhbət gəzirdi ki, Xocaniyazov Azərbaycan millisinə dəvət ala bilər”

2019-cu ilin yayında isə Xocaniyazov “Sumqayıt”la müqavilə bağlayır. Bu klubda o, özünü tapa bilir. Artıq 2,5 ildir ki, Camaldin əsas heyətin mərkəz müdafiəçisi kimi komandanın liderlərindəndir. 
“Amma əlbəttə, bu, Camaldinin arzuladığı səviyyə deyil. Belə söhbətlər gəzirdi ki, Xocaniyazov Azərbaycan millisinə dəvət ala bilər. Yeri gəlmişkən, “Avro-2013”ün digər qalibi və “Zenit”in yetirməsi Ramil Şeydayev də Azərbaycan millisində oynayır. Ola bilər ki, bu, Xocaniyazov üçün Almaniya və İspaniya kimi komandalara qarşı oynamaq baxımından sonuncu şans ola bilər” – deyə yazıda qeyd edilir.

Saytın jurnalistin Xomuxa güman edir ki, Xocaniyazov müəyyən mərhələdə çox şeyə nail olduğunu və şeyin belə davam edəcəyini düşünüb: “Bu, gənc futbolçular üçün adi haldir. Gerçəlikdə isə peşəkar idman hər məşqə ciddi köklənməyi, özünü fəda etməyi tələb edir. Mən hələ oyunları demirəm. O, özünə tələbi bir az azaltdı. Bu isə ona gətirib çıxardı ki, Camaldin inkişaf etmədi, yerində qaldı. Sonra isə onun keryarasında eniş başladı”.

Daha çox


Son xəbərlər