“Mənim üçün Beqoviçin ad-sanı önəmli deyil” – "Qəbələ"nin futbolçusu

“Mənim üçün Beqoviçin ad-sanı önəmli deyil” –  "Qəbələ"nin futbolçusu
MÜSAHİBƏ 21 Oktyabr 2019 / 16:20 4606
-  A +

“Qəbələ”nin yarımmüdafiəçisi Qismət Alıyev Qol.az saytına müsahibə verib. O, “Qarabağ”la oyundan, komandasının çempionatdakı ümumi durumundan danışıb.

- “Qarabağ”dan xal aldıqdan sonra komandanızda ab-hava necedir?

- “Qarabağ”ı hamımız tanıyırq. Bizə qədərki 7 oyunda maksimum nəticə qazanmışdılar. “Qarabağ”ın səviyyəsi digər komandalardan bəlkə də, 2 qat yüksəkdir. Düşünürəm ki, komanda şəklində oyuna yaxşı hazırlaşıb, rəqibimizi doğru analiz etmişdik. Heç-heçə pis nəticə deyil. “Qarabağ” kimi komandadan 1 xal aldıq.

- Heç-heçəni qələbəyə bərabər saymaq olarmı?

- Vəziyyətimiz o qədər də yaxşı deyil. Bu 1 xal bəlkə də çempionatın gedişində bizim üçün çox önəmli ola bilər. Məncə də, “Qarabağ” kimi komandaya qarşı bu heç-heçəni qələbəyə bərabər saymaq olar.

- Bu cür oyuna görə azarkeşləriniz sona qədər qalıb, sizi alqışlamalıydılar. Ancaq bir çoxu oyun bitməmiş meydanı tərk etdi.

- Bunu siz dediniz, amma mənim heç yadıma düşmürdü ki, azarkeşlər alqışlayıb, yoxsa yox. Yəni, bunu mən görməmişəm. Azarkeşlərimiz də komandanın vəziyyətini bilirlər. Bu oyuna azarkeşlər gəlsə də, gəlməsə də istədik ki, mütləq xal qazanaq. Ancaq “Qarabağ”la oyunlarda ilk dəfə azarkeşlərin bu qədər az gəldiyini görürdüm. Ən çox azarkeş gəlməli oyun bu idi. Bəlkə də, azarkeşlər fikirləşirlər ki, komanda yaxşı vəziyyətdə deyil, ona görə gəlmirlər. Ancaq yenə də hamısı çox sağ olsunlar. Bu oyun olmasa da, digər oyunlarda gəlib, dəstək olublar. Amma bu oyundan sonra inanıram ki, daha çox azarkeş dəstək olacaq. Çünki “Qarabağ”dan 1 xal almağımız onlar üçün bəlkə də böyük bir şeydir.

- Oyunda komandanın yeganə qolunu sən vurdun. Asmir Beqoviç kimi bir məhşur qapıçıya qol vurmaq necə hissdir?

- Beqoviç yox, başqa qapıçı olsa da, bu qolun əsas əhəmiyyəti qazandığımız xaldır. İlk qolumu "Qarabağ” kimi komandaya vurdum.  Əsas məsələ isə komandamız xal qazandı.

- Beqoviçə qol vuracağını gözləyirdinmi?

- Beqoviçin adı-sanı önəmli deyil. Xal qazanmağımız önəmli idi. Hər oyunda futbolçu qol vurmaq istəyər. Mənə də qol vurmaq “Qarabağ”la oyunda qismət oldu. Yenə deyirəm, mənim üçün sevindirici hal lider komandaya qol vurub, onlardan xal almaqdır.

- “Qarabağ”la heç-heçəyə görə sizə mükafat verildi?

- Oyundan sonra rəhbərlik bizi təbrik etdi. Amma mükafat olmayıb, böyük ehtimalla olar. Bu barədə heç kim heç nə danışmadı.

- Ümumiyyətlə, klubda maaliyyə durumu çətinləşdikdən sonra mükafatlar olur?

- Komandada maaliyyə cəhətdən heç bir problem yoxdur. Yəni, qələbə qazananda mükafatlar olur. Rəhbərliyimiz çox sağ olsun, hər şeyi öz qaydasına qoyub.

- Yeni baş məşqçi gəldikdən sonra 6 xal yığmısınız. Elmar Baxşıyev komandada nələri dəyişib?

- Hansısa məşqçini tərifləyib, başqa birin də pisləmək düz çıxmaz. Bundan öncəki məşqçi də nəyi tapşırırdısa, onu da yerinə yetirirdik. Fərqi yoxdur, istər Sənan müəllim, istərsə də Elmar müəllim olsun, bizim işimiz tapşırıqları yerinə yetirməkdir. Bundan öncə ola bilər ki, Sənan müəllimdə hardasa nəsə alınmaya bilər. Elmar müəllim də komandanın içində idi və bəlkə də, zəif nöqtələri görüb, bizi onun üzərində çalışdırdı. Elmar müəllimin ilk gəldiyi gündən qələbəylə başladıq. Komandaya 1 qələbə lazım idi. Bəlkə də, Sənan müəllimlə də 1 qələbə qazansaydıq, hər şey başqa cür ola bilərdi. Qazandığımız 3 xaldan sonra komandada əhval-ruhiyyə yüksəldi. Başladıq bir-birimizə inanmağa və 6 xal yığa bildik.

- Səncə, belə gənc, yerli futbolçularla “Qəbələ”  nəsə edə biləcək?

- Bizim heyətə gənc desələr də, amma çoxu təcrübəyə malikdir. Milli komandadan tutmuş U-21 yığmamıza qədər çıxış edən oyunçlarımız var. Düşünürəm ki, bu heyətlə heç bir komandadan geri qalmırıq. Çempionatın sonuna yaxın bundan da yaxşı oyun sərgiləyib, yuxarı pillələrə yüksəlmək istəyirik.

- “Qarabağ”la oyunda əzmkar oyun sərgilədiniz. Bəlkə də, mövsümün ən yaxşı “Qəbələ”sini gördük. Bunun səbəbi rəqiblə bağlı idi, yoxsa bundan sonra bu cür oyunlarınızın şahidi olacağıq?

- Ötən oyun “Qarabağ”dan xal aldıq. Elə “Qarabağ”ın adı bir motivasiyadır. İstəyirdik mübarizə aparaq ki, komandalar bizə yuxarıdan aşağı baxmasın. Bundan öncəki “Zirə”ylə oyunda da yaxşı mübarizə apardıq. Biz bütün oyunlara qələbə üçün çıxırıq.

Məftun RƏSULZADƏ

Daha çox


Son xəbərlər
23.11.24  12:58

Kompani narazıdır