Layihə. Azərbaycan futbolunun tarixi. Heç kim və heç nə unudulmur!
Futbolumuzda unudulmamalı, unudulmağa layiq olmayan şəxsiyyətlərdən biri də “Neftçi” üçün böyük işlər görən mərhum Rasim Rəfiyevdir. Hərçənd ki, artıq "Neftçi"də çoxları onu unudub. Bu haqda sonda danışarıq.
Rasim Rəfiyev 1994-ci ildə - Azərbaycanın iqtisadi durumunu ağır olduğu vaxtlarda maliyyə böhranı keçirən "Neftçi"ni himayəyə götürdü. Bundan sonra paytaxt klubunda üzlər gülməyə başladı. Maddi sıxıntıları aradan qalxan komanda 1994/95 mövsümündə bürünc medalı qazanmaqla yanaşı, həm də kubok və superkuboka sahib oldu. Növbəti ildə isə komanda tarixində ilk dəfə “qızıl dubl” etdi.
“Neftçi”nin Rasim Rəfiyevin dövrdə qazandığı nəticələri və digər məsələlər haqda komandanın o vaxtkı baş məşqçisi Vaqif Sadıqov və kapitanı Yunis Hüseynovla danışdıq.
Ancaq əvvəlcə qəhrəmanımızın oğlu – hazırda AFFA-nın seleksiya məsələləri üzrə baş koordinatoru işləyən Riad Rəfiyevlə söhbət etdik:
Riad Rəfiyev
“Atam həmişə “Neftçi”nin ən sadiq azarkeşlərindən olub. Bəlkə də o, “Neftçi”ni özündən də çox sevirdi. Hələ 1980-ci illərin sonlarında komandaya kömək edirdi. 1994-cü ildə isə “Neftçi”yə güclü maliyyə dəstəyi verdi. O vaxt artıq onun şəxsi şirkəti var idi. “Neftçi”yə çox bağlı insan idi. Ona görə də bütün sərvətini klubun yolunda qoydu. “Neftçi”yə həddindən külli miqadarda vəsait xərclədi. Bildiyiniz kimi, 90-cı illərdə ölkədə vəziyyət yaxşı deyildi. Atamın “Neftçi”yə xərclədiyi pullar o vaxta görə həddindən çox idi. Azərbaycanda heç bir klubda “Neftçi”dəki kimi maaş yox idi. Maaşdan əlavə oyunçulara hədiyyələr, maşınlar, evlər bağışlayırdı. Bundan başqa, daima şəxsi təyyarəsi ilə oyunçuları ailələri ilə birlikdə İstanbula, Dubaya gəzməyə aparırdı. Atam “Neftçi” ilə yanaşı milli komandanın da irəli getməsini istəyirdi. Ümumiyyətlə, Azərbaycan futbolunun inkişafı üçün əlindən gələni etməyə çalışırdı. Yadımdadır ki, dəfələrlə milli komandanın səfərini təşkil etmişdi”.
“Neftçi”nin “Riad” dövrü
1995-1997-ci illərdə "Neftçi"nin əsas sponsoru məhz Rasim Rəfiyevin oğlunun adını daşıyan Riad aviaşirkəti oldu. Həmin illərdə komandanın formalarının üzərinə bu şirkətin adı yazılırdı. Aviaşirkət Dubay, İstanbul və digər şəhərlərə reyslər təşkil edirdi. Riad Rəfiyevin sözlərinə görə, bu şirkətdən qazanılan pulların böyük hissəsi “Neftçi”yə xərclənirdi.
“Xoşbəxtəm ki, Rasim Rəfiyevlə birlikdə çalışmışam”
Rasim Rəfiyev haqda bu yazını hazırlayarkən onun rəhbərliyi dövründə “Neftçi”nin baş məşqçisi olmuş Vaqif Sadıqova da müraciət etdik. Sadıqov Rasim Rəfiyevlə iki il bir yerdə çalışıb. Deyir ki, Rasim Rəfiyevin ən böyük arzusu Avropa səviyyəli bir komanda yaratmaq idi:
Vaqif Sadıqov və komandası Azərbaycan kubokunu qazanır
"Rasim Rəfiyev çox səxavətli, futbolu, xalqını, vətənini sevən bir insan idi. Həmişə əlindən gələni edirdi ki, futbolumuzu, ümumiyyətlə, Azərbaycan adını vətəndən kənarda da tanıtdırsın. “Neftçi”yə rəhbərlik etdiyi vaxtda paralel olaraq milli komandaya da sponsorluq edirdi. Bu işləri görmək onun ürəyindən gəlirdi.
Mən 1993-cü ilin ortalarında “Neftçi”yə baş məşqçi təyin olundum. O vaxt komanda uğursuz zolağa düşmüşdü. Maddi cəhətdən çətinliklər var idi. Buna görə də Rasim müəllim komandanı himayəsinə götürdü. Biz onunla iki il bir yerdə çalışmışıq. Onun gəlişindən az sonra komanda ardıcıl uğurlar qazandı. Komanda lider olduğu bir vaxtda “Neftçi”dən ayrıldım. Məndən sonra işimi Kazbek Tuayev davam etdirdi. O isə “Neftçi”yə qızıl dubl bəxş etdi. Yəni “Netfçi”nin inkişaf mərhələsi Rasim Rəfiyevin dövründən başladı. Onun zəhməti danılmazdır. “Neftçi” üçün çox böyük işlər görüb. Xoşbəxtəm ki, bu layihəni həyata keçirən şəxslə birlikdə fəaliyyət göstərmişəm.
Düzdür, o, rəsmi olaraq klub prezidenti deyildi. Ancaq o vaxt Aydın İbrahimov (1988-1997-ci illərdə “Neftçi”nin prezidenti olub – red.) bütün rəhbərlik işlərini Rasim Rəfiyevə tapşırmışdı. O, klub rəhbəri kimi bizimlə səfərlərə gedirdi. Bir rəhbər kimi üzərinə düşən bütün işləri görürdü.
“Neftçi”nin Avropa Liqasında göstərdiyi uğurlu nəticələrin təməlini Rasim Rəfiyev qoyub”
Rasim Rəfiyev məşqçi və futbolçularla çox gözəl dil tapırdı. Komanda üçün hər cür şarit yaratmağa qadir olan bir rəhbərimiz var idi. Onun belə davranışı imkan verirdi ki, komandanın daxilində yaxşı ab-hava yaradaq. Onun ən böyük arzusu Avropa səviyyəli “Neftçi” yaratmaq idi. Demək olar ki, buna da nail oldu. Komandanın Avropa Liqasında göstərdiyi uğurlu nəticələrin təməlini də məhz Rasim Rəfiyev qoyub.
Rasim Rəfiyevin “Neftçi”yə gəlişindən sonra heyətimiz xeyli gücləndi. Milli komandaya 7-8 futbolçumuz dəvət alırdı. Millimizin aşağı yaş qruplarına da futbolçular verirdik. Demək olar ki, bütün heyət yığma komandaların təlim-məşq toplanışında olurdu. Rasim Rəfiyev tək bu günlə yaşamırdı. Onun məqsədi perspektivli komanda yaratmaq idi. O dövrdə çox düzgün transfer siyasəti aparırdıq. Onun nəticəsi idi ki, “Neftçi” ardıcıl bir neçə il uğurlu nəticələr qazandı”.
“Neftçi”nin tarixində ilk legioner
“Neftçi” tarixində ilk legioner də Rasim Rəfiyevin dövründə komandaya cəlb olunub. Bu, Gürcüstanın “Dinamo” (Tbilisi) klubundakı çıxışları ilə məşhurlaşan Otar Korqalidze idi. Gürcüstanlı yarımmüdafiəçi “Neftçi”də cəmi 6 ay oynamasına baxmayaraq, komandaya çox faydalı olub.
“Komandada məni hamıdan çox istəyirdi”
Yunis Hüseynov
Rasim Rəfiyev təvazökarlığı və sadəliyi ilə də seçilib. O, futbolçulara diqqət və qayğı göstərməklə yanaşı, həm də onlarla səmimi olub. Bunu komandanın o dövrdə kapitanı olmuş Yunis Hüseynov deyir. Həmin illərdə millimizdə də çıxış edən Y.Hüseynov Rasim Rəfiyevin yığma komandamıza da maddi dəstəyindən danışır:
“Heç vaxt yadımdan çıxmaz, Rasim müəllim komandaya gələndə vəziyyət çox pis idi. Onun gəlişindən sonra "Neftçi" 360 dərəcə dəyişdi. Bütün futbolçularla müqaviləni yenilədi. Komandaya yüksək səviyyədə baxdı. Maaşlar və mükafatlar vaxtında verildi. Rasim Rəfiyevin ümumilikdə Azərbaycan futboluna çox köməyi dəyib. Milli komanda ilə ilk oyunumuzda səfəri də Rasim Rəfiyev təşkil etmişdi. Bizi səfərə şəxsi təyyarəsi ilə apardı. Komandaya yeni forma aldı. Bütün futbolçulara kostyum aldırdı ki, hamı dəst geyinsin. Belə şeylərə çox diqqət yetirirdi. İstəyirdi ki, futbolçular səliqəli olsun.
Bir faktı da qeyd edim ki, ilk dəfə bizi təlim-məşq toplanışına aparan da Rasim Rəfiyev olub. Antalyada 14 günlük təlim-məşq toplanışında olduq. Üç yoxlama oyunu keçirdik. Onda Azərbaycanda heç bir klub təlim-məşq toplanışının nə olduğunu bilmirdi.
Rasim Rəfiyev çox ünsiyyətcil idi. Bütün futbolçularla yaxşı münasibətdə idi. Komandada məni hamıdan çox istəyirdi. Çünki məni çoxdan tanıyırdı. Ona görə daha yaxın idik. Amma digər futbolçularla da qardaş kimi idi. Heç kimin xətrinə dəyməzdi. Çox sədə idi. Tanımasan, hec vaxt deməzdin ki, o, bu qədər imkanlı insandır”.
Rasim Rəfiyev 1997-ci ildə “Neftçi”dən ayrılıb. O vaxt artıq maddi durumu pisləşən R.Rəfiyev ən yaxın dostlarından Aqil Paşayevdən (“Abşeron” mehmanxanasının direktoru) xahiş edib ki, kluba rəhbərlik etsin. Paşayev isə onun təklifini müsbət qarşılayıb və "Neftçi"nin növbəti prezidenti olub. Rasim Rəfiyevin "Neftçi"dən ayrılmağının bir səbəbi də o dövrdə AFFA-nın prezidenti olan Fuad Musayevlə problem yaşaması olub. Bundan başqa, onun Aydın İbrahimovla da münasibəti bir qədər korlanmışdı.
Riad Rəfiyev atasının ömrünün sonuna qədər "Neftçi"yə bağlı olduğunu deyir: “Neftçi”dən ayrıldıqdan sonra da komandanın yanındaydı. Sadəcə olaraq maddi durumu o qədər yaxşı olmadığı üçün komandaya əvvəlki kimi kömək edə bilmirdi. Ancaq dünyasını dəyişənə qədər “Neftçi”yə hərtərəfli dəstək oldu”.
Rasim Rəfiyev dünyadan vaxtsız gedib. Şəkərli diabetdən əziyyət çəkən futbol fədaisi 2000-ci ildə - 52 yaşında dünyasını dəyişib.
İndi isə gələk vaxtilə "Neftçi"ni bataqlıqdan çıxaran bu şəxsi klubun hazırkı rəhbərliyinin unutmasına. Unutmasaydılar, bu yaxınlarda "Neftçi"nin 80 illiyi münasibəti ilə açılan muzeyin rəhbər lövhəsində Rasim Rəfiyevin də adı olardı. "Neftçi" bu addımına o dövrdə klub prezidentinin Rasim Rəfiyev yox, Aydın İbrahimov olduğunu əsas gətirərək bəraət qazandırır. Bəli, Rasim Rəfiyev rəsmi sənəddə “Neftçi”nin prezidenti deyildi. Ancaq komandada hər kəs onu klub rəhbəri kimi görürdü. Çünki o, bir klub prezidentinin etdiklərindən daha çox işlər görürdü “Neftçi” üçün.
Ramiq AĞAMƏMMƏDOV
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
Mançini peşmandır
“Neftçi”dən antirekord
Mourinyoya nə olub?
9 qol vuruldu, "Liverpul" qalib gəldi
"Real" 2-ci yerə 4 qolla yüksəldi
Osimhen və Barış Alper yenidən səhnədə - Video
Reşford niyə üç oyundur heyətdə yer almır?
"Real"dan Alaba ilə bağlı açıqlama
2:0, gülən üzlər və 8 xallıq fərq… - Şəkillər
Klub prezidenti istefa verdi
Azərbaycanda ilin futbolçusu kimdir? - Qurbanovun versiyası
Qurban Qurbanov: “2024-cü il “Qarabağ” üçün çox yaxşı oldu”
Elmar Baxşıyev sayılmayan qol və oyunları haqda
“Qalatasaray”dan 5 qollu qələbə
İlin son oyununda "Qarabağ" qalib gəldi
Berezutski “Sabah”ın məğlubiyyəti barədə nə dedi?
Şamaxıda vurulan qollar - Video
"Zirə"nin qapıçısı üçün 100-cü oyun
"Şamaxı" "Sabah"a qalib gəldi
"Qarabağ" - "Araz-Naxçıvan": Heyətlər açıqlandı
17 yaşı tamam oldu, "Çelsi" ilə müqavilə imzaladı