Layihə. Azərbaycan futbolunun tarixi: heç kim və heç nə unudulmur!
Bu gün sentyabrın 4-dür. Millimiz DÇ-2018-in seçmə qrup mərhələsi çərivəsində San Marino ilə ilk oyununa çıxır. Robert Prosineçkinin futbolçuları “cırtdan” dediyimiz komandanı məğlub edə biləcək, ya yox, bunu axşam saat 22:00-da biləcəyik. Biz isə tarixin bu gününə təsadüf edən və 17 il öncə keçirilən bir oyuna toxunacağıq. Söhbət 1999-cu il sentyabrın 4-də AÇ-2000-nin seçmə qrup mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Azərbaycan - Portuqaliya matçından gedir. Hansı ki, millimiz heyətində Vitor Baya, Fernando Koutu, Dimaş, Sa Pintu, Luiş Fiqu, Nunu Qomeş kimi ulduzların yer aldığı rəqiblə heç-heçə oynayaraq tarixi uğura imza atmışdılar. Qələbəyə də çox yaxın idik və 3 xal qazanmaq şansımızı son saniyələrdə əldən verdik. Həmin tarixi oyunun iştirakçılarından olan Kamal Quliyevlə 17 il əvvələ qayıtdıq. Kamalı müsahib seçməyimiz də təsadüfi deyildi. Çünki Portqaliya ilə oyun onun milli formada debüt matçı idi. Debüt oyununda bu cür rəqibə qarşı oynayasan və özü də sənə Luiş Fiqu kimi ulduzu zərərsizləşdirmək tapşırığı verilə. Fikrimizcə, bu cür futbolçunun xatirəsi sizin üçün də maraqlı olmalıdır. Beləliklə:
“O vaxta qədər heç kim məni milliyə çağırmırdı”
Söhbətə öncə hazırlıqdan başladıq. Komandamız o cür adlı-sanlı rəqiblə oyuna necə hazırlaşmışdı, harda hazırlaşmışdı və necə motivasiya olmuşdu: “Həmin oyun mənim üçün unudulmazdı. Karyeramın ən yaddaqalan oyunu olub. Çünki millinin heyətində ilk dəfə meydançaya çıxmışdım. Həmin dövrlər çox yaxşı formadaydım və “Neftçi”nin heyətində müntəzəm olaraq oynayırdım. Bununla belə milliyə dəvət almırdım. Hətta mətbuat da bu haqda tez-tez yazırdı. Rəhmətlik Əhməd Ələsgərov baş məşqçi gələndən sonra məni də ilk dəfə milliyə dəvət etdi. Yəni o vaxta qədər heç kim məni milliyə çağırmırdı. Debüt oyunum da məhz Portuqaliyaya qarşı oldu. Hazırlığa gəlincə, Şıxovdakı 4 ulduzlu “Crescent Beach” otelində qalırdıq. Gündəlik məşqlərimizi eliyib oyuna hazırlaşırdıq. Əsas hazırlıq psixoloji baxımdan oldu. Əhməd Ələsgərov əsl psixoloq idi. Bir dəfə futbolçunun gözünün içinə baxan kimi bilirdin ki, o, səndən nə istəyir. Mən çox məşqçilərlə işləmişəm, amma Ələsgərov kimi məşqçi-psixoloq görməmişəm. Ona görə də düşərgədə ab-hava çox yüksək idi”
“Start heyətində oynayacağımı biləndə həyəcandan dizim əsməyə başladı”
Sən demə Kamal Portuqaliyaya qarşı əsas heyətdə oynayacağını ağlının ucundan belə keçirmirmiş. Həqiqətən də ilk dəfə milliyə çağırılasan və Portuqaliyaya qarşı start heyətində meydançaya çıxasan: “Həmin oyunda əsas heyətdə oynayacağımı bilmirdim. Bildiyiniz kimi, Portuqaliya ilə iki gün oynadıq. Sentyabrın 3-də projektorlarda problem olduğu üçün ilk hissədən sonra oyun dayandırıldı və ayın 4-də yenidən meydançaya çıxdıq. İlk oyundan əvvəlki gecə oteldə Əhməd Ələsgərov komandanı yığdı və start heyəti açıqladı. Həmin an start heyətində oynayacağımı biləndə həyəcandan dizim əsməyə başladı. Qorxu mənasında yox. İlk dəfə milli formanı geyinib ilk dəfə himnimizi oxuyacaqdım. Hamısı onun həyəcanı idi. Tərlan Əhmədovla eyni otaqda qalırdıq. Tərlan həmin gecə mənə çox dəstək oldu. Eləcə də Vyaçeslav Lıçkin, Emin Ağayev də mənə ürək-dirək verdilər. Oyuna gəlincə, ilk hissədə hər şey yaxşı gedirdi. Mənə Luis Fiqu ilə fərdi oynamaq tapşırılmışdı. Əhməd müəllim eyni zamanda demişdi ki, Fiqu hər iki ayağı ilə oynamağı bacarır, topla əla davranır. Ona görə hər hərəkətə aldanıb tullanmamalı, yıxılmamalı idim. Demək olar ki, ona ciddi bir şans vermədim”.
“Gedib girmişdim ağızlarının içinə ki, görüm nə danışırlar”
Quliyev ilk oyun gününün ilk hissəsindən sonra stadionun işıqlandırma sistemində yaranan problem və matçın təxirə salınmasından da danışdı: “Oyundan qabaq və eləcə də ilk hissənin gedişində işıqlandırma sistemi ilə bağlı hər hansı bir problem ortaya çıxmadı. Hər hansı bir nasazlıq olması haqda məlumat da qulağımıza çatmamışdı. İlk hissədən sonra soyunub-geyinmə otağına yollandıq və ikinci hissə üçün meydançaya qayıdanda gördük ki, işıqlar sönüb. Yadımdadır ki, Portuqaliya Futbol Federasiyasının prezidenti, eləcə də o vaxtkı AFFA prezidenti Fuad Musayev və eləcə də UEFA nümayəndəsi meydananın düz mərkəzində dayanıb durumu müzakirə edirdi. Mən də cavan futbolçu idim özümə də maraqlı idi ki, sonluq necə olacaq. Ona görə də gəzə-gəzə gedib çıxmışdım mərkəzə və girmişdim ağızlarının içinə ki, görüm nə danışırlar. İlk olaraq UEFA nümayəndəsi UEFA-ya zəng edib durumu bildirdi. Ordan da cavab gəldi ki, əgər Portuqaliya tərəfi razı olsa o zaman matçı sabah səhər saatlarında oynamaq olar. Yox, razı olmasalar bizə texniki məğlubiyyət veriləcəkdi. Xoşbəxtlikdən Portuqaliya Futbol Federasiyası matçın sabah oynanılmasına razılıq verdi. Təbii ki, burada bizə qalib gəlməyin arxayınçılığı da var idi. Əmin idilər ki, güclü olduqları üçün qalib gələcəklər və ona görə də texniki qələbəni qəbul etmədilər”.
“Bəxtiyar ötürmə verəndə elə bildim ofsayddı”
Daha sonra Kamal ilk gündən sonrakı gecəni və tarixi nəticənin qeydə alındığı 4 sentyabr gününü anlatdı: “Otelə qayıdandan sonra Əhməd Ələsgərov xüsusi tapşırıq verdi ki, heç kim oteldən kənara çıxmasın və hamı çalışsın ki, tez yatıb dincəlsin. Səhəri gün ikinci oyuna çıxdıq. Taktika eyni idi. İstək isə ikiqat çox idi. Ələsgərovun həm də güclü psixoloq olduğu haqda az öncə dedim. Həqiqətən də bu insan futbolçuları oyuna elə kökləyirdi ki, o köklənmə ilə oyun uduzmaq mümkünsüz idi. Təsəvvür edin, o boyda Portuqaliya millisinin üzvlərini bizim gözümüzdə elə açlatdı ki, insan öz-özünə düşünürdü ki, çıxıb qazonu dişimlə didərəm, amma uduzmaram. Fiqu kimi futbolçunu mənim gözümdə heç eləmişdi ki, onun da iki əli iki ayağı var sənin də. Onun səndən nəyi artıqdı ki, ona uduzasan. Çox güclü psixoloq idi. İlk hissədə yenə hesab açılmadı. İkinci hissənin əvvəllərində biz hesabı açdıq. Bəxtiyar Musayev mərkəzdə bir futbolçunu keçib sağa doğru meyilləndi və ayağının çölü ilə Zaur Tağızadə istiqamətinə hiyləgər hava ötürməsi verdi. Zaur da tapşırığa əsasən meydançanın mərkəzindən o tərəfdə bütün gücü ilə qaçıb sonra gəlib mərkəzdə dincəlib yenə irəli şığımalı idi. Zaur da həmin ötürməyə mərkəzdən bir az qabaqdan şığıdı. Ötürmə anı Portuqaliyanın bütün futbolçuları oyundankənar vəziyyət olduğunu bilib bir anlıq dayandılar. Açığı Bəxtiyar ötürmə verəndə mən də elə bildim ki, “ofsayd”dı. Zaur isə sürəti hesabına irəli şığıyıb cərimə meydançasına daxil oldu və topu Vitor Bayanın ayaqları arasından tora göndərdi. Artq hesabda öndə idik, futbolçularda özünəinam hissi bir qədər də artmışdı. Lakin oyunun gedişində Zaur Tağızadənin qırmızı vərəqə alması hər şeyi alt-üst etdi. Lıçkinin dirəkdən qayıdan topu mənə o qədər təsir etmədi ki, Zaurun qırmızı vərəqə alması təsir etdi. Mənə görə orada qırmızılıq heç nə yox idi. Günü bu gün həmin epizodu UEFA-ya göndərin, onlar da mən deyəni deyəcək. Sadəcə, hakimlərin hər zaman olduğu kimi, böyük komandalara simpatiyası həmin gün də baş verdi. 10 nəfər qalmağımıza baxmayaraq yenə də sona kimi əzmlə mübarizə apardıq. Təəssüf ki, son saniyədə qələbəni əldən verdik. Hakim oyuna 6 dəqiqə əlavə etdi. 6-cı dəqiqədə rəqib sol cinahdan hücum qurdu və top qapı qarşısına ötürüldü. Dmitri Kramarenko topu qaytarsa da boşda qalan Luiş Fiqu təkrar zərbə ilə qol vurdu. O epizodda ani diqqətsizlik etdik ki, bu da bizə baha başa gəldi. Bizdə sistem belə idi ki, cinahdan hücum olanda mərkəz müdafiəçisi həmin cinahda yer alan müdafiəçiyə köməyə gedirdi. Əks cinahdakı müdafiəçi isə mərkəz müdafiəçisinin yerinə düşürdü. Yarımmüdafiəçi isə cinah müdafiəçisinin zonasını bağlayırdı. Həmin epizodda da Kramarenko topu qaytaranda Elşən Qənbərov həmin zonaya düşməli idi. Laki Elşən düşmədi və nəticədə tam nəzartsiz qalan Fiqu topu qapıdan keçirdi”.
“Əhməd Ələsgərov dedi ki, siz qalibsiniz”
Həmsöhbətimiz oyundan sonra soyunub-geyinmə otağında yaşananları da danışdı: “Son saniyədə buaxılan qol bizə çox pis təsir etdi. Əslində heç-heçə özü də böyük nəticə idi. Amma qələbə qazansaydıq, daha böyük nəticə olacaqdı. Təbii, soyunub-geyinmə otağında hamımız dilxor idik. Əhməd Ələsgərovun da özünəməxsus lovğa yerişi var idi. Elə həmin yerişlə otağa daxil oldu. Özü də çox vaxt rus dilində danışırdı. Elə rus dilində dedi ki, mən bu oyunu uduzmayacağımızı bilirdim. Siz böyük iş görmüsünüz və mənim üçün qalibsiniz”.
“Fiqu hakimə dedi ki, bunu yoxlayın dopinq qəbul edib”
Kamal həmin oyunda fərdi oynadığı Luiş Fiqu ilə bağlı xatirələrini də bizimlə bölüşdü: “Dediyim kimi, həmin oyunda mənə fərdi olaraq Fiqunu tutmaq tapşırığı verilmişdi. Mən də əlimdən gələni edirdim ki, ona oynamaq imkanı verməyim. Lazım gələndə sərt də oynayırdım. Epizodların birində ona qarşı sürüşmə fəndi elədim, amma tutmadı. Ayağımın boşa getdiyini görüb başımla topu onun ayağının altından vurub çıxardım. Həmin epizodda Fiqu özü də çox təəccübləndi və bir anlıq durub mənə baxdı ki, yəni insan olan şəxs o epizodda başı ilə “podkat” eləməz axı (gülür). Sonra oyunun gedişində hakimə ingiliscə dedi ki, o 7 nömrəni oyundan sonra yoxlayın o, dopinq qəbul edib. Mən də karyeram ərzində cəmi bir dəfə Portuqaliya ilə oyunda 7 nömrə geyinmişdim. Öz daimi nömrəm 6 idi. Təbii ki, mən dopinq qəbul etməmişdim. Sadəcə, o qədər əzmlə mübarizə aparıb meydançada can qoyurdum ki, o da məətəl qalmışdı. Oyundan sonra gedib görüşdüm və formamıı dəyişməyi təklif elədim. O da etiraz etmədi və formasını mənə verdi. “Neftçi”də işləyəndə 2012-ci ildə Avropa Liqasının qrup mərhələsi çərçivəsində Milanda “İnter”lə oyuna gedəndə həmin formanı da özümlə aparmışdım. O vaxt Fiqu “İnter”də idman direktoru idi. Tərcüməçi vasitəsi ilə onu tapıb 1999-cu ildəki oyunu xatırlatdım və dedim ki, həmin oyunda mən sənə qarşı oynamışam. Hardasa xatırlamağ çalışdı. Amma formanı çıxardıb göstərəndən sonra tam olaraq yadına düşdü və gülərək mənimlə xüsusi görüşdü”.
Sonda Kamal həmin heç-heçəyə görə aldıqları mükafatın məbləğini də açıqladı: “Həmin heç-heçəyə görə əsas heyət futbolçularının hər birinə 2800 dollar mükafat verildi. O vaxt futbolçular indiki kimi qazanmırdı. İndi uduzanda 5 min dollar mükafat alırlar. Nə var nə var mübarizə aparıb uduzublar. Biz də o vaxt uduzduğumuz oyunlarda kişi kimi mübarizə aparıb uduzmuşuq. Yəni xarakter göstərmişik. Ona qalsa bizə gör nə qədər mükafat düşür. Amma dediyim kimi, Portuqaliya kimi ulduzlar toplusu ilə tarixi heç-heçəyə görə cəmi 2800 dollar mükafat almışdıq”.
Layihə AFFA yanında Media Komitəsi tərəfindən maliyyələşdirilir
Mikelsin yubiley qolu
"Sumqayıt"ın "Şamaxı" üzərində qələbəsi - Video
Ayxan Abbasov: "Çempionat gərgin keçəcək"
Ronaldo "Fənərbaxça"ya keçir, ya yox? - Mourinyo danışdı
"Sumqayıt" "Şamaxı"ya qalib gəldi
"Turan Tovuz" - "Sabah" matçında vurulan qollar - Video
"Turan Tovuz" "Sabah"la heç-heçə etdi
"Sumqayıt" - "Şamaxı": Heyətlər
Azərbaycanın basketbol millisi İsveçrəyə uduzdu
"Turan Tovuz" - "Sabah": Heyətlər açıqlandı
Məşhur hücumçunun oğlu İngiltərə klubunda
Azərbaycan cüdoçularından 4 medal - Avropa kuboku
"Arsenal" Premyer Liqada qələbə sayında 2-ci oldu
U-18 Qəbələdə toplanır
İlk dəfə Sudamerikana kubokunu qazandılar
Gələn həftə Bakıya gələcək "Lion"dan heç-heçə
7:0 - Di Mariya 3, Kerem 1 qol vurdu
"Qalatasaray"ın səfər qələbəsi - Video
Qvardiola şokda: dalbadal 5 məğlubiyyət
“Qalatasaray”ın futbolçuları arasında gərginlik
8 qol və "Fənərbaxça"nın qələbəsi - Video
"Barselona" xal itirdi
"Milan" "Yuventus"la heç-heçə etdi, "İnter"dən 5 qol
"Qalatasaray" və "Fənərbaxça" səfərdə qalib gəldilər
"Borussiya" və "Bayer"dən inamlı qələbə
"Tottenhem" "Mançester Siti"ni darmadağın etdi
Rodri stadionda belə qarşılandı - Video
"Neftçi"nin "Zirə" üzərində qələbəsindən - Video
“Neftçi” “Zirə”yə qalib gəldi