“Xəzər Lənkəran”da eniş dövrü artıq geridə qaldı”

“Xəzər Lənkəran”da eniş dövrü artıq geridə qaldı”
MÜSAHİBƏ 3 Noyabr 2014 / 17:38 7740
-  A +

“Xəzər Lənkəran” klubunun vitse-prezidenti Tuyqun Nadirovun Qol.Az saytına müsahibəsi


- Uzun müddətdən sonra “Xəzər Lənkəran” doğma meydanda “Simurq”a qalib gəlməyi bacardı. Əvvəlcə bu görüş haqda fikirlərinizi bilmək istərdik.

- “Simurq”la oyunlarımız həmişə ağır keçib. Səhv etmirəmsə, üç il idi ki, doğma meydanda “Simurq”a qalib gələ bilmirdik. Şükürlər olsun ki, komandamız bu sindromu qırdı. Futbolçularımız əzmkarlıq göstərdi. Hesabda geri olsalar da, sona qədər mübarizə aparıb, qələbə qazandılar.

- Demək olar ki, Premyer Liqamızda mövsümün üçdəbiri geridə qaldı. “Xəzər Lənkəran”ın bu turlar ərzindəki çıxışını necə qiymətləndirirsiniz?

- Komanda çempionata uğursuz başladı. Ona görə də vacib xallar itirildi. Bir müddət çox geridə olduq. Təbii ki, bu çıxışlar rəhbərliyi də qane edə bilməzdi. Sevindirici haldır ki, artıq komanda öz oyununu tapır. Ardıcıl iki oyunda qələbə qazandıq. Bunlar hamısı komandada irəliləyiş olduğunu göstərir. Komanda qalib gələ də, uduza da bilər. Əsas odur ki, oyun olsun. “Xəzər Lənkəran” mövsümün əvvəlindən çalışqanlığı ilə yadda qalır. Son turlar da onu göstərir ki, komandada hər şey qaydasındadır. Bu tempi qorumaqla istədiyimiz nəticələri qazana bilərik.

- Yəqin ki, klub rəhbərliyi komandanı ən azı ilk “üçlük”də görmək istəyərdi. Komandanın hazırkı nəticəsi necə, rəhbərliyi qane edir?

- Gəlin, qazanılan xallara baxaq. Bu gün ilk pillələrdə olan komandalarla “Xəzər Lənkəran” arasında elə də böyük fərq yoxdur. Lider “Qarabağ”la aramızda cəmi 4 xal fərq var. Həm də yuxarı pillələrdə olan komandalarla oyunlarımız olacaq. Futbolçularımız əlindən gələni edəcək ki, bu rəqiblərdən xal alıb, daha yuxarı pillələrə yüksəlsinlər. Tək lider yox, aşağı pillələrdə olan komandalarla oyunlarda da xal itirmişik. Bunlar baş verməsəydi, bu gün fərqli mənzərənin şahidi olardıq, komanda bu yerdə qərarlaşmazdı. Əsas odur ki, komandanın oyunu olsun.

- Oyunun olması üçün məşqçi işi görünməlidir. Klub rəhbərliyi Oğuz Çətinin işindən razıdır?

- Bu haqda mövsümün sonunda danışsaq, daha yaxşı olar. Çünki hər bir komandanın eniş və inkişaf dövrü olur. Artıq deyə bilərəm ki, “Xəzər Lənkəran”da eniş dövrü artıq geridə qaldı. Komandamız inkişaf dövründədir. Təbii ki, bu da məşqçilər heyətinin əməyi nəticəsində olub.

- “Xəzər Lənkəran” hər il çempionatda iddialı olub. Bu mövsüm baş məşqçinin istədiyi transferlər həyata keçirildi. Demək olarmı “Xəzər Lənkəran” bu il hədəfinə çatmaq üçün daha şanslıdır?

- Təbii ki, istədiyimiz heyəti formalaşdırmışıq. Mustafa Dənizlidən sonra komanda Oğuz Çətinə həvalə olundu. O isə istədiyi məşqçilər korpusunu təşkil etdi. Klub rəhbərliyi baş məşqçinin bütün istəklərini yerinə yetirib. Əlbəttə ki, nəticə qazanmaq üşün “Xəzər Lənkrəran”da hər bir şərait var. Tək Oğuz Çətinə yox, indiyədək “Xəzər Lənkəran”ı çalışdıran bütün məşqçilərə bu şərait yaradılıb. Heç bir məşqçi deyə bilməz ki, istədiyi transferi həyata keçirməmişik. Bizim klubumuzun əsası qoyulan gündən o prinsipə sadiqdir ki, baş məşqçi komandanın həm seleksiya, həm də transfer işlərini aparsın və bütün nəticələrə o cavabdeh olsun. Bəziləri baş məşqçiyə çox səlahiyyət verdiyimiz üçün bizi qınayır. Ancaq biz bu prinsiplərə sadiq qalacağıq.

- Son dövrlər uğursuz çıxışı ilə yadda qalan “Xəzər Lənkəran” azarkeşlərini xeyli hissəsini itirdi. Qazanılan bir neçə qələbə ilə əvvəlki azarkeşləri dəstəyi qaytarmaq olar?

- Mənə elə gəlir ki, hətta “Qarabağ”a uduzduğumuz oyun da azarkeşlərimizin komandaya qarşı münasibətini yaxşılaşıdırıb. Yəni komanda məğlub olsa da, göstərdiyi oyunla azarkeşləri ümidləndirdi. Son iki qələbə isə bu baxımdan daha əhəmiyyətli oldu. Düşünürəm ki, bu tendensiya davam edəcək. Bu, artıq sosial şəbəkələrdə də hiss olunur.

- Qış transfer dönəmində “Xəzər Lənkəran”dan supertransfer gözlənilir?

- Qeyd etdiyim kimi, transfer işini məşqçilər korpusu həyata keçirir. Onlar hansı futbolçusu istəsə, klub rəhbərliyi həmin transferi həyata keçirəcək. Heç vaxt klub prezidenti transferlə bağlı məhdudiyyət qoymayıb.

- Bu gün milli komandamızın heyəti açıqlandı. “Xəzər Lənkəran”da xeyli sayda yerli futbolçu çıxış etsə də, onlardan cəmi üçü yığmaya dəvət olunub. Buna münasibətiniz necədir?

- Mahmud Qurbanov çox ağır bir yükün altına girib. Buna görə də ona dəstək olmalıyıq, uğurlar arzulamalıyıq. Hər zaman millimizin yanındayıq. Klub olaraq millimiz üçün əlimizdən gələni əsirgəmirik. Əgər lazım olsa, bütün yerli futbolçularımızı milliyə göndərə bilərik. Biz milli komandanın məşqçilərinin işinə müdaxilə edə bilmərik.

Ramiq AĞAMƏMMƏDOV

Daha çox


Son xəbərlər
25.11.24  15:55

"Real"da şok itki

25.11.24  10:33

Mikelsin yubiley qolu