Dünya futbol üzrə dördilliyin zirvə yarışının həyəcanı ilə yaşayır – XX mundial azarkeş qəlbinin qapılarını döyür, gəlmişəm deyir...
Ancaq bilmirəm, mənə belə gəlir, ya elə həqiqətən də belədir, nəsə sanki əvvəllər olduğu kimi, havadan futbol qoxusu gəlmir.
Dünyamızda çox qəribəliklər baş verir, həm də hər sahədə. Futbol da kənarda qalmayıb. İnanılmazdır, ancaq faktdır – Braziliyada, “Futbol Məkkəsi”ndə futbola etiraz edir, aksiyalar keçirirlər. Hər şeyin mümkünlüyü ağıla gələrdi, amma braziliyalıların futbol əleyhinə çıxması lap axirət işartısı təsiri bağışlayır. Bəlkə Cənubi Amerikanın futbol diyarında baş verənlərə görədir ki, futbol bayramı ovqatı yaşanmır...
Lakin yaşayanlar yaşayır və bu qeydlər də elə futbola sədaqətlilərin menyusunadır!
Bütün mundiallar kimi, 2014-cü il dünya çempionatının da özəl cəhətləri var və pərakəndə şəkildə bildiklərimizi bu yazıda cəmləşdirməyə çalışmışıq. XX mundial çərçivəsində keçiriləcək 28-ci matç dünya çempionatlarının final mərhələlərində 800-cü olacaq: yubiley görüşü iyunun 21-də Kuyabadakı “Arena Pantanal”da Nigeriya və Bosniya-Hesoqovina komandaları arasında olacaq. Vurulacaq 92-ci qol isə DÇ tarixinə 2300-cü qol kimi düşəcək.
Çempionatın 32 iştirakçısının hər biri üçün də turnir hansısa özəlliyi ilə əlamətdar olacaq. Gəlin, onları nəzərdən keçirək:
BRAZİLİYA – çempionatların hamısında çıxış edən yeganə komanda üçün iyunun 23-də Kamerunla oyun 100-cü olacaq. Qapısından buraxacağı ikinci top 90-cı qol, qazanacağı üçüncü qələbə isə 70-ci qalibiyyət kimi diqqətçəkicidir;
ALMANİYA – 18-ci dəfə DÇ-nin həlledici turnirində mübarizə aparır. İyunun 16-da Portuqaliya ilə görüş 100-cü qarşılşma kimi tarixidir. Edəcəyi ilk heç-heçə 20-ci, vuracağı dördüncü top 210-cu, buraxacağı üçüncü top 120-ci olacaq. Miroslav Kloze bir qol vurarsa, 15 topla komanda yoldaşı Gerd Mülleri, iki qol vuracağı təqdirdə isə braziliyalı Ronaldonu geridə qoyub, final mərhələlərində ən çox fərqlənmiş futbolçu kimi adını tarixə yazacaq;
İTALİYA – final turnirində 18-ci dəfə iştirak edir. Aktivində 45 qələbəsi olan komanda 50-ci zəfərə doğru irəliləyir. Bunu etmək çətin olsa da, 130-cu qolu (hazırda topların sayı 126-dır) vuracağı xeyli real görünür;
ARGENTİNA – mundialda 16-cı iştirakıdır. Üç qələbə qazanmaqla qalibiyyət sayını 40-a çatdıra bilər;
MEKSİKA – 15-ci dəfə nüfuzlu turnirə vəsiqə qazanıb. İyunun 13-də Kamerunla matç 50-cidir. 1994-cü ildən bəri ardıcıl 5 turnirdir mübarizəni səkkizdəbirdə dayandıran meksikalılar üçün buraxılan ilk qol 90-cı olacaq;
İNGİLTƏRƏ – DÇ-2014 “dumanlı Albion” təmsilçisi üçün 14-cüdür. İyunun 15-də İtaliya ilə görüş 60-cıdır. Vuracağı üçüncü qol 80-ci olacaq;
İSPANİYA – dünya və Avropa çempionu da 14-cü “imtahanı” verir. Qrup səddini aşarsa, səkkizdəbir final görüşü mundiallarda 60-cı oyunu olacaq. Qazanılacaq ikinci qələbə 30-cu, vurulacaq ikinci qol 90-cı, buraxılacaq ilk top isə 60-cı kimi tarixə düşəcək. 8 qolla komandanın bombardiri olan David Vilya hazırda ən yaxın izləyicilərini üç top qabaqlayır və fərqi artırmaq üçün əla fürsətə malikdir;
FRANSA – “xoruzlar” da final mərhələsində 14-cü dəfə iştirak edir. İkinci məğlubiyyət 20-ci, buraxılacaq ikinci top 70-ci olacaq. Lakin indiyədək 96 qol vurmuş komanda bu göstəricini üçrəqəmli edə bilər;
URUQVAY – iki çempionluğun birini məhz Braziliyada əldə etmiş komanda üçün iyunun 24-də İtaliya ilə matç 50-cidir. DÇ-nin həlledici yarışında 12-ci dəfə iştirak edən uruqvaylılar 20-ci qələbə (18) və 20-ci məğlubiyyət (17) astanasındadır. Vurulan 80-ci (76) və buraxılan 70-ci (65) qol da bu turnirə təsadüf edə bilər. Hesabında 6 qol olan Dieqo Forlan isə liderliyi Oskar Migesdən (8) almaq imkanına malikdir;
BELÇİKA – 12-ci dəfə dünyanın ən güclülərinin yarışında çıxış edən komanda 40-cı oyunu keçirə, 50-ci topu vura bilər – hazırda oyunların sayı 36, topların sayı 46-dır;
HOLLANDİYA – XX mundial “narıncılar” üçün 10-cudur. 5 qolla DÇ-2010-un dörd bombardirindən biri olmuş Uesli Sneyder daha iki dəfə fərqlənsə, Cenni Repə çata, üç qol təqdirində isə bu cəhətdən komandada liderliyi ələ ala bilər;
İSVEÇRƏ – onlar da final turnirində 10-cu dəfə mübarizə aparır. Qazanacağı ilk qələbə ilə qalibiyyət sayı 10-a yüksələcək. İyunun 15-də Ekvadorla qarşılaşma 30-cu, vuracağı ikinci qol isə 40-cı olacaq;
ABŞ – bu komanda üçün də Braziliya turniri 10-cudur. Qana ilə matç (17 iyun) Amerika futbolçuları üçün 30-cu olacaq. Komanda 20-ci məğlubiyyətə (17) uğraya, 60-cı topu (56) buraxa bilər;
ÇİLİ – 9-cu dəfə turnirin əsas yarışında iştirak hüququna yiyələnib. İyunun 14-də Avstraliya ilə matç onlar üçün 30-cu, qazanılacaq ilk qələbə 10-cu olacaq. 40-cı topu (34) vura, 50-ni (45) buraxa bilər;
KOREYA – DÇ-2014 onlar üçün də 9-cudur. Əlcəzairlə görüş (22 iyun) mundiallarda 30-cu oyun, vuracağı ikinci qol isə 30-cu top olacaq;
KAMERUN – 7-ci dəfə final mərhələsində çıxış edir. 10-cu məğlubiyyətə (9) uğraya, 40-cı topu (34) buraxa, bununla belə, 20-ci qolu (17) vura bilər. Samuel Eto’O isə Roje Millanı (5) “qol krallığı”ndan düşürmək imkanına malikdir – bunun üçün üç qol vurmalıdır;
PORTUQALİYA – adı daim güclülərin sırasında çəkilsə də, DÇ-nin həlledici mərhələsində yalnız 6-cı çıxışıdır. Vuracağı ilk qol 40-cı olacaq. Amma 10-cu məğlubiyyətə (hazırda 8) də uğraya bilər;
NİGERİYA – həlledici turnirdə 5-ci dəfə iştirak edir. Əvvəlki turnirlərin hamısında, bir qayda olaraq, iki matçda uduzub: ənənə davam etsə, məğlubiyyət sayı 10-a çatacaq;
KOLUMBİYA – Braziliya mundialı onun üçün də 5-cidir. Nigeriya barədə deyilənləri bütünlüklə bu komandaya da aid etmək olar – əvvəlki turnirlərin hər birində iki dəfə uduzan kolumbiyalılar da 10-cu məğlubiyyətin təəssüfünü yaşaya bilərlər;
YAPONİYA – 5-ci dəfədir alilər arasındadır. İlk dörd iştirakın qəribə statistikası var: 1998-də bütün oyunlarda uduzan yaponlar 2006-da cəmi 1 xal qazanıb, 2002 və 2010 turnirlərini isə 5 xalla yekunlaşdırıb. Növbə uğursuzluğundurmu? 14 oyun keçirib və yalnız Xorvatiya ilə iki dəfə qarşılaşıb, qalanları ilə cəmi bir matçda üz-üzə gəlib;
İRAN – finala 4-cü dəfə yüksəlib. İyunun 16-da Nigeriya ilə oyun mundiallarda 10-cudur və hələlik cəmi bir qələbəsi var və həmin qalibiyyət 1998-də ABŞ üzərində əldə edilib;
XORVATİYA – 4-cü iştirakıdır. Keçirdiyi 13 oyunun 5-də uduzub, hamısında da bir top fərqi ilə (dörd halda 0:1). Debütant kimi 1998-də xarüqələr yaratsa da, sonrakı iki turnirdə hətta qrup səddini dəf edə bilməyib;
KOSTA-RİKA – DÇ-2014 bu kollektiv üçün də 4-cüdür. Debütant kimi 1990-cı il çempionatını 4 xalla bitirən kosta-rikalılar 2002-də 3 xal yığıb, 2006-da hər üç matçda uduzub, 2010-da isə mundialdan kənarda qalıb. Necə deyərlər, hər şey yenidən başlayır;
AVSTRALİYA – 4-cü dəfə həlledici mərhələyədək irəliləyib. Rəqibi daha iki dəfə mərkəzə dəvət etməklə vurulan qolların sayını 10-a çatdıracaq. Bununla belə, 20-ci topu (17) buraxa bilər;
ƏLCƏZAİR – finala 4-cü yüksəlişidir. İyunun 17-də Belçika ilə matç 10-cu oyunudur. Hesabında 2 qələbə var və hər ikisini 1982-də, debütant olduğu çempionatda qazanıb;
QANA – final turnirinə 3-cü dəfə vəsiqə əldə edib. ABŞ-la oyun (17 iyun) həm də 10-cu görüş kimi əhəmiyyətlidir. Vuracağı ilk qol da 10-cu olacaq;
EKVADOR – Braziliya turniri onlar üçün də 3-cüdür. Xarakterik cəhət odur ki, 10-cu topu həm vura (7), həm də buraxa (8) bilər;
KOT-d’İVUAR – final mərhələsinə 3-cü dəfə vəsiqə qazanıb və bu, ardıcıl olaraq baş verib. İlk iki turnirdə qrup səddini dəf edə bilməyən komanda tilsimi qırmaq niyyətindədir;
YUNANISTAN – 2004-cü il Avropa çempionu üçün də Braziliya turniri 3-cüdür. Keçirdiyi 6 görüşün yalnız birində qalib gəlib, digərlərində uduzmasını böyük əksəriyyət qitə birincisi olmuş komandaya yaraşdırmır. Ancaq əksəriyyətin nə düşünməsi yox, futbolçuların nə düşündüyü önəmlidir;
RUSİYA – şimal qonşularımız da azarkeşlərinə mundial iştirakçısı olmaq sevincini 3-cü dəfə yaşadır. 12 illik fasilədən sonra güclülərin sırasına qoşulan ruslar pərəstişkarlarına qrupdan çıxmağın nə demək olduğunu da hiss etdirməyə çalışacaqlar;
HONDURAS – DÇ-nin finalına kimi 3-cü dəfə irəliləyən daha bir komanda. Bu hüquqa ardıcıl ikinci dəfə yiyələnməsi nikbinlik yaradıb və azarkeşləri sevimli futbolçularının, nəhayət, onlara qələbə sevinci bəxş edəcəklərinə inanırlar;
BOSNİYA-HERSOQOVİNA – 2014-cü il dünya çempionatının final mərhələsinin yeganə debütantı.
Buna baxmayaraq, çoxları onlardan cəsarətli oyun gözləyir. Bu ehtimalın reallıqla nə dərəcədə uzlaşmasını isə zaman göstərəcək.
Sizinlə həmsöhbət mən idim...
Rövşən BİNNƏTLİ
"Yunayted" də onunla maraqlanır
"Onlar mənə satqın deyirdilər"
"Tottenhem" ona görə apellyasiya şikayəti verdi
Yamal UNİCEF-in səfiri oldu
Kosovo millisinə texniki məğlubiyyət verildi
"Yaxşı işləyirsənsə, nəticəsi olacaq” - "Kəpəz"in legioneri
"Real" Diası satmaq fikrində deyil
Xavi "İnter Mayami"ni çalışdırmayacaq
Cüdoçularımız Avropa Kubokunda iştirak edəcəklər
Tayson - Pol döyüşü ən çox izlənilən idman hadisəsi oldu
"Real"ın futbolçusu əməliyyat olundu
"Şamaxı" məşqçisi ilə yolları ayırdı
Acun Ilıcalı haqqında araşdırma başladıldı
Patrik Vieyranın təyinatı açıqlandı
"Arif Əsədov Santuşdan qat-qat yaxşı işləyirdi”
Xavi Messinin baş məşqçisi ola bilər
"Qarabağ" - "Lion" oyununa 1 gündə nə qədər bilet satılıb?
"Türkiyə D liqası səviyyəsində futbol oynadı" - Video
Arda Güler üzr istədi
"Barselona" Salahdan imtina etdi
Rəqibləri Azərbaycan millisidir - Rusiya açıqladı
Milli Məclisdə millimizin uğursuzluğundan danışıldı
Misli Premyer Liqasında 14-cü turun hakimləri
Millimizə 4 qol vuran futbolçu nə dedi?
Rusiya millisi Uruqvayla qarşılaşacaq
Azərbaycan millisinin biabırçı statistikası
"Bavariya"da itki
"Kəpəz"in iki futbolçusu əməliyyat olunacaq