Açığı, bu barədə yazmaq o qədər də ürəyimcə deyil. Təkcə ona görə yox ki, məsələ barədə ciddi fikir ayrılıqları var, əsas ona görə ki, almaniyalı mütəxəssislə müqavilə müddəti uzadılandan bəri ölkə mətbuatı demək olar hər gün bu haqda yazır və oxucular da mübahisələrdən bezib. Bununla belə, bəzi mülahizələri bölüşmək lazım gəlir.
Başlayaq ondan ki, Azərbaycan futbolunun bugünkü səviyyəsi milli komandanın böyük pullar xərcləməklə əcnəbiyə tapşırılması zərurətini ortaya çıxarır, ya yox? Belə bir ehtiyac duyulmur. Təxminən 6 il əvvəl, Berti Foqts baş məşqçiliyə gətiriləndə heç duyulmurdu. Onun söhbəti çıxanda çoxları inanmayıb dedi ki, etiraz edəcək, bunu özünə sığışdırmayacaq, dünya və Avropa çempionu, Almaniya komandasını AVRO-1996-nın qalibi etmiş biri Azərbaycanda işləməyə razı olmaz. Ancaq ehtimallar doğrulmadı və adlı-sanlı məşqçi təklifə “hə” dedi. Niyə?
Burada pul amili, zənnimcə, birinci sırada deyildi və B.Foqtsun Azərbaycan millisini qəbul etməsində əsas bizim komandanın iddialı olmaması idi. Almaniya futbolçularının DÇ-1998-in 1/4 finalında Xorvatiyaya irihesablı məğlubiyyətindən sonra vəzifəsi ilə vidalaşan məşqçi Şotlandiyada, ardınca isə Nigeriyada daha acınacaqlı durumla üzləşəndə anlamışdı ki, artıq iddialıların iddiasını təmin etmək onluq deyil. Yəni, almaniyalıya Azərbaycan kimi iddiasız bir komanda lazım idi ki, onu da yetirdi pərvərdigar.
Burada Foqtsu qane etməyəcək, narazı salacaq heç nə yoxdur. Bircə idman yazarlarının və bəzi mütəxəssislərin ara-sıra “Azərbaycanda az olur, çempionat oyunlarıni izləmir” xarakterli atmacaları istisnadır. Qalan nə varsa, hamısı ürəyincədir və niyə də olmasın – 21 yaşlıların, xanım futbolçulardan ibarət komandamızın məşqçiləri də yerliləridir, yəni darıxmaq-filan da yoxdur.
Foqtsun gəlişi ilə nə dəyişdi? Deyirlər, o gələndən az uduzuruq. Bu fakt yalnız DÇ-2014-ə aiddir: tarixdə ilk dəfə turniri 3 məğlubiyyətlə tamamladıq. Onadək bizim üçün ən üzüsulu dövr AVRO-2004 idi – 6 məğlubiyyət. “Nisbətən çox qol vurub, nisbətən də az top buraxırıq” deyənlər də müəyyən dərəcədə haqlıdır: son üç seçmə mərhələdə 21 dəfə fərqlənməklə, 51 halda topu tordan çıxarmışıq. Halbuki, əvvəlki üç turnirdə 12 qol vurub, 69 top buraxmışdıq. Qələbə və məğlubiyyətlərin sayına gəlincə, 2004, 2006, 2008 yarışlarında 2 qalibiyyət, 22 uğursuzluq, sonrakı üç seçmə turnirdə 4 qələbə, 17 məğlubiyyətimiz olub.
İrəliləyişlər bunlardır, əzizlərim. Belə cüzi nailiyyətin qiyməti isə təxminən 6 milyon manatdır – söhbət yalnız B.Foqtsa ödənən əmək haqqıdan gedir. Bunun çox, yaxud az, lazımlı və ya lazımsız, səmərəli, yoxsa səmərəsiz olmasını özünüz müəyyənləşdirin.
Bundan sonra nə olacaq? Əslində, hər şey necə var, elə də qalacaq. Səbəbi çox sadədir. Almanlar atletik oyuna, yüksək templi mübarizəyə meyllidirlər və fiziki gücə söykənən futbol oynayırlar. Bu keyfiyyətlərə zaman-zaman texniki ustalıq əlavə olunub. Xarakter, soyuqqanlı davranış alman futbolunun səciyyəvi cəhətidir. Gözünü o mühitdə açan, onunla qidalanan Foqtsun həmin xüsusiyyətləri Azərbaycan futbolunda tətbiq etməsi ən böyük yanlışlıqdır.
Bizim oyunçularda o prinsipləri formalaşdırmaq üçün uzun illər lazımdır və proses dəqiq düşünülmüş konsepsiya əsasında aşağıdan, lap kiçik yaşlılardan başlamalıdır. Bu isə kənardan gəlmələrin deyil, bizim görməli olduğumuz işdir. Mütəxəssislərimizdən biri deyir ki, Foqtsun qalması səhv addımdır, çünki qarşısına məqsəd qoymur. Əvvəla, almaniyalı heç nəyi havadan etmir, məqsədli şəkildə fəaliyyət göstərir. Digər tərəfdən, məşqçinin qarşısına məqsədi, onu vəzifəyə gətirənlər qoymalıdır ki, sənə bu qədər pul verirəm, əvəzində sən də filan nəticəni verməlisən.
Konkretlik və şəffaflıq olmayan yerdə uğurlu sonluğu ancaq xəyal etməlisən. Şəffaflıq adı gələndə isə bizi allergiya tutur. Bu səbəbdən də, nə futbolçuların dəqiq transfer qiyməti məlumdur, nə maaşları, təbii ki, nə də ödənən vergilər – əgər ödənirsə!
Almaniyalı ilə yolların ayrılması da yaxşı bir şey vəd eləmir. Yenə bu əcnəbidir, adı-sanı var, sözünü eşidib, çempionatın nəinki oyununu, bütöv turunu da təxirə salırlar, millinin hətta yoldaşlıq görüşləri öncəsi iki həftə, bəzən daha çox fasilə verirlər. Yerli məşqçinin sifarişlərinə indiki reaksiya verilməyəcək axı, başlayacaq qısqanclıqlar və s.
Belə düşüncələrlə birimiz Foqtsun işini davam etdirməsindən məmnunluq ifadə edir, digərimiz AFFA-nın addımından təəssüf hissi keçiririk. Və hər iki tərəf haqlı olduğunu isbatlamaq üçün ağıla gələn-gəlməyən, ən müxtəlif arqumentlərlə danışır. Yəni, reallıq ondan ibarətdir ki, yenə səbəbi kənara qoyub, yapışmışıq nəticədən.
Hər nə olsa, milli komandaya daha 2 il rəhbərlik edəcək almaniyalı mütəxəssisə uğur diləmək lazımdır – əsl adı Hans-Hubert olan, əksəriyyətin isə Berti Foqts kimi tanıdığı Azərbaycan milli komandasının baş məşqçisinə. Ən azı ona görə ki, bu günlər ad günüdür, 67 yaşı tamamlanır.
Bu qədər, sizinlə həmsöhbət mən idim...
Rövşən BİNNƏTLİ
Rəşad Eyyubov limitlə bağlı: “Kim yaxşıdırsa, oynamalıdır”
Türkiyə - Fransa: Heyətlər
Bekhemin DÇ-2026-dan qazancı açıqlandı
Almaniya millisinin oyunlarını buraxacaq
Yenidən Azərbaycan Premyer Liqasına qayıtdı
Azərbaycanın U-21 millisi Çexiyadan xal aldı
"Zirə" Çempionlar Liqasının 1/4 finalında
Azərbaycan Qran-Prisində sıralama turu keçirildi
Millidə zədələndi, klubuna qayıdır
Ardıcıl 2-ci dəfə İngiltərənin ən yaxşı futbolçusu seçildi
Azərbaycan klubu baş məşqçini istefaya göndərdi - Rəsmi
4 böyük liqadan FİFA-ya islahat çağırışı
Türkiyə - Fransa oyunu hansı kanallarda?
"Zirə"dən ayrılan futbolçu "Şəfa"da - Rəsmi
Van Dayk "biabırçılıqdır" dedi, Klopp cavab verdi
“Sabah”ın hücumçusu Almaniya millisindən dəvət gözləyir
Litva- Azərbaycan matçının hakimləri açıqlandı
Burak Yılmazın yeni klubu müəyyənləşdi
Maksimov “Araz-Naxçıvan”da ilk məşqinə çıxdı - Şəkil
Runi yəhudi köklərinin olduğunu açıqladı
Braziliya millisində yeni 10 nömrə
Amsterdamda son dəqiqə qolu - Video
Azərbaycan Qran-Prisində 2-ci gün
Dünyanın ən bahalı 10 milli komandası hansılardır?
Almaniya Niderlandla heç-heçə etdi - Millətlər Liqası
Klopp və Xavi 2 il sonra...
Argentina millisinin kapitanı seçildi
"Zirə"nin futbolçusu əməliyyat olundu
Malta Millətlər Liqasına qələbə ilə başladı
Azərbaycan boksçusu Avropa çempionu oldu
Qapıçıya sərt cəza - 20 illik futboldan uzaqlaşdırıldı
İrlandiya - İsrail matçı öncəsi gərginlik
Benzemanın “Nike”la əməkdaşlığı başlamadan bitdi
“Benfika” onları şikayət etdi
Özbəkistan millisi İrana qalib gəldi
Kişi klubunu çalışdıran ilk qadın məşqçi ilə yollar ayrıldı
Ürək problemi yaşayan futbolçu fərdi məşqlərə başladı
Azərbaycan Qran-Prisində sərbəst yürüşlər keçirildi
2-ci liqada 6 oyunun hakimləri bilindi
Xavi “Qızıl top” üçün əsas namizədini açıqladı
Vüsal İsgəndərli: “Bu yükün altından çıxmalıyıq”
Alabanın yeni klubu rəsmiləşdi